Biz imzaları yox, əsərləri dərc edirik...

Böyük hüznlərçün darıxdım – Mirzohid Müzəffərin şeirləri
1646
19 Aprel 2019, 12:44
 Mirzohid Müzəffər – 1999-cu il 12 sentyabr Daşkənddə doğuldu. Moskva dövlət Sinergiya Universitetində  İngilis filologiyası fakültəsində təhsil alır. "Kitab dünyası”  ədəbiyyat qəzetinin bədii tərcümə və beynəlxalq münasibətlər bölməsinin rəhbəridir. Dünya ədəbiyyatından Nəzər Qəbbani, Georq Trakl, Fernando Pessoa, Edith Sodergran, Ruben Dario kimi şairləri, Azərbaycan ədəbiyyatından Ramiz Rövşən, Əkbər Qoşalı, Qismət, İntiqam Yaşar, Taleh Mansur, Tural Turan, Aqşin Yenisey, Emil Rasimoğlu kimi şairlərin şeirlərini özbəkcəyə və bir çox özbək şairlərinin şeirlərini İngilis, türk, fransız dillərinə çevirmişdir. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
 

 ***

 Mən ölərkən 
 Sadəcə bir sualım vardı.
 Məni yaratdığın palçıq 
 Necə palçıqdı Allah?
 Onun torpağı eşqmi,
 Ona qırx il yağdığı
 Yağmur göz yaşınmıydı, Allah?
 ölürəmmi –
 çiçəklənər səssizlik
 və boğazım içində 
 yanır min bir cənnət.
 Allah, cavab vermədin
 Yarandığım palçıq nədəndir?
 Gözlərimin içində filizlənər bir boşluq.
 Ya səsimdən gəlir göy üzümün qoxusu
 Sən səssizsən. 
 O böyük hüznlərçün darıxdım.
 Və indi ediləsi ölüm vardır sadəcə
 Bildim…
 Allah, palçığım səssizlikdən hazırlanıb. 
  
 
 ***
 
 Görünməyən sonsuzluğun naməlum adı
 Oyadır birdən-birə kəpənəkləri.
 Və onlar qanadlarındakı qocaman dünyalar ilə
 Başlayırlar səcdə etməyə.
 Sim-sim ağrı
 (xəzinə gizləndiyi mağaranı da aça bilərsən bu ağrı ilə)
 İndi xəzinənin  adına çevrilir sonsuzluq.
 rəngin kölgəsinə yatırılmış səs
 müdhiş səssizlikdən hürkür qəfil.
 Gözlərdəki iki dəniz dönür aynaya
 Və onlarda görünür 
 Bir vaxtlar dünyanı isidib
 İndi nağıllarda günəşin
 İki dənə qara işığı
 Bu qara işıqlar kölgələrində
 Müdhiş səssizliyi yatırırlar. 

 sarduniya çiçəyinin saralmış yarpaqları
 yerləşir xatirəyə.
 saxsı sərhəddindəki digər bir aləm
 çalxalanır səssizcə
 çiçək yarpağının ağırlığından.

 ***

 Könlümün aynasında görünməkdəsən
 Və o röya görür mənsiz günləri.
 Qalar röyaların incə ağuşlarında.

 çalxalanır rüzgara çevrilmiş hisslər,
 qanad səmadan yoğrulmuş eşqə.
 Birdən-birə parılayır anlar.
 
 mənzilsiz yollarda yanılar ruhum
 yanılar mənimlə sənin əksin də.
 təsvirə çevrilər bütün cümlələr.

 kipriyimə toxunur sənin nəfəsin,
 su hövzəsindəki bir günəş kimi.
 Könlümün aynasında görünməkdəsən.
 
 ***
 
 Gülün gül olmağı yalan
 Çayların çay olmağı saxta.
 Varlığın var olmağı da boş
 Yalnız.

 Sənin sənliyin gerçək
 yalnız
 mənim mənliyim həqiqət.
 bu dəli küləklər duracaq, amma
 nə olsa biz yuxularımızın daş kimi qatılaşan
 qırıqlarından ev quracağıq.
 Sənin sənliyin haqda
 Doğruları udacağıq sadəcə.
 Bəmbəyaz kölgə
 və işıqlı pıçıltıya söykənərək uyuyacağıq,
 Yuxu görəcəyik.
 Yuxumuza girər o gerçək dünya…
  
 ***

 Zaman mənim deyildi onsuz da.
 Mənim deyildi o üsyan dolu ürək.
 Və eşqin işığı filizləşən səs.
 Mənim boğazımdan çıxmamışdı heç.
 Bu gün mənim oldu bunların hamısı
 Və yenə
 Və yenə
 Və yenə
 yenə sənin ola bilmədim həyat
 bəlkə, röyaların hamısı suçlu,
 sənin röyaların – anlamsız anlam.
 Və yenə gözlərimdəki dərinlikdə
 Oyana bilmədi eşq adında dərd.
 Sən isə uyudun yuxu görmədən.
 oyanıq röyalar öldürər məni,
 bir gün görəcəksən
 röyandakı o
 mən olmayan dünyalar öldürər məni. 


 sən səma eşqində titrədiyin vaxt,
 ruhundan uçanda qapqara quşlar.
 Güvən.
 Haqq yanına aparacaqlar.
 Bizi oyandıran dərin yuxular.

