Biz imzaları yox, əsərləri dərc edirik...

Həqiqətin zühuru və kainatın qiyamı Fəxrəddin Salim yazır
495
20 Sentyabr 2018, 09:25
 
  Artkaspi.az Fəxrəddin Salimin "Mərhələlər" məqaləsini təqdim edir:

  Son üç yüz il ərzində yaranan bütün təriqət və məzhəblərin müəllifi Şeytandır  



  Biz könlümüzə piri-mühəqqəq demişik, 
  Haqqı sevənə aşiqi-mütləq demişik, 
  Merac yolunu getməyə Mənsur kimi, 
  Batində "Əli”, dildə "Ənəlhəq” demişik. 

  Hal hal içində gizlənir. Məqam məqamı örtür. "Sirr içində sirr” demiş ərənlər. 

 Bayəzid Bistami həzrətləri xanəgah taxtında ikən, zikrin fövqündə "Mən Allaham, mən Allaham, mənə səcdə edin!” deyir. Çevrədəki ayıq xəlifələr təəccüblə bir-birnin üzünə baxır. Çünki, təriqət, məqam etibarilə bu mərtəbələrə hazır deyildilər. 

  Haldan sonra qal gəlir, süfrə açılır. Müridlərdən biri icazə alıb soruşur: 
  Ustad, biz anlayamadıq. Sən halın içindəykən "Mən Allaham, mənə səcdə edin” dedin. 
 



  Bayəzid bir az düşündükdən sonra açıb yanına qoyduğu qılıncını çəkib, həmin xəlifələrdən birinə verib deyir: 
  Mən sizə nəfəsimi halal etmərəm, əgər bu küfr bir də mənim ağzımdan çıxsa, bu qılıncla mənim boynumu vurmasanız!

  Növbəti həftə, yenə də zikr zamanı, hal məqamında Bayəzid yenə də o sözləri sərf edir. Həmin xəlifə bu səfər qılıncı çəkir və ustadın boynuna endirir. Amma baxır ki, qılınc havanı kəsir. Bir neçə dəfə zərbə endirsə də eyni şey baş verir. 
Dübarə hal gedir, qal gəlir və süfrə başında həmin mürid soruşur: 

  Ustad sən o sözləri yenə dedin. Nədən? 
  Bəs mən sizə demədimmi, boynumu vurun. 
  Heyrətdən ölüm həddinə çatmış baş xəlifə deyir: 
  Ağa, mən çox vurdum, ancaq qılınc kəsmədi! 
  Gördünüzmü? O anda mən yox idim, Allah idi. Allahı qılınc kəsməz. 
  Bu xəbərdən belə anlaşılır ki, təcəlla eşqin zirvəsidir. 
  Məstlik həqiqətə açılan qapıdır. 

  Ariflərin içdikləri mey sadəcə məkan və zaman dəyişdirərək, bu yerə, bu zamana gəlmişdir. Halbuki həmin vəhdət meyi öz varlığı etibarilə Ələst bəzminə aiddir. 

  Təcəlla edən təkcə Həqqin camalı deyil. Camalın təcəllasını seyr edənlər də o əzəl günün şahidləridir.

  Vəhdəti unutmaq eşq əhlinə xas deyil. Çünki qal əhli bu həqiqətin içindən gəlməyib. Eşq əhli isə, hal əhlidir, qal əhli deyil. Dünya əhli Dünyaya tərəf, eşq əhli isə hala tərəf dolanır. Əzəl günün xatirəsi hicran yaratsa da ümidsizlik yaratmır. 

  Xoş ol zaman ki, yar mənə həmzəban idi, 
  Bəzmim cəmali-yar ilə rəşqi-cinan idi, 
  Sultan idim ki, hər yana hökmüm rəvan idi, 
  Dövlət qulam idi mənə, bəxtim cavan idi, 
  Bu həzineyi-vəsldə arami-can idi, 
  Dəmlər o dəmlər idi, zaman ol zaman idi. 
  (S.Ə.Şirvani)

  Adəmlə vəhdət iki mənanı ifadə edir. Birinci məna təriqətin sərhədlərini aşır. Bəyanı çətindir. 

  İkinci məna isə, insanın, yəni Haqq aşiqinin Adəmin zatı ilə vəhdətdə olduğunu ifadə edir. 

  Fəqət, mətləblərdən də aydın olduğu kimi, təriqətin tutumu və əhatəsi məhduddur. Təriqətin də öz zahidliyi mövcuddur. 

