Biz imzaları yox, əsərləri dərc edirik...

Mən öz içimdə dustağam – Tuğrul Tanyolun şeirləri
1519
15 Fevral 2019, 11:46
  Artkaspi.az Tuğrul Tanyolun şeirlərini təqdim edir: 
 
  Bəyaz köhlən
 
 Sönmüş şəhərləri gəzdim səssizlikdə,
 Boş meydanları, zibilli küçələri.
 Hər kəs öz işində, öz dərdindədi...
 
 İşığı sönmüş həyətlərdə oturdum,
 İçimdə qavaldaşları gurlayırdı ölümün.
 Bütün bütlərin yenidən dirildiyini gördüm,
 Bəyaz bir köhlən kimi gözdən itərkən ömrüm...
 
 Sən yatmışdın otağında,
 Çirkli küçələrinə gün düşməyən
 Evlər bir-bir  üstümə aşanda,
 Yollar canlanıb sıxarkən boynumu,
 Yatırdın sən,
 Yatırdın sən,
 Oyanmaq üçün bir başqa gecədə...
 
 Ağır qanadlarıyla böyüyərkən səssizlik,
 Qaranlıq astaca qonarkən pəncərənə,
 Kölgələr asarkən özünü başqa kölgələrdən,
 Şəhər yanır, eşidirsənmi?
 
 Zülmət şəhərləri gəzdim səssizlikdə,
 İçimdə qavaldaşları gurlarkən ölümün...
 Dərdin dərdə, nifrətin nifrətə,
 Qaranlığın qaranlığa çevrildiyini gördüm,
 Bəyaz bir köhlən kimi gözdən itərkən ömrüm...
 

 
 
 
 
 Pıçıltı ağacı
 
 Əsir gəmiləri çürümüş dənizlər,
 Mən öz içimdə dustağam,
 Qır pəncərəni!
 
 Qaranlıq quyulardan sallanmış
 İki gözüm, iki ölüm, iki al qərənfil,
 Qırılmış pəncəsi susqunluğun,
 Qır pəncərəni!
 
 Oyandı pıçıltı ağacı...
 
 
 Güzgü
 
 Bir böyük boşluqdurmu,
 Hansı ayaq səsləridir,
 zalım, yırtıcı və kirli
 gecənin ürəyindən qanadaraq keçən...
 
 
 Bir böyük güzgüydü, yox
  əks olunan elə öz qorxumuz idi.
 Açıldı bir-bir bütün sirlər,
 Şüşənin arxasından nə gördünüz?
 
 
 Bir ölüm gecəsi
 
 Saat iki...
 Bir az əvvəl səkidə vurdular məni.
 Uzanıqlı, yerə sərili bədənim,
 Eləcə...
 Üç-dörd tənha köpək və gecə.
 
 Birdən
 nə bir ağrı, nə bir qorxu qalır,
 Qanımın axdığı yerdən
 Ruhum canımdan ayrılır.
 
 İndi burada,
 Bu qaranlıq meydanda
 Bütün ölümləri bir anın içində yaşayıram...
 Kainatın damarları bir-bir parçalanır,
 Uzaqlaşıram, uzaqlaşıram...
 Göy üzünə düşən bir damlaya qatışan
 İstanbulla halallaşıram.
 
 İstanbulun yeddi təpəsində yeddi tonqal qalayıblar,
 Yeddi təpəsinə İstanbulun sürünüb keçir rüzgarlar.
  
 Eşidirəm, qaranlıq sarsıntılarla çalxalanır...
 Bir azdan bir bomba partlayacaq,
 Bir azdan bir başqa adam
 Həyatın sərhəddini adlayacaq,
 Bir azdan bir tapança səsi
 beş dəfə yaracaq səssizliyi,
 küçəyə yapışan qaranlığı
 və bu fevral gecəsini...
 
 Saat ikidi...
 Bir yük maşını sürətlə keçir qaranlıqdan,
 İşıqları sönmüş kafedə
 Küləkdən dağılıb masalar...
 
 Uçuram lodosun1 məni götürdüyü yerlərə,
 Külək əl dəyişdirir və atır məni isti iqlimlərə,
 Çıxdığım bu uzun səyahətdə izləyir məni gecə...
 
 İndi burada –
 Somalili tənha uşaq
 Aclığın mükafatını daşıyır
 Şişən ürəyində.
 Afrikalı yorğun döyüşçünün
 açıq qalmış gözlərində
 ulduzlu bir azadlıq gecəsi –
 vurulub qaldığı  yerdə.
 
