Biz imzaları yox, əsərləri dərc edirik...

Yazı günüm – Dilqəm Əhməd
1101
26 Aprel 2018, 11:26
  Artkaspi.az "Mənim bir yazı günüm” layihəyəsini təqdim edir: 

  Bu layihə çərçivəsində tanınmış ədəbi simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız araşdırmaçı-yazar Dilqəm Əhməddir.   
 
 
 
 

 
  Artıq üç ildir ki, yeni material tapdıqdan sonra yazı prosesinə başlaya bilirəm. Əvvəllər bir köşə yazısı yazmaq istəyərkən Feysbukda 15 dəqiqə vaxt keçirmək bəs edirdi, çünki bütün mövzular oradadır. Amma yaşım çox olmasa da, artıq ömrün olduqca qısa olduğunun fərqinə varmışam. Ona görə də gündəm mövzularından maksimum dərəcədə qaçıram. Oxuculara 50 il sonra da seviləcək yazılar, araşdırmalar təqdim etməyi qarşıma məqsəd qoymuşam. Düşünürəm ki, buna müəyyən qədər nail olmuşam. 

  Təsadüfi deyil ki, son iki kitabım da elə bu qərarımdan sonra ortaya çıxıb, uğur qazanmasının əsas sirri də bundadır. 
  Hazırda bir neçə jurnal və saytla əməkdaşlıq etdiyim üçün həmin nəşrlərin izləyicilərini nəyləsə təəccübləndirmək mənim üçün vacibdir. Bu baxımdan yazı prosesinə başlamadan öncə axtarışa çıxıram. Bəzən kolleksiyamda özümün də unutduğum bir materiala rast gəlir, unikal kitabların, jurnalların olduğu kitabxanamdakı materialları qarışdırır və mütləq ki nəsə tapıram. Məsələn, elə dünən axşam arxivimdəki jurnal kolleksiyalarımın birindən Azərbaycan Cümhuriyyətinin ikinci baş naziri Nəsib bəy Yusifbəylinin oğlu Niyazi bəyin 27 aprel işğal günü ilə bağlı bir xatirə məqaləsini tapdım. Bu xatirəni nə Google axtarış sistemində, nə də ki Axundov kitabxanasından tapa bilərsiniz. 

 
 

  Mövzunu tapdıqdan sonra təbii ki, yazı masası arxasına keçirəm. Mənim üçün yazının xüsusi saatı yoxdur. Yorğun olmadığım hər saatda yaza bilirəm. Bu, gecə saat 2-də də ola bilər, səhər saat 9-da da.  Noutbukda yazmaq mənə daha rahatdır. Çünki bütün arxivim oradadır. Yazıya başlamadan öncə bütün qaynaqları masanın üzərinə qoyuram. Bəzən masanın üzərində 20-dən çox kitab olur. Qəhvəni çox sevmədiyim üçün yazı prosesində içmirəm, amma çayın olması mütləqdir. Hətta tez-tez  mətbəxə getməmək üçün son zamanlar balaca bir termos da yazı masamı bəzəyir. 
  Yazı prosesində məni ən çox yoran davamlı qaynaqları oxumaq, istinadları dəqiq şəkildə məqaləyə yerləşdirməkdir. Texniki məsələlər də çox yorur. Kitabxanalardan məqalə üçün çəkdiyim qəzet, kitab səhifələrini bilgisayarda müvafiq qovluqlarda arxivləşdirir, onları "pdf” sənəd şəklinə salıram. Eləcə də, lazımi fotoları, sənədləri skanerdə elektronlaşdırmaq, kiril əlifbasında olan materialları müvafiq proqramlar vasitəsilə latın qrafikasına keçirmək kimi yorucu işləri təbii olaraq özüm edirəm, bu isə kifayət qədər vaxtın və enerjinin getməsidir. Amma nəticədə ortaya gözəl bir məqalə çıxır. 
 
 
 

  Bu dediklərim mənim araşdırma yazılarımla bağlıdır. 
  Ədəbiyyata gəldikdə isə mənim cəmi bir şeir kitabım var. Yəqin ki, "Muza” mənim ilk və son şeir kitabımdır. Düşünürəm ki, yüzə yaxın şeiri bir kitaba qoymaqdansa, 10-a yaxın şeiri bir kitaba əlavə etmək daha yaxşıdır. Çünki onsuz da hər şeir kitabında ümumi hesabla 10-a yaxın yaxşı şeir olur. Mən də 2014-cü ildə bəyənilən, paylaşılan 10-15 şeirimi kitaba salmışdım. Həmin şeirlərin bəzilərini bloknot vərəqində, bəzilərini telefonda yazmışam. Sonradan bilgisayar arxasında düzəlişlər etmişəm.
 
 
 
 
  "İmtina” romanını yazarkən Məryəm Ana kilsəsinə çox gedərdim. Çünki romanda bəzi məsələlər bu kilsə ilə bağlı idi. Həm də romanda hadisələr Bakıda baş verdiyi üçün mən bu şəhərə kənardan baxmalı, hadisələri onun ruhuna yad olan bir məkandan təsvir etməliydim. Bu baxımdan Məryəm Ana kilsəsi uğurlu seçim oldu. Kitabın üz qabığına da elə o kilsənin şəklini verdim. Romanda müəyyən hissəni də elə kilsənin içində yazdım.