Biz imzaları yox, əsərləri dərc edirik...

Şəhriyar və XX əsr İran ədəbi mühiti – Məsiağa Məhəmmədi
1039
11 Oktyabr 2018, 08:48
  Artkaspi.az Məsiağa Məhəmmədinin "ŞƏHRİYAR VƏ XX ƏSR İRAN ƏDƏBİ MÜHİTİ yaxud "İNŞALLAH Kİ, QALİBƏM MƏN!” adlı məqaləsini təqdim edir: 
 
 
 

 
  Məhəmmədhüseyn Şəhriyarın poeziyası XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olmuş, klassik irsin yaradıcı şəkildə mənim­sənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır. Həyatının bütün mərhələlərində tərkidünyalıq və guşənişinlik illəri yaşamasına, əski təbirlə desək, "sufi-məşrəb” və "dərviş-məab” olmasına bax­ma­ya­raq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poe­zi­yada baş verən hadisə və dəyişiklikləri yaxından izləmiş, zəruri məqamlarda və ən mühüm məsə­lələr barədə səmimi şəkildə mövqeyini bildirmiş, sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müs­təsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və qiymətləndirilə bilər.
  XX əsr İran ədəbiyyatının inkişafı bütöv­lük­də "ənənəçilərlə” "yenilikçilərin” qızğın müba­hisəsi və kəskin mübarizəsi şəraitində baş ver­miş, onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəl­miş sosial-mədəni islahatları və Məhəm­məd­rza Pəhləvinin "ağ inqilabı” dövrünə təsadüf etmişdir. Bu prosesdə Şəhriyar əla­hiddə bir yer tutur və biz burada həmin əlahiddəliyin mahiyyəti və səbəb­lərini açıqlamağa çalışacağıq.
  Şəhriyarın ədəbiyyata gəldiyi 1920-ci illər bə­dii yaradıcılıqda, ilk növbədə poeziyada nova­torluq axtarışlarının birinci dalğasının gücləndiyi dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq, klassik kanonları sındırmaq missiyasını Mazan­darandan olan gənc şair Nima Yuşic (1895-1960) öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsir­lən­məklə bir-birinin ardınca yeni poetik forma və üs­lubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tə­rəf­darlarının müqaviməti və etirazı ilə üzləşirdi. Eti­raz edənlərdən biri də o dövrün nüfuzlu ədib­lərin­dən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O Məlikküş-şüəra Bahar ki, Şəhriyarın ilk kitabına – 1931-ci ildə çap olunmuş divanına hey­ranlıqla dolu ön söz yazmış və Şəhriyarı "təkcə İranın deyil, bütün Şərq aləminin iftixarı” adlan­dırmışdı; gənc şairin klassik formanı gözləməklə yazdığı ye­ni ruhlu şeirlər Baharın zövqünü oxşamış və o hət­ta Şəhriyarın əsərlərindən yaradıcı impuls aldığını etiraf etmişdi.
 
 
 

