Biz imzaları yox, əsərləri dərc edirik...

Mənim aldanışım əzabımın əbədiliyindədir – Əhməd Şamlunun şeirləri
798
21 Sentyabr 2018, 08:26
 Artkaspi.az Məsiağa Məhəmmədinin tərcüməsində İran şairi Əhməd Şamlunun şeirlərini təqdim edir:
 
 Əhməd Şamlu XX əsr İran şeirinin ən görkəmli nümayəndələrindən biridir. 1925-ci ildə Tehranda doğulub. Çox gənc yaşlarında (1942-1945) siyasi fəaliyyətinə görə həbsxanada yatıb. 1947-ci ildə ilk kitabı ("Unudulmuş melodiyalar”) nəşr olunub. Müxtəlif mətbuat orqanlarında çalışıb, elmi araşdırmalar aparıb, geniş tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Yaradıcılığına Lorka, Elüar və Mayakovski böyük təsir göstərib. 1958-ci ildə çıxmış "Təzə hava” adlı şeirlər toplusu ilə məşhurlaşıb. Nima Yuşicin yolunu başqa bir yöndə davam etdirən Şamlu fars poeziyasında sərbəst şeirin ən önəmli nümayəndəsi sayılır. Azərbaycanda həyat və yaradıcılığı barədə bir çox məqalələr, eləcə də namizədlik dissertasiyası yazılıb. 1976-cı ildə İranı tərk edərək, ABŞ və İngiltərədə yaşayıb, üç il sonra ölkəsinə qayıdıb. 2000-ci ildə uzun xəstəlikdən sonra dünyasını dəyişib.      
 
 
 
 Tənha
 
 İndi məni qurbangaha aparırlar
 Eşidin, ey yığışıb tamaşaya duranlar,
 və səfehlikləri sayca mənim etmədiyim günahlardan çoxlar:
 
 – Mən heç vaxt sizlərdən olmamışam!
 
 Sizin cənnətiniz məni ağuşuna almaq arzusuyla
 intizar cəhənnəminin odunda
 yanıb külə dönəcək;
 və mən sizin qorxduğunuz cəhənnəmə
 elə bir od aparacağam ki,
 onun hərarətindən
 yazıq cəhənnəmdəkilər
 onları dövrələyən atəşi
 sərin şərbət kimi başlarına çəkəcəklər.
 
 Çünki mən sizdəki hər şeyə,
 sizə bağlılığı olan hər bir şeyə nifrət edirəm:
 övladlarıma
 və atama
 sizin qoxumuş qucağınıza
 və çox vaxt əlimi hiyləgərliklə sıxan əllərinizə
 
 qəzəb və mehribanlığınıza
 və özümə –
 istər-istəməz, zahirən sizə oxşadığıma görə…
 
 Mən uzaqlıqdan və yaxınlıqdan qaçmaqdayam.
 Sizin allahlarınız zalım Sizifi bağışlayacaqlar.
 Mən nakam Prometeyəm
 ki, yorğun ciyərimdən
 bədbəxt qarğalara bir süfrə açmışam.
 

 
 Mənim aldanışım əzabımın əbədiliyindədir
 ki, sizin hər salam-kalamınızdan
 ciyərimdə bir quzğun dimdiyi duymalıyam.
 
 Ciyərimə batan bir xəncərin ucu,
 sizin dodaqlarınızın öpüşündən daha xoş idi,
 çünki sizin dodaqlarınızdan yalandan başqa bir söz eşitmədim.
 
 Və gözümə batan bir tikan, sizin alıcı baxışınızdan daha rahat,
 çünki sizin mənə baxışınızda heç vaxt bir ağanın qula baxışından başqa
 bir şey olmayıb…
 
 Sizin kişilərdən qatilləri,
 sizin qadınlardan fahişələri daha çox istəyirəm.
 
 Mən öz cənnətinin qapılarını sizin üzünüzə açacaq Allahınızın
 əbədi lənətinə sevinərəm.
 Elə bir behiştdə möminlərlə oturmaq və əl dəyməmiş qızlarla yatmaq
 qoy sizə qismət olsun!
 Mən nakam Prometeyəm
 ki, yorğun ciyərimdən
 bədbəxt qarğalara əbədi bir süfrə açmışam.
 
 Eşidin, ey yığışıb bu yad qurbanlığın
 tamaşasına duranlar:
 Mən heç vaxt sizlərdən olmamışam!
 
 
 Bu dalanda
 
 Ağzını iyləyirlər
 məbada "sevirəm” deyəsən.
 ürəyini iyləyirlər
 
 Qəribə dövrandır, sevgilim,
 sevgiyə şlaqbaumun yanında
 şallaq vururlar.
 
 Sevgini evin anbarında gizlətmək gərək.
 
 Soyuğun bu əyri-üyrü dalanında
 odu
 nəğmə və şeirin yanacağı ilə
 alışdırırlar.
 Düşünüb də risk eləmə.
 
 Qəribə dövrandır, sevgilim,
 axşam-axşam qapını döyən kəs,
 çırağı söndürməyə gəlib.
 
 İşığı evin anbarında gizlətmək gərək.
 

 
 Odur, qəssablar
 keçidlərdə dayanıblar
 qanlı dəhrə-bıçaqlarıyla
 
 Qəribə dövrandır, sevgilim,
 təbəssümü dodaqlardan kəsib götürürlər,
 nəğməni ağızdan.
 
 Şövqü evin anbarında gizlətmək gərək.
 
 Süsən-yasəmən közündə
 sarıbülbül kababı
 
 Qəribə dövrandır, sevgilim,
 qələbədən sərxoş İblis
 matəm süfrəmizin başında oturub.
 
 Allahı evin anbarında gizlətmək gərək.