 ***

 Gecələrin birində 
 səmada o təmiz dərinlikləri,
 dolduracaq qanaqdları yanmış 
 mələk fəryadı
 yanğının yolları bağlanılacaq.
 
 işıq damarında dalğalanan o qaranlıq da
 buxarlanacaq.
 Anların o yuxusuzluğu
 Bürünəcəkdir  ölüm kölgələrinə
 laməkan dalğalarına enər nəfəsim.
 səssizliyim içrə əsməkdə külək
 və doldurmağa başlayır yeddi tərəfi.
 xəyal kimi şəkilsiz bir yalqızlıq.
 dəyişməyə başlar külək cığırları.
 gecəyə sancılacaq fidan budağı
 Kərbəla səhrasın qumları üzrə
 şeir yazmağa başlar bu ayaqlarım
 bir şeir ki,
 səmavi səslərlə bəzənmişdir o
 bu qədər soyuq bu yiyəsiz hava 
 titrəməyə başlayıram.
 Və  geyərəm isti ağrını.
 göy üzünün qızıl pəncərəsindən
 baxarkən
 gülümsəyir birisi
 harda açılmağa başlar çobanyastığı?
 Gözlərimin həcmi qədər genişlər gecə.
 yenilənər dünyanın iç dünyası.
 haradadır çiçəklənir kiprik.
 yoxluğuma baxarkən
 dinləməyə başlaram. 
 mənə səma pəncərəsindən baxan  o birisinin
 gözündəki şəffaf səssizliyi
 və sabah anladacaq mənə bütün hekayələri.
 Günəş doğacaq
 eyni bu an
 mənim röyalığım ifşa olacaq. 

***

 Üsyan qoxulanır səssizliyimdən
 ruhuma enmişdir bu boşluq sanki.
 Qığılcım saçılır qəlbim-içimdən.
 alovda söylənən şərqiyəm, şərqi.
 Anka quşu qanından doğmuş o dərd
 mənim palçığımdır.
 Nifrət sol-sağım.
 Altı "tərəf”imi doldurmuş bu gün.
 Haqqdan gələn adsız müqəddəs ağrı,
 başlanmayan və bitməyən 
   
 yolsuzluq yoluyam –
 yox sonum, dibim.
 Dünya,
 Qədəhində mən şərabam –
 acıyam.
 Həllacdan axmış qan kimi,
 Üsyan qoxuyur səssizliyimdən… 




 
 Rafiq Seydullaya 

 Mən bu anı şərab deyə düşünmədim heç, 
 mən içmədim onu
 and içəndəki kimi asan içmədim
 söz kimi düşünməmişdim 
 söyləmədim mən bu anı heç. 

 düşüncə deyildi o
 səs də deyildi.
 baxma ki səssizlik də bənzəməz ona
 onda yaşamağımı sonra anladım.
 sonra bildim ondan keçib gedəcəyimi.
 bu an məni içib bitirdi
 o məni söylədi  söz kimi
 düşündü
 şərqilər söylədi və səssiz qaldı məndə. 
 ancaq yaşamadı məni bu an
 ancaq yaşamadı...
                                 
 ***

 Səssiz bitirəm 
 bitmişəm məncə...
 sovurdum  özümü bir  sübh çağı,
 Bax, bir zərrəmdan yarandı günəş.
 Başqa bir zərrəmdən – quşların canı,
 Küləklər qayıtmır,
 bilirəm bunu. 
 və yenə bilirəm heçliyimi mən.

 Özüm özümlə düşmən edərəm,
 özümü qovaraq yalvararam-gəl...
 Oh, nələr qalmışdı mənim içimdə,
 Zamanın gözləri köksümdə indi.
 İndi, 
 mənimdir bu qutlu nifrət.
 və eşqə dönən vücud mənimdir

 Başqası ilğım, 
 başqası  keçici – bu dünya kimi.
 Mənim olan ancaq ağrı həzzi və
 səma palçığından yapıldı qəlbim.
 Səssizcə bitməkdəyəm...
                      bitmişəm məncə...


Tərcümə edən: İntiqam Yaşar