Biz imzaları yox, əsərləri dərc edirik...

Mən sevəndə dərd oluram Günel Eyvazlının şeirləri
1420
02 Oktyabr 2017, 11:27
  artkaspi.az Günel Eyvazlının yeni şeirlərini təqdim edir:
 

 
 

  Darıxma
 

Tör-töküntü bir evin küncündə
Yatmağa yerin varsa, sən xoşbəxtsən.
 
Bu geniş dünya sənin üçün döşənib.
Bu göy sənin tavanındır.
Tək deyilsən.
 
Ruhun belə pərvazlanmaq istəyəndə
Durma, qanadlan.
Günəş kimi şəfəq saç.
Külək kimi havalı ol.
 
Yolunu gözləyən var.
Ən azından kitabların, yarımçıq yazın,
bir stəkan suyun hələ də səni gözləyir
taxta masa üzərində.
 
Dərindən nəfəs al.
Ya da, səni təpədən-dırnağa isladacaq
yağış altında islan.
 
Sonra isti çay,
Bir az musiqi, bir az sinema.
 
Hələ ki, yorğana bürün.
Mənə inan, isidəcək.
 
Kim deyib ki, həyat yalnız cütlüklərdən ibarətdir.
Darıxma!

 
  Sən Tanrısan
 

Özünü dərya bilib
Özünə atılmaq var.
Özünə güvənmək var.
Özünə inanmaq var.
Axil kimi ən həssas
Yerindən vurulmaq var.
Sən güclüsən.
 
Səhra yağışı kimi,
Qar soyuqluğu kimi
Gün aydınlığı kimi.
Nizələr dünyasında
Zeytun budağı kimi
Sülh çağırır dodaqlar.
Sən dözümsən.
 
Küsüb barışan oldu
Tale nağıl danışır.
Bu edam dünyasından
Neçə dillər asılır
Bəzisi susub gedir
Bəzisi deyib gedir
Sən şairsən.
 
İşıq gələn tərəfdə 
Yaşamaq olar, olar.
İt hürüşün səs bilib
Ona aldanmaq olar.
Dünya boyda bağlanıb,
Sonra açılmaq olar
Sən çiçəksən.
 
Sərt közmək yara üstə.
Bir gün qopub düşmək var.
Çat-çat yarğanlar kimi
Yenidən bitişmək var.
Yenidən yaşamaq var,
Yenidən sevilmək var.
Sən qadınsan.
 
"Adın nədir?” soruşdu
"Heç kiməm” dedi ona.
Tapılmadı Odissey
İtib görünməz oldu.
Həyat budur, əzizim
Gözləmək qalır sənə.
Sən sevgisən.
 
Bir ovuc torpaq götür
Yenidən dünya yarat
Yenidən Adəm yarat
Yenidən Həvva yarat
Hər şeyi lap əvvəldən
Hər an başlamaq olar.
Sən tanrısan.
 
 

 

  Sərxoşluq nəğməsi
 

Bulud, bulud
Buludun arxasında ləkəsiz səma.
Şimşəklər çaxılır
İnsan başına.
 
Yerin dərinliyində günəş var –
Günəş.
Ulduzlar sayrışır
gecənin qaranlığında.
Bir də insanlar var –
Mağaralarda.
 
Yağış, yağış
Hər damlası
Yuyur, yuyur
Və bir gün səni də yuyub aparacaq.
Şose yolunun üzərindəki
Dəliklərdən axıb gedəcəksən.
 
Soyuq, soyuq
Əllərin ciblərində gəzişir.
Bir qızın gediş haqqını verə bilməyincə
büzüşürsən.
 
Qədəh, qədəh
İçəcək zaman səndən.
Başqasını içən kimi,
Sən də içiləcəksən.
 
Uzaq, uzaq
Aldat özünü.
Metrələrlə ölç
Qəbirdən sənə qədər olan məsafəni.
 
Ucuz, ucuz
Alver edirsən bu dünya ilə.
Satılma!
Özünü ələ al. Ələ vermə.
Hələ tezdir –
Yer altına tələsmə.
 
 
 
  Qaçdıq
  

Mənim ağrılarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər.
Sonra güllələdilər.
Bir-birinə top atırdı uşaqlar.
Susdular, qaçdılar.
Sonra biz qaçdıq.
Saçımız ilişdi barmaqlıqlarda,
Saçımızı qoyub qaçdıq.
 
