Biz imzaları yox, əsərləri dərc edirik...

Məni mən edən xəyallarımın arxasınca qaçmaq oldu – Gökçe Bahadırın müsahibəsi
898
30 May 2018, 12:18
    Artkaspi.az Gökçe Bahadırın müsahibəsini təqdim edir: 
 
 
 

  Türkiyənin ən yaxşı qadın aktrisalar arasında adını tərəddüdsüz, əvvəldə qeyd edə biləcəyimiz sənətçilərdən biri də Gökçe Bahadırdır. Hər rolun öhdəsindən peşəkarlıqla gələn aktrisanın özünəməxsus duruşu, baxışı tamaşaçı sevgisini qazanıb. Türkiyə mətbuatına müsahibə  verən aktrisa yaradıcılığından və onu narahat edən məsələlərdən danışıb.  Gökçe Bahadırın Azərbaycanda da kifayət qədər sevildiyini nəzərə alıb, müsahibəni ixtisarla təqdim edirik . Biz onu ilk olaraq "Hayat bilgisi”, "Yaprak dökümü” serialından tanıdıq.  Daha sonra "Sensiz olmaz”, "Kayıp şehir”, "Hatırla Gönül” serialları ilə sevildi. İndi isə Türkiyədə reytinqlərdə ön sırada yer tutan "Ufak Tefek Cinayetler” serialında müsbət qəhrəman   Oya obrazı ilə tamaşaçıların sevimlisinə çevrilib.  
 
  – Uğurunuzu ekranlardan addım-addım izləyərkən, görünür ki,  siz kameralara önündə  inkişaf edirdiniz. O kameralara baxdıqda nələr  görürdünüz?
  – Əslində, geriyə baxdıqca ekranlarda böyüdüyümü hiss etdim. Yaşayarkən və həyatın içində ikən heç də bunun  fərqində deyildim. Həyat bilgisi hər şeyin başlanğıcıdır. Həyatı axarına buraxdım. İşimə uyğunlaşdım və uğur qazandığımın şahidi oldum. Mən tamaşaçılarla birlikdə böyüdüm. Hər gün daha çox insan tərəfindən sevildiyimi, daha çox insan tərəfindən tanındığımı gördüm.  Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim. 
 
   – Sizi siz edən nə oldu?
  – Məncə, məni mən edən öz xəyallarımın arxasınca qaçmaq oldu. Bu, mənim həyatımın dönüş nöqtəsinə çevrildi. Qarşıma böyük hədəflər qoydum və bu hədəflər içərisində nələr edə biləcəyimi düşündüm. "Özümü necə yetişdirə bilərəm” deyib, iri addımlar atdım. 
 
   – Hansı obrazınızdan sonra  özünüzü daha güvənli hiss etməyə başladınız? 
  – Canlandırdığım bütün xarakterlərin həyatımda yaratdığı təsir bambaşqadır. Amma "Kayıp şehir” serialında canlandırdığım Aysel obrazından sonra özümdə çox qəribə hislər baş qaldırdı. Düzdür, aktrisalıq baxımından fərqli xarakterlərlə tamaşaçının gözü önünə gəldim. Ancaq bu layihədən sonra özümü tamaşaçıların qarşısında daha rahat ifadə edə biləcəyimi hiss etdim. 
 
  – Canlandırdığınız xarakterlərlə dolu bir otaqda olsanız, hansı obrazınızın yanına gedib söhbət etmək istəyərsiniz?
   – Mən obrazlarımı ayırmıram. Hamısı ilə. 
 
  – "Ufak Tefek Cinayetler”in karyeranızda necə bir səhifə olduğunu düşünürsünüz?
  – Hazırda yer aldığım bu layihədə öz obrazımı sevirəm. "Ay Yapım” kino şirkətinin həyatımda yeri böyükdür. Onlarla təkrar çalışdığım üçün özümü şanslı hiss edirəm. İşinə diqqət göstərən bir insanın peşəkar insanlarla çalışmağı böyük bir şansdır. Hər kəsin eyni fikirdə olması hər zaman mümkün olmaya bilər. Eyni fikirdə olan insanlar bir araya gəldikdə isə xoşbəxtlikdən yoğurulan uğurlu işlər ortaya çıxır. "Ufak Tefek Cinayetler” bir qadın işi olduğu üçün daxilimdə xüsusi bir yer tutur. Xüsusən də, canlandırdığım Oya obrazı bir çox qadınlar üçün örnəkdir. Bu da məni həm xoşbəxt edir, həm də məsuliyyət hissimi artırır. 
 
