Biz imzaları yox, əsərləri dərc edirik...

Mən Azərbaycanı sevirəm – Düsen Kaseinovun müsahibəsi
1604
26 Dekabr 2018, 10:11
 TÜRKSOY-un (Türkdilli Ölkələrin Beynəlxalq Mədəniyyət Təşkilatı) təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il biri Türk dünyasının mədəniyyət mərkəzi seçilir. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində müxtəlif mədəni tədbirləri keçirilir. 8 ildir ki, davam edən ənənə bu il Qırğızıstan Respublikasının Oş şəhərinin mədəniyyət paytaxtı seçilməsi ilə sonuclandı. Belə ki, mədəniyyət paytaxtı estafeti Türkiyənin Kastamonu şəhərindən Oş şəhərinə keçdi. TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 37-ci  toplantısının da 2019-cu ildə Oş  şəhərində keçirilməsi qərara alındı. Qeyd edək ki, TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunub. Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY Şurası tərəfindən Qazaxıstanın paytaxtı Astana seçilib. Daha sonra Əskişəhər, Kazan, Mari, Şəki və Türkistan şəhərləri də növbə ilə mədəniyyət paytaxtları seçilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov "Kaspi”yə eksklüziv müsahibəsində rəhbərlik etdiyi təşkilatın hazırkı və gələcək fəaliyyətindən söhbət açdı.
 
 
 
 
 

 
 – Düsen bəy, 25 illik yubileyini qeyd edən TÜRKSOY hansı nailiyyətləri qazanıb? Öz coğrafiyasını genişləndirməyə nə qədər nail olub?
 – Siz TÜRKSOY-un coğrafiyasını keçirilən konsert tədbirindən yaxşı izlədiniz. Təkcə rəqslərdən Avropa-Asiya ölkələrinin ərazisində nə qədər türkdilli xalqların yaşadığını görmək olar. Həmçinin türkdilli ölkələrdə təkcə türk xalqları yaşamır. Bu tarixi ərazilərdə onlarla xalqlar yaşayır. Ona görə biz ayırmırıq. Məsələn, əgər Dağıstandan kollektiv dəvət ediriksə, bilirik ki, orada qumuqlar, noqaylar və ya başqa xalqlar da yaşayır. Bu baxımdan, kollektivin üzvləri arasında başqa xalqların nümayəndələri də gəlir. Həmçinin, Azərbaycanda da eyni vəziyyətdir. Siz yəqin ki, ifa olunan rəqslərdə xalqların başqa millətlərin mədəniyyətinə nə qədər inteqrasiya etdiklərinin şahidi oldunuz. Onlar uzun illərdir ki, bizim layihədə iştirak edərək bir-birlərinin rəqslərini ifa edirlər. Türkmən, özbək, başqırd, qırğızlar bir-birilərinin rəqslərini oynayırlar və nəticədə mədəniyyətlər bir-birinə qarışır. Coğrafiya baxımından götürsək, biz bu il 25 illik yubileyimizi Argentinadan, Azərbaycandan başlayaraq Yaponiyaya qədər qeyd etdik. Bu, A-dan Ya-ya qədər deməkdir. Həmçinin Avropa ölkələrində - Fransa, Avstriya, Slovakiyada, təbii ki, Türkiyənin bütün şəhərlərində, o cümlədən türkdilli ölkələrdə birlikdə olmağımızın tarixini qeyd etdik. Hətta bədii hissəni 5-6 ölkədən kamera orkestri, Monqolustan da daxil olmaqla türk xalqlarının xalq çalğı alətləri ansamblı, tələbə və gənclərdən ibarət xor kollektivləri əhatə etdi. Bizim coğrafiyamız belədir. 
 
 
 
 – Türk dünyasının mədəniyyət paytaxtı 2019-cu il üçün Qırğızıstanın Oş şəhəri elan olundu. Mədəniyyət paytaxtlarının seçimi üçün əsas şərtlər nədən ibarətdir?
 – Gəlin bu siyahıya bir qədər əvvəldən nəzər salaq. 2012-ci ildə Astana, 2013-cü ildə Əskişəhər, 2014-cü ildə Kazan, 2015-ci ildə Marı, 2016-cı ildə Şəki, 2017-ci ildə Türkistan, 2018-ci ildə Kastomonu şəhərləri mədəniyyət paytaxtları seçilib. Artıq 8-ci paytaxt şəhəri olaraq Oş seçildi. Yenə də coğrafiyaya nəzər salın. Coğrafiya saat əqrəbi kimi ora-bura – Qərbdən Şərqə, Şərqdən Qərbə fırlanır. Əlbəttə, ildən-ilə bizim təcrübəmiz daha da artır. Daha çox incəsənət nümayəndələri bu tədbirlərdə iştirak etmək istəyirlər. Əgər birinci il bizim üçün hansısa kollektivləri toplamaq, seçim etmək çətin idisə, indi artıq təcrübə toplamışıq. Baxın, türk orkestri qaqauz və türkmən musiqisi ifa edir. Kollektivlərin solistləri həmin dillərdə oxuyurlar. Bu, xalqların bir-birinə mədəni inteqrasiyasıdır. Bütün bunlar çox mükəmməl hazırlıq tələb edir.
 
