Biz imzaları yox, əsərləri dərc edirik...

Nolar qayıdaq – Ülvi Babasoy yazır
1927
08 Yanvar 2018, 12:43

  artkaspi.az Ülvi Babasoyun "Nolar Aqapeyə qayıdaq” adlı essesini təqdim edir:

 

 



   Sənin üçün, əzizim
  Gecənin bir aləmində yuxudan dik atılıram. Yuxum yaman qarışır. Səhərə yaxın bir az yuxuya getsəm də, qarabasmalar əl çəkmir. Yataqdan qalxıb gəzişirəm. Ürəyim titrəyir. Mətbəxə keçib buz kimi suyu başıma çəkirəm. Bədənimdən rahat bir üşütmə keçir. Eyvanın qapısını aralayıb çölə boylanıram. Külək fısqırıq qoparır. Toxtayıb təzədən yatağa girirəm. Bu dəfə anam yuxuma gəlir. Gecədir, otağa ay işığı dolur. Söhbət edirik. Onun sağ olmağı məni hədsiz sevindirir. Telefonun zəngli saatı məni yuxudan ayırır. Anamdan ayrılmağın sarsıntısı canımı bürüyür... Hazırlaşıb işə yollananda zəng gəlir. Mənə əziz olan bir adamın ölüm xəbəri yolumu dəyişdirir. Tərtərə yollanıram. Bir neçə gün sonra "XX əsr Amerika ədəbiyyatı”ndan mühazirə deyirəm. Açıq dərsdir. Universitet rəhbərliyindən də dərsdə iştirak edənlər var.

 


 

 

 XX yüzil Amerika ədəbiyyatı tələbələri heyran edir. Maraqla qulaq asırlar. Və suallar yağdırırlar. Üstəlik əsrin ilk 50 ilində Amerikanın nə qədər radikal bir dövlət olmasına ədəbiyyatla şahid olurlar. Təkcə içki qadağası və bu səbəbdən Avropaya axın kifayətdir. Əsrin ikinci yarısına – postmodern ədəbiyyata gəlirəm. Uilyam Qass, Con Bart, Robert Kuver, Donald Bartelmi, Tomas Pinçon, Don Delillo… Və Uilyam Qaddisə çatanda boğazım düyünlənir. Vəfat edən əzizim gözümdə canlanır. Uilyam Qaddisin "Dülgərin qotikası” və "Agape Agape” romanları postmodernizm poetikasında yenilikdir. "Dülgərin qotikası” yalanla dolu bir cəmiyyətin yaddaşını göstərir. Yalanın patologiyası əks olunur. Cəmiyyətlə razılaşmayan xarakterə sahib Qaddis öz real və irreal dünyasını yaradır. Qaddis avtoportretini yaradır.

 

 

 