 Bir az irəlidə
 Ağ canavarların parçaladığı
 bir qaradərili uşaq,
 qaçmaqdan  yorğun bir qadın,
 gecəyə məğlub olan bir aslan
 kükrəyişlərlə sarsılır.
 
 Bütün ölümləri bir arada yaşayır
 artıq vurmayan ürəyim...
 Bütün ölümlər mənim ölümüm, ölmüşəm,
 Vuran eyni, eyni...
 Vurulan həmişə mən.
 
 Uzaqlaşıram, uzaqlaşıram,
 Heyhat!
 Bir qərib yolçuya təpədən baxıram,
 Ekvatorda bir qan qurşağı,
 Getdikcə genişlənir,
 Bir top mərmisi kimi fırlanır Kainat...
 
 Əqrəb dairəsinə2 ayaqlanıb,  
 Sancır gecəni...
 Bir meşə yanğını bürüyüb
 Digər bir dairəni
 
 Santiyaqoda işgəncə görən bir adamın
 Kosmosu yarır fəryadları...
 Manilada dara çəkirlər bir adamı,
 İndoneziyada ölən yüz minlərin çığırtıları,
 Bir ölüm gecəsi dağıdır qaranlıqları...
 
 İşgəncə görən adamın kəsilir səsi,
 Bitir işgəncəsi.
 Asılan adamın səssizcə qırılır boynu,
 Və yorğun döyüşçünün gözlərində
 Ulduzlu bir Afrika gecəsi
 
 Saat iki...
 Ovuclarımda uyuyur Kainat,
 Və bu dünya, ayaqlarım altındakı
 Qaranlıq bir nöqtə kimi...
 
 Kosmos adlanan qaranlıq canavarın
 saysız çoxluqlarından biri,
 bir kiçik Süd yolu,
 Saysız Günəş sistemləri
 və bir kiçik dünyanın
 bir küncündə,
 Yeddi təpəli bir şəhərin
 ətəyində
 vurulub qalmışam.
 
 Solğun bir Ay işığı nurlandırır məni,
 Və sonra isə açıq qalan pərdəni...
 
 
 Yanğın
 
 Siqaretin yarısını mən çəkdim,
 Yarısını rüzgar...
 Yaramla oynama, gözəlim,
 Külün altında od olar.
 
 Sovursam küləyə, atsam ürəyimi,
 İçimdə qanayan boşluğu sən qapacaqsan.
 Külümü geri ver, götür atəşini,
 Sən yaxınlaşdıqca böyüyür yanğın.
  
 Alışacaqsan, alışacaqsan,
 Bu atəş səni də yandırar.
 Burax məni,
 Mən alışım, soyusun küllər,
 Gün gələr öz-özünə sönər.
 
 Siqaretin yarısını mən çəkdim,
 Yarısını rüzgar.
 Odla oynama, gözəlim,
 Üstünə sıçrayar.
 
 
 
 

 Noyabr sərxoşluğu
 
 Yarpaqlar
 ağaclarını tökürlər,
 saçları bir qadını...
 Bir adam
 masaya tökür duyğularını.
 Qədəhinə tökür məni içkim.
 
 Yoxsa belə deyilmi?
 Noyabrdı, bəli!
 Ağaclar tökürlər yarpaqlarını,
 Bir qadın oturmuş qarşı pəncərədə,
 tökür sarı saçlarını...
 Noyabrda bir adam
 ala bildiyinə sərxoş kimi,
 Axtarır masada duyğularını,
 çoxdan bəri itirdiyi itkini.
 
 Mənsə oturub dinləyirəm onu,
 Noyabr ötüb keçir...
 Həm gecikmişəm evə,
 Həm də bilirəm,
 Su qatıblar içkimə.
 
 Çöldə noyabrdı...
 Yarpaqlar
 bir ağacı yavaş-yavaş
 töküb qurtardılar. 
 Pəncərədəki qadın
 çoxdan çəkib pərdəsini
 və adam
 bir vuruşla parçaladı
 güzgüdəki meyxanəsini.
 
 Mənsə,
 Son siqaretimi yandırıb
 qarışdım küçələrə.
 Noyabrı, məni və yarpaqları süpürən
 xırçın küləklərə.
  
 Yarpaqlar bir uzaq gecəni
 qızılı rəngə boyamağa getdilər.
 Qadının sarı saçları
 bilmirəm bu anda kimin qoynunu bəzəyir...
 Və noyabrdakı adam
 sərxoşluğunu içkisinə qatıb,
 Son nəfəsini bir qurtumla içir.
 