  Baharla yanaşı, Səid Nəfisi və Pejman Bəx­tiyari kimi ədiblərdən yüksək qiymət alan Şəhri­yar, bununla belə, ədəbi-estetik mübahi­sələrdə mühafizəkarların səngərində yer almadı və təkcə Nimanın yaradıcılı­ğında deyil, bütövlükdə XX əsr İran poeziyası tarixində yeni səhifə açan "Əfsa­nə”­ni böyük coşqu və həyəcanla qarşıladı. "Əf­sanə” poeması Şəhriyara elə güclü təsir bağış­lamışdı ki, şahidlərin dediyinə görə, kitabı əlindən yerə qoymur, ondan danışmaqdan doymurmuş. 
  Nəhayət, Şəhriyar əsərin müəllifi ilə şəxsən tanış olmaq üçün İranın şimalına – Barfüruşa yol­lanır. Nima ilə görüşmək Şəhriyara nəsib olmur, əvəzində onun qələmindən farsdilli poeziya üçün tamamilə yeni bir hadisə olan "Do morğe-beheşti” ("İki cənnət quşu”) adlı bir əsər çıxır. Şəhriyarın özünün də etiraf etdiyi kimi, həmin əsər Nimanın təsiri ilə yazılmışdır, lakin bu, Nimanın birbaşa davamçılarında gördüyümüz təsirdən fərqli – yeni poetik formaya deyil, yeni poetik təfəkkürə təkan verən, bədii təxəyyülü qanadlandıran bir təsirdir. Nimanın təsirini Şəhriyarın sonralar yaz­dığı "Həzyane-del” ("Qəlbin sayıqlaması”) "Ey vay madərəm” ("Vay, anam”), "Mumiyayi” ("Mumi­yalan­mış adam”), "Pəyam be Eynşteyn” ("Eynş­tey­nə müraciət”), "Əfsaneye-şəb” ("Gecənin əfsanəsi”) kimi əsərlərində müşahidə etmək mümkünsə də, məhz təsirin qeyd olunan səciyyəsi nəticəsində bunlar Şəhriyarın öz üslubunda olan əsərlər sayılır. Şəhriyar haqqında ən qiymətli araşdırmalardan birinin müəllifi olan Hüseyn Mün­zəvi (1946-2004) haqlı olaraq yazır: "İki cən­nət quşu” "Əfsanə”nin təsiri altında yazılsa da, insafən, Şəhriyar öz axıcı və lirik dili, canlı və gözəl təbiət təsvirləri, eləcə də dialoqları qurmaq və duyğuları bəyan etmək bacarığı ilə... "Əfsanə”­dən irəli getmişdir. Məşhur ifadə ilə desək, "birincilik üstünlüyü” Nimaya məxsus olsa da, "üstünlük birinciliyi” Şəhriyara məxsusdur”.        
  Adı çəkilən əsərlər İranda yeni şeirin ən dəyərli nümunələri olmaqla, Şəhriyarın ədəbiy­yat­da ənənə və novatorluğa baxışının özünə­məx­sus­luğunu da ortaya qoyur. Bu özünəməxsusluğu şairin aşağıdakı sözlərində aydın görmək müm­kündür: 
  "Şeirin mayası qeyri-iradi şəkildə insanın sinir­lərində yaranan incə bir titrəyişdir – şairin sinir sistemi onu təbiətdən təhvil alıb bəsləyir və sonra onu şeir şəklində başqalarına təhvil verir. Şeirin vəzni, melodiyası, şeirdə sözlərin uyuşması in­sa­nın paltarı kimidir və şeir adətən bu paltarda rəsmən tanınır… Qafiyə şəklin salındığı çərçivə kimi bir şeydir ki, şeiri onunla bağlayırıq…, şeirin şəkli və ya forması onunla müəyyənləşir. Paltarın forması dəyişdikdə insanın mahiyyəti dəyişmədiyi kimi, şəklin dəyişməsi ilə şeirin mahiyyəti də dəyişməz. Şeir şair üçün ideal məqamında olan bir məqsədi izləyir… Poetika elmi şeiri təhlil və dərk etmək üçün yaranıb, şeir yaratmaq üçün yox! Poetika şeirdən törəyib, şeir poetikadan törə­mə­yib… Şair bilməlidir ki, əgər mənzum söz quraş­dırma yolu ilə, yaxud qaydalar əsasında yaranarsa, saxta bir sözdür və şeir deyil…”.
  Poetik sözün təbiətinə bu cür baxışın nəti­cə­sidir ki, Şəhriyar digər ənənəçilərdən fərqli olaraq, Nima və ardıcıllarının yeniliklərinə dözümlü mü­nasibət sərgiləyir, özü də onlardan istifadə edirdi, eyni za­manda yeniliyi formal parametrlərə müncər edənlərlə razılaşmırdı. Şəhriyar bədii yaradıcılıqda təxəyyülə, fantaziyaya müstəsna əhəmiyyət verirdi və Nimanın poetik şəxsiyyətində ən çox bu cəhəti qiymətləndirirdi. Onun fikrincə, yeni sözü köhnə "paltar”da da söyləmək mümkündür. Çünki şeirdə əsas olan fikirdir, məzmundur. Çox sevdiyi və bəhrələndiyi Saib Təbrizinin dediyi kimi:
 
یک عمر میتوان سخن از زلف یار گفت
در بند آن مباش که مضمون نمانده است
 
Bir ömür yarın zülfündən söz demək olar,
Elə düşünmə ki, deyilməmiş məzmun qalmayıb!
 
