Biz imzaları yox, əsərləri dərc edirik...

Məhəbbət dastanı – Mir Cəlal
269
22 Fevral 2021, 11:45
 Artkaspi.az saytı Mir Cəlalın "Məhəbbət dastanı” adlı məqaləsini təqdim edir:
 
 Böyük Nizaminin və həm də dünya poeziyasının ən gözəl əsərlərindən biri olan "Leyli və Məcnun”un birinci dəfə olaraq şairin ana dilində nəşr olunması ədəbiyyatımızda mühüm hadisədir. Bu əsər dünyada yazılmış "Leyli və Məcnun”ların ən qədimi və ən gözəlidir. Yaxın Şərqdə, İran, Hindistan, Türkiyə, Orta Asiyada və habelə Azərbaycanda yazılan "Leyli və Məcnun” dastanları mənbəyini burdan alır. Çünki Nizami "Leyli və Məcnun” əhvalatının şifahi variantını qələmə almaqla qalmamış, bu mövzu ətrafında tarix, ədəbiyyat və sənət aləmində yaxşı və faydalı nə varsa hamısından istifadə etmiş, ölməz bir məhəbbət dastanı yaratmışdır.
 Nizamidə bu dastan yalnız lirik, aşiqanə rəngində qələmə alınmamışdır. Şair, aşiq və məşuq macərasına dərin ictimai-fəlsəfi məna vermişdir. İncə hisslər və böyük fikirlər ifadəsi üçün əhvalatdan istifadə etmişdir. Şair dastana başlamazdan əvvəl 40 səhifəyə qədər bir hissədə bir növ proloq kimi "padşaha xitab”, merac, hikmət və moizə haqqında, zahirən dini görünən, əslində isə, ən çox fəlsəfi problemləri tərənnüm edən parçalar yazmışdır. Bu müqəddimədə Nizami incə bir üslub ilə həyat və elm düşmənlərini süngüyə tutur. Bir tərəfdən ömrün mənasını yeyib-içməkdə, heyvanı yaşayışda axtaranları, ikinci tərəfdən insanı düşündürən bütün məsələləri axirətə, "hikməti-ilahi”yə buraxan vaizləri qırmanclayır. Şair həyatın məqsədini mübarizədə, "sirlər açmaq”da, "hünər göstərmək”də, müttəsil "yerləri, göyləri öyrənmək”də görür:
 
Nə şəhvət, nə yuxu, nə də ki yemək –
Həyatın mənası olmasın gərək,
Yatmağı, yeməyi bu aləmdə sən,
Eşşək, öküzdə də görə bilərsən.
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Anlayıb düşünək hər şeyi gərək
Hər sirri açmaqla hünər göstərək.
Yerləri, göyləri öyrənək bir-bir
Qalmasın bizimçün açılmamış sirr.
 
 

 Şair, müstəsna şəkildə, gözəl ifadə olunan bir fikirləri həm də filosof, həm də bir müəllim kimi deyir. O, oğlu Məhəmmədin simasında gələcək nəsli, cavanları və bütün oxucuları varlığı öyrənməyə, idrakı dərinləşdirməyə, mərifətlə qəlbi işıqlandırmağa çağırır:
 
Bu əyri cizgilər cədvəlində sən,
Özünü şərh edib, özünü öyrən.
Ol öz vicdanının sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar.
 
