Biz imzaları yox, əsərləri dərc edirik...

Kədərdə boğuluram – Lyudmila Datçinkonun şeirləri
979
11 Sentyabr 2018, 12:25

  Ukraynalı yazar Lyudmila Datçinko 1988-ci il avqust ayının 2-sində Kiyevdə dünyaya göz açıb. 2012-ci ildə Taras Şevçenko adına Milli Universitetin Ədəbi yaradıcılıq ixtisası üzrə magistr təhsili alıb. Universiteti bitirdiyi ildən "Suchasnist” jurnalında ədəbi redaktor kimi fəaliyyətə başlayıb. 2014-cü ildə "image.ua” onlayn dərgisində baş redaktor vəzifəsinə təyin olunub. 2016-cı ildə ədəbiyyat nəzəriyyəsi tezisi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda Kiyevdə yaşayan və fəaliyyət göstərən şair Ukrayna Yazarlar Assosiasiyasının vitse-prezidentidir.

 

 

 

 


   Datçinko paralel olaraq, Ukraynanın "İlin Kitabı” mükafatının münsiflər heyətinin üzvüdür. Şeirləri, "Suchasnist”, "SHO”, "Courier Krivvas”, "Dyvoslovo”, "Ukranien Literary Newspaper” dərgilərində işıq üzü görür. Onun yaradıcılığına "NEP: Night of Erotic Poetry”, "International Istanbul Poetry & Literatury”, "Terra Poetica”, "The Language of the Sky” kimi almanax və antologiyalarda da geniş yer verilib. Xanım Datçinko aşağıdakı şeir toplularının müəllifidir – "Qəbul üçün ödəniş” ("Fee for the Access”2011), "Türk üçün şam yeməyi”("The Hen for Turkish man”2017). "Türk üçün şam yeməyi” ötən il Ukraynada ilin 10 ən yaxşı kitabından biri seçilib. Datçinko 2012-ci ildə "Beynəlxalq Ukrayna – Alman mükafatına” ("İnternational Ukranian-German Prize”), 2018-ci ildə isə Azərbaycan Diaspora Assosiasiyasının təqdim etdiyi "Nar rəngli poeziya” ("Poetry of Pomegranate Tints”) ədəbi mükafatına layiq görülüb. Şairin bir çox şeiri gürcü, ingilis, rus, Belarus dillərinə tərcümə olunub.

 

 


Mən sahilinə ayaq basılası o torpağı görürəm, Kapitan!

Bu şəhərin divarları var,

amma, qalası yoxdur.

Günortalar tovuz quşların addım səsləri ötüb keçir.

Burada mələklər göydələnlərdən

sakit-sakit dünyanı seyr edir.

Kitabələrdə canlandırılmış qəhrəmanlıqlarını müqayisə edirlər.

Hamı kimi karbon dioksiddə xoşbəxtliyə qərq olurlar.

Kapitan, bu paytaxt məni yerin ən dərin qatına çəkir.

 

 

 

 


Papağımı küləkmi aparır,

yoxsa mən ağlımımı itirirəm?

Yaşadığım yeri göstərən teleskopdan

olduqca yorğun görünürəm.

Boğazıma dolan kədərdə boğuluram.

Kapitan, saxla

Mən bu gəmidən düşəcəyəm.

Canımdakı əbədi yorğunluqdur.

Kapitan, əl çək gedim!

Bura mənim çoxdan axtardığım torpaqdır.

 

 

 

 


***

 


Pərilərlə yan-yanayam,

– budur onlar.

Daha çaydanını özün üçün yu.

əgər mənə zəng etmək istəsən,

nömrəm səndə var.

Fərq etməz, istəsən bu gecəlik də qala bilərsən!

Bütün evdar qadınların qazanları və qulplu qabları var

mənimsə bir qədər balığım, suyum və

Allah vergisi istedadımı "qablaşdıran” pərilərim var.

Amma mənim vaxtım azdır və düşünürəm:

Görəsən o, indi yalnızlığın öhdəsindən necə gəlir?

Tanışlığımızın əvvəlki kimi vaxtlarındakı kimi

Corablarını dörd bir yana səpələmədən.

Baş verəcək hər şeyin adı sonradan tale olacaq.

"Açıl qapı” dediyin kimi, tərk edəcəksən məni.

Və sənin getməyini bircə mənim pərilərim görəcək.

 


***

 


Riyaziyyata ümid yoxdur,

Məntiq adlı matəmli bir səhər yeməyi var.

Bu bir adam üçün hazırlanmış,

soyuyan sıyığı xatırladır.

İçimdəki boşluq o qədər sonsuzdur ki,

onunla kimi istəsən aldada bilərsən.

Amma heç kimi həbsxana ilə qorxudub,

nəyəsə məcbur edə bilməzsən.

Göyün laylarının pəncərələri

yerə möhkəm-möhkəm bərkidilib.

Amma bütün təyyarələr və pərilər

bu çərçivələrdən əziyyət çəkmədən keçəcək.

Eləcə də bir yataq otağının xoş akustikası da,

heç bir təkidlə üzləşmədən səmanın köksündə gəzəcək.

Saat 9-a 20 dəqiqə işləyib.

dalğaların və qumların

sonsuz səxavətlə davrandığı saatlardır.

Belə vaxtda

həyatın sonsuzluğu haqqında da düşünmək olmur.

Dünyanın bütün dilləri razılığa gəlib ki:

ürküdülmüş bir "Ququ” səsi azad olsun.

Çünki bu Adəmin ilk sözü olub.

 

 

***


Bu dəhşətli külək aman verməz ki, balıq tutasan.

Odur ki, getdikcə şiddətlənən

qara qasırğa haqqında mahnı oxu, sadəcə oxu.

Dostların ətrafındadırlar,

candərdi gülümsəyirlər.

Böyük zəmilərə qoyulmuş

qorxulu müqəvvalar kimi.

Ona görə ürəkdən gülmürlər ki,

sənin uğuruna inanırlar.

Bu amansız küləklə mübarizə aparmağın

özü də bir qəhrəmanlıqdır.

Otururam,

dururam,

uzanıram,

sonra yenə otururam.

Sən olduğun yerlərə boylanıram.

Sən getdiyin dəniz ölü kimi görünsə də,

ordan heç kim gəlmir.

ruhum isə,

səfil bir məmləkətə sürgün edilmiş kimi

səni istəyir.

Telefonun yığılan nömrələri

kimdənsə harasa gəlməyini xahiş edir.

Bircə sən gəlmirsən.

amma, mən təkid edirəm.

Bütün bu yaşanan illərdən sonra

həyatın mənasız olduğunu

və sadəcə boşuna yaşamağı anlamaq çətindi.

İndi səssizliyim və yalnızlığım,

çağırılıb getmədiyim yerləri gəzir

və boş keçirdiyim zamanları,

ağır imtahanları üstələyir.

Mən sənin okeanlarında balaca balığam.

Üzgəclərimlə səni salamlayıram.

Sənsə elə bilirsən ki, sadəcə üzüb keçirəm.

 

 


Tərcümə edən: Fərid Hüseyn