Şəhriyar klassik ənənələri dövrünün yenilik­ləri ilə uğurla birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, "etidalı”, "qızıl ortanı” tapmağa və yaradıcılığında gerçək­ləş­dirməyə nail olmuşdur. Bu, XX əsr İran poezi­yasında onun əlahiddəliyini şərtləndirən birinci səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı "İranda gördüyüm yeganə şair” adlandırmışdı.
  Şəhriyar kimi əsasən klassik formalarda, ilk növbədə, qəzəldə yazıb-yaradan bir şairin Nimaya (və bütövlükdə "yeni şeirə”) verdiyi dəstəyin İran ədəbi mühitində xüsusi əhəmiyyəti və mənası vardı. Bu dəstək iki şair arasında səmimi dostluq münasi­bətlərinin yaranmasına təkan vermişdi, Tehranda və Təbrizdə görüşən iki şair bir-birinin yaradıcılığı haqqında fikirlərini açıqlamış, bir-birinə şeirlər həsr etmişdi. Şəhriyarın Nimaya müraciətlə yazdığı çox təsirli şeirdən aşağıdakı misralar diqqəti çəkir:
 
نیما غم دل گو که غریبانه بگرییم
سرپیش هم آریم و دو دیوانه بگرییم
من از دل این غار و تو از قلۀ آن قاف
از دل به هم افتیم و به جانانه بگرییم...
من نیز چو تو شاعر افسانه خویشم
بازآی به هم ای شاعر افسانه بگرییم
 
 
 Nima, ürəyinin qəmini de, qərib kimi ağlayaq,
Bir-birimizə baş əyib iki divanə tək ağlayaq
Mən bu mağaranın içindən, sən o Qafın zirvəsindən
Ürəkdən qucaqlaşıb candan ağlayaq…
Mən də sənin kimi öz əfsanəmin şairiyəm,
Gəl, ey əfsanə şairi, bir-birimizin halına ağlayaq!
Nima Yuşic isə Şəhriyarı özünün məhrəmi, onu duyan və dəyərləndirən bir şair, bir insan kimi səciyyələndirərək yazırdı:
 
رازی است كه آن نگار می داند چیست 
رنجی است كه روزگار می داند چیست 
آنی كه چو غنچه در گلو خونم از اوست 
من دانم و شهریار می داند چیست
 
Bir sirr var, onu o nigar bilir,
Bir əzab var, onu ruzigar bilir,
Qönçə kimi bağrımı qana döndərən şeyi
Mən bilirəm, bir də Şəhriyar bilir.
 
  Yaradıcılıqlarının xarakteri, ictimai-estetik mövqeyi baxımından ciddi şəkildə fərqlənən iki şairin bir-birinə bu münasibəti son dərəcə ibrəta­miz və düşündürücü faktdır.
  Nima Yuşic dünyasının dəyişərkən, çağdaş İran poeziyasının önəmli nümayəndələrindən olan "Sayə” təxəllüslü Huşəng Ebtehac (1926-2000) Şəhriyara çox yanıqlı bir qəzəl ünvanlanmış, orada bir növ Şəhriyarın o zamankı İran ədəbi mühitində yerini, əhəmiyyətini açıqlamışdı:
 
 
با من بی کس تنها شده یارا تو بمان
همه رفتند از این خانه خدا را تو بمان
من بی برگ خزان دیده دگر رفتنی ام
تو همه بار و بری تازه بهارا تو بمان…
شهریارا، تو بمان بر سر این خیل یتیم
پدرا، یارا، اندوه گسارا تو بمان
 
Mən kimsəsiz və tənhalaşmış ilə, ey dost, sən qal!
Hamı bu evdən çıxıb getdi, sən Allah, sən qal!
Xəzan vurmuş, yarpaqları tökülmüş mən də getməliyəm,
Sən ki, barlı-bəhərlisən, ey təzə bahar, sən qal!..
Ey Şəhriyar, bu yetimlər dəstəsinin başında sən qal,
Ey ata, ey dost, ey dərdimizi yüngülləşdirən, sən qal!
 
Şəhriyar isə bu müraciətə yaradıcılığına xas kədər və fəlsəfiliklə belə cavab vermişdi:
 
سایه جان، رفتنی استیم بمانیم که چه؟
زنده باشیم و همه روضه بخوانیم که چه؟
درس این زندگی از بهر ندانستن ماست
این همه درس بخوانیم و ندانیم که چه؟
خود رسیدیم به جان نعش عزیزی هر روز
دوش گیریم و به خاکش برسانیم که چه؟
 
Sayə can, biz gedəriyik, qalaq, nə olsun?
Sağ olaq və daim rövzə oxuyaq, nə olsun?
Həyatın dərsi bizim bilməməyimiz üçündür,
Bu qədər dərs oxuyaq və bilməyək, nə olsun?
Artıq cana gəlmişik, hər gün bir əzizin cəsədini
Çiynimizə alıb torpağa tapşıraq, nə olsun?
 
  Şəhriyar Nimanın ölümünə də bir şeir həsr etmiş və həmin şeirin aşağıdakı beytində özü və Nima barədə çox mühüm bir məsələyə işarə etmişdir:
من همه عبرتي از باختن ديروزم
او همه غيرتي از ساختن فردا بود
 
Mən – dünənin uduzmasına bir ibrət,
O – sabahın qurulmasına bir qeyrət!
 
