Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim bir yazı günüm
1376
10 İyul 2017, 11:21

    artkaspi.az "Mənim bir yazı günüm” adlı yeni layihəyə start verib. Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edəcəklər. Layihənin növbəti qonağı Fəridə Məmmədovadır.

 


  Özümü anlamağa başlayandan kitablar mənə qeyri-adi, cazibəli, sirli-sehrli qutular kimi görünüb.

  Əgər şəhərdən xeyli uzaq əyalət mühitində dünyaya göz açmısınızsa və ananız da kitabxanaçı işləyirsə, dünyaya açılan pəncərələriniz, sizdən zaman və məkan olaraq çox-çox uzaqlardakı insanlara, həyatlara, hadisələrə, dünənə, sabaha, bir sözlə bu gündən hər yerə və hamıya əlinizin yetişəcəyi bir vasitə, bir körpü olur bu qara, qəhvəyi, boz üzlü, köhnə, təzə cildli qəribə qutular.

 

 


  Səssiz, ya da öz səsiylə, öz axarıyla ötüb-keçən kənd həyatından, hərdən bomboz, hərdən yamyaşıl təbiətdən, bir-birinə qarışan it hürüşmələri, qoyun-quzu-insan səslərindən, havadakı çörək qoxusundan, axşam toranlığında hüznlə uzanıb gedən yollardan uzaqlarda, görmədiyin, bilmədiyin, tanımadığın yerlərdəki həyatlar, adamlar, yaşamlar, ölümlər, təbiət ... Maraqlıdır.

  Yazmaq mənim üçün ilk öncə beyin gimnastikasıdır. Gündəlik qayğıların, məişət qayğılarının, yaşadığımız cəmiyyətin ictimai-sosial hadisələrinin, şəxsi məsələlərin arasından oğurlanıb özün üçün ayıra bildiyin dəqiqələr, saatlar, günlər, vərəqlər.

  "İndi”dən sabaha və sabahdakılara göndərmək istədiyin bir mesaj.

  Adətən, hansı günün "bir yazı günü”m olacağını əvvəldən nə hesablaya, nə planlaya bilirəm. Elə olur ki, bütün gün nəsə yazmaq istəsəm də bircə cümlə belə yazmaq alınmır. Ya gündəlik qayğılardan, işlərdən fürsət tapmaya bilirsən, ya həmin gün sadəcə tənbəllik etməli olursan, ya da nə yazacağını kəsdirə bilmirsən. Yazmaq istədiyim hansısa mətn məni o qədər narahat etməlidir ki, günlərlə o qədər beynimdə vurnuxmalı, məni də nəsə axtarmağa, araşdırmağa məcbur etməlidir ki, ən sonda öz-özümə "hə, hazırdır” deyə bilim. Əgər beyndə hər şey hazıdırsa, o mətn artıq yazılıb bitib deməkdir mənim üçün. Qalır sadəcə hərfləri, cümlələriy azmaq.

  Gün ərzində yaşadığım, şahidi olduğum, müşahidə etdiyim hadisələrə, ünsiyyətdə olduğum (yaxud müşahidə etdiyim, və ya sırf təsadüfən şahid olduğum) insanlara mətn gözüylə baxmamağa çalışıram. Ola bilər elə bir maraqlı, ağrılı, təəccüblü hətta ağlasığmaz olay baş versin, amma yenə də soyuqqanlılığımı qorumağa və o hadisədən, olaydan, insandan sadəcə ötüb keçməyə çalışıram. Fikrimcə yazıçı olmaq istəyən hər kəs maraqlı bir mətn yaratmaq üçün ilk öncə harda susmalı, harda görmürmüş kimi davranmalı olduğunu yaxşı öyrənməlidir.

  Mənim yazılarımın hadisələri insanlara nəyisə göstərsin, danışsın istəmirəm, istəyirəm ki, sadəcə düşündürməsin, həm də hiss etdirsin. Məsələn. küçədə gecələyən evsiz, ac və üşüyən bir adamdan danışmaq mənim üçün heç vaxt maraqlı deyil. Çünki istədiyim oxucuya evsizliyin, aclığın necə olduğunu hiss etdirməkdir. Oxucu mətndə görməkdən çox duymalıdır hər şeyi, bütün hüceyrələrinə qədər, yazdığın sətirləri oxuyanda o evsiz kimi üşüməli, incinməli, yaşamalıdır.

Nəsə yazmaq bəlkə də ən asan, ən məsuliyyətsiz, hətta ən əyləncəli prosesdir. Amma nə yazdığını dərk edə bilirsənsə, öz yazına oxucu gözü (və zövqü) ilə baxa bilirsənsə proses bir az çətin və məsuliyyətli olmağa başlayır. Bir mətn yazmağa ondan əvvəl yazdığımı silməklə başlayıram, adətən. Çox vaxt da yazıb bitirən kimi silirəm o mətni. Hərdən də bitməmiş, bəzən də heç başlamamış elə beynimdəcə silib atmalı oluram.

  Çünki elə şeylər var ki, adamı ağrıdan, düşüncələrini, ruhunu, varlığını sarsıdan elə həyati, elə real şeylər var ki, hərdən onlar haqda düşünəndə yazmaq gözümdə cılızlaşır, vaxtını yazmağa ayırıb guya öz aləmində ciddi bir işlə məşğul olduğunu düşünən hər kəs (özüm də ordayamsa elə özüm də) gözümdə aciz, bəzən yazıq, bəzən gülünc görkəm alır. Düşünün, dünyanın harasındasa elə bu dəqiqə siz bir fincan isti çayınızı süzüb (çox vaxt da içilmədən unudulub soyuyan o kim bilir neçənci çay fincanı) ciddi, fikirli bir görkəmlə komputerin, vərəqlərin arxasına keçdiyiniz vaxt günahsız bir körpə aclıqdan, susuzluqdan, bir güllədən, soyuqdan, qayğısızlıqdan əziyyət çəkir, hardasa kimsə sürət həddini keçdiyi üçün yolda bir it balasını vurub öldürür, elə bu dəmdə bir-iki yüz kilometr uzaqda iki yaşlı körpə erməni gülləsinə qurban gedir... Bütün bu qaçhaqaçın, səs-küyün, həyat-ölüm savaşlarının arasında bir fincan isti çay süzüb dolu baxışlarla vərəqə, komputerə köklənib guya nəsə yazmağa, nəsə etməyə çalışmaq... Soyuducudan bir tikə ət, bir dilim çörək, bir qaşıq yemək tapıb küçəyə çıxıb bir itə, pişiyə yemək vermək, quşlara bir ovuc tum atmaq, yolu keçmək istəyən əli körpəli bir qadına kömək etmək daha gözəldir kimi hiss edirəm...

Sonra bir baxırsan bir şeir, bir mətn, yenə bir başlanğıc... və "bir yazı günüm” öz-özünə başlayır və bitir Deyəsən, insan olmaq belə ziddiyyətli bir durumdur.

  Bir də o cazibəli qutuların sayı artmalıdır axı. Burdan zaman və məkan olaraq çox uzaqlardakı insanlar, həyatlar, olumlar və ölümlər üçün... Bircə insan da varsa, onun üçün belə dəyər yazmağa hər halda. Neyləyək ki, hər şeydən öncə (və sonra da) insanıq... Yazılanlarsa həmişə var və olacaqlar – bizdən əvvəl də, sonra da.


Xəbər lenti