Biz imzaları yox, əsərləri dərc edirik...

Biz necə şeir istəyirik?
1329
15 Yanvar 2018, 12:58
                                                                  
  Milli ədəbiyyat, şeiri deyildikdə ağıla ilk gələn "türkçülük, sadə dil, heca vəzni, milli motivlər"dir. Sadə bir dilin istifadə olunduğu şeir "vətən sevgisi və milliyyətçilik", türkü nəzm formasını xatırladan bəndlər və heca ölçüsü ilə yoğurulduğu üçün "milli ədəbiyyat şeir ənənəsini" əks etdirməkdədir. Şeirlərdə mövzu olaraq Anadoluda yaşanan həyat həqiqətləri, xalqın yaşamı və problemləri, tarixi hadisələr ələ alınmışdır. 
  Milli ədəbiyyat və Türkçülük axınının öndə gedən təmsilçilərindən biri olan, "Türk ocağı" jurnalının qurucusu, redaktoru, şair Məhməd Əmin Yurdaqulun türkçülük və milliyyətçilik ideologiyasının inkişafında müstəsna xidmətləri olmuşdur. Məhməd Əmin Yurdaqul öz məhvəri ətrafında sənət fəaliyyəti ilə məşğul olan şəxsiyyətlərdən biri olaraq milli ədəbiyyatın ilk poetikasını, şeir anlayışını həm də mənzum olaraq "Sərvəti-fünun" jurnalında çap etdirdi. "Biz necə şeir istəyirik?" adlı bu mənzumədə Məhməd Əmin Yurdaqul xalqın adından çıxış edərək əsl türk şeirinin necə olmasından, dilin sadəliyindən, lüğətə baxmadan hər türkün şeiri başa düşə bilməsindən bəhs etmişdir:
 

 
  Bir şeir ki, şəhidlərin al qanıyla yazılmış,
  Bir qılınc ki, bir kitabın alt yanına asılmış,
  Bir altından heykəldir ki, bir odaya qoyulmuş.
 
  Biz o şeiri istəriz ki, cütə gedən atalar,
  Əkin biçən gənc qızlarla, odun kəsən analar,
  Yanıq səsin dinlər ikən göz yaşların silsinlər.
 
   Başlarını açıq, bəyaz sinəsinə qoysunlar,
   Ürəyinin özləriyçün çırpındığın duysunlar,
   Bu çırpıntı, bu səs nədir və nələrdir? Bilsinlər. 
 
   Məhməd Əmin Yurdaqulun bu və bundan sonrakı əsərləri, xüsusilə də Səlanikdə çıxan "Uşaq bağçası" jurnalında nəşr edilən şeirləri dilin sadələşdirilməsi baxımından diqqətə layiqdir.
Şairin düşüncə tərzinin və ədəbi zövqünün formalaşmasında Namiq Kamalın böyük rolu vardır. Məhməd Əmin Yurdaqul Namiq Kamalın bütün əsərləri ilə tanış olmuş, onların təsirinə düşmüşdür. 1891-ci ildə bu təsir altında türkçü-milliyyətçi şair "Fazilət və əsalət" adlı mənsur əsərini yazmışdır. Bu əsər əxlaq, hüquq normaları haqqında yazılmış bir nəsr əsəridir. 
  Milli ədəbiyyat sahəsində türkçülüyü müdafiə edən əsərlər yazan ədib şeir sənətinə çox böyük tövhələr vermişdir. Sənətçinin şeirləri: "Türkçə şeirlər", "Türk sazı", "Ey türk oyan", "Tan səsləri", "Ordunun dastanı", Zəfər yolunda", "Turana doğru", "Ankara", "Mustafa Kamal", "Anadolu", "Üsyan və dua", "Türkün hüququ", "Xəstə baxıcı xanımlar", "Cəngə gedərkən". Mənsur əsərləri: "Fazilət və əsalət", "Kral Corca", "Danteyə". 
Məhməd Əmin Yurdaqul türk poeziyasında türkçülük, milliyyətçilik ideyalarını təbliğ edən bir şair olmuşdur. Onu oxucuya daha çox sevdirən və yaxınlaşdıran sözsüz ki, 1897-ci il türk-yunan müharibəsi üzərinə "Əsir" qəzetində nəşr etdirdiyi "Mən bir Türkəm dinim, cinsim uludur" misrasıyla başlayan "Cəngə gedərkən" şeiridir: 
 
  Mən bir Türkəm dinim, cinsim uludur,
  Sinəm, özüm atəş ilə doludur,
  İnsan olan vətəninin quludur,
  Türk övladı evdə durmaz, gedərəm.
 
  Bu torpaqlar əcdadımın ocağı
  Evim, kəndim, həp bu yurdun bucağı
  Budur vətən! Budur Tanrı qucağı!
  Ata yurdun övlad tapmaz, gedərəm.
 
  Tanrım şahid duracağam sözümdə,
  Millətimin sevgiləri özümdə,
  Vətənimdən başqa şey yox gözümdə,
  Yâr yatağın düşmən almaz, gedərəm.
 
  Ağ köynəklə gözyaşımı silərəm,
  Qara daşla bıçağımı itlərəm,
  Vətənimçün ucalıqlar dilərəm,
  Bu dünyada kimsə qalmaz, gedərəm.
 