  – Bu obrazın sizə qatdıqları nələr var? Rolunuza dair sizi ən çox xoşbəxt edən nədir?
  – Canlandırdığım xarakteri həqiqətən çox sevirəm. Onun həyatdakı duruşunu, baxışını, geyimini, özünə diqqət etməyini… Əslində, ondan öyrənəcəyim çox şey var. Normal həyatımda belə.. Oya çox incə və zərif qadındır. Hətta savaşmağı belə xanımsayağıdır. Savaşmağı bacarmamağına  rəğmən, bütün qadınlarla da bir savaş halında ola bilir. Zərifliyindən dolayı intiqam almaq duyğusu yoxdur. Onun öz savaşma üsulu var və mən bu üsulu çox sevirəm. Övladı olmamağına baxmayaraq, həkim olub insanları övlad sahibi etməyə çalışır. Zaman-zaman havalanmasını, dəli olmasını  beldə sevirəm. Onun geyim tərzi də fərqlidir. Çox doğru bir çıxış nöqtəsi var. Serialın kostyum seçimləri də dəqiq və zövqlüdür. Ən yaxşı kostyum seçimləri məhz bu serialdadır. Təşkilatçılar xarakteri analiz edirlər və bu analizə görə onların rənglərini seçirlər. Oyanın həkim olması, iş həyatının mövcudluğu, ev həyatı, eyni zamanda idman həyatının olması ortaya rəngli bir tablo çıxarır. Mənim ən çox o xoşuma gəlir. Amma qadın evdə olsa belə, yenə də zövqlüdür. Təkbaşına yaşamağına baxmayaraq, evdə özünə yemək bişirir. Keyfiyyətli yeməklərə üstünlük verir. Bu, mənə bir növ örnəkdir. Oyanın özünə verdiyi dəyəri, diqqəti görürəm. Məncə, bundan digər xanımlar da örnək götürməlidir. 
 
  – Gökçe  xanım, güzgüyə baxanda orada necə bir insan görürsünüz?
  – Haqsızlığa və yalana dözümü olmayan bir qadın görürəm.  Haqsızlığı qəbul edə bilmərəm. Mənim bir ədalət duyğum var. Həmişə doğru qərarı verməyə çalışıram. 
 
  –  Bilirik ki,  seriallarda çəkilən aktrisalar gərgin iş rejimində çalışır. Sizi bu gərginlikdən xilas edən səbəblər nədir?
  – Mən çalışaraq istirahət edirəm. Həyatımda daima məşğul olmaq istəyirəm. İnsan durduqca, işləmədikcə passivləşir. Ona görə də, dayanmaq istəmirəm. Misal üçün, çəkilişlərimiz bitdikdən sonra "yoruldum, evə gedib istirahət edim” deməmişəm. Çəkilişdən sonra bir yerə gedib, həmin  günü dəyərləndirirəm, kiminləsə söhbət edirəm. Çalışaraq istirahət edən və özünü yaxşı hiss edən, həyata qarşı bu şəkildə uyğunlaşa bilən biriyəm. Tez-tez nələrisə itirdiyimi, heç bir işə yaramayan biri olduğumu düşünürəm. Oturduğum yerdə "hazırda görəsən nə əskikdir?” deyə fikirləşirəm. Ancaq işlədikcə daha gənc və dinamik qaldığımı özümə sübut edirəm. 
 
   – Baxışlarınızdan sanki kədər tökülür. Bu, sizin həyata baxışınızlamı əlaqəlidir?
  – Bu, mənim bədən dilimlə əlaqədardır. Kədərlənəndə üzümdə ciddi bir hüzn olur. Güləndə isə gözlərimlə gülürəm. Və bütün simam gülür. Bunların ikisinin ortaq nöqtəsi yoxdur. Əgər kədərlənirəmsə, kədərin ən pikini yaşayıram. Sevinirəmsə də, sevincimin ən zirvəsi olur. İkisinin bir ortası yoxdur. Sizin dediyiniz də onunla bağlı bir şeydir. Məni "nə qədər soyuq bir qızdır” və ya "nə qədər gülərüzlü bir qızdır” kimi xarakterizə edə bilərsiniz. 
 
