Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim bir yazı günüm – Elçin Aslangil
1146
23 Fevral 2018, 11:19
 Artkaspi.az "Mənim bir yazı günüm” layihəyəsini təqdim edir:
 Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız şair, nasir və aktyor Elçin Aslangildir. 
 
 

 
  Elçinin 1-i

 Mən yazıram:
 Yalnız H.Hessenin yalquzaq dəlilərinə xas olan mənim dərketməm, inkar etmək gücünün və onun beynimdə yaratdığı inqilabın nəticəsidir. İnkar, dərketmənin özülüdür, müdhiş yoldur. İnkar edənə İblis damğası vurulur. Get-gedə yaman vuruluram İblisə və inkarlara...
 Və, əsl işgəncə! 
 Bəlkə də, burnumu Tanrının işlərinə çox soxduğum üçün, uca Tanrım məni həyat yoldaşım vasitəsi ilə cəzalandırmağa çalışır:
 – Evdə quru çay qurtarıb, uşağı arada bayıra çıxardıb gəzdirsən yaxşı olar. Uşağın başını qatan olsaydı, mən də işlərimi rahatca görüb qurtarardım. Sənin kitab rəfin də tozlanıb, silib, təmizləmək lazımdır.
 – Tüpürüm kitab rəfimə!
 
 Tanrı da bilir ki, Elçin yazacaq, yazmalıdır da:

 Hərdən İblisin "yaradılışının" səbəbini Tanrının özü üzərində apardığı qəddarcasına təcrübəsi kimi düşünürəm. Elə "yaradılış" da, öz başlanğıcını bu təcrübədən götürür. Məncə, Tanrı, özünü dərk etmək üçün İblisi yaratdı. Çünki o özünü inkar edəndə İblisə, İblisi inkar edəndə isə özünə qayıdır və həzz alır bu müqəddəs çevrilmədən.

 – Görəsən, bacım özünə paltar almağa getdi?
 – Getməyibsə də, cəhənnəmə getsin.
 
 "Elçin, İblislik etmə! Elçin, İblislik Etmə!” 
 Bağışla Tanrım, yazmalıyam:

 Məncə, İblisin çox kamil bir təbiəti var – sadiqlik adında. İnsana təzim etməməsi də bu üzdən – Tanrıya sadiqliyindən irəli gəlirdi. Tanrı bunu qəbul edə bilmədi. Əslində, İblisin bu hərəkəti Tanrının özünü tam şəkildə anlaya bilməməsi demək deyildimi? Çünki o da, ta əzəldən İblisi yaratmaqla "şəxsiyyətin parçalanması" adlanan xəstəliyə düçar olmuşdu.
 
 – İndi yaxşı toy ola, təzə aldığım paltarı geyinib gedəm toya. Səyidə məni o paltarda görsə dəli olar eee. 
 – Səyidə ölər, yasına geyinib gedərsən.
 
 Mən haranın daşını töküm təpəmə? Göylərin daşını tökürəm, belə olur. Yerin daşını tökürəm belə...
 
 Faust hayqıranda ki, "Mənim köksümdə iki qəlb var” – elə bunu demirdimi? Karl Marksın "Öz əvvəlki mövcudluq formasını inkar etməyən inkişaf baş verə bilməz”i. Məhz bu inkişaf üçün Tanrı da özünü inkar – İblis etməyə məcbur olur. Hegelin fəlsəfəsindəki mütləq ideyanın özgələşərək təbiətə çevrilməsi və yenidən insan şüurunda özünə qayıtması kimi. 