  Buradakı "uduzmaq” məsələsi Şəhriyar yara­dı­cılığının mahiyyəti ilə bağlı önəmli bir məqama işıq salmaqla yanaşı, onun necə yüksək ədəbi özünüdərk səviyyəsinə malik olduğunu göstər­məkdədir. Aşağıda biz bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
 
 

  Şəhriyarın "yeni şeir” barədə düşüncələri Nimanın vəfatından sonra onun oğlu Şəragim Yuşicə yazdığı geniş məktubda öz dolğun əksini tapmışdır. Maraqlıdır ki, şair həmin məktubu özündən sonra Nimanın əsərlərini redaktəyə layiq bildiyi üç şairdən – Fəridun Təvəlləli, Nadir Nadirpur və yuxarıda adı keçən Sayədən başqa heç kəsə göstərməməyi təkidlə tapşırmışdır. Həmin vaxt Ş.Yuşic atasının külliyyatını çap etdirmək fikrinə düşmüşdü. Bununla bağlı məsləhətlərini verən Şəhriyar Nimanı "fars ədəbiyyatında xüsusi mövqeyi olan, dəyişiklik körpüsü quran” bir şair kimi səciyyələndirir, eyni zamanda onun bir çox əsərlərinin eksperiment xarakteri daşıdığını vurğulamağı unutmur və Nimanın yaradıcılığı ilə bağlı mühüm bir problemə toxunaraq yazır: "Sənin atan ümumilikdə bir İran-Avropa şairi idi… Atan  əvvəllər bu əqidədə idi ki, biz özümüz üçün çox şeir demişik, indi gərək bir qədər də avropalılar üçün şeir yazaq. Yəni elə yazaq ki, onlar asanlıqla başa düşsünlər, biz sənət və ədəbiyyatımızı onlara tanıda bilək. Bu, pis fikir deyildi, amma tezliklə özü bunun problemi ilə üzləşdi: deyirdi ki, əgər belə də etsək, tədricən öz ədəbi simamız aradan gedəcək. Odur ki, o bir müddət avropalıların başa düşə biləcəyi, Avropa dillərinə daha asanlıqla tərcümə ediləcək misralar yazdı, amma sonra bu problemlə qarşılaşdı” .
Burada Şəhriyar XX əsrdə təkcə İran ədəbiy­yatının deyil, bütün Şərq ədəbiyyatlarının qarşısında duran bir vəzifəyə – dünya ədəbiyyatına inteqrasiya olmaq məsələsinə toxunur və İranda "yeni şeirin” atası sayılan Nima Yuşicin "Avropaya çıxmaq” problemini necə həll etməyə çalışdığını açıqlayır. Bütövlükdə Qərb ədəbiyyatı XX əsrdə İran ədəbiy­yatının xarakterini müəyyənləşdirən təsir amillərindən biri kimi çıxış etmiş, Nimadan sonra da Avropa şeirinə təqlid geniş yayılan bir hal olmuşdur. Rembo, Rilke, Elüar, Apolliner, Lorka, Eliot, Mayakovski kimi şairlər, simvolizm, dadaizm, sürrealizm kimi cərə­yanlar İran poeziyasına dərin təsir bağışlamış, "yeni şeirin” bir çox nümayəndələri həm də Qərb modernizmi nümunələrinin fars dilinə tərcümə­çiləri olmuşlar. Bu da təbii olaraq, əks reaksiya doğurmuş, "ənənəçilərin” kəskin mənfi münasibəti ilə qarşılaş­mışdır. Şəhriyar isə fərqli bir yolla getmiş və bunu sözügedən məktubda belə açıq­lamışdır: "Mən də az qalmışdı ki, ifrat yola düşüm, amma dayandım və "İki cənnət quşu”, "Qəlbin sayıqlaması” və eləcə də "Ge­cə­nin əfsanəsi” kimi əsərlərimdə avropasayağı yabançı düşüncələri bacardığım qədər iranlılaşdırmağa (oriji­nalda: iranizə etməyə – M.M.) çalışdım və müəyyən həddə buna nail oldum. Ona görə də məndən sonra gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu Nima ilə mənim aramda yerləşən bir şey olmuşdur”. 
  Beləliklə, Şəhriyar nə "yenilikçilər” kimi Avropa şeirinə təqlid edir, nə də "ənənəçilər” kimi onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək yolunu tutur və bu da onun yaradıcılığının əlahid­dəliyini təmin edən ikinci səbəb kimi çıxış edir. Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik ba­xı­m­dan deyil, ümumi ictimai və kulturoloji plan­da da bu mövqedə dayanır və Avropa mə­də­niyyətinə nisbətdə böyük İran yazıçısı Cəlal Ale-Əhmədin məşhur "Qərbzədegi” ("Qərbçilik”) əsərində nü­mayiş etdirdiyindən fərqli bir yanaşma sərgiləyir.
  1950-ci illərdə, xüsusən 1953-cü il çevrili­şin­dən sonra "yeni şeir” böhran mərhələsi yaşayır, Şəhriyarın təbirincə desək, "bayağılaşma dönə­minə” qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu dövrdə fars divanının dalbadal çap olunan cildləri bir yana, ana dilində "Heydərbabaya salam” kimi möhtəşəm bir əsər yaradır və az bir zamanda onun şöhrəti İran hüdudlarını aşaraq, keçmiş SSRİ məkanına, Avropa və Amerikaya çatır. "Heydər­ba­ba”nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənə­nə­sin­də yeni bir səhifə açır, Pəhləvi rejiminin sus­dur­duğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur. Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində yazdığı əsəri təkcə Azərbaycanda və Türkiyədə deyil, İranın farsdilli ədəbi mühitində də böyük maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəs­sübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camal­zadə "Heydərbaba”nı orijinalda oxumaq üçün Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür.
  Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli adət-ənənələrin ensiklopediyası sayılan "Heydər­ba­ba” kimi bir əsər yazmaqla kifayətlənmir, yuxa­rı­da adları keçən şeirləri ilə farsdilli poeziyada gördüyü işi ana dilində də həyata keçirir, tezliklə ədəbi-tarixi və bədii-estetik baxımdan ondan heç də geri qalmayan "Səhəndiyyə”sini qələmə alır. "Səhəndiyyə”, bizim ədəbiyyatşünaslıqda yetə­rincə diqqət verilməsə də, məzmununa, formasına, ritminə, ahənginə görə nəinki Güney, hətta sovet dönəmi Quzey Azərbaycan ədəbiyyatında da misli-bərabəri olmayan poetik nümunədir, Şəh­riyar dühasının əlçatmaz məhsuludur:
 
Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!
Başı tufanlı Səhəndim.
Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan
Sən ipək telli buludlarla üfüqdə sarışıbsan, 
Savaşırkən barışıbsan…
       
Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,
Dağa dağlar dayaq oldu.
Arazım ayna çıraq qoymada aydın şəfəq oldu,
O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu.
Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu
Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu,
Yenə qəmlər qalaq oldu…
 
Lalə bitdi, yanaq oldu,
Qönçə güldü, dodaq oldu,
Nə sol oldu, nə sağ oldu,
Hamısı bir sayaq oldu…
 
  1960-cı illərdə İranda "yeni şeirin” ikinci dalğası meydana çıxdı, ədəbi mühitdə yeni adlar, yeni imzalar göründü, çeşidli estetik proqramlar, manifestlər irəli sürüldü, bəyanatlar verildi. "Yeni dalğa” ("mouce-nou”), "xalis poeziya” ("şere-nab”), "həcm şeiri” ("şere-həcm”) kimi konsep­siyaların meydana çıxması, Əhməd Şamlu, Foruğ Fərruxzad, Bijən İlahi, Mənu­çöhr Atəşi, Söhrab Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi, Əhmədrza Əhmədi, Mehdi Əxəvane-Salis və s. kimi şairlərin məhsuldar yaradıcılıq axtarışları məhz bu dövrə təsadüf edir. Əks qütbdə, yəni "ənənəçilər”in cəbhəsində Əmiri Firzukuhi, Rəhi Müəyyiri, Əbülhəsən Vərzi kimi şairlər yazıb-yaratmaqda idi. 
 
 
 