Mənim sükutum
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Sonra güllələdilər.
Hamımız bütümüzü ağuşumuza aldıq
Qaçdıq…
Başmağımız daşa ilişdi
Ayağımızı qoyub qaçdıq.
 
Mənim göz yaşlarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər,
Sonra güllələdilər.
Qırmızı bayraqlara büründük
Qaçdıq...
Ağlımız orada ilişib qaldı.
Başımızı qoyub qaçdıq.
 
Mənim dediklərim,
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Güllələdilər…
Öldürmədilər!
Özümüzdən aparmadıq.
Qaçdıq… Qaçdıq…
 
 
  Bir uşaq
 
Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.
 
Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.
Amma təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.
Söz yazır, cümlə yazır.
"Gəl” yazır, "Apar” yazır.
 
Qoy tutum uşaqlar tək əllərindən, ay ata.
Çox demirəm, bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün, atam var, atam mənim.
 
Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni, ata.
 
Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin, səni dilə gətirmək.
Köks ötürüb dinməzcə mən yollara baxıram,
Ataların üzündə atamı axtarıram.
 
Səndən heç kim danışmır naməlumsan, itkinsən.
Anamın sözlərində əbədi nifrətimsən.
Sadəcə bir maraqdır səni bir dəfə görmək,
Rəsmini sonumadək beynimdə həkk etdirmək.
 
Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
Mən sənin əvəzinə anamı yaradıram.
 
Mən sevəndə
 
Mən sevəndə ruh oluram,
Ac oluram, tox oluram.
Daş oluram, dağ oluram,
Gah doluram, boşalıram.
 
Mən sevəndə göz oluram,
Səhv oluram, düz oluram.
Çox oluram, az oluram,
Çoxalıram, azalıram.
 
Mən sevəndə bölünmürəm,
Kiminçünsə görünürəm.
Özüm üçün görünmürəm.
 
Mən sevəndə dərd oluram,
Sevənlərin qarşısında pərt oluram.
 
Bəzən coşqun dəniz kimi
Qayalara çırpılıram,
Damlalara bölünürəm,
Hissələrə bölünürəm.
 
Mən sevəndə tək oluram,
Yox oluram, puç oluram,
Heç oluram, heç oluram.
 
Mən sevəndə tapılmıram,
Yer üzündə, göy üzündə.
Heç nə vermir mənə sevgi
Əvəzində.
 
Mən sevəndə məni tərk et,
Yəni dərk et.
Unut, dərd ver, intizar ver,
Məhəbbəti yumaq elə
Toxumaqçün əllərə ver.
 
Mən sevəndə dəymə mənə
Qoy ağlayım, qoy sızlayım.
Varlığında yoxluğunu,
Yoxluğunda varlığını
Tarazlayım.
 
 
  Səbəb
  
Hamının uyuyacağı yer
torpaq deyil.
Necə ki, bir buddist –
Tonqalda yandırır
atasını, anasını
dəfn edir küləklərdə.
 
Dağlar onları aşmaq üçün
Deyil!
Nələrisə gizlətməkdir
Arxasında!
 
Günəş – sənin düşündüyün
İstilik deyil,
Nə də işıq.
Bədəninin nəmini
buxarlandırmaqdan ötrüdür.
Göydə bulud olsun
yenidən yağmağa.
 
Bu dar yoldan
Bir-birinin ətəyindən
tutaraq keçə bilər insanlar.
 
Və ya
Dəniz üzmək üçün deyil!
Gəzmək olar üzərində İsa kimi,
Əgər, "onun məndən nəyi artıqdır” deyə
Düşünməsən!
 
 
 Bu

 
Xoşbəxtlik –
Qışdan yaya qalmış paltarlarımın
Cibindəki pul kimidir.
Tapıram, sevinirəm.
 
Qismət –
Külək əsən kimi yerə tökülən
Kal armud kimidir.
Görürəm, məyus oluram.
 
Zaman –
Gözümün önündə
böyüyən övladım kimidir.
O böyüyür, qocalıram.
 
Həyat –
Hava kimidir
Çəkməliyəm, udmalıyam.
 
 
Mən –
Hamı kimiyəm.
Yaşamalıyam, ölməliyəm.