  – Hazırda çox pozitiv və xoşbəxt görünürsünüz. Bunun xüsusi bir səbəbi varmı?
  – Xeyr. Yaşımın üzərinə yaş gəldikcə həyata tamam başqa gözlə baxıram. Gənc yaşlarımızda həyatımızda pis bir şey baş verdikdə onun kədərini, məyusluğunu, hadisənin özündən daha böyük yaşayırdıq. Amma indi bunun tam tərsini düşünürəm. Ən pis anlarımı belə, ən gözəl anlara çevirməyi öyrəndim. Həyat sənə bunu artığı ilə ödədir. Bir gün kefimin olmadığı vaxt evə gəldim və oturub düşündüm. Həyatımdan bir gün daha getdi. İndi nə oldu? Gün bitdi və sən o günü geri qaytara bilmirsən. Əlində isə böyük bir təəssüf hissi vardı. Bunu zamanla anlayırsan. Bu günü yaxşı da keçirsən, pis də keçirsən, son nəticədə gün bitəcək. Bir neçə saatdan sonra bu gündən əsər qalmayacaq. Ən azından geriyə dönüb baxanda bu günə dair gözəl xatirələrimin  qalmasını istəyirəm. Artıq həyatı elə yaşayıram. Bu həyatda hər şey keçicidir. Bir də yaxşı enerji ilə gördüyüm bir işin nəticəsinin də yaxşı olacağına inanıram. Mən möcüzələrə inanan bir insanam. Möcüzələrlə çox rastlaşmışam. 
 
  – Bu mövzuda faydalandığınız kitablar varmı?
  – Guy Finleyin "Vaz keçilmek” adlı bir kitabı var. Öz-özünüzü sərbəst etməyin nə demək olduğundan bəhs edir. Kimsə tərəfindən imtina edilmək çox çətin, amma doğru bir imtinadırsa, nə qədər sərbəstləşə biləcəyinizdən danışır. İnsan özü-özü ilə hesablaşmalı, öz səhvlərini görməli, başqalarını  günahlandırmaq yerinə dönüb özünə baxmalıdır kimi gözəl hislər yaratdı məndə bu kitab
 
  – Bu aralar çox gündəmdəsiniz. Məşhur olmağın bu tərəfini necə qarşılayırsınız?
  – Gündəm həyatımızın içində var, bunu bilirəm. Media nümayəndələri də öz işlərini götrürlər. Bu işin məni məyus edən tərəfləri də var. Ortada heç bir şəklin, heç bir sübutun olmadığı bir vaxtda heç nədən xəbər hazırlamaq adına bəzi şeylərin yoxdan yaradılması məni məyus edir. Mənasız bir hadisə üzərindən xəbər çıxanda, bu vəziyyət həm mənə, həm də çevrəmdəki yaxınlarıma pis təsir edir. 
 
 
 

 
  – Bir neçə müddətdir ki, qadınların heç olmadığı qədər səsləri çıxmağa başlayır. Haqsızlıqlara, ədalətsizliklərə... Xəyallarını qurduğumuz Hollivudda təcavüz skandalları çıxdı. Dünyanın hər yerində qadınların yaşadıqları bu hadisələrə, haqsızlıqlara qarşı sizin mövqeyiniz necədir?
  – Mən kişi və qadınların bərabər hüquqa malik olmasının tərəfindəyəm. Bizim problemlərimiz də ortaq məxrəcə gəlməməyimizdir. Təhsil, ailə, doğulub böyüdüyün yer, cəmiyyət təbii ki, buna çox təsir edir. "Hüquqlarımız  bərabərdir” deyərkən belə bu işin ortaq nöqtəsini axtarmalıyıq. Çünki əks təqdirdə qadın kişi işini də görməyə başlayır. Çox zaman qadınlar gücdən danışanda "öz pulumu qazanıram, sərbəstəm, maddi mənada heç kimə ehtiyacım yoxdur” kimi sözlər işlədirlər. Təbii ki, bu deyilənlər qadınlar üçün önəmlidir. Hər zaman qadınları müdafiə edirəm. Ancaq burada bərabərlik ortaya girir. Qadının güclü və sərbəst olması onun həyata tək davam etməsini tələb etmir. Qadının həyatda ailə qurmaq, ana olmaq kimi dəyərləri var. Önəmli olan, həyatın hər bir dönəmində güclü və sərbəst qala bilməkdir. 
 
  – Uşaqlıq illərdə musiqi sizin xəyalların baş rolu imiş. Hazırda musiqi sizin həyatınızda hansı yeri tutur?
  – Musiqi həyatımın önəmli bir parçasıdır. Bunu artıq hər kəs bilir və musiqi ilə bağlı bəzi planlarım var. Qoy bu da sürpriz olsun.
 

   Tərcümə edən: Xəyalə Rəis