Biz imzaları yox, əsərləri dərc edirik...

Mən heç bir qadının ağ atlısı olmadım – Şəhriyar del Geraninin yeni şeirləri
559
16 Avqust 2018, 09:30
  Artkaspi.az Şəhriyar del Geraninin yeni şeirlərini təqdim edir:
 
 

 

bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar
üzülmə, quşlar ona çatarlar.
uzaqlaşar  ömürdən  sevgilər də astaca
gedirsən – üçcə heca.
 
Yağış yağır deyirsən, bilirəm
günəş çıxıb deyirsən, bilirəm
külək əsir deyirsən, bilirəm
Mən bilirəm qəribdi adamlar...
 
qayıdıram evimizə, əlim ətəyimnən uzun
atam saxura oyanıb,
ucadan qılır namazın
dualar qəbul olunub
yan otaqdan körpə səsi gəlirsə,
günəş boy göstərirsə, 
buğdalar cücərirsə,
Allah qəbul eyləsin quşların duasını, 
Allah qəbul eyləsin daşların duasını.
uzaqdan fit verir qatarlar...
 
qadınların ən gözəli mənim ömrümə düşdü
amma mən heç bir qadının ağ atlısı olmadım.
anam öldü, yas saxladım, anam öldü deyirəm
amma mən heç bir ananın bayatısı olmadım.
 
 

 
Anam qadın, bacım qadın, qızım qadın
ağlama, əlləri nağılım mənim.
düz deyirsən, Allah haqqı qalmayıb ağlım mənim.
Anam qadın, bacım qadın, qızım qadın,
ağlama, əlləri nağılım mənim
Mən bilirəm kimə düşür almalar...
 
yaşayırsan, deyirsən: Ömürdü
ölürsən, deyirlər: Həyatdı...
Daş üstünə çəkilmiş gül şəkli
ətriylə hamını aldatdı...
 
Nəysə, eşit nə deyirəm
atası müharibədən qayıtmayan sinif yoldaşım
inşa yazısından dörd almışdı –
"güllə” sözünü sətirdən-sətrə səhv keçirmişdi...
İndiki kimi yadımdadı.
 
 
***

Gər çi gör üzüüü...m üstə yağışları,
diziii..m üstə gəlib sənə bağışlanam.
Gər bilmənəm savabı nəydi, suçları –
düzüb gedib gözü...m üstə baxışların,
Ömür keçir səni itirməy ilən...
 
Elə tutardım əllərin, 
əllərin elə yoxdu ki.
Elə öpərdim saçların, 
saçların elə yoxdu ki.
Gözümü yumub sayıram gizlənəsən laaa...p uzağda,
Dil gəl, gedən ömürdəndi, Allahda elə gün yoxdu
Ki, ömürdən sayılmasın...
 
 

 
Gər çi gör necə çevrilir yağış dəniz üzünə,
Ay bu gözəlim yağışda balıqlar da islanar.
Sən – bu yağışlı gecədə yuxusuna girdiyim qız
yuxunu suya düz danış, sular yalan götürməz!
İlahi, heç bir balıq tilovuna yubanmasın...
 
 
 
 

 
Yubanmasın balıqdısa, uşaqdı,
qaçıb gəlib ayağına, uşaqdı
dizin bilib al qoynuna, uşaqdı
süd dişinə sap bağlayan uşaqdı
qorxur ağrısınnan səni itirməyinin...
 
Qamışınnan ayrı düşən ney ahım,
Balıqların duasıdı sabahım.
Məni elə bağışla ki, bilinməsin günahım,
Ay sənə and verirəm
alnımın açıq yerinnən, üzümün ağ yerinnən...
 
525.az