Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim həqiqətən on üç yaşım var...Səbinə Məmmədova ilə müsahibə
1643
22 İyun 2017, 14:49

 Astana şəhərində "Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı keçirilib. Festivalda Azərbaycan Gənc Tamaşaçılar teatrı Lars Nurenin "Mən gəldim qızlar” ("Müharibə”) tamaşasını nümayiş etdirib. artkaspi.az-ın bu günkü müsahibi həmin tamaşanın gənc ifaçılarından biri Səbinə Məmmədovadır.

 


 

  – Səbinə, əvvəla uğurlu çıxışınız münasibətilə, sizi də kollektivinizi də təbrik edirik. Bu sizin Astanaya ilk səfəriniz idi?

  – Təşəkkür edirəm. Bəli, bu Astanaya ilk səfəriniz idi. Amma "Müharibə” tamaşası ilə ikinci qastrolumuz sayılır, keçən il Orenburqda çıxışımız olmuşdu.

 

  – Astanada sizdən başqa hansı ölkə nümayəndələri çıxış edirdi?

  – Hər il ənənəvi olaraq təşkil olunan festivalda Azərbaycan, Qazaxıstan, Rusiya və Qırğızıstanı təmsil edən 10 teatr iştirak edirdi.

 

  – Bu dəfəki qastrolda hansı tamaşaları görmə fürsətiniz oldu və necə təsir bağışladı?

  – Bizim gördüyümüz iki tamaşa oldu. Birincisi, Astana Gənclər Teatrının oynadığı Şekspirin "Şıltaq qızın yumşalması” idi. Məlum məsələdir ki, Şekspirə müraciət etmək özü çətin bir işdir, burada da hər hərəkətdə rəngarənglik, xoreoqrafiya vardı. İkinci tamaşa isə Rus Dram Teatrının səhnələşdirdiyi "Manqurt” tamaşası oldu. O da çox maraqla qarşılanan bir tamaşa idi.

 


 

  – Bəs "Müharibə” tamaşası seyrçilər tərəfindən necə qarşılandı?

  – Mən özüm kənardan bir seyrçi kimi deyə bilərəm ki, orda izlədiyim tamaşalar başqa, bizim tamaşamız tamam başqa idi. Öz tamaşamız olduğu üçün demirəm, ancaq burda rəqs yox idi, xoreoqrafiya, musiqi yox idi ki, baş aldadılsın. Öz növbəm çatana qədər kulisin arxasından baxırdım, tamamilə başqa hisslər yaşayırsan. Hətta, Bəhram müəllimdən soruşdum ki, necə oldu məhz bu cür hazırladınız tamaşanı? O ki qaldı qarşılanmağa çox gözəl qarşılandı, ayaq üstə alqışlandı. Digər tamaşalara gedərkən, yaxud restoranda olarkən bir də görürdün, gəlib təbrik edirdilər. Tamaşamızı tənqidçilər də müzakirə etmişdilər. Onlar elə bilmişdilər ki, mənim həqiqətən on üç yaşım var.

 

  – Xarici səhnələrdə yəqin ki, həyəcan daha çox olur. Siz necə, hansı hissləri keçirdiniz Astana səhnəsində?

  – Eşitdiyimə görə tamaşadam sonra deyiblər ki, hər şey yüksək səviyyədə keçib. Mənə gəldikdə isə özümü o ailənin (tamaşadakı) bir üzvi kimi hiss edirdim. Dördüncü divar anlayışı var və mən məhz o divarı qurmuşdum heç bir seyrçi görmürdüm, sadəcə hadisələri yaşayırdım. Həyəcan təbii ki, oldu, ancaq az. Düzünə qalsa Gənc Tamaşaçılar Teatrında həyəcan bundan iki qat çox olurdu.

 


 

  – Yaratdığınız Semira obrazı haqqında nə deyərdiniz?

  – Bütün obrazlarım kimi bu obraz da çətin, məsuliyyətli işin, zəhmətin sayəsində yaranıb. Bilirsiniz ki, bu obrazı məndən öncə başqa aktrisamız (Roza İbadova) ifa edib. Hərə rolunu bir cür yaradır, hətta, deyirlər dublyorlar bənzəyə bilər, ancaq onlar da fərqli yaradır. Bu rol mənə təsadüfən verilib, lakin obrazım üzərində çox çalışmışam, onun hər sətri, cümləsini diqqətlə öyrənib təhlil etmişəm. Burada obrazıma tamam başqa yeriş, fərqli oyun tərzi seçdim. Semiranın daxili sarsıntılarına, yaşantılarına uyğun bir tipaj yaratmağa çalışdım və zənnimcə uğurla da alındı (gülür).

 

  – Bu səfərdən özünüz üçün nələri öyrəndiz, nələri kəşf etdiniz?

  – Mən hər dəfə nələrisə öyrənirəm. Deyirlər gənclər daima öyrənməlidir, tamamilə razıyam. Baxdığım tamaşalardan özümçün nələrisə öyrənirəm – aktyor obrazı, rəqsi, xoreoqrafiyası. Daha maraqlısı o idi ki, ilk dəfəydi heyətimiz tamaşaya bir otaqda hazırlaşırdı və mən aktyorlarımızın (Qurban İsmayılov, Rasim Cəfər, Kəmalə Hüseynova) tamaşa öncəsi hazırlanma proseslərinin canlı şahidi olurdum. Böyüklərimizin səfər zamanı münasibətlərini gördüm, işdə başqadılar, yolda tamam başqa – qayğıkeş, mehriban, diqqətcil, bir sözlə isti ailə kimi idik.

 


 

  – Qaldığınız bu bir neçə gündə haraları gəzmək şansınız oldu?

  – Bacardığımız qədər teatrlara getmək, tamaşa izləməyə çalışdıq. Daha sonra orda piramida var – "Dostluq və mərhəmət” adlanır, ora çıxdıq. Bir sıra xalqların milli geyimləri, adət-ənənələri ilə tanış olduq. Mənə ən xoş gələn isə qafqaz xalqları içərisində bizim də milli geyimlərimizin yer aldığı guşə oldu. Ardınca böyük və çox gözəl bir məscidə getdik, ziyarətimizi etdik. Təəssüf ki, digər yerləri gəzməyimiz üçün üç gün çox az vaxt idi.

 

  – Qarşıda Səbinəsevərləri hansı yeniliklər gözləyir?

  – Teatrda "Çippolino”ya hazırlıqlar gedir. Rejissorumuz Yelena xanım Rusiyadan gəlmişdi, hazırda burda yoxdu, çox da istedadlı rejissordu. Yəqin ki, premyerada Xəyalə Meydanova oynayacaq, ancaq növbəti dəfələrdən balaca seyçilərimiz məni Çippolino kimi görəcəklər. Kinoya gəlincə, bilirsiniz ki, "Məryəm” serialı qurtarır, yeni bir seriala təklif almışam, sadəcə biraz tərəddüd edirəm, çünki burada stil dəyişikliyi, saç kəsimi, rənglənmə olmalıdır. Əslində mən də istəmirəm ki, seyrçilər məni yenə Nuray kimi görsünlər, həm də teatrda bir sıra obrazlarıma elə dəyişiklik uyğun olmaya bilər. Daha sonra bu yaxınlarda "Pərdə 2” fikminin çəkilişləri bitti. Və əlavə olaraq bir bədii filmə də təklif almışam, görək nə olacaq, inşaallah.

 


 

  – Səbinə sənə təşəkkür edir və gələcək işlərində uğurlar arzulayırıq.

  – Çox sag olun. Təşəkkür edirəm.


  Nigar Pirimova

  Teatrşünas