 
  Bu şeirdə Məhməd Əmin Yurdaqulun gəncləri mübarizəyə səsləməsi, türklərin əzmi, türk millətinin ululuğu tərənnüm edilmişdir. 
  Ümumiyyətlə, Məhməd Əmin Yurdaqul əksər şeirlərində xalqını şanlı türk tarixi və türklüyü ilə qürur duymağa səsləmişdir. Şairin türkçülük fikirlərinin formalaşmasında İrandan gələn kökü Azərbaycan türkü olan Cəmaləddin Əfqaninin böyük rolu olmuşdur. Cəmaləddin Əfqani Osmanlı dövləti əhatəsində böyük İslam birliyi yaratmaq ideyasını yaymışdır. O, müsəlmanları istirmarçılara qarşı mübarizəyə səsləmiş və bütün İslam aləmini oyandırmaq Cəmaləddin Əfqaninin böyük arzusu olmuşdur. Məhməd Əmin Yurdaqul bu fikirləri mənimsəyərək türkçülük ideyaları ilə birləşdirmişdir. Cəmaləddin Əfqaninin şəxsiyyətinə çox böyük hörmət edən Məhməd Əmin Yurdaqul bu fikri söyləmişdir:
 

 
  "Məni o yoğurmuşdur. Əgər ruhların ölməzliyi həqiqətən varsa, əminəm ki, o, bədənini Maçka məzarlığının torpaqlarına buraxaraq ruhunu da mənə yadigar qoymuşdur. Cəmaləddin Əfqaninin ruhu məndə yaşamaqdadır". 
Məhməd Əmin Yurdaqul Cəmaləddin Əfqaninin məclislərində iştirak edərkən eyni zamanda ona məşhurluq qazandıran "Türkçə şeirlər"ni də oxumuşdur. Bu şeirlər Cəmaləddin Əfqani tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz bu şeirlərdən sonra bir çox türk şairləri, o cümlədən Rza Tofiq Bölükbaşı da heca vəznində türkçə şeirlər yazmağa həvəslənmişdir. 
  1911-ci ildə "Türk yurdu" jurnalı nəşr olunmağa başladığında Məhməd Əmin Yurdaqul qarşısına böyük məqsədlər qoymuşdur. Məqsədlər arasında türkçülük fikirlərini yaymaq və türklərin ziyalılıq səviyyəsini artırmaq vardır. Ümumiyyətlə, Məhməd Əmin Yurdaqul "Türk ocağı"nın qurucularındandır. 25 mart 1912-ci ildə qurulan "Türk ocağı" jurnalının ətrafında Yusif Akçura, Əhməd Ağaoğlu kimi türkçü-milliyyətçi ziyalılar yer almışdır. "Türk ocağı" daha sonralar bir çox ziyalıları özünə cəlb etmişdir. "Türk ocağı"nın ideyaları arasında siyasi bir hərəkat yer almaqdadır. Yəni burada müxtəlif siyasi fikirləri müdafiə edənlər toplanmışdır. "Türk ocağı"nın açılışında Məhməd Əmin Yurdaqul  gəncliyə xitabən bu fikirləri söyləmişdir:
  "Ey gənc, bax, sənin ocağın bu gün də səni çağırır. Onun milli ruhu sənə bu gün də başqa bir mücadilə yolu göstərməkdədir. Dağıdılmış, yıxılmış, xaraba qoyulmuş, kasıb vətənimizin həsrətini çəkirik. Burada gənclər baş-başa verib siyasi məhdudiyyətləriylə, dağlarıyla, dərələriylə deyil, qələmi ilə, feyzi ilə, sənəti ilə yeni bir vətən cızıb ortaya çıxaracaqdır". Bu fikirləri Məhməd Əmin Yurdaqul İstanbulun hələ işğal altında olduğu dövrdə "Türk ocağı" nın İstanbul şöbəsinin açılışında söyləmişdir.
  Məhməd Əmin Yurdaqul şeir anlayışını "Məmləkətimin insanlarının, dərdlilərinin kiçik şairi olmaq, ölkəmin azadlıq və səadətini təmin etmək üçün yaşamaq, budur mənim həyatımın və sənətimin bütün qayəsi" sözləri ilə ifadə etmişdir.
  Şair Anadolu xalqının bütün acılarını, duyğularını, düşmənə qarşı mübarizə və mücadiləsini "Anadolu" adlı şeirində yüksək səviyyədə ifadə etmişdir: 
 

 
  Yeriyirdim: Ağlayırdı dənizlər; 
  Yeriyirdim: Tökülürdü yarpaqlar;
  Yeriyirdim: Saralmışdı yaylalar; 
  Yeriyirdim: Əkilmişdi tarlalar.
  Bir səs duydum, dönüb baxdım, bir qadın:
  Gözlər dönmüş, qaşlar çatılmış, üz yorğun;
  Dəri çatlamış, bağrı qapqara,
  Sağ əlinin üzərində  bir yara
  Başında bir əski püskü peştemal (yaylıq)
  Qoltuğunda bir yamaqlı boş çuval...
 
 
 


  Məhməd Əmin Yurdaqul cəmiyyətin problemlərindən, epik həyat səhnələrindən alan əsərlər yazmaqla türk ədəbiyyatına milliyyətçi bir ruh qazandırmışdır. Türkçü-milliyyətçi səpkidə yazdığı şeirlərini sadə bir dil və heca vəznində qələmə almışdır. 
  Qəhrəmanlıq, coşğu, cəsarət ünsürlərinə geniş yer verən sənətçi; milli duyğuları xalq diliylə və özünəməxsus bir üslubla dilə gətirdiyi üçün "Türk şairi, Milli Şair" olaraq yaddaşlara həkk olunmuşdur.