 
  Heç bir ədəbi qruplaşmaya qoşul­mayan, şöhrətinin zirvəsində olan Şəhriyar faktoru ilə hər iki cəbhə hesablaşır, yeri düşdükcə onun yara­dıcılığı barədə fikirlərini açıqlayırdı. Məsələn, "yeni şeirin” ünlü nümayəndələrindən Mehdi Əxəvane-Salis ənənəvi janrlarda, xüsusən qəzəldə Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı: "Əgər adamın deməyə təzə sözü varsa, hələ də bu janrda (qəzəldə – M.M.) deyə bilər. Şəhriyar və Abbas Fərat hər ikisi qəzəl yazıb, amma onlar arasında nə qədər fərq var?! O gənc və coşqun ruhlu, fədakar və nalə çəkən bir aşiq, bu isə, özü demişkən, hər gecə bir-iki qəzəl deməyə adət etmiş şəxs! Günah janrlarda deyil, bu janrlardan necə istifadə edən adamlardadır…”. 
  Məşhur şairə Foruğ Fərruxzad deyirdi: "Vəzn və dil bir-birindən ayrı deyil, birlikdə gəlirlər, onların açarları da özlə­rindədir. Mən bu zəmində yaranmış əsərlərdən sizə nümunələr gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn, Şəhriyarın "Vay, anam” şeirinə diqqət edin. Şəhriyar kimi qəzəlxan bir şair üzləşdiyi məsələ qarşısında daha qeyri-səmimi olmağı bacarma­yanda, görün necə dil və vəzn öz-özünə bir-birinə uyğunlaşıb gəlirlər və nəticədə qətiyyən Şəhriyardan gözlənilməyən bir əsər yaranır”.
  Bu sözlərdə tərifli məqamlarla yanaşı, Şəhri­yara soyuq münasibəti də (özü də daha çox qəzəl yazdığına görə!) sezməmək mümkün deyil, hətta Foruğ Fərruxzad  dolayısı ilə Şəhriyarın şeirlərində qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın bu şairlər haqqında fikirləri ilə tanış olsaq, həmin soyuqluğun qarşılıqlı olduğunu görərik. Məftun Əmini bu  məsələdən danışarkən yazır: "Ümumiy­yətlə, demək lazımdır ki, Şəhriyar özünün şəhri­yarlıq səltənətində təqribən başqa heç bir müasir şairi ustad səviyyəsində qəbul etmirdi. Əlbəttə, Nima və Bahara hörmət bəsləyirdi… Qəribə burasıdır ki, Mehdi Əxəvanı cavanlıqda yazdığı bir neçə qəsidəsinə görə qəbul edirdi. Şamlu, Foruğ, Sipehri, Atəşi və digər bu kimi şairlər barədə danışmırdı… Özünə və şeirinə maraq göstərdiyi yeganə şair Huşəng Ebhtehac idi, hərdən də Müşirinin, Nadirpurun və dini mövzularda yazan bir-iki yerli şairin adını çəkərdi…”.
 
 

 
 