 
 
 – Hər hansı bir şəhəri mədəniyyət paytaxtı seçmək TÜRKSOY öz seçimi ilə müəyyənləşir?
 – Biz paytaxtı seçmək istədiyimiz ölkəyə təklif edirik. İlk növbədə seçdiyimiz şəhər tarixi olmaqla bərabər mədəniyyəti zəngin olmalıdır. Məsələn, necə ki, Kastamonu şəhəri mədəni və tarixi şəhərdir. Bu il paytaxt seçdiyimiz Oş şəhərinin 3018 yaşı var. Biz 2000-ci ildə bu şəhərin 3000 illiyini bayram etdik. Mərkəzi Asiyanın tarixi şəhərlərindəndir. Bu qədim şəhərdir və Mərkəzi Asiyanı Avropaya qədər birləşdirir. 15-ci əsrə qədər, Çin və Hindistan üçün qədim ticarət marşrutunda əhəmiyyətli yol olub. 
 
 
 
 – Yeri gəlmişkən,  Özbəkistanın da TÜRKSOY-da təmsil olunacağı ilə bağlı fikirləriniz səslənib. Hazırda bu əməkdaşlıqla bağlı hansı addımlar atılır?
 – Bu yaxınlarda nümayəndə heyətimiz danışıqlar üçün Daşkəndə yola düşəcək. Özbəkistanın mədəniyyət naziri Baxtıyor Sayfullayevlə görüşmüz nəzərdə tutulur. Daha sonra Xivə şəhərinə səfər planlaşdırırıq. Çünki Xivəni 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçməyi düşünürük. O şəhərin meri ilə görüşüb bu barədə danışılar aparacağıq. Həmçinin şəhərin görməli yerləri, tarixi məkanları ilə tanış olmağı nəzərdə tuturuq. Hesab edirik ki, Xivə Mərkəzi Asiyanın ən qədim şəhərlərindən olduğundan türk dünyası üçün böyük diqqət çəkə bilər. Əlaqələrə gəlincə, Özbəkistan əvvəllər TÜRKSOY-la əməkdaşlığa başladı, təəssüf ki, sonradan kənarlaşdı. İndi biz Özbəkistanla mədəni sahədə yeni sıx münasibətlər astanasındayıq. 
 
 
 
 
 
 
 

  – "Kastomonu Türk dünyasının mədəniyyət paytaxtı İli” necə yadda qaldı?
 – Onu kastamonululardan soruşmaq lazımdır. Katamonu Türkiyədə o qədər də məşhur olmayan şəhərdir. Minnətdar olmalıyıq ki, biz bu şəhəri paytaxt elan etdik və onu bütün türk dünyası tanıdı. "Kastamonu-2018”-ə həsr olunan filmdə bu il ərzində şəhərdə nə qədər tədbirlər keçirildiyi yer alıb. Bu il ərzində şəhərə görkəmli şəxsiyyətlər, incəsənət nümayəndələri gəldi, kitab təqdimatları, konsertlər, görüşlər, ədəbi tədbirlər, konfranslar, festivallar, yarışlar və s. keçirildi. Azərbaycan və Türkiyənin təkliflərinə əsasən, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik və Aşıq Veysəlin anadan olmasının 125 illik yubileyləri münasibətilə 2019-cu il TÜRKSOY çərçivəsində İmadəddin Nəsimi və Aşıq Veysəl İli elan olundu. Biz bu şəxsiyyətlərin yubileyini Oş şəhərində, başqa türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda da keçirəcəyik. Bu görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunmasına görə biz TÜRKSOY-la tərəfdaşlıq edən ölkələrə də minnətdarıq! Çünki bu tədbirləri keçirmək üçün müxtəlif ölkələrlə danışıqlar aparırıq. Məsələn, Çingiz Aytmatov İlini TÜRKSOY həmçinin Yaponiyada da keçirdi.
 
 
 
 
 
 

 
 – Oş şəhərinin mədəniyyət paytaxtı elan olunmasının açılış mərasimi nə zaman keçiriləcək?
 – Bilirsiniz ki, yeni il türk xalqları üçün yanvarın 1-dən yox, martın 21-dən başlayır. Ona görə ənənəyə uyğun olaraq ilin başlanğıcı kimi paytaxtın açılışını 21 martda elan edəcəyik. Biz Novruz bayramını qeyd edib, paytaxtın açılışını elan edəcəyik.
 
 
 
 – TÜRKSOY-un Azərbaycanla tərəfdaşlığı sizi tam qane edirmi?
 – Bizim təşkilatda hər şey qanunauyğun olmalıdır. Bizə 6 müstəqil ölkə üzvdür. Azərbaycan hər il hansısa görkəmli şəxsiyyətinin ilinin keçirilməsi təklifini irəli sürür və biz təsdiq edirik. Baxın, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, görkəmli bəstəkar Qara Qarayev İlini elan etdik. Artıq 3-cü ildir ki, dalbadal Azərbaycanla bağlı görkəmli şəxsiyyətlərin İlini elan edirik. Məndən tez-tez "nə üçün sizin Azərbaycanla belə sıx əlaqələriniz var?” deyə soruşurlar. Ona görə ki, bu ölkənin çox görkəmli şəxsiyyətləri var. Ona görə ki, Azərbaycan TÜRKSOY-un ən fəal üzvlərindən biridir. Ona görə ki, orada mənim çoxlu dostlarım var. Ona görə ki, mən Azərbaycanı sevirəm. Bu baxımdan "Azərbaycanda sizi sox sevirlər" sözlərini eşitmək də xoşdur. Bu qarşılıqlı məhəbbət istənilən uğurun dialoqudur. Elə bilirəm ki, sizin sualınıza cavab verdim. 
 
 Təranə Məhərrəmova
 Kastamonu-Bakı