Biz imzaları yox, əsərləri dərc edirik...

Mən ölüncə danışmayaqElnaz Eyvazın şeirləri
1304
25 Aprel 2017, 09:36
  artkaspi.az Elnaz Eyvazın şeirlərini təqdim edir:
 

 
Mövlud Mövluda...

Soyuq dəyər, üşüyərsən.
De, torpağın qalındımı?
Qurtulmaq istədin dərddən,
heç olmasa, alındımı?!
 
Yaman dəymədüşər idin,
Xətrinə dəyənin yoxdu?!
Sən ki dost-tanış sevəndin,
qapını döyənin yoxdu.
 
Yenə elə gülürsənmi,
əlini vurub əlinə?!
Dərdli-dərdli susursanmı,
əlini qoyub belinə?!
 
Kim mənə elə ərk edər?!
Bundan belə, de, ay zalım.
Necə çırpdın göydən yerə,
daha düzəlmir əhvalım.
 
Mənə deməmiş getmisən,
küsmüşəm, gəl, barışmayaq.
Bircə kərə zəng elə, sus,
Mən ölüncə danışmayaq...
 
  *** 
 
Gedəsən,
bir də gələsən.
Gəlib görəsən
düzəlib
əyrisi bu dünyanın.
Yerin boynubükük qalıb,
tuta bilməyib yerini
qeyrisi bu dünyanın.
 
 
  ***
Bir dəfə nəfəsin 
toxunsun deyə,
bir cüt baxışına 
dözmək xətrinə
dözəsən hər şeyə, 
dözəsən gərək.
Tutub əllərinin 
soyuqluğundan,
qalxasan adının ucalığına,
batasan gözünün dərinliyində,
yatıb ürəyinin genişliyində
xəbərin olmaya yalan dünyadan,
heç xəbər tutmaya anam dünyadan.
Bilməyə ölmüşəm,
qalmışam harda,
bilməyə nə qədər rahatdır yerim.
Bir də doğulasan 
kişi bətnindən,
bir də gözlərini açıb görəsən
üzünün işığı düşür gözümə.
Bu dəfə əməlli Qadın olasan.
Yoluna çıxmaya nadürsüt, 
zalım,
nə də ki, nanəcib yadın olasan...
Bir də yaşayasan zülüm həyatı,
ta ki məhv edincə ölüm həyatı,
bir də tanıyasan,
bir də, lap bir də,
ölüb diriləsən,
sevəsən Səni...
 

 
 
  *** 
Bəlkə, sonuna çatmışam,
bəlkə də, yarı yoldu bu.
Dünyaya gəlmək olmadı,
oyuna düşmək oldu bu...
 
  *** 
Neynirəm ev-eşiyi,
tavanı, damı, 
üzümə duran dörd divarı,
mülkü-varı...
Aç qapını:
əllərimdə tumar,
ürəyimdə sevgi,
gözlərimdə işıq.
Dodaqlarımda gülüş,
gülüşə nisgil qarışıq.
Dilimin ucunda 
çəkməyə qorxduğum adın,
hansı ki heç bir qadın
onu bu qədər susmadı.
Nəyim var heç kimin görmədiyi,
görə bilmədiyi,
qarşısında kor olduğu,
yığıb Sənə köçmüşəm...
 

 
  *** 
Gileylənmə fəsildən:
bu nə qar, nə yağışdı?!
Ürək isinməyəndə
fəsillər hamsı qışdı...
 
 
  ***
Yağış yağır: 
tut ucundan
qalx göyün göz yaşın sil...
 
  ***
Çəkə bilmirsən?
Ağırdır?
Ağrını alım, daşıyım.
Səni bu qədər ağrıdır,
ver mənə,
özüm yaşayım...
 
  ***
Payız buludu kimiyəm, 
fəqət
hələ də yay ayaqqabısında gəzən
kimsəsiz uşaqdan utanıb
yağmıram...
 
  ***
Bilirsən niyə 
yaşayıram?
Uşaqlar anadan,
atalar qızdan yetim qalır deyə, 
Ata...
 
  ***
Bir az həyatdan küsmüşəm ,
bir az da dostdan-tanışdan.
Öp alnımdan, uzaq getmə,
mənə sevgindən danış da.
 
De ki, nə yaxşı mən varam,
yaxşı ki, sevmisən məni.
Həyat dəyişib gözündə
məni tanıyandan yəni.
 
De ki, gözlərim güləndə
yaddan çıxır dərdin-sərin.
Təzədən dirilib gəlir
ölüb gedən ümidlərin.
 
Var-dövlətim yox ki, səni
tutam gümüşə, qızıla.
Bir telinə dəyişmərəm,
yüz gözəl-göyçək qız ola.
 
De ki, daha nə dilərsən,
ay dilbilməz, ay ərköyün?
Səndən başqa kimim var ki,
ay sənin tikilsin öyün?!
 
 
  ***
Öləndə elə öləsən,
Nə yad inana, nə yaxın.
Sevgilin də çaşbaş qala:
O ki məni sevirdi,
necə yəni öldü axı?