  Təriqətdən fərqli olaraq, şəriqətdəki zahidlik sırf donmağa və mənafepərəstliyə bağlıdır. 

  Təriqət mürşidinə münasibət daha artıq məhəbbət və təmənnasızlığa söykəndiyi üçün müridlərdəki surətpərəstlik və başqasını inkar, şəriət əhlinə nisbətən daha güclüdür.

  Hər hansı bir hadisə və məkandakı sərhəd və müəyyənlik onun sonunu gətirir. 

  Təsəvvüf təriqətlərinin sonu onların dağılması deyil, yox olması deyil, onların sonuncu olması mənasına gəlir. Yəni, təriqətin özündən də doyub, daha feiliyyətli və işlək məqamlara üz tutmaq labüddür. Lakin üzərindən əsrlər keçməsinə baxmayaraq, çoxlu sayda təriqət məkanları bu gün də yaşayır. Çünki bunlar Allahın nuru və rəhməti ilə, övliyaların nəfəsi və himməti ilə yoğrulmuşlar. Şəriətdən qopanlar, əsl mənada şəriətin mahiyyətini qoruduqları kimi, təriqətdən mərifətə uzananlar da həm şəriətin, həm də mərifətin bəhrələrini yaşadıb, daha da irəli getmişlər. 
  Eşqdə riya olmaz, amma təriqət əhlinə tərki-dünyalıq və süstlük xasdır. 

  Tərki-dünyadən hədəf tərki-cəmaət olmayıb, 
  Cümlə məxluq Həqqdir, ey talibi-məna olan. 

  Tərki-dünyayi-cəmadi tərki-divi-nəfsdir, 
  Nəfsi tərk et, Həqqi gör, bil kimdir ol "Taha” olan. 

  Əsrlərdir gizlədibsən zahida, Leylanı sən, 
  Qoy yetişsin Məcnuna ol "La fəta illa” olan. 
  (Cavid Mürtəzaoğlu) 

  "Sufilər” deyilən zümrə İlahi nurun təmsilçiliyində böyük tarixi pol oynamışlar. Onlar imanın şəriətdə qalıb çürüməməsi üçün vücudlarıyla gerçək iman yaşatmışlar. 

  Təriqət ariflərin vücudunu tərk etsə də yeni gələn aşiqlərin canında öz varlığını yaşatdı. 

  Şəriətə hər zaman ehtiyac olduğu kimi, təriqətə də ehtiyac vardır. 

  Bizim bəhs etdiyimiz təriqət məzhəb anlamında deyil. Məzhəbdən fəqrli olaraq, təriqət dini parçalamır. Çünki təriqət dinin içində deyil. Amma məzhəb dinin içindədir. Məzhəb şəriətdir, təriqət eşq. Təriqət kütləvi deyil, buna görə də ictimai ixtilaflara səbəb olmur. 

  Son zamanlar yaranan "dini cərəyanlar” (guya) təriqət deyil. Heç məzhəb də deyil. Sadəcə cəfəngiyyatdır. 

  Mürşidlik də Vilayətdən olduğu üçün, ona İlahi təsdiq gərəkdir. Vilayət isə Nübuvvətin davamıdır. 

  Qeyri-bəşəri iradənin müdaxiləsi ilə son dövrlərin ruhani durumu Haqq təriqətlərini doğmur. 

  Haqq təriqətləri silsilənin davamı olaraq, yaşayır. Yeni doğulanlar haqqında isə, bir cümlə demək olar: Son üç yüz il ərzində yaranan bütün təriqət və məzhəblərin müəllifi Şeytandır.

  Şəriət zaman içində irticanın silahına çevrildiyi kimi, təriqətlər də bəzi yerlərdə öz həqiqi simasını itirərək, müəyyən qüvvələrin əlində vasitəyə çevrilmiş, hətta siyasiləşmişdir.

  Yalançı məsihləri, silahlı imam-zəmanları da təriqət doğmuşdur. 

  Fəqət, binasında eşq və təcəlla gəzdirən təsəvvüf öz əslini hər zaman qorumuşdur. 

  Bir şey də həqiqətdir ki, təriqətin tərki şəriətin tərkinə bənzəmir. Eşq əhli riyadan və zahidlikdən qaçdı, ürfan əhli isə durğunluq və hər şeylə barışmaqdan. 

  Şəriət əhli ətrafın küfründən qurtulanlardır, təriqət əhli öz küfründən. 

  Fəqət özündən qurtulanlar bu dəfə ətrafını qurtarmağa məmur olurlar. 