 – Görürsən, yazıçılara ev verdilər. Bəs sənə niyə vermirlər? Yəqin onlar televizora çıxırlar ona görə. Ya da, səndən yaxşı yazırlar. Sənsə ancaq yazırsan. Adam da hər gün yazar? Yazdıqlarını niyə ora-bura göndərmirsən? Atam deyir ki, böyük yazıçılar haqda yazmaq lazımdır. Belə etsən onlar da sənin haqqında gözəl fikirlər səsləndirərlər. Sən də məşhurlaşarsan. Böyük adamlar haqda yazmaq lazımdır. Bax bu əlimdəki süpürgəni görürsən?
 – Hə görürəm.
 – Bu süpürgəni əlinə alıb, başının içində nə varsa hamısını süpürüb atmalısan zibil qabına. Özünə doğru düzgün bir iş tapmalısan. Başa düşdün? Cavab ver də. Gözünü kitabdan çək, gözlərimin içinə baxıb de ki, mən səni başa düşdüm.
 –Əl çək! Sən Şamaeli tanıyırsan? Əlbəttə ki, tanımırsan. Tanısaydın, belə eləməzdin!
 
 "Elçin İblislik etmə! Elçin İblislik etmə!” 
 Bağışla Tanrım, mən İblisəm! (gülürəm) Mən natamam məxluq deyiləm, ardını yazmalıyam:
 
 Bütün kosmos vahid harmonik sistemdir. Tanrının 99 sifətindən şövqlə danışıldığı halda İblisin sifətlərindən danışılmır. Və mütləq İblisində 99 sifəti olmalıdır ki, Tanrı deyilən xeyrin dərki üçün, İblis deyilən şərin anlaşılması mümkün olsun. Hər şeyin öz ziddi vasitəsilə tanınmasını nəzərə alsaq, Tanrının tanınmasında İblisin böyük rolu var. Yəni dərketmə yolunun təməli İblislə, inkarla başlayır.
 
 

 
 
 Elçinin 2-si
 
 – Siz, məhkəməyə müraciət edərək boşanmaq istədiyinizi bildirmisiniz. Bir övladınız var.
 Qərarınız qətidir? 
 – Bəli, qərarım qətidir. 
 – Vətəndaş, nə səbəbə və nə vaxt belə bir qərara gəldiniz?
 – Yoldaş hakim, siz Şamaeli tanıyırsınız?
 – Kim? Şəmayil?
 – Ş.A.M.A.E.L.
 – O kimdir, vətəndaş?
 
 Arvad ağzımı açmağa macal verər? Verməz! Gör nə deyir eee:
 – Cənab hakim, yoldaşım boşanmağımıza səbəb olan gədəni deyir.
 
 Hakim yerində qımışır. Təəccüb, maraq – hakim səsinin yoğun yerinə salıb soruşur:
 – O kimdir, ay kişi?
 – Şeytan. Qədim əfsanələrdəki Şeytan.
 – Hmm. Mən sizə övladınıza görə bir ay vaxt verirəm, yaxşıca düşünün. Hər-hansısa problem yaşanmasın deyə, xanımınız bu vaxt ərzində atası evində qalacaq. 
 


 
 Elçinin 3-ü
 
 İblis bütün həqiqət axtaranların ilk müəllimi, Tanrınınsa özünü anlamasına yardım edən ən fenomen yaradılış oldu. Çünki qaranlıq işığın olmadığı yer olduğu üçün işıq – Tanrı, qaranlığı İblis vasitəsi ilə kəşf etdi. Bütün bunları bilən və yaşayan M.Həllac dahiyanə əsəri olan "Təvasin"də  İblisin adından deyirdi: "Mənim (İblisin) və Allahın ən böyük ortaq cəhəti, hər ikimizin zikr olunmasıdır". Bax budur təsəvvüfün görünməyən gizli tərəfi. Və ya Şamanizmin "Qara inam" adlanmasının səbəbi.  
 Sərsəmləməyimi böyük Nəsiminin məşhur bir beyti ilə tamamlayıram:

 Bəhri-fənada fani ol, gör ki, nə xoş həyat olur,
 Abi-həyat imiş fəna, gərçi adı məmat olur.

 – Evdə quru çayımız var? – Mən soruşuram.  
 – Hə var, narahat olma. 
 – Elə bil bayaq uşaq ağlayırdı.
 – Yox, narahat olma. 

 Əziz və hörmətlilər, mən yazanda belə yazıram, belə olur. Bir də onu deyim ki, hələ bunun 7-si, adınaları, 40-ı var. Yəni, ardı var...