 Azərbaycan dilində Qaddislə bağlı bir cümləyə də rast gəlməmişəm. Türk dilinə "Aqapeyə ağı” kimi tərcümə edilib. Romanla bağlı bir kitab da yazıram. Hələlik kitabın sehrin qaçırmaq istəmirəm. "Aqapeyə ağı” romanında xərçəng xəstəsi olan sənətkarın son sənət əsərini yazıb bitirmək çabası avtoironiyadır. Romanı yazarkən Qaddis özü də xərçənglə mübarizə aparır. Ölümündən sonra çap olunan roman yazıçının sonuncu kəsərli və estetik sözüdür. Çünki kitab hər kəsdə utanc hissi yaradır. Özünün və insanlığın düşdüyü vəziyyətdən utanmaq. Bir aynada özünü lüt görməyə bənzəyir bu. Platon, Tolstoy, Dostoyevski, Höte, Nitşe kimi yazıçı və filosoflarla ünsiyyətə girən qəhrəman fərqli zamanları bir dövrün təfəkkür süzgəcindən keçirir. Fuentesin "Bizim torpaq”, Kunderanın "Həyat başqa yerdədir” romanlarında olan keyfiyyət bu dəfə Amerikan postmodernizmində üzə çıxır. Əsərdə Amerika və populyar sənaye barədə görüşlər mövzunu daha dərin qatlara aparır. Ədəbiyyatın əyləncə sənayesinin əlində oyuncağa çevrilməsi. Əyləncəli ədəbiyyat anlayışına bürünərək bayağı, uğursuz eksperimental hekayə və romanların yazılması Qaddisi narahat edir. "Aqapeyə ağı” romanı çağdaş ədəbiyyatın gələcəyi barədə həyəcan siqnalı verir. "Aqapeyə ağı” incəsənət, azad düşüncə və dünyəviliyin zəifləyən vəziyyətinə elegiyadır.
  Roman radikal humanizmi ilə fərqlənir. İnsan və bəşəri dəyərlərin yanında olan bu ədəbiyyat postmodern kinayə ilə "postmodern vəziyyəti”n satirik karikaturasını çəkir. Yeni ədəbiyyat insan həyatından ayrılma və parçalanma terminlərini əsas götürür. İnkişafda olan humanitar elmlər, semiotika, sosiologiya və dəyərləri yenidən yaradan dekonstruksiya ənənəvi anlayışların dağılmasına xidmət edir. Paralel olaraq mətndə estetikanın yeri və rolu problemi yaranır. Bəs aqape nədir? İngilis dilində ağzı açıq qalmaq, heyrətlənmək, mərhəmət və başqa mənalara gəlir. Aqape yunan dilində isə qarşılıqsız, ilahi, platonik eşqdir. Tanrıdan uzaqlaşan bir dünya var. Nitşenin "tanrı ölüb” dediyi məqam yetişib. İnsanlıq dəyərsizləşmə sindromu yaşayır. Qarşılıqsız sevgi və qayğı da qalmayıb. Mənfətcil bir toplum formalaşır. Xərçəng xəstəliyi də dövrün yox edən bir xəstəliyidir. Həmişə belə söz-söhbət gəzir ki, guya xərçəngin davası tapılıb. İnanmıram. Boş şeydi. Çünki kompleks halında bir xəstəlikdir xərçəng. Bir səbəbdən yaranmır. Mənəvi və təbii ekologiya pozulub. Stress, qorxu, gərginlik. Qidalanma. Hamısı birləşib hüceyrəni zədələyir. Nəticədə xərçəngin toxumaları əmələ gəlir. Xərçəngli Qaddis belə bir dünyaya etiraz edir. Aqapeyə ağı deyir. Bəlkə də neçə-neçə insanın canına darışan xərçəng toxumaları sevgisizlikdən yaranıb. Mənə əziz olan o adam xərçəngdən öldü. Sevgisizlik aqapeyə şən nəğmələr qoşa bilməz ki. Ancaq və ancaq ağı deyər. Amerikanın dünyaya barış gətirəcəyini düşünənlər var.

 

 

 

 Ancaq Qaddis belə düşünmür. Axı Amerika öz vətəndaşlarına belə aqapeist bir sevgi bəsləmir. Nə isə. Əsas olan insanlığın aqapenin təsirindən trans halına bürünməsidir. Məst olub nəğmə oxumasıdır. Özünə qayıdışıdır. Və buna çox inanıram. Şair demişkən "qəlbimdə sarsılmaz bir inam var, hər şey yaxşı olacaq. Qatarlar relsdən çıxacaq”. Hər şey axarına düşəcək. Bəs bu nə vaxt baş verəcək. O zaman ki, söz sənətinin nə qədər zəruri olması dərk ediləcək. Ədəbiyyatın estetikası hər cür çirkinliyi üstələyəcək. İfrat nihilizm kimi görünür, hə? Ancaq elə deyil. Sənətin təqdimatı populist çıxış deyil. Zamanın təbii axınını yaradan estetik haldır. Gözəllik duyumudur. Uilyam Qaddisin romanı kimi. Neqativ enerjiyə köklənən bu roman insanı təmizləyir. Estetik təsiri ilə aynada gerçəyi görməyimizə səbəb olur. Ruhun və cismin həqiqətini. Aqapeyə qaytarır. Nolar, noolar qayıdaq Aqapeyə, qayıdaq.