 Ətrafından qurtulmaq bir mərhələdir, ərtafını qurtarmaq başqa bir mərhələ. Lakin bu ikisinin ortasında dayanan özündən qurtulmaq mərhələsidir. Özündən qurtulmayan nə ətrafından qurtula, nə də ətrafını qurtara bilər. 
Xalqdan çıxıb xalqa qayıtmaq Haqqdandır. 

  Şəriət Allahdan insanlara seyrdir. 
  Təriqət İnsandan Allaha seyrdir. 
  Mərifət Yenə də Allahdan insanlara seyrdir. 
  Həqiqət Allahdan Allaha seyrdir. 

  Şəriət, təriqət yoldur varana, 
  Mərifət, həqiqət ondan içəri, 
  Məni məndə sorma, məndə deyiləm, 
  Bir mən vardır məndə məndən içəri.
  (Yunus Emrə) 

  Dünya Haqq kitabı kimi vərəq-vərəqdir, qat-qatdır. Bu kitabın əvvəli də Lillahdır, ortası da sonu da. Dünyada nə varsa İlahi təqdir və təcəllanın əlamətləridir. Tarixin mahiyyəti də məhz budur. Əksini düşünsək, onda nə Dünya nə də onun tarixi zaman axınından başqa heç bir şey demək deyildir. 

  MƏRİFƏT

 Yalan gerçəkləşdikcə, gerçək yalana çevrilir. Əfkar və könüldəki gerçəklik həyatda olmasa da həyat özü bir gerçəklikdir. 

  Könül çırpıntıları ilə həyatın ritmi harmoniya təşkil etmir. 

  Dünya özü fani ola-ola, bizi faniyə çevirir. Dünyadan qopmaq nə qədər çətindirsə, həyatın içinə qayıtmaq ondan qat-qat çətindir. 

  Söz paylaşmaq üçündür. Gerçəkləri insanlarla paylaşmaq, onları insanlardan gizlətmək qədər müşküldür. 
  Təriqət gedişdir, Mərifət qayıdış. 

  RÜBAİ
  Hicranı könüldən silə bilmək müşkül 
  Qan ağlamaq asan, gülə bilmək müşkül. 
  Dərdi, kədəri, qüssəni bölməkdə nə var? 
  Xalq ilə sevincin bölə bilmək müşkül. 

  Özünə qayıdan, xalqdan qurtular. Özündən qurtulan, xalqa qayıdar. 
 Mərhələlər bir-birindən keçdikcə mərhələ olur. Şah Xətai demişkən; 

  Ayaq bir-bir basarlar nərdivanə 

  Hikmətdən fərqli olaraq, ürfan yaşantıdır. 
Təriqət də ürfandır, amma Mərifət deyil. Mərifət yaşamaqla mümkündür. Yaşantının isə ən böyük sərmayəsi təcrübədir. "Təcrübə ən böyük mürşiddir” deyib ulular.

  Təriqət Hərra dağıdır. Əhli-mərifət isə kiçik peyğəmbərlərə bənzəyir. Mərifətin risaləti eşqdir. Eşqi inziva dağında qazanan əhli-təriqət xalqın içinə qayıdanda əhli-mərifət olur və təcrübəsini xalqla paylaşır. 

  İrşad olmaq hər zaman qaçılmazdır. Çünki, yol Haqqa sarıdır. Haqqla, həqiqətlə müqabil dayanan hər şey naqis olduğu üçün salikin gəldiyi hər nöqtə bir keçid, hər dayandığı məqam özü bir zahidlikdir yəni donmaqdır.

  Hər mərhələdə irşad üçün canlı mürşidə və təkyə həyatına vaxt və ehtiyac olmur. Mürşid ömürlük rəhbərdir. Ən bəhrəli və sevimli mürid isə, onun dizinin dibində oturmayıb, onun surətindən (zahirindən) uzaqda mücadilə verəndir. Yəni, batini ziyarətlə, ayaqüstü zikrlərlə, "iki əli qan içində” bu hərdəmxəyal dünyada savaşanlar əsl müridlərdir. Onlar təkyəni fiziki olaraq tərk edir. 

  Əhli-mərifət Haqqın dünyadakı məmurlarıdır. Dünya bunu bilsə də bilməsə də. 

  Dünyanın arifə olan ehtiyacı torpağın suya ehtiyacı qədərdir. Dünya bunu istəsə də istəməsə də. 

  Əhli-mərifətin Dünyaya atılması nə arifin istəyidir, nə Dünyanın tələbi. Bu, Allahın iradəsidir. 

