Biz imzaları yox, əsərləri dərc edirik...

Məmməd Araz poeziya günü
116
23 May 2019, 17:39
 Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Böyük sənətkar hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb.
 

 AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 22-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində keçirilən IV "Məmməd Araz poeziya günü”ndə ətraflı danışılıb.
Azərbaycan Yazıçılar Birliyinin "Kainat” Gənclik Mərkəzinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə çıxış edənlər unudulmaz şairin həyat və yaradıcılığından danışıb, ədəbiyyatımızın inkişafındakı xidmətlərini vurğulayıblar.
 "Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlı bildirib ki, 2016-cı ildən başlayaraq ənənəvi olaraq Məmməd Araz yaradıcılığına həsr edilmiş şeir, ifa müsabiqələri təşkil olunur. Ötən il böyük sənətkarın 85 illik yubileyi respublikamızda və bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd olunub.
Bildiriblər ki, Xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
 Milli Məclisin deputatı Aqil Abbas, şair Ramiz Qusarçaylı qeyd ediblər ki, Məmməd Araz böyük poetik ilhama malik sənətkarlardan olub. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Şairin "Vətən mənə oğul desə”, "Məndən ötdü, qardaşıma dəydi”, "Mənim Naxçıvanım”, "Ata ocağı”, "Ana yurdum, hər daşına üz qoyum” şeirləri Vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.
 Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun "Üç oğul anası”, "Araz axır”, "Mən də insan oldum”, "Paslı qılınc”, "Əsgər qəbri”, "Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
 Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.
 Tədbir çərçivəsində Məmməd Araz şeirlərinin ifası üzrə müsabiqənin qalibləri mükafatalandırılıb.
 IV "Məmməd Araz poeziya günü” çərçivəsində tədbir iştirakçılarına Əməkdar artist Ağalar Bayramovun iştirakı ilə ədəbi-musiqili proqram təqdim olunub.