Biz imzaları yox, əsərləri dərc edirik...

Məni qəhrəman kimi qarşıladılar – Qabil Abbasoğlunun müsahibəsi
268
01 Mart 2018, 10:50
  Artkaspi.az Lent.az saytının baş redaktoru Qabil Abbasoğlunun müsahibəsini təqdim edir:

  Məqsədli, inadkar və hər yerdə ən yaxşı olmaq istəyi ilə yaşıdlarından seçilib. Həyatdakı tək şüarı istənilən sahədə və yerdə hətta sevməsə belə, qarşısında olan vəzifəni mükəmməl və vicdanla icra etməkdir. Ona görə, istər təhsil, istərsə də iş sahəsində tapşırılan işi mükəmməl şəkildə icra edən insanı həyat layiq olduğu yerə gətirir.
  Müsahibimiz "Lent.az” saytının baş redaktoru Qabil Abbasoğludur. Q.Abbasoğlunun uşaqlıq, tələbəlik, gənclik illərinə "boylandıq”.
 

 
  Hər dövrün öz kəraməti, üstünlükləri var

  Q.Abbasoğlu Beyləqanda 9 uşaqlı ailədə dünyaya gəlib. 5 qızdan sonra ailədə çox gözlənilən oğul övladı olub: "İndiki zamana xas olmayan, çoxuşaqlı ailədə dünyaya göz açmışam. Məndən əvvəl 5 bacım doğulmuşdu. Təbii ki, o illər kənd yerində oğlan uşağına ayrıca münasibət var idi. 5 qızdan sonra doğuldum və məndən sonra bir bacım, iki qardaşım da dünyaya gəldi. Böyük ailə idik. İndi özümüzə də izah edə bilmirik ki, 9 uşaqlı, üstəlik atam, anam və nənəmlə bərabər 12 nəfərlik ailə bir kənd yerində necə dolanırdı? Böyük gəlirimiz də yox idi. Amma görünür, hər dövrün öz kəraməti, üstünlükləri var”.
 
  Atamın başımızı sığallamağı bizim üçün toy-bayram idi

  Müsahibimiz deyir ki, uşaq vaxtı kəndin bir çox uşaqları kimi çöldə rahat oynaya bilməyib. Ailədə uşaqlara qarşı xüsusi nizam-intizam hökm sürüb. Atası məktəbdə direktor müavini olduğu üçün bu nəzarət orda da davam edib: "Evdə uşaqlar bəzən valideyn nəzarətindən yayınmaq üçün məktəbə qaçırlar. Bizdə bu da alınmırdı. Məktəbdə üstümüzdə ikiqat nəzarət var idi – həm müəllimlər, həm də atam. 
  Atam çox inadkar və sərt adam idi. Bizi çox sevirdi, amma o qədər zəhmli idi ki, başımızı sığallamağı toy-bayram idi. Məktəbdə atama görə xüsusi münasibət hiss etmirdik. Dərslərimi yaxşı oxuyurdum. Amma bəzən günahım olmasa belə, atam müəllimə deyirdi ki, dərsini bilməsə, o birilərə birqat cəza verəndə, Qabili ikiqat cəzalandır”. 
 

 
  Bizim ata-anamız niyə filankəsin atası kimi fermada deyil?!

  Müsahibimiz deyir ki, atasının məktəbdə daha sərt olması ilk günlər onların uşaq azadlığına məhdudiyyət yaratsa da, sonra onları daha məsuliyyətli etdiyinin fərqinə varıblar: "Kiçik qardaşım dəcəl idi. Bir dəfə müəllimlərdən birinin dərsində mübahisə yaranıb, müəllim taxtayla vurmaq istəyib. Bu da həmin an qapını açıb və qaçıb. Müəllim bunu tapmasın deyə, guya uğurlu gizlənmək yeri tapıb – məktəbin damına çıxıb. Dama düşəndə görüb ki, atam əlində taxta orda gözləyir. Müəllimdən qabaq atamın nəzarətindən çəkinirdik. Bu, bizi daha məsuliyyətli edirdi. O vaxt narahat olurduq. Deyirdik ki, bizim ata-anamız niyə filankəsin atası kimi fermada deyil, məktəbdədir. Biz də burada istədiyimizi edərdik. Amma indi anlayırıq ki, onun sayəsində bu yerlərə gəldik. Təhsildə də, tərbiyədə də mən hesab edirəm ki, zor yox, mütləq məcburiyyət olmalıdır. Çünki uşaq o yaşda nəyin yaxşı, nəyin pis olduğunu tam ayırd edə bilmir, onu göstərmək və məcbur etmək lazımdır”. 
  Müsahibimizin uşaqlığı ilə bağlı unutmadığı xatirə kənddə Novruz bayramının təmtəraqla keçirilməsi olub: "İndi yeni ili daha çox təmtəraqla qeyd edirlər. Amma o vaxt kənddə Novruz bayramı xüsusi sevinc gətirirdi. Bayram ab-havası bütün kəndə yayılırdı. Bayram bütün göstəriciləri ilə var idi. Tonqal qalamaqdan tutmuş, papaq atmağa qədər... Hətta məktəbdə də axır çərşənbə günü hamı intizarla gözləyirdi ki, kimin çantasından nə çıxacaq. Hamı evdən gətirdiklərini bir-biri ilə bölüşürdü”.
 
  Müəllimin ağlamağı yadımdan heç vaxt çıxmaz

  Yuxarıda qeyd etdiyimiz kimi, həmsöhbətimiz bütün fənləri mükəmməl şəkildə oxuyub. Kənddən olimpiadalara gedib, qalibiyyəti ilə yaxınlarını və müəllimlərini sevindirib: "Rus dili üzrə olimpiadada qalib olmuşdum. Bir kənd məktəblisinin qalib olması qeyri-adi qarşılanırdı. Rus dilini yalnız əsgərliyə gedib-gələnlər bildiyi halda, mən orta məktəbdə artıq rusca ədəbiyyat oxuyurdum. Çünki rus dili müəllimimizi çox sevirdik. İşini vicdanla görən və şagirdlərə yaxın müəllim idi. Ümumiyyətlə, olimpiada ilə bağlı fənn müəllimləri arasında ciddi mübahisə yaranırdı. Riyaziyyat, fizika, kimya, rus dili müəllimlərim hamısı öz fənnindən məni göndərmək istəyirdi. 9-cu sinifdə rus dilini seçdim və rayon üzrə birinci yerə çıxdım. Sonra məlum oldu ki, rayon birincisi Bakıda respublika birinciliyinə getməlidir. Bunun üçün də o dövrə aid olan, rayon səviyyəsində müəyyən miqdar xərc tələb olunurmuş. İmkanımız olmadı. Nəticələr artıq elan olunduğu halda, mənim nəticəmi dəyişmişdilər. Həmin vaxt müəllimin ağlamağı yadımdan heç vaxt çıxmaz”. 
  Uşaqlıqla bağlı unuda bilmədiyi pis xatirəsi isə riyaziyyat müəlliminin onu böyük sinif uşaqlarına nümunə kimi göstərib, onları danlamağı olub: "Bunu xatırlayanda hər dəfə pis oluram. Bizdən böyük uşaqlar hansısa məsələni, misalı həll edə bilməyəndə riyaziyyat müəllimimiz acıqlanırdı. 2 sinif yuxarıya məni aparıb həmin misalı lövhədə həll etdirirdi. Həll etdikdən sonra məni saxlayıb, məndən yaşca böyük uşaqları möhkəm danlayırdı. Artıq 9-10-cu sinifdə etiraz etdim ki, buna ehtiyac yoxdur”.
 
  Tələbə biletini alandan sonra bir anlıq çökdüm

  Q.Abbasoğlunun arzusu hüquqşünas olmaq olub. Amma inadkarlığı ona sevdiyi peşənin ardınca getməyə imkan verməyib. İmtahana 15 gün qalmış taleyini dəyişib və mühəndislik oxuyub: "Hüquq fakültəsində təhsil almaq istəyirdim. Çox sevirdim. Hətta sənədlərim də hazır idi. Ailədə uzun illər gözlənilən oğlan olduğum üçün məni ifrat dərəcədə qoruyurdular. O vaxt dayım anama dedi ki, sən əziyyətlə oğlan böyütmüsən, necə Bakıya göndərəcəksən? Uşaq tək qalacaq, başına bir iş gələr. Sənədlərini Gəncədə Kənd Təsərrüfatı Akademiyasına versin və bizdə qalıb oxusun, gözümüz üstündə olar. Mən etiraz etdim və dedim ki, istəmirəm. Dayım hirslə cavab verdi ki, heç gör sən ora qəbul ola bilərsən, etiraz da edirsən? Bu arada deyim ki, dayılarımı çox sevirdik və onların sözündən çıxmamağa çalışırdıq. Elə onlar da bizi çox istəyirdilər və görünür, bu təklifi də narahat olduğundan vermişdi. 
  Sənədlərimi cırdım və yenidən xasiyyətnamə alıb, Kənd Təsərrüfatı Akademiyasına getdim. O vaxt üçün təəccüblü sayılırdı, rüşvətsiz qəbul oldum. Tələbə biletini alandan sonra bir anlıq çökdüm ki, mən neynədim, axı hüquqa hazırlaşırdım. İnada getdim və taleyimi dəyişdim. Təbii, şikayətçi deyiləm. Ora da ciddi təhsil ocağı idi və gözəl tələbəlik illərim keçib, çox gözəl və indi də unutmadığım müəllimlərim olub. Hələ də bir yerdə olduğum, dostluq etdiyim tələbə yoldaşlarımı tapmışam orda. 
  Beləliklə, universitetinin hüququna hazırlaşıb 15 gün içində sənədlərimi dəyişib mexanikləşdirmə fakültəsinə verdim”.
 