  Şəhriyarla "yenilikçilər” arasında illərlə sürən soyuq münasibətlər 1972-ci ildə Şəhriyarın sədrliyi ilə Təbrizdə ümumiran şeir konqresinin keçirilməsi ilə kəskin xarakter aldı: "yenilik­çilə­rin” bir qrupu konqresi boykot elədi. Konqresin elanı verilən kimi boykotçulardan və İranda modernist ədəbiyyatın ideoloqlarından biri olan Rza Bərahəni sərt bir açıqlama ilə çıxış etdi: "Mən bu xəbəri eşitdim, oxudum və bərk heyrətləndim: Bu neçə konqresdir ki, onun başında Şəhriyar dayanır? … Əgər bu, bütün müasir yaxşı şairlərin iştirak edəcəyi bir yığıncaqdırsa, görəsən, Şəhriyar kifayət qədər ictimai, mədəni və ədəbi şüura malikdirmi ki, belə bir konqresin sədrliyinə seçilsin? Biz deyirik: Şəhriyar əbədilik keçmişdə qalıb, çünki Şəhriyar yalnız yaxşı bir qəzəlxandır və qəzəlin dövranı həmişəlik bitib… Odur ki, bir qəzəlxan, nə qədər zahirdə arif və dərviş kimi görünsə də, bu günkü fars şeirinə həsr olunmuş konqresin başında dayana bilməz… Bu gün həqiqətən yaşayan və öz axtarışları ilə həyatına davam edən yeganə müasir şeir – "yeni şeir”dir və Şəhriyarın Nimanı təqlid edərək, onun yoluyla gedərək söylədiyi şeirlər ən aşağı poetik səviy­yədədir. Əgər Şəhriyar həqiqi dərvişdirsə və ruhani irfana inanırsa…, yaxşı olar ki, … belə bir konqresə sədrlikdən kənara çəkilsin”.
  Əlbəttə, "İran ədəbi tənqidinin atası” kimi məşhur olan Rza Bərahəni vaxtilə böyük fars şairi Söhrab Sipehriyə münasibəti kimi, Şəhriyar barədə bu fikirlərinin  də yanlışlığını sonralar anlamış və peşmançılıq keçirmişdi. Amma bu sözlər həmin dövrdə bir sıra yenilikçilərin Şəhriyara yanaş­ma­sını göstərmək baxımından səciyyəvidir. Özü də bu münasibət sırf ədəbi-estetik səbəblərlə deyil, həm də ictimai-siyasi amillərlə bağlı idi. Məsələ burasındadır ki, "yeni şeirin” əksər tanınmış nümayəndələri sol ideologiyanın tərəfdarı idi və Şəhriyarın ictimai mövqeyi ilə razılaşmırdı. Şəhri­yarsa, özü demişkən, "nə sol idi, nə sağ”, heç bir ideologiyaya, siyasi axına bağlı deyildi, onların fövqündə dayanırdı, ümumbəşəri prinsiplərə söykənir, hətta bir sıra şeirlərində, o cümlədən Eynş­teynə poetik müraciətində, müəyyən mənada kos­mopolit kimi çıxış edirdi. Eyni zamanda Bərahəninin ironiyasına rəğmən, həqiqətən irfana inanırdı, nəinki inanırdı, onun ən ali məqamına yüksələ bilmişdi. Bu isə Şəhriyarın poetik şəxsiy­yətinin əlahiddə mahiyyətini şərtləndirən dördüncü səbəbdir. 
  Maraqlıdır ki, "yeni şeirin” bir çox nümayəndələri sonradan məhz Şəhriyarın yoluna üz tutmuş, sufi ədəbiyyatı ənənələrindən bəhrə­lən­məyə çalışmışlar (1979-cu il inqilabdan sonra bu meyl daha aşkar və sistemli bir səciyyə  kəsb etmişdir). Bununla belə, onlar Şəhriyardan fay­dalan­dıqlarını hər vəchlə ört-basdır etməyə səy gös­tər­mişlər Çağdaş İran şerinin görkəmli nüma­yən­dələrindən olan Nüsrət Rəhmani (1929-2000) bu barədə yaxşı yazır: "Mənim fikrimcə, Şəhriyar dilə mükəmməl sahibliyi sayəsində xalq kütlələri arasında qəribə bir populyarlıq qazanmış yeganə şairdir. Və mən zəmanəmizin görkəmli şairləri içərisində çox az adam tanıyıram ki, bu kişinin əsərlərindən bəhrələnməmiş olsun. Təkcə xalq arasında deyil, dövründəki azsaylı səriştəlilər arasında da onun mövqeyi belə idi. Çox vaxt Şəhriyarı bilə-bilə unudur və ya qəsdən haqqında susurlar. Bu "Nima, Nima!” deyənlər, az bir qismi istisna olmaqla, tamamən o kəslərdir ki, böyük bir məsələdən başları çıxmayanda, "Əxfəşin keçisi” kimi başlarını tərpədirlər. Onlar Nimanı tərif­lə­yirlər, çünki tanımırlar. Əgər Nimanı tanısalar, Nimanın əsərlərinin səviyyəsi və dəyərində böyük bir dəyişiklik yaranar. Və Şəhriyardan danışmırlar, çünki qorxurlar… Mənim Şəhriyar barədə söz  deməyimə lüzum yoxdur. O, bizim qəzəlçiliyin son nöqtəsidir. Mən Şəhriyarın qəzəllərindən sonra, bir-iki haldan başqa, daha qəzəl oxu­ma­mışam… Amma Şəhriyarın əzəməti təkcə yaxşı qəzəl yaz­ma­sında deyil… Onun əzəməti büllur və pak dilindədir. Onun əzəməti sətirlərinin arasında gizlənib. Onun şeirləri səmimiyyət, mərhəmət və fədakarlıqla doludur. Sanki o dünyaya əsrlər boyu həssas ürəklərə hakim kəsilən ən pak nəğmələri üzə çıxarmaq üçün gəlib…”.
  Nüsrət Rəhmaninin toxunduğu populyarlıq məsələsinə gəlincə, deməliyik ki, İranda nə ye­nilik­çilərin, nə də ənənəçilərin heç bir nüma­yəndəsi istər farsdilli, istərsə də türkdilli oxucular arasında Şəhriyar qədər şöhrət qazana bilməmişdir. Bunun səbəbləri barədə şəhriyarşünaslar müxtəlif fikirlər irəli sürmüş, kimi bunu şairin dili və üslubu, kimi səmimiyyəti və şəxsi təcrübəsini  qələmə alması, kimi güclü təxəyyülü və poetik məharəti, kimi də şeirlərinin irfani və ictimai məzmunu ilə izah etmişdir. Bunlar hamısı doğrudur, lakin İran alimi Məhəmmədrza Rasipur "Şəhriyar ənənə və modernləşmənin yolayrıcında” adlı kiçik, lakin dəyərli məqaləsində, fikrimizcə, Şəhriyarın geniş kütlələr arasında sevilməsinin çox mühüm bir səbəbini qabartmışdır. 
  Tədqiqatçı haqlı olaraq qeyd edir ki, İran tarixində heç bir zaman kəsiyi Şəhriyarın ədəbi fəaliyyətlə məşğul olduğu illər qədər böhran və reformasiyaya məruz qal­mamışdır. İran kimi ənənəvi cəmiyyətdə, əhalinin savadsızlığı, ümumi mədəni səviyyənin aşağılığı, kütləvi informasiya vasitələrinin ictimai rəyə təsir edib onu yönəltmək gücünün olmaması, ziyalı təbəqəsinin yoxluğu və ya zəifliyi şəraitində həyata keçirilən modernləşmə toplumda kimlik böhranına və dəyərlərin "sürüşməsi”nə, son nəticədə geniş kütlələrin dəyişikliklərə emosional reaksiya verməsinə səbəb olur – Şəhriyar şeiri də bu emosional reaksiyanı ifadə etdiyindən xalqın müxtəlif təbəqələrinin rəğbətini qazanmışdır: "Şəhriyar bu dəyişiklik prosesi ilə addımbaaddım bərabər getmiş, nə ənənəçilər kimi geridə qalmış, nə də novatorlar kimi qabağa düşmüşdür, ona görə də sənətkar həyatının bütün mərhələlərində cəmiyyət tərəfindən doğmalıq və həmdərdlik hissi ilə qarşılanmışdır”. 
  Başqa sözlə, Şəhriyar yara­dı­cılığının bütün dövrlərində insanların ürəyindən xəbər verən sözləri qələmə almış və bu üzdən ümumxalq sevgisi ilə əhatə olunmuşdur. Bu, Şəhriyara XX əsr İran poeziyasında müstəsna mövqe qazandıran beşinci səbəbdir.
  Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq illərinə, keçmişə qayıdış meyli də qeyd olunan emosional reaksiyanın nəticəsidir, kövrəklik, nisgil, itirilmiş dünya həsrəti məhz bunun təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki, Şəhriyarın hər kəlməsinin arxasında altmış illik xatirə dayanır. Fəridun Müşiri isə Şəhriyara həsr etdiyi şeirdə onu "dövranın gözündə yuvarlanmış yaş”adlandırırdı. 
  Bütün bu deyilənlərdən Şəhriyarın Nima Yuşicin vəfatı münasibətilə yazdığı şeirdə öz yaradıcılığını "dünənin uduzmasına ibrət” kimi səciyyələndirməklə, nəyə işarə etdiyi aydınlaşır.
 Qeyd edək ki, modernləşmənin doğurduğu böhran, sosial-mədəni islahatların paradoksları, texnoloji dəyişikliklərin fəsadları Şəhriyarın farsdilli şeirlərində olduğu kimi, ana dilində yazdığı əsərlərdə kifayət qədər parlaq ifadəsini tapmışdır və bu baxımdan onun "Getdi” rədifli qəzəli səciyyəvidir:
 
Yığdı xeyrü bərəkət süfrəsin ehsan ilə getdi,
Əmn-amanlıq da yükün bağladı, iman ilə getdi…
 
Silo dair olalı hər nə dəyirman yığışıldı,
Amma xalis-təmiz unlar da dəyirman ilə getdi.
 
Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad
Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi…
 
Dedi insanımız azdı, hamı insan gərək olsun,
Amma insanlığımız da o az insan ilə getdi…
 
İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma
Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi…
Hava insanı boğur, baş-başa qaz-karbonik olmuş,
Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi…
 
  Hazırkı qloballaşma şəraitində modernləş­mə­nin yeni mərhələsi ilə üzləşən Şərq aləmi, o cümlədən, İran və Azərbaycan mühiti üçün Şəhriyar yenə də aktualdır, bir çox müasirlərindən və poetik rəqiblərindən fərqli olaraq, öz sözü ilə XXI əsrə adlamışdır, onun poeziyası zamanın sına­ğından və ədəbi döyüşlərdən qalibliyyətlə çıxmışdır. 
"İnşallah ki, qalibəm mən!” – deyirdi böyük Füzuli. Bu söz Şəhriyara da aiddir. Əgər bu gün ona İranın milli şairi statusu verilibsə, onun vəfat günü milli şeir günü kimi qeyd olunursa, doğma yurdunun Güneyində və Quzeyində misraları dillər əzbəridirsə, Şəhriyar, həqiqətən də, qalibdir.