 Mənsə,
 yarpaqsız, qadınsız
 və yalnız
 bir axşamı töküb ürəyimə
 səhərə kimi
 küləkdə gəzəcəyəm...
 Bəlkə, gün doğarkən
 limanda
 dənizi yalnızlığımla kirləndirib
 bir qağayı tutacağam ovuclarımda,
 heç kim tanımayacaq məni.
 
 
 Sən əlimdən tutanda
 
 Sən əlimdən tutanda
 Dəniz basardı içimi...
 Sən əlimdən tutanda, ürəyim
 Yaşıl yosunlara ilişib qalıb günlərlə
 Axıntılarının ardınca getmək istərdi.
 
  Günlərlə,
Bəbəklərini alışdıran o gizli alovun qaynağını
 soruşardım özümdən.
 Gecələr boyunca yolumu azardım
 yolsuz və aşılmaz təpələrdə.
 Sonra işıqlar sönər,
 sonra ulduzlar düşərdi içimdəki sərin göllərə.
 Sən əlimdən tutanda
 mən idimmi,
 yoxsa bir başqası yeriyən səninlə...
 Dalğaları və rüzgarları tapdamadan yeriyən.
 
 Sən  əlimdən tutanda
 Bir mavilik çökərdi gözlərimə...
 Sonra bütün dənizlər çəkilər,
 Bir meşə uğultularla sarsılar,
 Bir göyərçin sürüsü havalanardı,
 Qış bürümüş ürəyimdən...
 Sən tutanda əllərimdən
 Bağçanın bəyaz daşlarına tökülərdi
 Qızılı yarpaqları bir çinarın.
 Və mən günlərlə
 O yarpaqlara bürünüb ölmək istərdim.
 
 Pərdələri açıq qalmış köhnə evlər kimiydik,
 Küləkdə yellənən, havalı və ürkək.
 Sən əlimdən tutanda
 Qayaları dəlib çıxardı bir çiçək.
 
 Sən əlimdən tutanda
 Yolçuluq basardı içimi,
 Kül rəngi buludlarda qalardım günlərlə...
 
 
 Xatırlama
 
 Hər şeir bir az yalanla başlar,
 Və hər şeir bir az ölümdür.
 Beləcə, bir-bir sürüyürəm daşlarımı,
 Nə qaldısa cibimdə...
 Və ən son əsgərim ölənə kimi
 Heç bir müharibə uduzulmayıb.
 
 Sizə heç baxılmamış güzgülər gətirə bilərəm,
 Alıb özünüzə baxarsınız, çünki həmişə dönükdür üzünüz. 
 Sən, gecəni alnında soyudan gülünc və zavallı insan,
 Baxma lampaların yalançı aydınlığına.
 İndi hansı qapını açsan
 Orada ölüm,
 bir ruh kimi gözləməkdədir.
 
 Orada durdum,
 Və əyib başımı dizlərinə toxundum,
 Başım bir qış qədər ağır,
 Baxdım ki, hər yanda daş,
 Və yalnızca daş var...
 (Dizlərin başımı vurmaq üçün bir daş divar).
 Unutma, hər şeir bir az yalanla başlar,
 Və onsuz da
 Bir məzar daşından başqa nədir ki ölü?
  
 Baş verməmiş intiharlar daşıyırıq cibimizdə,
 Əlimizdə gülünc və qəzəbli bir qəhrəman surəti,
 Döyülmüş, açılmış və bağlanmış qapıları döyürük...
 Saatlarımızı hey səhv vaxtlara qururuq,
 (bu səbəbdən də, aramızda hey qandalsız canilər dolaşır).
 
 Beləcə, iki addım daha atıram,
 Artıq deyiləsi heç bir sözüm qalmayıb dilimdə,
 (Nə də sizə verəcək əlyazması, bir sivilizasiyanın
 Gizli saraylarından bu günədək qalmış bir parça mis).
 İçimdə qar kimi keçilməz xatirələr,
 Və hər şeir bir az ölüm,
 O vaxt ki,  bir-bir çəkilib gedincə dostlar.
 
 Hər şeir bir az yalanla başlar,
 Varlığın və yoxluğun əkiz yalnızlığında...
 
 Ey sən!
 Hər oyuna dəyişək soyunan zavallı insan,
 Arada
 doğru addımla yeriyib
 Oğru xəyallar qurmaqdan əl çək,
 Çıx artıq sıradan!
 
 
1 Külək
2 Astroloji termindir 

 Türkiyə Türkcəsindən uyğunlaşdıran: Həyat Şəmi