 
  Məni qəhrəman kimi qarşıladılar

  Hüquq fakültəsini arzulasa da, mühəndisliyə də mükəmməl şəkildə yiyələnib: "Riyaziyyatdan qəbul imtahanı idi. İmtahanı televiziya ilə translyasiya edirdilər. Çöldə isə valideynlər baxırdılar. Müəllim "5” vermək istəmirdi. Dirəndim ki, mən "5” istəyirəm. "4” yazanda əlimi qiymət kağızının üzərinə qoydum ki, yazma. Sonra mənə suallar verdilər və cavablandırıb "5” aldım. Məni çöldə qəhrəman kimi qarşıladırlar. Sevdiyim sahə olmasa da, zəhmət və məsuliyyət hesabına mühəndisliyi qırmızı diplomla bitirdim. Bəzi tələblər var ki, həyatın bütün sahələrindən əllərini üzürlər və kitab-dəftər qurduna çevrilirlər. Mən elə deyildim. Hər anımı maraqlı, gözəl və aktiv yaşamışam. İctimai işlərdə də fəal idim. Hətta uşaqlıqdan şahmat oynayır, müəyyən idman növləri də məşğul olurdum”.
 
  Universitetdən xaric edirdilər

  Müsahibimiz tələbəlik illərində başlayan azadlıq hərəkatının aktiv iştirakçılarından olub: "Günümüz çöllərdə keçirdi, gizli toplantılar edirdik. O vaxt dövlət qurmaq, müstəqillik üçün mübarizə aparmaq yaşıdlarım arasında kimlərəsə xəyal kimi görünürdü. Hətta prorektor mənə deyirdi ki, sən SSRİ boyda vətənə xəyanət edirsən, necə təsəvvür edirsən ki, Azərbaycan müstəqil dövlət olacaq?! Biz də deyirdik ki, Azərbaycan müstəqil olacaq, siz də həmin günü görəcəksiniz. Bu, mənim yolum idi. Bir dəfə universitetdən xaric etmək istəmişdilər. Əmrim də yarım saat divardan asılmışdı. Qrupda uşaqlar mən gələnə qədər üsyan etdilər və əmri ləğv etdirdilər”. 
  Universiteti qırmızı diplomla bitirsə də, diplomu indiyə qədər çemodanda qalıb: "Diplomumdan heç vaxt istifadə etmədim. Bakıya gəlmək istəyirdim. Bilirdim ki, ölkənin nəbzi Bakıda döyünür. 3-cü kursdan jurnalistikanı seçmişdim. O vaxt "Yeni Müsavat” gizli nəşr olunurdu, Rauf Arifoğlu ilə tanışlığımız o vaxtdan başlayıb. Tələbə kimi onunla işləyirdim, kömək göstərirdim, yazı yazırdım. Universiteti bitirdim, "Azərtac”ın Gəncəbasar İnformasiya Mərkəzi yaradıldı, məni də ora baş redaktor təyin etdilər. Bir il sonra öz arzumla işdən ayrılıb, Bakıya gəldim. Və aktiv jurnalistika dövrü başladı”.
 
  İlk maaşım 25 manat idi

  Müsahibimiz ilk pulunu da jurnalistikadan qazanıb: "Yeni Müsvat”ın gizli çıxan vaxtları idi, yazı yazmışdım. Rauf Afiroğlu mənə 25 manat qonorar verdi. Bu pulla bir tələbə bir ay dolana bilərdi. Amma mənim sözüm var idi. Valideynlərimə hədiyyə, evimizə şirniyyat, özümə də Ağdam bazarından köynək aldım. Üstəlik, kənddə yaxın qohumumuz olan yaşlı bir qadın vardı, mən dünyaya gələn gün anam ona söz vermişdi ki, böyüsün, ilk maaşından hədiyyə alacaq sənə. O qadına da paltarlıq parça almışdım”.
 
  Gənclik dünyanı qaldırıb, çevirə bilər

  Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gəncliyin yenilikçi olduğunu hər zaman anlayıb və onlara dəstək olub: "Sokrat hələ o zaman deyirdi ki, müasir gənclik korlanıb. Hər dövrdə belə olub. Hər nəsil, özündən sonrakından narazı olub və hər sonrakı nəsil də özündən əvvəlkini inkar edib. Mən indiki gəncləri başa düşürəm. Düzdür, darılıram, amma başa düşürəm. Mən gəncliyin etirazçı ruhunu çox rahat qəbul edirəm. Fərqli düşüncəni də anlayıram. İnsan gənc olanda içindəki gücü hiss edir, elə bilir ki, dünyanı qaldırıb çevirə bilər. Sadəcə, bir məqam var. İnkar edirsənsə, yeni bir şey təklif etməlisən. Məsələn, biz o vaxt quruluşa etiraz edirdik. Amma əvəzində təklifimiz vardı – istiqlal. Deyirdik SSRİ dağılsın, əvəzində müstəqilliyimiz olsun. Gəncləri, gənclik ruhunu anlayıram, sevirəm. Həm də istəyirəm ki, yeni bir şey təklif etsinlər”.
 
  Söhbətləşdi: Aygün Əziz