artkaspi.az gənc şair Vasif Əlihüseynin şeirlərini təqdim edir:
Ünvanını Bilmirəm
Qar yağır
sobanın istisinə qısılıb
anamın ölmədən öncə
bişirdiyi mürəbbəylə çay içirəm
və sənin getmədən öncə
birlikdə çəkdirdiyimiz şəkillərinə
baxdıqca,
düşünürəm ki heç kim əbədi deyil
soyuqda isinmək üçün
bütün şəkillərimizin sən tərəfini yandırmışam
ünvanını bilmirəm
yoxsa külünü qapınıza göndərərdim...
Qolları arxasına qandallanmış məhbus kimiyəm
Məni görmədiyin gecələrdə
nə qədər ağlamısansa
hamısı susuzluğumu yatırdıb
şəkillərimə baxdıqca
daha çox
gözümə görünmüsən
qolları arxasında qandallanmış
məhbus kimiyəm
sən gül gözləyirsən
mən isə
əlvida demək üçün əyilmişəm
qulağına pıçıldamağa
Anam
Üzünü
bu şəhərdən gizlədib.
Hər sabah yolları
süpürən anam.
Baxışındakı gileyi
süpürə bilməyəcək zamanı
gözlərindən
və bir də, alnındakı qırışları
ütüləyə bilməyəcək.
Qulaqlarını tutmuş
tıxaclı maşınların
siqnal səsləri
ürəyində sadaladığın
ehtiyacların sırasını
poza bilməyəcək, anam.
Ən yaxşısı
gedək kəndimizə
qapı-bacamızı süpür.
Bir də
sıyır yaşmağını
kəndimizə üzü açıq bax.
Və unutma
şəhərdən gətirdiyin
küçə adlarını,
çünki, "Qəhrəmanlar unudulmur”.
İndi elə rahatam ki, uzaqda
Vağzaldakı o qız kimi sən də dillən,
de ki, indi yola düşür avtobus.
De ki, indi pəncərədən boylanıb,
sənin üçün əl etməyin vaxtıdı.
Yoxluğunla uzaqdısa əllərin,
qayıtsan da, yollarını qısaltmaz
sənin dərdin elə dərdi, əzizim.
başqa heç nə məni belə qocaltmaz
az maraqlan mən neylədim, nə oldum,
kimi gördüm, kimi sevdim, əminsən?
indi elə rahatam ki, uzaqda,
heç bir qadın deyə bilmir, mənimsən.
Mən də elə darıxıram
Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda.
Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur təkliyim də
özümün pisimə gəlir.
Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür.
Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm.