Biz imzaları yox, əsərləri dərc edirik...

Məhəbbət mənim üçün ədəbi oyunlardan ibarətdir – Rəbiqə Nazimqızının müsahibəsi
1394
23 May 2018, 09:28
     Artkaspi.az şair, esseist, tərcüməçi Rəbiqə Nazimqızının müsahibəsini təqdim edir: 

 
 
 

 
  – Müəlliflərin əksəriyyəti şəxsiyyət ikiləşməsindən əziyyət çəkirlər. Özünü də qatırsan bura? 
  – Bəli, əsl müəlliflər şəxsiyyət ikiləşməsindən əziyyət çəkirlər. Ona görə ki, müəllif qəhrəman yaradır, təbii ki, o, yaratdığı obrazın da yerinə düşünməlidir. Qəhrəman yaratmasan, gündəlik cızma-qara etsən belə, hiss etmədən, alt şüurda sən onu kimin üçünsə yazırsan. Əgər xəyali, mücərrəd bir ünvan olmasaydı, yazmağın heç bir mənası olmazdı. Müəllifləri bir kənara qoyaq, bu mənada adamlar (adam deməklə özümü sığortalayıram) özləri belə şəxsiyyət ikiləşməsindən əziyyət çəkirlər. Hətta deyərdim ikiləşmə, üçləşmə artıb psixoza da çevrilə bilir. 

  – "Gündəlik həyatda dostlar, tanışlar, qohumlarla ünsiyyət, danışmaq ehtiyacını doldurmur. Kənara üz tutmaq istəyirsən. İsgəndər kimi. Mətn sənin quyundur. Kimi çığırır, kimi də pıçıldayır. Mənim kimi...” – o quyulardan çıxacaq qamışdan, bir çobanın da o qamışdan tütək düzəldəcəyindən qorxmursan ki? 
  –  Qorxmuram. Niyə qorxmuram? Çünki kifayət qədər sığortalı, ehtiyatlı adamam. Hansı cəmiyyətdə yaşadığımı bilirəm, ictimai rəyi gözləyirəm. Cəsarətsiz adam deyiləm. Bunlara baxmayaraq, ətrafdakı adamlarla hesablaşmağı da unutmuram. Onların haqqımda düşündükləri bəzən mənə maraqlı olur, daha doğrusu, ətrafın əsəblərimdə oynamasını istəmirəm. Demək olar, çox vaxt bilirəm hansı situasiyada nə desəm, necə reaksiya ilə qarşılaşacağam. Məndə bu hal avtomatik vərdiş halına gəlib. Bu ehtiyatlanma xüsusən qadın üçün vacib şərtdir. Eyni zamanda evdə qızın böyüyürsə, iki dəfə diqqətli olmağa borclu olursan. Onun üçün nümunə olmalısan. Heç olmasa, pis nümunə olmamalısan. Ümumiyyətlə, təkrar edirəm, mən əsəblərimin qeydinə qalan adamam. Əvvəllər hər xırda narahatlığa görə özümdən çıxardım. İndi xeyli təmkinliyəm. O ki qaldı birbaşa suala, belə deyim, çox zaman işdən evə qayıdanda unuduram, kompüterimdə "Facebook” hesabım açıq qalır. Çün, diqqət yönəltmirəm. Bu, bəlkə də, özünəarxayınlıqdan, elə bir sirrimin olmamağından irəli gəlir. Xülasə, günlərin bir günü iş yoldaşım arxamca zarafatla səslədi ki, hesabın açıq qalıb, sənin profilindən nəsə yazacağam. Dedim: "Yaz, mənim xalqdan heç bir gizlinim yoxdur” (gülür). Məsələn, hazırda telefonumda heç bir parol yoxdur. Heç vaxt da olmayıb. Bizim ailədə də bir-birimizin şəxsi həyatına qarışmaq kimi davranışlar olmur. Belə davranışları özümə də, başqalarına da təhqir hesab edərdim. Parolsuz və qorxusuz yaşadığım üçün çoban, İsgəndər, quyu məsələləri də məni o qədər qorxutmur.  

  –  Məktublarının bəziləri özünü danlamaq vasitəsidir, məncə. Sən bunu bir adama və ya ümumən adamlara eşitdirərək edirsən ki, "baxın, hərdən danlayıram da özümü”. Bəlkə, bunun "ədəbi dəcəlliklə” əlaqəsi yoxdur? Ümumən soruşuram, insan nə zaman özü-özünə yağı kəsilir? Bəlkə, həmişə, bəlkə, heç vaxt, bəlkə, publikanı aldatmaq istəyəndə? 
  – Heç vaxt özümə yağı kəsilən tiplərdən olmamışam. O ki qaldı özümü danlamağa, bu, bir fənddir. Özümü sevməyin, özümlə oynamağın əlamətidir. Mən bütün yanlışlarım, səhvlərimlə özümü sevən adamam. Mənə, özümün özümü danlamağım daha xoşdur, nəinki bir başqasının. Haradasa, qabaqdangəlmişlik də sayıla bilər, amma nə edim?! Mən də beləyəm (gülür). 
 
 
 


  –  Bu, ədəbi dəcəllikdir?
  – Həm də. Xaraktercə də şıltaq və dəcəl adamam. Həm də tənbəl. Belə adam nə vaxtsa özünə yağı kəsilə bilməz. Mümkün deyil.  

  –  Bəs, insan nə vaxt özü-özünə yağı kəsilir? 
   – Bilmirəm. Mən o adamları başa düşmürəm. Əgər səndə nə isə özünü təmin etmirsə, özünü dəyiş. Dəyişmək istəmirsənsə, dəyişmə. Əgər dəyişməyi istəyib, bacarmırsansa, bu, artıq ciddi problemdir. Çünki özünə nifrət getdikcə, başqalarına nifrətə çevriləcək. Həmin insanlar həyatın heç bir sahəsində başqalarına uğurlu tərəf müqabili ola bilməzlər. Bura sevgi də daxildir, dostluq da, işgüzar münasibətlər də.

  – "Yaradıcı adamlarda həssaslıq, səmimilik hissi normanı keçir” deyirsən. Aşırı səmimi olduğun şeirlərə görə peşmanlıq hissi daha çoxdur, ya cəsarətinlə fəxr etmək duyğusu? 
  – Heç birisi. Bütün yaradıcı adamlar səmimi olmurlar. Mətndə də, həyatda da oynayan adamlar çoxdur. Yəqin nə vaxtsa, mətnlərini və həyatlarını bəyəndiyim adamlara istinad edib o fikri söyləmişəm. Deyilənə görə, ümumiyyətlə, məktub çətin janrdır. Və hədsiz səmimiyyət istəyir. Səninlə vərəqin və xəyali qəhrəmanın arasında bir baryer olmamalıdır. Əgər məktubda özünü istedadlı göstərmək üçün bəhanə axtaracaqsansa, demək, məsələ bitib. Sən məktub yaza bilməyəcəksən. Mənim üçün məktub ən asan janrdır. Gülməli, bəlkə də, qeyri-ciddi çıxa bilər, lakin telefona, yaxud onun qeyd yerinə 3-5 min işarədən ibarət, səmimi bir ithafı birdəfəyə yazmaq üçün mənə cəmi 15 dəqiqə kifayətdir.

  – Bəs, yaradıcılıqla əlaqəsi olmayan tam şəxsi kontekstdə məktub yazıbsanmı?
  – Olub, yeniyetmə ikən. Yəqin, bəxtim onda gətirdi ki, qarşı tərəf məktub məsələlərinə o qədər də adekvat deyildi. Çox praktik və praqmatik idi. Mən də bu hisslərə aludə olub, oturub sicilləmə trilogiyalar yazmadım. İyirmi yaşımdan sonra əks cinsə kağızda məktub yazdığımı xatırlamıram. Qələm və vərəqlə işləyən adam deyiləm. Ona görə ki, öz xəttimdən heç özüm də baş aça bilmirəm. Həkim xəttinə oxşayır (gülür).
 
 
 
 


  – Bir az bəxt, bir az vaxt, bir az ümid, bir az işıq – şeirlərindən birində Allahdan hər şeydən bir az istəyirsən, amma məhəbbəti bol-bol arzulayırsan. Leylinin Məcnunluğu tutub, yoxsa sadəcə aza qane olmaq istəyini sıxıb-sıxıb, məhəbbətə çatanda əl saxlaya bilməyibsən?  
  – Mənə elə gəlir ki, sualın cavabı cümlənin ikinci hissəsində aydınlaşıb. Əslində,  sadalanan bütün bunlar məhəbbətin tərkib hissəsidir. Bəlkə, məhəbbətdə də o şeylərin hamısı var. 

  – "Bol-bol məhəbbət” o "bir az”ların çatışmayan tərəflərini doldurmağa qadirdir? 
  – Mən düşünürəm ki, qadir deyil. Hazırda sizinlə şair kimi yox, sadəcə, yaradıcı adam kimi danışıram. Şairlik ovqatında deyiləm yəni. Mən yalnız şeir yazanda şair oluram. Esse yazanda esseistəm və sairə. Yəni indi sizinlə danışan adam adi bir müsahibdir. Ümumiyyətlə, bu gün mənim sevgiyə, eşqə, məhəbbətə fikirlərim çox dəyişib. İndi məhəbbət mənim üçün ədəbi oyunlardan ibarətdir. Ola bilsin ki, oyunla real hisslər arasında sərhəd itsin. Bu halları da istisna etmirəm. Amma bununla belə, bu gün xeyli sakit, eşqdən, məhəbbətdən,  şeirdən, məktubdan çox uzağam. Bu səbəbdən rahat-rahat deyə bilərəm ki, heç nə heç nəyin yerini vermir, kimsə-kimsəni əvəz eləmir. Hər yaşananın öz yeri var. Məsələn, mənim pulum olmayanda sevgi haqqında düşünə bilmirəm. İstəyirəm ki, evdən çıxım, dostlarımla görüşüm. Amma deyək ki, həmin anda maddi problemim var, maaşı gözləməliyəm və digər səbəblər. Bunu düşünəndə məhəbbət məni maraqlandırmır. Çünki həmin zaman depressiyaya düşürəm. Yaxud, canım ağrıyanda eşq, sevgi  qətiyyən yadımda olmur. Ola bilər indi dediklərim çox sərt səslənir, amma reallıq budur. Məhəbbət yazmaq üçün yaxşıdır.  Düzdü, aşiq olmaq hissini yaşamaq möhtəşəmdir, o hissi çox sevirəm. Lakin bilirəm ki, bu, müvəqqətidir. O boşluğa hamı düşə bilər. A-dan Ş-ə qədər sənin sevmək istədiyin məqamda kim qarşına çıxsa, onların içində ən yöndəmsizinə, inanmadığına belə vurula bilərsən. Adamların hamısının adından danışa bilmərəm. Bəlkə də, başqa adamlarda ayrı cür yaşanır. Bilmirəm... 

  – "Nə üçün bu gün eyni cəbhədə olan istedadlı qələm yoldaşlarım, daha doğrusu, onların şeirləri barədə yazmayım?” deyib "Tarix və dostlar üçün” başlıqlı silsilə yazılar söz vermişdin oxuculara. İlk yazı Qismətin "Qadın və onun qərarı” şeiri barədə oldu, amma ardı gəlmədi. Siyahıda daha kimlər var idi? 
  – Bir az sistemsiz adamam. Məsələn, keçənlərdə qadınların dilindən kişilər üçün qeydlər yazmağa başladım. Birinci yazı çox yaxşı oxundu. Və mənim üçün bu həvəs onunla da bitdi. Səbrim çatmır sanki. Məktublarla elə deyil. Məktublarda qəhrəmanlar hər dəfə başqa olur deyə, bu janr məni usandırmır. Çox vaxt dəxlisiz adamlar belə o məktubun qəhrəmanı olduqlarını düşünürlər. Bəlkə, başqa müəllif olsaydı, üstünü vurmazdı. Amma mən bir az tərs adamam, birbaşa deyirəm: "yəni doğrudan fikirləşə bilirsən ki, bu boyda məktublar sənə yazılar?” (gülür) 
 
  – Bəlkə, doğrudan, o qəhrəmanlar xəyalidir?
  – Bəzən olur. Məsələn, bir-iki ay öncə Hektora yazılan məktublarda qəhrəman xəyalidir. Amma daha çox real adamlara yazıram. Di gəl, qəhrəman özünü orada tapa bilməz, bunun üçün bir az çalışıram. 

 – Bəs qəhrəmanları haradasa qeyd edirsənmi ki, nə zamansa, vərəqləyəndə yadına düşə bilsin? İllər sonra kimə yazıldığı bilinsin. 
 
 
 


  Ümumiyyətlə, mən xatirələrə qarşı soyuq adamam. Xatirələr məndə neqativ enerji yaradır.  

  –  Bəlkə, qocalmaq qorxusudur?
  – Yox, uşaqlıqdan beləyəm. Real ünsiyyəti sevirəm. Əgər xatirəsi olan kəs özü yanımda deyilsə, onun şəkilləri mənim nəyimə lazımdı?! 

  –  Bunun üçün güclü olmaq lazımdır...
  –  Düşünmürəm. Bəlkə də, bu, zəiflikdir. Bəlkə də, qorxaqlıqdır. Ağrımaqdan qorxuram. Dostlardan da mənə bu təklifi edən olub ki, məktubları topla, ayrı-ayrı qovluqlarda saxla. Və müəyyən işarə, yaxud bir ləqəblə onların ünvanını qeyd elə. Əslində, ağlıma batıb. İntəhası, indi də kompüterim xarab olub. Görünür, arxivlər də məni sevmir, ya da nə bilim, mistik nəsə var. Amma qəribə bir şey olur. "Facebook”da böyük sevgi ilə yazdığım köhnə məktublarım qarşıma çıxır, lakin ünvanın kimliyini xatırlaya bilmirəm. Əslində, ağrılı hissdir. Amma olur, belə də olur.

  – "Qum dənəsi”ni (hekayə – dialoq) oxuyanda bir məqam maraqlı gəlmişdi. Nə qərara gəldin, Allah insanı qumdan yaratdı, ya nəfəsindən?
  – Bilgi olaraq bilmirəm. Məntiqlə desəm, Allah insanı nəfəsindən yaradıb. Hər insanda Allahın nəfəsi var. İnsanlarda yaxşı keyfiyyət görən kimi bunu o məntiqə bağlayıram. Ümumiyyətlə,  yaranışımız, "niyə varıq?”, "niyə doğulmuşuq?” sualları barəsində heç vaxt düşünməmişəm. Bunun bədii-ədəbi tərəfləri haqqında ara-sıra fikirləşib, ona bədii mənalar verə bilərəm şübhəsiz. Amma cavabsız suallar üzərində baş sındırmağı və xüsusən də, mübahisə etməyi sevmirəm.

  – Bəs adamlara əsəbiləşəndə nə düşünürsən?
  – Bir haşiyəyə çıxım. Bir adam var idi, həmişə düşünürdüm ki, insan necə belə şər xislətdə doğulub-yaşaya bilər. Çox düşündükdən sonra öz-özlüyümdə belə yozum verdim ki, onun yaradılışında ata və anasından başqa şeytan da iştirak edib. Görünür, orada Allahın yox, şeytanın əməyi daha çox olub. Amma sizə deyim ki, məndə insanlara belə münasibət çox nadir hallarda olur. Ətrafımı sevirəm. Xırdaçı deyiləm. Hərdən baxıb gülürəm ki, adamlar çox xırda, mənasız şeylərə görə bir-birlərindən küsüb-inciyirlər. Uzun-uzadı izahatlar verirlər, keçmişi qurdalayırlar. Mən çox şeyi görməzdən gəlirəm. Çünki yorulmaq, tükənmək istəmirəm. Ömür o qədər də uzun deyil. 

  – Ədəbiyyat haqqında danışmağı sevmirsən, həm də danışmağa aclığın var. Bu aclıq hansı səbəblərdən, nələrdən qaynaqlanır? 
  –  Şeirlərdə,  məktublarda yazılan o hisslər həmin an üçün keçərlidir. Bu mənada aclıq hissi bəhanədir. Bəlkə də, məktub yazmaq elə danışmaq aclığıdır.

  –  Bəlkə, adam "qıtlığıdır”, bölüşə bilməmək...
  – Ətrafımda adamlar həmişə çox olub. Hətta mən hərdən onlara vaxt çatdıra bilmirəm. Küsənlər, inciyənlər olur. Onlarla da aramda xüsusi bir sirrim yoxdur. kifayət qədər açıq adamam. Sadəcə olaraq, elə məsələlər var ki, misal üçün, mən daxili təlatümlərimi o dosta desəm gülməyi gələr, yaxşı olmadığımı düşünər. Hərçənd, hər şey yerindədir, hər şey yaxşıdır. Bəzən dost-tanışdan kimsə mənə irad tutur ki, "niyə mənə məktub yazmırsan?” Mən hansı birinə izah edim ki, səninlə otururam, dərdləşirəm, danışıram, vaxtımızı xoş keçiririk və sairə.  Sənə niyə məktub yazmağa ehtiyacım yaransın ki? Ola bilər e, bəzən elə bir əlahiddə nəsə baş verə, yaxud mən nə qədərsə bədbəxt, ya da xoşbəxt olam. Amma heç vaxt o qədər bədbəxt və xoşbəxt olmamışam, istəmərəm də. Bu hisslərin dozası məndə də normal insanlardakı kimidir. Bu mənada, ehtiyac duymadığıma niyə məktub yazmalıyam? Xeyir ola ki?! (gülür) 

   –  İnsan nə vaxt çox xoşbəxt olur?
  – Şair, məktub müəllifi, uğursuz yazıçı, heç vaxt bir pərdədən başqa dram yazmağa çalışmayan bir adam, ədəbi-bədii yaradıcılığın bütün sahələrinə baş vurmuş adam kimi cavab versəm, ən çox xoşbəxt olduğum məqamlar sevdiyim yox, sevməyə anlar qalan zaman kəsiyi, yəni ilk aşiqlik dövrüdür.  Bu hiss məni xoşbəxt edir. İlk başlarda olan yüngül, ağırlaşmağa getməyən hissləri sevirəm. Ağrıya tabım yoxdur. Arada rəfiqələrimə deyirəm ki, çox sirlərinizi mənə deməyin, birdən işgəncə versələr, dırnağımı qoparsalar, baxın, sizi satacağam (gülür). Bunun yeganə yolu özümlə zəhər gəzdirməkdir. Ağrının heç bir formasını sevmirəm.

  – İlk dəfədir yaradıcı bir adamdan ağrıya soyuq münasibət görürəm. Bu mənada ədəbiyyatın da ağrıdan yaranmasını düşünmürsən?!
   – Uşaq da ağrıdan yaranır. Ağrıdan yarana bilər ədəbiyyat. Və yaranır da. Daim çalışıram yazılarımın sonunda pozitiv sonluq olsun. Ən ağrılı şeirdə belə nəsə işıq yeri qoyum. Ədəbi mühitdə Bircə xanım var, yaxşı nəsr yazır. Düşünürəm, kifayət qədər maraqlı mətnləri olur. Onun məktublarını oxuyuram bəzən. İlk abzasdan dəhşətə gəlirəm. Sual edirəm ki, insan bu boyda şeyə necə dözə bilər? Bu boyda acı ilə insan necə yaşaya bilər? Adamlara niyə bunu ötürürsən? Açığı, çox təsir edir. Zənnimcə, insanları bu şəkildə incitmək olmaz. Onsuz da həyat məşəqqətlidir, çətindir, yaşanılası yer deyil. Məncə, ədəbiyyat ağrıkəsici olmalıdır. Düzdür, bu, bir az mübahisəli məsələdir. Məsələn, mən ədəbiyyatdan ağrıkəsici kimi "istifadə edirəm”. Elə adamlar var, vitamin istəyir ədəbiyyatdan. Kimisi isə ağrımaq, sadəcə ağrımaq...

  – Ədəbiyyat qadın üçün arzuolunmazdır deyirsiniz...
  – Guya kişi üçün arzu olunandır? Xoşbəxt, rahat adamın ədəbiyyatda nə işi var? Ətrafımda kifayət qədər xoşbəxt, eyni zamanda intellektual adamlar var ki, bədii ədəbiyyat oxumurlar. Onun bu ədəbiyyata sərf edəcək vaxtı yoxdur. 

  – Bəs heç düşünürsənmi onların ürəyi nəfəs almır?
  – Əsla. Onlar çox yaxşı adamlardı. Bəlkə də bizim tanıdığımız adamlardan 5 dəfə daha həssas. Ürəkləri də yerindədir. İnsanın intellektual göstəricisi onun içərisindəki xeyir başlanğıcından xəbər vermir, yaxud əksinə, insanın savadsızlığı onun içinin çirklənməyi demək deyil. Bəlkə də, tərsinədir?! O, oxumayıb deyə, daha təmizdir. Olur belə adamlar. Amma mənim üçün ən maraqlı, kənardan xoşuma gələn insanların hamısı istedadlı və intellektual olan kəslər olub. 

  – Hələ də "Aynur” şeirindəki kimi qırmızı kərpicli evə, şimal qışına, balaca sobaya ümidlisənmi?
  – Ümidli deyiləm, amma istəyərdim... Ona görə ümidli deyiləm ki, bu, mənim nağılımdı. İnsanın mütləq bir nağılı olmalıdır. Amma real deyil. Artıq qızım da böyüyüb.  İkincisi də, hara gedək ki? Nə qırmızı kərpicli ev görünür, nə şimal qışı...
 
  –  Ömrün "Sənə qədər” dövrü daha maraqlı idi, yoxsa "Epizodik sevgilər” (kitabları nəzərdə tutulur – red)? 
  – Kimisə tapmaq çox gözəldir. Epizodik sevgilər isə daha rahatdır. Həyatı qəbul etmək asanlaşır. Bu ad əslində, orada sevgi epizodları formasında işlənir. O demək deyil ki,  küçədə kimisə gördüm vuruldum ona, çıxdı getdi, mağazadakı digərinə aşiq oldum və sairə. Xeyir. Çox qəribə bir mistik şey var ki, o kitabdan  sonra epizodik məktublar yaranmağa başladı. Görünür, kitaba ad qoyarkən iki dəfə düşünmək lazımdır. Həmişə düşünmüşəm yaxşı olanla maraqlı olan arasında seçim etsəydim, hansın seçərdim. Bəzən 99 faiz düşünürəm ki, yaxşı olanı seçərdim. Şeytan da maraqlıdır. 3-cü kitab olacaqsa, onun adı haqqında fikirləşəndə bu sualınız mütləq yadıma düşəcək. Adamın öz həyatını maraqlı etməsi mümkündür. Bu mənada "Sənə qədər” yaxşı idi, "Epizodik sevgilər”sə, maraqlı... Amma mən üçüncünü –  bilmədiyim variantı seçirəm.
 
  Söhbətləşdi: Günel Şamilqızı, Aysu Kərimova