Biz imzaları yox, əsərləri dərc edirik...

Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
296
11 Dekabr 2019, 17:41
 Bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq.
 Bu sözləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov dekabrın 11-də kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə söyləyib.
 
 

 Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə K.Tahirov Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolundan, zəngin siyasi və dövlətçilik fəaliyyətindən danışıb. O, Ümummilli Liderin hakimiyyəti dövründə kitabxana işinin təşkilinin prioritet əhəmiyyət daşıdığını, cəmiyyətin mədəni həyatına təsir göstərən bir amilə çevrildiyini söyləyib.
 Milli Kitabxananın direktoru deyib ki, ulu öndər Heydər Əliyev tarixdə izi olan unudulmaz şəxsiyyətlərdəndir. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib.
 Sonra qonaqlar Ulu Öndərə həsr edilmiş videoçarxa baxıblar.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərin əhəmiyyətindən danışıb. Deyib ki, vəfatından 16 il ötməsinə baxmayaraq qədirbilən xalqımız Ulu Öndəri hər zaman böyük hörmətlə anır, xatirəsini ehtiramla yad edir.
 O, Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışıb, ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və xalqın mənafeyini hər şeydən uca tutduğunu, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla çalışdığını qeyd edib. Azərbaycanın müstəqilliyinin və inkişafının yeni mərhələsinin təməlini qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin hər zaman sonsuz ehtiramla xatırlandığını və xatırlanacağını bildirib.
 YAP siyasi şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin siyasi fəaliyyətindən, ölkəsi üçün gördüyü əvəzsiz işlərdən bəhs edib.
 "Heydər Əliyev olmasaydı Azərbaycanın mövcudluğundan, xalq olaraq mənəvi varlığımızdan belə söz gedə bilməzdi. Bu gün biz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində güclü və müasir bir ölkənin – Azərbaycanın vətəndaşı olmağımızla qurur duyuruq. Heydər Əliyev hətta Sovet hökuməti dövründə də hansı vəzifəni tutubsa yalnız ürəyi Azərbaycanla döyünüb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz siyasi və iqtisadi nüfuzuna görə inkişaf etdi, dünyada söz sahibi ola bildi, qabaqcıl ölkələrdən birinə çevrilə bildi. Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığı aydın görünür. Ölkəmizin müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün ölkəmiz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənir, inkişaf edir, dünyada söz sahibi kimi tanınır”, - deyə V. Rəhimzadə vurğulayıb.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, kafedranın dosenti Rasim Süleymanov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıblar. Söyləyiblər ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur. Prezident İlham Əliyev Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanımızın daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır.
 Sonda iştirakçılar "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət- Heydər Əliyev” mövzusunda geniş kitab sərgisi ilə tanış olublar.