 Şair, əsərinin bu hissəsində ata-ana xatirəsinə həsr etdiyi lirik parçalar, ictimai xidmət, xalq qarşısında yaratmaq borcu kimi vətəndaşlıq məsələlərini verən müstəqil qitələrdən sonra əsl dastana keçir. "Sədəfdəki inci kimi Məcnun sevdasının çeşməsindən içib doymaq” arzulayır. Poemanın belə bir təntənə ilə, fəlsəfi qeydlərlə başlanması özü göstərir ki, şair, Leyli və Məcnun məcrasına çox böyük məzmun vermişdir. Şairin fikrini məşğul edən fikirləri, ömrü boyu düşündüyü ictimai məsələləri bir şeir dili ilə demək, zəmanəsində çəkdiyi ağır mənəvi iztirabları söyləmək üçün dastan Nizamının əlində ən yaxşı vasitə olmuşdur.
 Nizaminin Qeysi heç də bir çox əsərlərdə söyləndiyi kimi dəli, ya sövdai bir şəxsiyyət deyildir. Bu fitrətən böyük yaranmış, həssas, saf qəlbli, odlu məhəbbət sahibi olan bir insandır. Qeysin fəlakəti və bədbəxtliyi də burasındadır. Qeys ona görə bədbəxtdir ki, zəmanəsi onu dərk edə bilmir. O isə "zəmanəyə saz” ola bilmir. Qeys üçün bir həyat var. Onun üçün ömür böyük məqsədə, təmiz məhəbbətə, riyasız eşqə çatmaq üçün bir yoldur. Bu yoldan döndü yoxdur. Bu yolun sonu bəla və fəlakət olsa da şirindir, xoşdur, çünki bu yol dost yoludur. Nizaminin qəhrəmanı əzab və iztirablara dözən, məğlubiyyətə, məhrumiyyətə düşən, qara qüvvələr qarşısında aciz görünən əfsanəvi bir obrazdır. Ancaq bu məhrumiyyət, bu fəlakətlərdə də o öz böyüklüyünü saxlayır. O, məhəbbət üçün yaranmışdır. Vücudunu da bu məhəbbət əritmişdir. Tamamilə mənəvi bir aləmə çevrilmişdir. Məcnunun eşq günəşi ilə işıqlanan mənəvi aləmi isə çox böyükdür.
 Məcnunun şairliyi hamıya məlumdur. O, "Qızıl sikkəsi tək hər sözü gözəl, hər qəzəli lələ bənzəyən” bir şairdir. Nizamidə bundan başqa Məcnunun böyük bir alim olması qeyd olunur, o zəmanəsinin bütün elmlərinə vaqif idi. "Loğman kimi” aləmi, varlığı şərh etməyi bacarırdı:
 
"Vaxtının ən böyük bir alimiydi
Aləmi şərh edən Loğman kimiydi
Gizli mənalara o yol açardı,
Qəlbində göylərin min sirri vardı...”
 
 Diqqət edilsə Məcnunun bütün qəzəllərində, Leyliyə olan münasibətlərində və bir aşiq kimi rəftarında da bu əzəmət, bu təmkin görünür. Aşiq fədakarlığı, candan keçməsi o qədər səmimi və təbiidir ki, məhəbbət müqabilində bu təmkin ikinci planda qalır. Doğrudur, biz Məcnunun eşqinin ilahiliyinə, səmavi rənginə inanmırıq. Ancaq Məcnunun məhəbbətini adiləşdirmək də səhv olar. Bunu məhdud və evlənmək üçün olan mütəqabil razılaşma və ya ziddiyyət kimi almaq olmaz. Bu elə bir eşqdir ki, hər iki tərəfin böyüklüyünü təcəssüm etdirir. Çünki bu ancaq dastan olmaq üçün yaranmış bir eşqdir. Məsələnin bu cəhətini Nizami açıq deyir. "Məcnun əzəməti haqqında” yazılan qitədə oxuyuruq:
 
Bir alim ustadan soruşdum ki mən
Aşiqin halının şərh et bizə sən.
Onu ki vüsala çağırırdı yar,
Möhlət verməyinin nə mənası var?
Neçin muradına yetmədi o da,
Ömründən otuz il o verdi bada?
Dedi ki: yetsəydi murada bir an,
Əbədi çıxardı nəşə canından.
Uymadı bir anlıq keyfə dünyada,
Otuz il nəşəni vermədi bada.
 
 Məcnunun heyvanlara üns tutması, maralı ovçudan alıb azad etməsi, bəşəriyyətdən uzaqlaşması kimi epizodların hamısı göstərir ki, onun təbiətində bir başqalıq, bir qeyri-adilik hakim idi. Bir başqalıq, Məcnunun dəliliyi yox, alicənablığı, həssaslığı, böyük qəlbi ilə izah oluna bilər.
Leyli də Məcnun kimi təmiz bir xilqətdir ki, o bütün dünyanı məhəbbət, eşq ilə görür. Varlıq onun gözünə Məcnun görünür. Gecə-gündüz bir arzusu, bir qayğısı var, o incə və odlu təbii ilə aşiqanə şeirlər yazıb dama atır, bu şeirlər kimin əlinə keçirsə-keçsin dərhal Məcnuna çatır. Məcnun da buna cavab deyir. Həmin yazışma sevgililərin həsbi-halıdır. Leyli yoldaşları ilə bağ seyrinə çıxarkən oxuduğu bir qəzələ belə cavab eşidir:
 
 

Ey mənim pərdəmi çalan cananım,
Qoy olsun ümidin pərdə tutanım,
Məcnunu boğmuşdu qan dalğaları,
Leyli o yazığı anlarmı barı?
Məcnunun bağrını yandırır ələm,
Leyli hansı qəlbə su səpir bu dəm?
Məcnunun qəlbini dəlmiş ox, tikən,
Leyli nə naz ilə yatır görəsən?
Məcnun min ah çəkib ağlayır burda,
Leyli necə şadlıq axtarır orda?
Məcnun dərd içində, dağ içindədir,
Leyli hansı bahar, bağ içindədir?
Məcnun qəm zənciri vurmuş özünə,
Leyli gülümsəyir kimin üzünə?
Məcnunun ürəyi ürkmüş hicrandan,
Leylinin xəyalı nədir bu zaman?
 
 Məktəbli günlərindən başlanan, get-gedə alovlanan məhəbbət hər iki gəncin əsl həyat yolu olur. Bu yolda onlar bir-birindən fədakar, bir-birindən səbatlı və bir-birindən sədaqətlidirlər. Hicran və məhrumiyyət gəncləri daha da bir-birinə bağlayır, arzularını daha da böyüdür, yüksəldir. İş o yerə yetişir ki, qəbilə rəisləri, Nofəl kimi sərkərdələr qoşun çəkib bu pak məhəbbət uğrunda vuruşurlar. Məcnunun taleyi yalnız ata, anasını deyil, bütün insanları məşğul edir. Nizami bu məhəbbət dastanını poeziyanın elə bir yüksək zirvəsinə çatdırmışdır ki, hələ heç bir şair həmin poemanı bu qüvvətlə yaza bilməmişdir. Böyük, ölməz bəşəri ehtiraslar əsərin hər qitəsində, hadisənin bütün inkişafında tərənnüm olunur. Nəvai və Füzuli kimi böyük şairlər "Leyli və Məcnun” əhvalatını qələmə alanda hər şeydən qabaq öz ustadlarını yad etmiş, Nizaminin izi ilə getməyə çalışmışdılar. Füzuli öz "Leyli və Məcnun”unda Nizamidən parçalar gətirmişdir. Tematik plan etibarilə demək olar ki o, tamamilə öz ustasının yoluna sadiq qalmışdır. Ümumiyyətlə Nizami şeirinin və eləcə də Nizami "Leyli və Məcnun”unun təsiri, xoş və iftixar havası ədəbiyyatımızda həmişə hiss olunmuşdur. Çox şairlər "Leyli və Məcnun” yazmışlar, çoxları bu dastanın ayrı-ayrı motivlərinin alıb tərənnüm etmişlər, çoxları Nizamini tərcih etmişdir.
 İstər bizim klassik ədəbi irsimizi öyrənməyimiz, istərsə böyük ustadın əsərlərini müasir oxucuya çatdırmağımız nöqteyi-nəzərindən Nizamidən edilən tərcümələrin, eləcə də "Leyli və Məcnun” tərcüməsinin tarixi əhəmiyyəti vardır. Səməd Vurğun yoldaş bu tərcümə ilə ədəbiyyatımıza böyük xidmət göstərmişdir. Bu tərcümənin gözəlliyi orasındadır ki, Səməd Nizami şeirinin canını, onun incəliyini, bədii alovunu saxlaya bilmişdir. 800 il bundan əvvəlki qədim qədim  mətndən əruzu hecaya çevirmək, Nizami kimi 10 min misranı başdan-ayağa eyni bir ölçüdə (6-5 - 11) davam etdirmək, hətta orijinalın stilistik məziyyətini – kontrastları, paralelləri saxlamaq tərcüməçidən böyük sənətkarlıq məharəti və davamlı əmək istər. Səməd öz rəvan təbinin gücünə əsaslanaraq "Leyli və Məcnun”u xüsusi bir sevgi və hövsələ ilə tərcümə etmişdir. Səməd bəzi tərcüməçilər kimi orijinalın əsiri olmamışdır. O, Nizami şeirinin məğzini dərk etmişdir. Misraların, ya beytin kəlmələrini, ibarələrini yox, çəkdiyi bədii mənzərənin verdiyi hissi, mənanı almış, müasir, təmiz, səlis şeir dilimizə çevirmişdir. Ona görə də bütün əsər boyu oxucu tərcümə olduğunu hiss etmir. Nizami tərəfindən bu günə yazılmış bir poema olduğunu güman edir. Məcnunun duasından:
 
"İlahi birliyin xatirəsinə
Yenə yalvarıram ürəkdən sənə.
Qoy eşqim ucalıb namdar olsun,
Mən özüm ölsəm də eşqim var olsun.
Eşqin günəşindən ayırma məni,
Silmə gözlərimdən bu sən bu sürməni.
İlahi, sən saxla məni Leylimi,
Çoxalt hər dəqiqə mənim meylimi.
İlahi, ömrümdən kəs indən belə,
Leylinin ömrünə cala əlinlə.
Mən tükə dönsəm də onun qəmindən,
Başından bir tük də əksik etmə sən!
Qoyma ki boş qala qulağım bir an,
Yarın öyüd verən o halqasından.
Cananın meyliylə dolsun piyaləm,
Sikkəsi düşməsin adamdam bir dəm.
Qoy alsın canımı yarın macalı,
Qanımı içsə də olsun halalı.
Qəmindən şam kimi yansa bədənim,
Bir günüm olmasın o qəmsiz mənim.
Bu eşq aləmində ürək düz olsun,
Eşqim yaşadıqca birə yüz olsun”.
 
 Bu tərcümə hər cəhətdən öz xarakterini göstərir. Biz bu hissəni seçməmişik. Məzmununa görə gətirmişik. Bu misraların qüvvəti orasındadır ki, həm Nizami sənəti, həm Səməd Vurğun sənəti görünür. Burada qədim ədəbiyyatımızın incəliyi, həm müasir şeirimizin təzəliyi, həm Məcnunun ürək yanğısı, həm də ümumiyyətlə məhəbbətin sönməz alovu, həm bir aşiqin (Qeysin) nəşə və iztirabları, həm də ümumiyyətlə eşqin maraqlı sərgüzəşti vardır. "Leyli və Məcnun” nə qədər maraqla oxunursa, şübhəsiz ki, bu tərcümə də o qədər seviləcəkdir. Bu isə zənnimizcə dastan üzərində böyük zəhmət çəkmiş şair Səməd Vurğun üçün ən yaxşı mükafatdır. Doğrudur, əsərdə orijinal ilə tutuşduranda məna təfavütü görünən misralar yox deyildir. "Yenə, müdam, gerçək, inan, ona, bilsən, ancaq” kimi vəzn dolduran və qafiyə düzəldən və buna görə də misraları ağırlaşdıran sözlərə rast gəlmək olar. Lakin tərcüməçinin bədiiliyi, səlisliyi və ahəngdarlığı o qədər qüvvətlidir ki, oxucu bu xırda nöqsanları seçmir, daha doğrusu seçmək istəmir.
Kitab üzərində redaktorların, Mirzə İbrahimov,  M.Soltan yoldaşların da əməyi az deyildir. Mirzənin "Leyli və Məcnun”a yazdığı müqəddimə, poema haqqında yazılmış ən müfəssəl və qiymətli əsərdir. İstər Nizami institutu və istərsə  nəşriyyat, böyük şairin bütün əsərlərinin nəşrinə olduğu kimi bu əsərin nəşrinə də layiqi ilə ciddi yanaşmışlar. Ona görə də kitab qəşəng, səliqəli çıxmışdır. Rəssam Vlasovun işlərini tərifləyirlər. Bu kitabda onun çəkdiyi gözəl şəkillər vardır. Təəssüf ki bu şəkillərin əksəriyyəti haqqında ancaq bunu qeyd etmək olar. Leyli əvəzinə gözəl bir qız, Məcnun əvəzinə gözəl və ya laübali bir oğlan şəkli çəkmək gərək ki rəssamın müvəffəqiyyəti sayılmır. Əsərin komentari və lüğət hissəsi də natamam və nöqsanlıdır.
 Bu xırda nöqsanlarına baxmayaraq əsər, ədəbiyyatımız üçün, mədəniyyətimiz üçün ən qiymətli bir hədiyyədir. Hətta bugünkü xalqımızın, vətən oğulları və qızlarının faşizmə qarşı müqəddəs vətən müharibəsi apardığı gündə belə "Leyli və Məcnun” çox oxunan, çox sevilən, aktual və vacib kitabdır. Siz bu kitabı "Kommunist” küçəsindən ötən bir komandirin qoltuğunda, xəstəxanada yatan yaralı döyüşçünün başı üstündə, vaqonda gedən əsgərin əlində, səyyar əsgər kitabxanalarında görə bilərsiniz. Çünki, indiki müharibədə azərbaycanlı döyüşçü – avtomatçı, topçu, süvari, təyyarəçi ilə yanaşı, Nizaminin iti söz süngüsü də öz işini görür.