Biz imzaları yox, əsərləri dərc edirik...

Mən ki istəmirdim qarşılaşaq biz – Seyran Səxavətin ilk kitabı
3543
13 İyul 2017, 09:40
  artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Seyran Səxavətin ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:
 
 
 

  Seyran Səxavət 1946-cı il martın 23-də Füzulidə dünyaya gəlib. Şairin ilk kitabı "Adalar” 1970-ci ildə "Gənclik” nəşriyyatında
çap olunub.. 4500 tirajla nəşr olunan kitab 28 səhifədir. Kitabın redaktoru İlyas Tapdıq, rəssamı A.Ələkbərov, bədii redaktoru Y. Ağayev, texniki redaktoru S.Orucova olmuşdur. Kitabın qiyməti isə 7 qəpikdir.  
 
 
 
Adalar
 

Sular adaları dağıdır, didir,
Adalar dənizdə həyat diləyi.
Adalar səhrada tək ev kimidir.
Adalar torpağın qərib gileyi...
 
Demə adalarçün bu torpaq darmış,
Suda yaşamağın mənası varmı?
Dünyanın qəribə işləri varmış,
Torpaq da torpağa həsrət qalarmı?
 
Adalar qubarlı, bəlkə söz dəyib,
Boynunu həsrətlə burubdu torpaq.
Suların altında sanki dözməyib,
Qalxıb ayaq üstdə durubdu torpaq!..
 
Sular adalara elə gülər ki,
Sahilə həsrətlə baxar adalar.
Birdən mənə elə, elə gəlir ki,
Yeriyib sahilə çıxır adalar!
 
Hər şeyin qeydinə qalsaydı dünya,
Nə ölüm nə də ki, itki olardı.
Sulardan ibarət olsaydı dünya,
Adalar qəribə bitki olardı...
 
Qəlbimdən yüz fikir keçir bu anda,
Kimsəsiz adalar kamandır, neydir,
İnsan olmayanda, mən olmayanda,
Elə adalar da su kimi şeydir.
 
Adalar pəhləvan, köksündə sular,
Ucalmır nəğmələr, ağılar orda.
Balıqlar adaya düşsə boğular,
Dənizçi təzədən doğular orda...
 
Ada, tufanlarda yum gözlərini,
Çırpınıb köksünə, azsın dalğalar.
Batan insanların son sözlərini,
Sinənin üstünə yazsın dalğalar...
 
Adalar dənizin torpaq qoxusu,
Adalar dənizin şirin barıdır.
Adalar dənizin torpaq yuxusu,
Dənizin quruya qapılarıdır.
 
Qılınctək dənizdən çıxıb sıyrılıb,
Ada min dalğanın təkcə yarımı?
Sanki insanları sevib ayrılıb,
Adalar torpağın məcnunlarımı?
 
Kimsəsiz adalar bir qul, bir kəniz,
Gizlicə göz yaşı tökər adalar.
Tufanla oynayıb əylənər dəniz,
Ancaq ağrısını çəkər adalar...
 
İnsanın bir şeydə gözləri qalsa,
"ksi gözlərinin yaşına düşər.
Dənizə ildırım düşməli olsa,
Yenə adaların başına düşər...
 
Adalardan təmiz dünyada nə var,
Adalar ömrünü salıb çətinə –
Bax, buna görə də bütün insanlar
Gəlsin adaların ziyarətinə!
 
 
 
 
 

 Bir güllə
 

Neçə il qabaq
Həyat ölümə satıldı.
Evimizdən çox-çox uzaqda
Bir güllə atıldı...
Axtardıq:
Mən atamı,
əmim qardaşını,
bir nənəm oğlunu,
bir nənəm kürəkənini,
kimsə dostunu,
anam da ərini.
Atama dəyən gülləni tapsaq,
Ondan soruşardıq, atamın
Yerini...
 

Sallandığın qollar
 

Gəzirsən dünyada səssiz-səmirsiz,
insan azdırmağa duman kiçikdir.
Yenə qarşılaşdıq bir döngədə biz,
Dedim, yer kürəsi yaman kiçikdir!
 
Gah yerə baxırsan, gah da ki göyə,
Niyə bu dünyada gərək çaşaq biz.
Niyə qarşılaşdım səninlə, niyə –
Mən ki istəmirdim qarşılaşaq biz...
 
Uzaqlar uzaqdır, güldün yaxınla,
Oğlanın qolundan sallanmısan sən.
Hərəni bir dəfə aldatmağınla
Dünyada ömürlük aldanmısan sən.
 
Düşmürsən, düşmürsən ağızadan, dildən,
Eh!.. Taylı tayıyla tapışa bilmir!
Qollar var – sürüşüb çıxırlar əldən,
Əllər var – bir qoldan yapışa bilmir!..
 
İnsan – uzaq mənzil. Böyükdür adı,
İnsanlar ən uzaq mənzilə yetdi,
Səninsə mənzilin uzaq olmadı,
Bu qoldan başlayıb, o qolda bitdi.

Xəbər lenti