Biz imzaları yox, əsərləri dərc edirik...

Məhdudiyyətsiz şər cəzalanmalı idi – “Sevdiyim əsər” layihəsi – Səfər Alışarlı
665
03 Oktyabr 2018, 11:20
 "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı Səfər Alışarlıdır. Onun sevdiyi əsər Mixail Afanasyeviç Bulqakovun "Master və Marqarita” romanıdır.                                                    
 
 
 
 – Mixail Afanasyeviç Bulqakovun "Master və Marqarita” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
 – İstedadlı adam tərəfindən böyük zəhmətlə, zamanın ictimai, siyasi, mənəvi tələblərinə bədii alternativ və etiraz olaraq yazılıb. Böyük təxəyyül məhsulu kimi peyda olan xeyir qəddar reallıqla toqquşdurulub, nəticədə şər yalnız şərti məğlub edilib. Ancaq şərin əbədiyaşarlığı xeyrinkindən daha qabarıq alınıb. Yəni ədəbiyyatın sevimli faciə janrı daha bir təsdiqini tapıb.  
 
 –  "Рукописи не горят” bu ifadə dillər əzbəridir.
 "Əlyazmalar yanmır” ideyası əsərdə gerçəkləşir. Master əlyazmasını yandırır, İblis isə əlyazmanı sonradan ona qaytararaq deyir: "Sən bilmirsən ki, əlyazmalar yanmır?!” Onu da qeyd edək ki, Bulqakov bu əsəri bir dəfə yandırıb. Sizcə, əsərdəki "əlyazmalar yanmır” ifadəsinin kökündə nə dayanır, yazıçı nəyi vurğulamaq istəyir?
 – Əsərdə əlyazma söhbəti nominal görünür, yəni söhbət müəllifinə faciələr gətirmiş romanın əlyazmasından gedir. Ancaq əlyazmaların yanmamağı məsələsi bütövlükdə sözə, onun ilahi qüdrətin açarı və rəmzi olaraq, insana verilməsinə aiddir. Geniş mənada deyilmiş, xüsusilə yazılmış sözün heç zaman təsadüfi təzahür olmamağı anlamında başa düşülməlidir. Bu o deməkdir ki, ədib üçün bədii sözün məsuliyyəti çox böyükdür: heç nəyə xətir sözü satmaq, sözə xəyanət etmək, sözü hərraca qoymaq olmaz. Sözün təyinatı həqiqətə, xeyrə və insanlığa xidmətdir.   
 
 – Bu romanın müxtəlif əsərlərin təsirlə yazılmasına aşağıdakı arqumentlər göstərilir.
 Hötenin "Faust” əsərinin təsiri ilə yazılıb, müəyyən məqamda şərin qələbəsi motivasiya olunur.
 Şarl Fransua Qunonun "Faust" operasının təsiri var, hər iki əsərdə şeytan xüsusi təntənə ilə təqdim edilir.
Nikolay Qoqolun əsərlərinin ironik çaları duyulur, rus ədəbiyyatşünaslarının məşhur "Qoqol rişxəndi” adlandırdıqları ironiya görünür.
 Ponti Pilat və Yeşua Ha-Nozrinin dialoqunda isə Fyodr Dostoyevskinin "Karamazov qardaşları" əsərinin təsiri var.
Aşkar mistik liriklik Dantenin "İlahi komediya”sından qaynaqlanır.
 Şanssız qonaqların gəlməsi səhnəsində "Oblonskilərin evində hər şey qarışmağa başladı” ifadəsində isə Lev  Tolstoyun "Anna Karenina" romanına istinad kim qəbul edilir.
 İblisin yaşayış binasında kütlə arasına çıxması səhnəsinə isə Spaniard Luís Vélez de Guevaranın "Topal İblis” əsərində də rast gəlmək mümkündür.
 Bəs siz bütün bu təsirlər haqqında nə deyərdiniz?
 – Burada müəyyən həqiqət var. Xüsusilə "Faust"la bağlı onu demək lazımdır ki, ruhun satılması, daha doğrusu, Mefistofeldən fərqli olaraq  bu romanda ruhun satılmamağı ideyası çox qiymətlidir. Master əvvəldən-axıradək özünə və yazdıqlarına sadiqdir, Marqarita isə sevgilisinin xilası üçün iblislə sövdələşir. Amma bu sövdələşmədə məkr, intriqa, şöhrət və sərvət azarı yoxdur, böyük sevgi naminə fədakarlıq var. Sadaladığınız bütün başqa əsərlərin Bulqakova təsiri, əlbəttə, var. Onlar bir qələm adamı kimi sizə, mənə nə qədər təsir ediblərsə, ona da o qədər təsir ediblər. Bu, əlbəttə, mənim qənaətimdir. 
 Romanın ayrı-ayrı cəhətləri ilə bağlı Bulqakovun özü də sağlığında müəyyən əfsanələr yaradıb. Məsələn, Yerşalaim şəhəri ilə bağlı o deyir ki, bir dəfə uşaq vaxtı nəsə ailə münaqişəsi zəminində, ya nədənsə huşunu itirərək yıxılıb və bu şəhərin panoramı onun gözləri qarşısında canlanıb. Bulqakov ruhani ailəsində doğulub, atası keşiş olub. Bu, nəyə oxşayır, bilirsinizmi? Bəlkə də, birin-birə özüdür ki, sadəcə rusca yazılıb. Məhəmməd peyğəmbərin, meracdan sonra ona inanmayan, onu ələ salan məkkəlilərə həmin Yerşalaim (Qüds) şəhərini və onun baş məbədini sözlə olduğu kimi təsvir etməsinə. Məhz həmin təsvir və görünüş Bulqakov kimi böyük yazıçıya bütövlükdə İisusla bağlı hissəni yazmasına təkan verə bilər. Aqressiv, dağıdıcı ateizmin onilliklər boyu bütün dünyaya meydan oxumasını, Allahın Stalinlə əvəzlənməsi kimi cəfəng və mənasız cəhdlərin əsas dövlət siyasətinə çevrilməsini Bulqakov kimi nəhəng sənətkar, əlbəttə, həzm edə bilməzdi. Məhdudiyyətsiz şər cəzalanmalı idi, Allah bunun üçün Mixail Afanasyeviçi seçmişdi, o da öz missiyasını qüsursuz yerinə yetirdi: bir romanla 70 il ərzində yaranmış antiədəbiyyatı darmadağın elədi.  
 Məlumdur ki, Dante də "İlahi komediya"nı peyğəmbərimizin meracından təsirlənərək yazıb və katolik nankorluğu ilə Məhəmmədi də, Əlini də cəhənnəmdə təsvir edib. Peyğəmbəri meracda Cəbrayıl müşayiət etdiyi kimi, Danteni də o dünyaya səfərdə şair Vergiliy müşayiət edir, görünən səhnələr və şəxslər haqqında ona izahlar verir. Mən əminəm ki, Bulqakov islam peyğəmbərinin meracı haqqında çox şeylər oxuyub. Ən azı, İrvinq Vaşinqtonun Məhəmməd peyğəmbərin həyatı haqqında romanını oxuyub. Çünki o dünyadakı insanlar barədə eyni üslublu izahlar, romanda İblisin illik balı səhnəsində Marqarita üçün də edilir.
 Dinlərin əsasını İnsanın Allaha – haqq və ədalət zirvəsinə doğru hərəkəti, ona yaxınlaşması, onunla ruhi təması təşkil edir. Bəşər tarixində bəzi peyğəmbərlərin Allahla bilavasitə ünsiyyəti haqda məlumatlar var. Məsələn, dini kitablarda deyilir ki, Musa peyğəmbər ali hüzurda 6 dəfə olub, başqaları 2, 4 və s. dəfə, amma Məhəmməd peyğəmbər 124 min dəfə. Bu yozumlar, Bulqakov kimi yazıçı üçün böyük ilham və fantaziya mənbəyi rolunu oynaya bilərdi. 
  
 

 
 – Roman 1966-cı ildən 1989-cu ilə qədər 4 dəfə düzgün nəşr edilməyib, hər variantda səhvlər gedib. 1989-cu ildə Lidiya Yanovskaya tərəfindən axırıncı əlyazma ilə nəşrlər arasında tutuşdurmalar aparılması nəticəsində, romanın son versiyası işıq üzü görüb. Bu mənada romanın ideyasından da doğan "həqiqətə yalnız son anda çatmaq olur” ifadəsini əsərin də taleyinə aid edə bilərik. İstərdim bu barədə də danışaq. 
 – Romanın bir hissəsi gərək ki, Bulqakovun sağlığında nəşr edilib. İkinci, nisbətən bütöv hissəsi (İeşuasız) 1966-da "Moskva" jurnalında işıq üzü görüb. Yeni redaktor yuxarıda kiminsə qohumu olub və jurnalı dirçəltmək üçün əsər axtaranda ona bu romanı məsləhət biliblər. Üçüncü dəfə 80-ci illərin ortalarında tam nəşr olunub. Hətta Bakıda Moskvadan tez nəşr olunub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun kitabxanasında roman əlyazma (makina çapı) halında tikilmişdi, oxumaq üçün tələbələr növbəyə yazılırdılar. Bir həftədən artıq vaxt vermirdilər. Bilirsiniz, bu əsər haqqında istənilən mistik rəvayəti danışmaq olar, oxucu bundan yalnız ləzzət ala bilər. İnsanlara möcüzə çox lazımdır, xüsusilə həyat öz bayağılığı, məntiqsizliyi və mənəvi kasadlığı ilə onları sıxanda. Romanın ekranlaşdırılması zamanı da dəfələrlə problemlər yaşanıb. Sonda deyirlər ki, ən düzgün variantı rejissor Bortko seçib: Bulqakovun yazdıqlarına heç nə əlavə etməyib və 10 seriyalı film alınıb. Həqiqət məsələsi bir az qəlizdir. Əslində, roman başdan-başa ağ yalanların ifşasından keçərək həqiqətə doğru irəliləyir. İstər Patriarx gölü ətrafında, istər İeşua ilə Pilatın dialoqunda, istər Varyetedə, istər dəlixanada – hamısında yalanlar ayaqlanıb keçilir və həqiqət üzə çıxandan sonra ateist insanların miskinliyi, köməksizliyi və zəlilliyi aydın görünür.
    
  – 1935-ci il 24 aprel tarixində ABŞ-ın SSRİ-dəki səfiri Vilyam Bulit tərəfindən Spaso Evində (ABŞ səfirinin Moskvadakı qərargahı) təşkil edilmiş Yaz Festivalı – "Master və Marqarita” romanının yazılmasına böyük təsir göstərib. Stalin bir çox mötəbər adama, eləcə də Bulqakova həmin məclisə getməyə icazə verməyib. Bulqakov isə Stalinin acığına həm o səhnəni romanda canlandırıb, həm də yaz festivalına ironiya edib. Görəsən, bu ikibaşlı oyunun kökündə nə dayanırdı?
 – Mən bilən, İblisin balı səhnəsində lüt kişilərin yalnız frak geyməsini, qadınların isə tam çılpaqlığını Bulqakov Amerikada keçirilən hansısa mərasim festivalından götürüb. Orada bal iştirakçıları məhz romanda təsvir olunduğu kimi geyinirlər. Amma yuxarıda qeyd etdiyim kimi, orada cənnət-cəhənnəm məsələsinə eyhamlar var. Məsələn, öz uşağını dəsmalla boğub öldürmüş Frida harada ola bilər? Əlbəttə, cəhənnəmdə. Bəs bu balı məşhur orkestrlə müşayiət edən valslar padşahı Ştraus harada ola bilər? Yəqin ki, cənnətdə. Ona görə, balın adresini birmənalı müəyyənləşdirmək çətindir. Mən indi tənqidi ədəbiyyatı qaldırıb baxa bilmirəm, yalnız öz təəssüratlarımla kifayətlənirəm.
 

 
 – Əsərin müxtəlif tənqidçilər tərəfindən daha çox qabardılan 6 məşhur ideyası var. Aşağıda onları sadalayacağam, siz zəhmət olmasa deyin, hansını daha doğru qiymətləndirirsiniz?
 1. Sevgiyə çatmaq üçün şərdən, nifrətdən keçməlisən.
 2. "Xeyir çarmıxa çəkilsə də, məhv olmur”.
 3. Dünya lənətlənib, şər hər yanda bərqərardır, Rusiya şərin beşiyidir  – bu fikri Bulkaqova düşmən tənqidçiləri səsləndirirdilər.
 4. Şərə qarşı yalnız şərlə mübarizə aparmaq lazımdır.
 5. Dünyada xeyirlə şərin mübarizəsi daimidir. 
 6. "Hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir. Vaxt gələcək insan həqiqət və ədalət səltənətinə daxil olacaq, orada ümumiyyətlə, heç bir hakimiyyətə ehtiyac qalmayacaq.
 – Bu müddəalardan birinci ilə razılaşmaq olmaz. İkinci, xeyri məhv etmək mümkün deyil, o, nə vaxtsa mütləq onu edənlərə, insanlara qayıdacaq. Çünki pisliklərin keyfiyyəti daim mənfiyə doğru dəyişir və hətta məhv edilmiş xeyir bir yana, bəzi zəif təsirli pisliklər də gələcək zamanda xeyir yerinə işlədilə bilir. Dövlətin əmələ gəlməsi ilə dünyada şər daim güclənmə tendensiyası yaşayıb, çünki maddi resurslar məhduddur, hamıya çatmır. Ona görə də cinayət, mənzil  məcəlləsi-zad fikirləşib icad eləyiblər. Rusiya Federasiyası 21 türk-müsəlman respublikasının birləşməsindən yaranıb və faktiki olaraq onlara seçki hüququ tanımayan totalitar bir dövlətdir. İnsanlıq əleyhinə günah və cinayətlərin çox nümunələrini burada tapmaq mümkündür. Şərə qarşı mübarizənin düsturunu Qurani-Kərim gözəl verir: sizə qarşı vuruşanlarla siz də vuruşun! Əks təqdirdə, kölə olacaqsan, zülmə məruz qalacaqsan, tapdanıb yer üzündən silinəcəksən. Bu, Allah kəlamıdır. Ona sidq ürəkdən inanan, təmənnasız əməl edənlər xeyir tapar, qələbə qazanar.
 Bulqakovun bu romanında xeyir və şər anlayışları təkcə xristianlıq təliminə söykənmir. Burada iudaizmin, islamın, hətta kabbala təlimlərinin izini görmək mümkündür. "Heç kimdən, xüsusilə özünüzdən güclülərdən heç zaman heç nə istəməyin, lazım olanda özləri çağırıb hər şey verəcəklər", – deyirdi Bukqakov. Bu, hədiyyə qəbulunu rədd edən kabbala təlimi romandan sonra qanadlı ifadəyə çevrilərək ölkələrin sərhədlərini aşmaqda davam edir. Bizə hələ gəlib çatmayıb təəssüf ki.
 Pilatla dialoqdakı hakimiyyət məsələsi Qeysərdən artıq Stalinə işarədir. Amma yetərincə bədiiləşdirilib, siyasi demaqogiyadan təmizlənib. Qədim Romada metropoliyadan kənarlarda hakimiyyəti o dərəcə dəqiqlik və konkretliklə müdafiə etmək mümkün deyildi. Burada isə frazalardan Stalin qandallarının cingiltisi eşidilir. 
 

 
 – Ədəbi tənqidçi Rüstəm Kamal Bulqakovun kitabına yazdığı "Mixail Bulqakov: Təbib və yazıçı sözünün mistikası” adlı ön sözdə maraqlı bir məqamı qeyd edir: "İeşua Pilata deyir: "Sən, məni burax, igemon”. Bulqakov isə Stalindən mühacirətə getmək üçün icazə istəyir”. Pilat İeşuanı, Stalin yazıçını buraxmır”. Diktator müəllifə, Voland masterə, Pilat İeşuaya yaxşılıq etmək istəyir. Onlar düşmənləri ilə bu cür hesablaşırlar: Stalin Bulqakovun əttökən tənqidçisi Averbaxın axırına çıxır, Voland tramvayla Berliozun başını üzür, Pilat isə satqın İudanı cəzalandırır. Diktatorun, Pilatın xeyirxahlığı məkrlidir, xüsusən də şər qüvvənin alicənablığı həmişə məkrli olur. Voland Masteri zəhərləyir, Pilat İeşuanı ələ verir, diktator sənətkarın taleyinə biganə qalır. Hər kəs öz mənafeyini güdür: iblisə imanlının ruhu, Pilata təmiz vicdan, diktatora isə sənətkar vicdanı lazımdır...”. Sizcə, bu hesablaşmaların həm "İncil”də, həm də XX əsrdə paralelliyi nə dərəcədə özünü doğruldur və günümüzlə müqayisədə bizə hansı gerçəkliyi təlqin edir və ən əsası bu hesablaşmadan kimlər nə qazanır, kimlər nə itirir?
 – Orada ateist zamanla səsləşən məqamlardan biri də İeşuanın Pilata öz xidmətini təklif etməsidir. Deyir ki, mənim başımda bəzi fikirlər peyda olub, mən onları səninlə məmnuniyyətlə bölüşərdim, İqemon. Bu mesaj, ola bilər ki, birbaşa Stalinə ünvanlansın. Çünki zaman-zaman Moskvada Bulqakovun maddi durumu yaxşı vəziyyətdə olmayıb, bəzən onu sevən qadınların hesabına yaşayıb. Stalinə məktub yazıb ki, çıxıb ölkədən getsin. Stalin ona  – hətta deyirlər intihar anında – zəng vurub deyib ki, sovet yazıçısı xaricdə yaşaya bilməz. Bulqakov razılaşıb və teatra işləməyə gedib. 
 Romanda kimin kimi öldürməsi sxemlə deyil, gözəl realist təsvirlərlə verilmiş hadisələrin tərkib hissəsi və məntiqi nəticəsidir. Doğrudur, bəziləri deyirlər ki, 37-ci ili də müəyyən mənalarda əhatə edən romanda iki-üç gədə-güdəni öldürməkdən ötrü o boyda İblisi Moskvaya gətirməyə ehtiyac yox idi. Məncə, Bulqakov bütövlükdə şərin fiziki məhvi deyil, onun ifşasını əsas məsələ kimi nəzərdə tuturdu. Əgər yer üzündə İbrahim, Musa, İsa, Məhəmməd kimi peyğəmbərlərdən sonra da şər yaşayıb güclənirdisə, Bulqakovun onu məhv etmək cəhdləri gülünc olardı. Stalin rejiminin əsas dayaqlarından biri qırmızı geyimli, şüarçılıqla dolu sovet ədəbiyyatı idi. Romanda Bulqakov bu ədəbiyyatın istedadsız qatına, onun bir sıra qrafoman başçılarına, onun "Dom Qriboyedov" adı ilə tanınan baş qərargahına qarşı sarkastik barışmazlıqdadır. Bu ifşa misilsiz bir iş idi. 
 
   
 – Romanda geniş obrazlar sistemi var. Bunlardan yaradıcı insan kimi hansı sizin ruhunuza daha yaxındır və sizin üçün romanın əslində əsl qəhrəmanı kimdir?
 – Romanda axsaq, sınıq-salxaq obraz yox dərəcəsindədir. Hətta epizodik obrazlar belə orijinal tip olaraq maraqlı və təkrarsızdır. Mənim üçün ən maraqlı obrazlardan biri Marqaritadır: fədakar, tərbiyəli və təvazökar qadın. Master tanış obrazdır. Yeni obrazlar İeşua, Ponti Pilat, Kaifa – yəhudilərin dini rəhbəri, eləcə də gizli polisin başçısı son dərəcə maraqlı işləniblər. İblisin dəstəsi vaxtilə çox gözlənilməz olub mənim üçün. Mən hələ də ona alternativ tapa bilmirəm.

 – Roman hər nə qədər mistik olsa da, "Epiloq”da real tamamlanır. Bulqakov bütün illüziyaları, mistikanı, niyə sonda gerçəkliklə bağlayır və bu, əsərə sizcə nə qazandırır?
 – Epiloq əsərdə baş verənlərin qısa variantlarda verilmiş sonluğu kimi görünür. Hər kəs layiq olduğunu alır, Masterlə Marqarita çəkdikləri əzabların mükafatı olaraq cənnətə göndərilir, bütün günahlar bağışlanır. Əsas məsələ, günahların Allah dərgahında bağışlanmasıdır. Çünki günahsız insan yoxdur. 
 
 Söhbətləşdi: Fərid Hüseyn