Biz imzaları yox, əsərləri dərc edirik...

Məni yaradan kitablar – Lilli Allen
2470
14 Avqust 2019, 11:03
  Enit Blayton, Russel Brand haqqında maraqla qarşılanan memuarların müəllifi, britaniyalı gənc yazar və təcrübəli oxucu Lilli Allen Corc Oruelin "1984” romanını ictimai nüfuzlu təbəqə tərəfindən şişirdilmiş hesab edir. 1985-ci ildə musiqi və ədəbiyyat vurğunu Keyt və Alison Allenlərin ailəsində dünyaya göz açmış Lilli bunu həyatın ona təqdim etdiyi ən böyük imkan, imtiyaz kimi görür. Həm ədəbiyyat, həm də musiqi ilə məşğul olan Lilli Allen bu dəfə "Guardian”-ın "Məni yaradan kitablar” rubrikasının qonağıdır.

  Hazırda oxuduğum kitab – Selli Runinin "Dostlarla söhbət” ("Conversations with friends”) romanı. Hələ ki bitirməmişəm, çünki bitməsini istəmədiyim romanlardandır. Onun qısa cümlələri, təəccübləndirici ideyaları, özünə aid monoloqları, yazıçı kimi bütövlükdə dəst-xətti mənə zövqlü mütaliə saatları yaşadır. Bu müəllifin yaradıcılığı ilə ilk tanışlığımdır. Artıq onun bütün bədii irsi ilə tanış olmağı hədəfləmişəm. 
  Həyatımı dəyişən kitab – Enit Blaytonun "Ovsunlu qoca ağac” ("The magic faraway tree”) romanı. Onun daxili dünyasına hökm edən uşaq qələmə aldığı hər şeydə əks olunur. Azyaşlı qəhrəmanların dili ilə deyilən ifadələr mənə də uşaqlıq təxəyyülümü, dinlədiyim nağılları yenidən xatırladır. 
  Həddindən artıq şişirdilmiş kitab – Corc Oruelin "1984” romanı. Mütaliə tövsiyəsi verən bütün tanınmış insanlar, sanki bu romanın adını çəkməyə özlərini məcbur hiss edirlər. Lakin mən çağdaş dövrün oxucusu üçün bu romanı "mütləq mütaliə olunmalılar” siyahısında görmürəm. Məsələn, siyahılarda onun yerini "Qulluqçu qızın nağılı” ("The handmaid’s tale”) romanı müvəffəqiyyətlə tuta bilər. 
  Müəllifi olmaq istədiyim kitab - Məncə, bunun səbəblərini qeyd etməyə dəyməz. "Harry Potter”in bütün hissələri. 
  Oxumadığım üçün utandığım kitab – Qreqori Devid Robertsin "Şantaram” romanı. Mütaliə zövqünə bələd olduğum və həsəd apardığım hamı onun çox möhtəşəm roman olduğunu deyir. Mənsə hələ də roman haqqında danışılanlara qulaq asıram. Sadəcə tənbəllik! Başqa səbəb yoxdur. Yəqin ki, 1000 səhifə olması gözümü qorxudur.
  Mənə ən çox təsir edən kitab – Nora Efronun möhtəşəm əl işi, şah əsəri  – "Udquna bilmirəm: və qadın olmaq haqqında digər fikirlər” ("I feel bad on my neck: and other thoughts on being a woman”) romanı. Bu əsər məni nəinki özüm haqqında suallarıma cavab axtarışına çıxardı, həmçinin məni kitab yazmağa sövq etdi. Bu romandan necə qadın olduğumu, dünyanın məni necə formalaşdırdığını, dünyanın mənə və özümün öz dünyama nə kimi qadağalar qoyduğumu dərk etdim. 
  Sonuncu dəfə məni ağladan kitab – kitab oxuyanda ağlamıram, heç vaxt belə bir hadisə baş verməyib. Məncə, bu kitablardan çox, mənim özümlə bağlı məsələdir. 
  Sonuncu dəfə məni güldürən kitab – Russel Branddan "Təlimçilər” ("Mentors”) romanı. Onun bir ədib kimi qüdrəti dahiyanə satiranın öhdəsindən uğurlu gəlməsindədir. Romanda elə yumoristik səhnələr var ki, onları sanki oxumursunuz, Russel özü yanınızda danışır.
  Tamamlaya bilmədiyim kitab – Hilari Klintonun "Nə baş verdi?” ("What happened?”) romanı. Heç bir vəchlə kitabdakı hadisələrə daxil ola bilmədim. Baxmayaraq ki, seçki ərəfəsində nələr baş verdiyi mənə çox maraqlı idi. Baş verənlər haqqında ayrı-ayrı məqalələr oxuyurdum, lakin bunları bir kitabla əvəzləmək istədim. Sonra isə siyasi hadisələri elə məqalələr şəklində oxumağın daha məntiqli olduğu qənaətinə gəldim. 
  Ən çox hədiyyə etdiyim kitab – Lilli Allenin "Düşüncələrim” ("My thoughts exactly”) romanı. 
  İlk mütaliə xatirələrim – İkinci Dünya müharibəsi iştirakçısı olmuş uşaqlar haqqında yazılan kitabları oxumağı çox sevirdim. Xüsusilə, simvolik kənd həyatı səhnələri bu romanlarda ən bəyəndiyim təsvirlər idi. Nina Baudenin "Karinin müharibəsi” ("Carrie’s War”), Cudi Kerrin "Hitler çəhrayı dovşanı oğurlayanda” ("When Hitler stole pink rabbit”) romanları həmişə masamın üzərində olardı. Sanki o hekayələri oxuduqca öz həyatımı qurdum. Evdən qaçmaq fikrinə  bu kitabları mütaliə edərkən düşdüm. 
 
  İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı