Biz imzaları yox, əsərləri dərc edirik...

Mirzə Əsədullayev kimdir? – Qərənfil Dünyaminqızı yazır
2091
18 Mart 2019, 11:43
 Artkaspi.az saytı Qərənfil Dünyaminqızının "Mirzə Əsədullayev kimdir?" yazısını təqdim edir:
 
 Əslən baklı olan milyonçu Şəmsi Əsədullayev yoxsul bir əkinçi ailəsində anadan olub və kiçik yaşlarından zəhmətə qatlaşıb. Milyonçu olanda da öz övladlarını harın, ərköyün böyütməyib. Əksinə, onları zəhmətkeş, vətənpərvər, millətsevər  kimi tərbiyə edib. Odur ki, oğlu Mirzə illər sonra nəin ki, atasının neft şirkətini çox yaxşı idarə edə bildi, hətta Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasında böyük əmək sərf etdi. 
  Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasında və yerli sənayenin inkişafında mühüm xidmətləri olan Mirzə Şəmsi oğlu Əsədullayev bəzi milyonçu oğullarından fərqli olaraq, zəhmətkeş, xeyriyyəçi və vətənpərvər bir ziyalı kimi tarixə düşdü.
 
 

  Mirzə 1875-ci ildə Bakıda anadan olub. Gimnaziyada təhsilini rus dilində alan Mirzə, ana dilini yaxşı öyrənmək üçün Üzeyir bəydən dərs alıb. Gimnaziyada təhsilini başa vuran gənc, atasının neft şirkətində işə başlayıb.
  1903-cü ildə Şəmsi Əsədullayev ikinci dəfə rus qadınla ailə qurduğu üçün Moskvaya köçür. Bu zaman "Şəmsi Əsədullayev və Ko” adlı şirkətin bütün ağırlığı oğlu Mirzənin üzərinə düşür və o, neft ixracı məsələləri ilə əlaqədar tez-tez Avropanın bir çox şəhərlərinə getməli olur. Bu işgüzar səyahətlər onun dünyagörüşünə, həyata baxışına çox təsir edir.
  Gənc milyonçu təkcə özünün və yaxınlarının yaxşı, firavan yaşaması ilə kifayətlənmir. O, xalqının da yaxşı yaşaması üçün xeyriyyə təşkilatlarının işində fəallıq göstərərək, yeni məktəblərin açılmasına, dərsliklərin hazırlanmasına, imkansız ailələrin övladlarının məktəbə cəlb edilməsinə, mətbu orqanların fəaliyyətə başlamasına dəstək olur. 1905-ci ildə Bakıda ilk Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılır. Bu cəmiyyətin üzvləri əsasən Bakının imkanlı ziyalıları idi və onların arasında gənc xeyriyyəçi Mirzə də var idi.
  Mirzə şirkətdəki neft və Cəmiyyətdəki xeyriyyə işləri ilə yanaşı, dünyada baş verən bütün hadisələrlə də maraqlanaraq münasibətini bildirirdi. 1917-ci ildə Rusiyada baş verən fevral-burjua inqilabı azərbaycanlı ziyalıları siyasi hadisələr ətrafında daha sıx birləşdirdi. Mirzə Əsədullayev də bu hadisələrdən kənarda qalmadı. Həmən ilin 27 martında Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçildi. O, 1918-ci ildə Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının da sədri oldu. Elə həmin ilin noyabrında Azərbaycan Milli Şurasının hazırladığı Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun əsasında Neft Sənayeçiləri Qurultayı Şurasından parlamentə üzv seçildi.
  M.Əsədullayev parlamentin əksər iclaslarında iştirak etsə də, az çıxış edib. Amma çıxışları zamanı çox ağıllı, dəyərli təkliflər verib. Məsələn, 1919-cu ilin dekabrın 1-də parlamentin yüz ikinci iclası keçirilib. İclasda ölkənin maliyyə, sənaye, vergi sahəsi ilə bağlı çox mühüm məsələlər müzakirə olunub. O, çıxışında hər kəsi vergi verməyə, hökumətin xəzinəsini zənginləşdirməyə çağırıb. Çıxışının sonunda isə ölkənin ticarət siyasətini daha real və ciddi tədbirlərlə sağlamlaşdırmaq, ölkənin maliyyə vəziyyətini göstərən Hökumət balansını təqdim etmək üçün təkliflərini irəli sürüb.
  Mirzə, parlamentdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat fraksiyasının  (bitərəflərlə birgə) üzvü idi və o, bitərəf sayılırdı. O, 1918-ci ilin dekabrın 26-da F.X.Xoyskinin təşkil etdiyi Hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. M.Əsədullayev bu vəzifəni 1919-cu il martın 14-nə qədər davam etdirmişdi. O, bu vəzifədə çalışarkən Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasında və yerli sənayenin inkişafında mühüm rol oynamışdır.        
  Mirzə Əsədullayev milyonçu Musa Nağıyevin qızı ilə ailə həyatı qurub. O, Ümmülbanunu ilk dəfə görəndə hələ Gimnaziyada oxuyurdu. Bu görüş onun bütün "rahatlığını” əlindən aldı. Mirzə özü də hiss etmədən gözləri həmişə Ümmülbanunu axtarırdı. O, atasının dostu Musa Nağıyevin qızı Ümmülbanuya ilk baxışdan vurulmuşdu. Şəmsi Əsədullayev bu xəbəri eşidəndə ürəklə xeyir-duasını verdi və oğluna çox möhtəşəm bir toy etdi. Amma bu möhtəşəm toy oğluna xoşbəxtlik bəxş etmədi. Ümmülbanu 1905-ci ildə dördüncü övladını dünyaya gətirərkən vəfat etdi. Vaxtsız ölümlə barışa bilməyən Mirzə, yeni doğulan övladına sevimli həyat yoldaşın adını verməklə təsəlli tapdı. Bu körpə illər sonra Fransada mühacir həyatı yaşayan məşhur yazar Ümmülbanu (Banin) oldu.    
M.Əsədullayevlə bağlı xatirələri oxuyarkən belə bəlli olur ki, o, həyatında iki dəfə çox böyük sarsıntı keçirib. Birinci dəfə sevimli ömür yoldaşı Ümmülbanunu itirəndə, ikinci dəfə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edilərkən... Bu işğal  onun həyatını tar-mar etdi, zəhmətlə topladığı varidatını əlindən aldılar, Vətəninə, əzizlərinə, istiqlalına həsrət qoydular...
 


