Biz imzaları yox, əsərləri dərc edirik...

Mənə son dayanacaqsan – Xəyalə Sevilin şeirləri
1310
11 Oktyabr 2017, 10:34
   artkaspi.az Xəyalə Sevilin şeirlərini təqdim edir:
 

 

  Bir bəhanə tap, zəng elə
 

  Heç kim 
  Məni səndən soruşmayacaq.
  Nə də heç kim səni məndən.
  Nə gözəl ayrılıq oldu.
  Dərdi yığdım gözlərimə,
  Yanaqlarım qayıq oldu...
  Əllərimdən soruşuram
  Səni tez-tez,
  Gözlərimdən tökülürsən.
  Eh! Yenə də bir yol tapıb,
  Ürəyimə çəkilirsən.
  Elə gücüm də yoxdu,
  Ürəyimi bədənimdən yıxam ki...
  Bir bəhanə tap, zəng elə, 
  Elə darıxıram ki...
 

  Qayıdaq
 

  Qayıdaq taa əvvələ,
  Ta o günə qayıdaq.
  Mən ona,
  Sən özünə 
  Bəs biz kimə qayıdaq?!
  ... Üzün hayana dönsə də,
  Yolun ömrümdən düşəcək.
  Şəkilçəkən gözlərində
  Yanaqlarım nəm düşəcək.
  Nə getməklə getmək oldu,
  Nə qalmaq xeyir eylədi.
  Sənin sevgin...
  Mənim sevgim...
  Üst-üstə şeir eylədi.
 

  Sən məni unutdun axı
 

  Sən məni unutdun axı,
  Belə asan, belə sadə,
  Elə bircə kəlməylə,
 "Get, bir daha gəlmə” ilə 
 
  Məndən gedən ölmür ki,
  Məndən can alıb gedir.
  Yüz il yaşayacaqsan.
  Ömrümdən yol üstü keçən,
  Mənə son dayanacaqsan.
 
  Əllərim bədənimin 
  Qapısıdır, bağladım.
  Nə ev qaldı, nə ocaq.
  Arxanda iz buraxdın.
  Öldürdüyün arzular,
  Gözümdə tapılacaq.
 

  Səni hər gün öldürürəm
 

  Gözüm açıq qalıb sənə,
  Gözümü qarət edirəm.
  Öldürüb ümidlərimi,
  Sonra ziyarət edirəm.
 
  Susub atdım dodağımdan,
  Kiçiltdim içimdə səni.
  Həzin bir xatirə kimi,
  Gətirdim köçümdə səni.
 
  Heçmi sevmədin məni?...
  Əlim üzümün yasında.
  Səni hər gün öldürürəm,
  Başqasında... Başqasında...
 

  Bilirsənmi?
 


  Birirsənmi?
  Səndən qalan günlərimin 
  Yox mənası, yox adı.
  Allı-güllü xəyallar da 
  Sənsiz uçuq daxmadır.
 
  İndi cavan bədəndə
  Qocalmış ömür-günəm.
  Alnımın yazısına
  Göndərilmiş sürgünəm.
 
  Səni seçibdi deyə,
  Bədənimdən qovduğum 
  Ürəyimin üzünə də baxmıram.
  ...Aldadıram özümü
  Guya ki, darıxmıram.
 
 
  Gözlərim dar ağacıdı
 

  Səndən də döndüm, axır ki,
  Qürurumu ağ saxladım.
  Ağlamağa səssiz bir yer,
  Yazmağa varağ saxladım.
 
  Atdım gözümün yaşına,
  Ömrümü islatdım suda.
  Bədən ruhun vətəniymiş,
  Vətənsiz qaçqınmış o da.
 
  Səndə nəyim qaldı mənim,
  Ruhmu? Halal xoşun olsun.
  Təzə ömründə, günündə
  Qoy, bir də nimdaşın olsun.
 
  İndi bütün xatirələr,
  Gözümdən doğulub düşür.
  Gözlərim dar ağacıdır,
  Göz yaşım boğulub düşür.
 

  Hərə bir cür itirir
 

  Hərə bir cür itirir,
  Mən də bu cür itirdim.
  Gözlərim bağlı zirzəmi.
  İçəridən həsrət döyür, 
  İtirdim.
  Əcəb ticarət eylədin,
  Kiçik verib, böyük aldın bu eşqi.
  Sənin dodağında  söz,
  Mənim gözümdə su eşqi.
  Ayağımın altından
  Yolları kim çəkdi mənim?
  Yolum bir də boy atmaz.
  Qollarım gödəkdi mənim,
  Sənə çatmaz...
    

  Həyat bu qədər sadə...
 

  Bu küçə də
  Axırıncı vaqon kimi 
  Boşaltdı adamlarını.
  Və bu gecə də 
  Qaranlıq qara kəlağayını
  Saldı şəhərin boynuna.
  Yol boyu uzanan gecə işıqları
  Açdı gözlərini.
  Külək deyinə-deyinə 
  Oyatdı yuxudan yarpaqları.
  Yəni, 
  Həyat bu qədər sadə,
  Həyat bu qədər təkrar.
  Amma ürəyimdə 
  Təkrarlanmayan biri var.
 

  Mən də vəfasız oldum
 

  Mən də vəfasız oldum,
  Sənə oxşadım bir az.
  Yaman zildən sevirdim,
  Düşmüşəm bəmə bir az.
 
  Üst-üstə yığılıb qalıb,
  Ayın, ilin uzaqlığı.
  Ay üzümün qaralığı,
  Ay sevgimin ağlığı.
 
  İndi səndən geriyə
  Yadımda səsin qalıb.
  Duyğularım cılızlaşıb,
  Sevgim bir əsim qalıb.
 
  Gözümdəki yaş ölü
  Doğulacaq indicə.
  Həsrətin kəndirdədi, 
  Boğulacaq indicə