  Xanəgah və təkyələrdə yetişən müridlər qış günü üstüörtülü bağçalarda yetişdirilən meyvələr kimidir. Yəni, Dünyanın havası eşqə müsaid deyil. Fəqət, İlahi təqdir belədir. 

  Şəriət əhli Dünyanın cazibəsində təktərəfli həyat sürür. 

  Təriqət əhli Allahın cazibəsində təktərəfli həyat sürür. 

  Mərifət əhli isə, çölündə Dünyanı, içində Allahı gəzdirərək, ikili həyat sürür.

  Fəqət, Allaha tərəf gedən yol şəriətdən başladığı üçün Dünyadan ilk qopanlar da elə şəriət əhlidir onlar bunu hiss etməsələr də.

  Şəriət Allahın izn verdiyi ən aşağı mərhələdir. Şəriətdən də aşağı düşməyənlər qurtulanlardır. Hər mərtəbənin öz vacibatı, özünə xas şərtləri var. Fəqət ümumun fövqündə Təriqət, Mərifət, açılması vacib olan qapılar deyildir. İnsanlıq evinin yeganə vacib qapısı Şəriətdir. Bu qapıdan içəridə baş verənlər artıq eviçi məsələlərdir. 
Dünyanın gözəllikləri özündə Allahın zərrələrini daşıyır. Hər mərtəbədə gözəllik və üstünlüklər Allaha məxsusdur. İn-sanların üstünləri və gözəlləri bütün gözəlliklərin Allaha məxsus olduğunu dərk edənlərdir. Əks təqdirdə insan heç bir gözəllik və üstünlüyə sahib deyil. 

  Mərifət Haqqı xalqın içində görməkdir. 

  Məxluq Xaliqdən uzaq olsa da Xaliq məxluqun içindədir. 

   "Tərki-dünyalıq xalqın şərindən qurtulmaq deyil, xalqı öz şərindən qurtarmaqdır” (Seyyid Yəhya Bakuvi) 

  Dünyanı tərk edənlər əslində onu dərk etmək üçün guşənişin oldular. 

  Dünyanı dərk etmədən ona qayıtmaq təhlükəlidir. 

  Dünyadan qaçmaq həqiqətdən qaçmaqdan yaxşıdır. Mövlana deyir: "Xam idim, yandım, bişdim”. Xam bədənlə Dünyada yaşamaq ona təslim olmaqdır. 

  Aşiqlərin bişdiyi yer təriqətdir. Əlbəttə, xamlıq da bişmək də, tərki-dünya olmaq da, Dünyanı dərk etmək də yalnız eşq əhlinə xas olan nəsnələrdir. Dünya əhli Dünyadadır. Eşq əhli ilə Dünya əhlini ayıran onların xilqətidir, yəni yaranışı. Xilqətin sirri isə yalnız Həqiqətdə gizlənir. 

  Aşiqi təriqətin giriş qapısından çıxış qapısına aparan, fəqət mürşiddir. 

  Təriqətə giriş aşiqin qəzavü qədəridir. Təriqətdən çıxış onun üstünlüyüdür. 

  Təriqətdə riya yoxdur. Əgər sufi Mərifət meydanına atıla bilmirsə, deməli bu, onun məmuriyyətinin davamıdır. 
Fəqət təriqət əhli bir şeyi bilməlidir ki, mürşidin nəfəsi tək¬yədə qalmır və gedilən Dünya qayıdılan Dünya deyil. Əhli-şəriət aşiqlərə xor baxdığı kimi, təriqətdəki aşiqlər də bəzən mərifət əhlinin Dünya üzərindəki arifanə savaşını qəbul etmək istəmir. Bu, yanlışdır. Unutmaq olmaz ki, mürşidə bağlı könüllərdə qopan qiyamət kiçik qiyamətdir. 
 Dünyada qoparılan qiyamət isə, orta qiyamətdir ki, bunu əhli-mərifət gerçəkləşdirir. Fəqət bunlar Həqiqətin təcəlla və zər¬rələri olsa da Zati-Mütləqin böyük qiyaməti deyil. Həqiqətin qiyamı bütün Dünyanı özünə çəkəcək! 

 Əgər təriqət əhli qiyam qaldırıb özünü dara çəkdirirdisə, Mərifətin qiyamçılarını – Mənsuru, Nəsimini şəriət və xalq dara çəkirdisə, Həqiqətin zühuru bütün kainatın qiyamı olacaq.