  1920-ci ilin 27 mayında Azərbaycan Cümhuriyyətinin naziri olmuş Mirzə Əsədullayev həbs edilir. Yaxınları onu həbsdən azad etmək üçün hər vasitəyə əl atırlar. Hətta belə bir məlumat da var ki, Mirzə Əsədullayevi həbsdən azad etmək üçün Bala Qocayev adlı birisi onun qızı Ümmbülbanuya evlilik təklif edir. Bu "evlilik” Ümmbülbanunun ürəyincə olmasa da, bolşevik olan Balanın təklifinə razılaşır.  O, 1924-cü ildə Bala Qocayevlə Gürcüstana, oradan da Türkiyəyə gedir. İstanbulda isə ərindən ayrılır və Parisə üz tutur. Parisdə əvvəl katibə, maneken, tərcüməçi, jurnalist kimi fəaliyyət göstərir və sonra yazıçı kimi məşhurlaşır. 
  1920-ci ilin avqustunda həbsdən azad olunan M.Əsədullayev, vətəndə qalmağın çox çətin olacağını dərk edərək Azərbaycan SSR hökumətindən rəsmi icazə alaraq, 1921-ci ilin noyabrında Fransaya gedir. Burada ilk pənah apardığı şəxs isə Azərbaycan siyasi mühacirətinin ilk nümayəndəsi Əlimərdan bəy Topçubaşov olur. O, Əlimərdan bəyin tövsiyəsi ilə yaradılmış Azərbaycan Neft Sənayeçiləri Cəmiyyətinin sədri seçilir və cəmiyyətin ətrafına mühacirətdə yaşayan Azərbaycan milyonçularının övladlarını, qohumlarını toplayır.
  Bundan sonra Mirzə Əsədullayev Əlimərdan bəylə daha sıx əlaqə saxlayır tez-tez toplantılar keçirir. 1927-ci ilin fevralın 21-də Azərbaycan neft sənayeçiləri qrupu Azərbaycan Neft Sənayeçiləri Cəmiyyətinin Fransada sədri vəzifəsini icra edən M.Əsədullayevə fransız sahibkarı R.Dammanla müqavilə bağlamaq üçün mandat verirlər. Arxiv sənədlərindən və tədqiqat əsərlərindən aydın olur ki, bu müqavilə ətrafında xeyli qalmaqal baş verib. 1929-cu ilin iyul ayının 3-də nümayəndəlik tərəfindən Ə.M.Topçubaşov və C.B.Hacıbəyli, İttifaq tərəfindən M.Əsədullayev və Q.Qasımzadə olmaqla, Əlimərdan bəyin yanında toplantı keçirilib və  Dammanla bağlanan müqavilədən irəli gələn məsələlər müzakirə edilib. 
  Mirzə Əsədullayev 1936-cı ildə Parisdə vəfat edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycan tarixinin yetirdiyi ən önəmli şəxsiyyətlər, nəhəng, işıqlı simalar idi. Onlar "azərbaycanlıların ümmətdən millətə keçid prosesini öz çiyinlərində apararaq” bir amal uğrunda birləşdilər. Azərbaycanı müstəqil görmək istədilər! Arzunuz çin oldu, vətən mücahidləri, rahat uyuyun!