Biz imzaları yox, əsərləri dərc edirik...

Mədəniyyət və incəsənətimizin böyük hamisi
2446
12 Dekabr 2018, 13:21
 15 il bundan öncə XX əsrdə Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyət – Heydər Əliyev əbədiyyətə qovuşdu. Ulu öndər Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafını təmin etməklə yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaradıb. Sənət adamlarının ulu öndərlə bağlı xatirələrini dinlədikdən sonra bu qənaət daha da möhkəmlənir. 
 
 
 
 

 Həm də qürur günü 
 
 Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru Azərpaşa Nemətovov bizimlə söhbətində Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü: "15 il… İllər nə tez gəlib keçir? Sanki onunla görüşümüz bir neçə il bundan əvvəl olub.  Heydər Əliyev dahi şəxsiyyətdir. Təkcə Azərbaycan üçün deyil, dünyada seçilib tanınan böyük mütəfəkkirdir. Biz qürurlanırıq ki, bizim liderimiz məhz onun kimi fenomen olub. Ulu öndərin gördüyü işlər hər sahədə mükəmməlliyi, əsaslılığı, uzaqgörənliyi ilə seçilib. İllər keçdikcə yürütdüyü siyasətin nəticəsini gördükdə, düşünürsən ki, bu insan yaşadığı müddət ərzində gələcək üçün planlar qurub, indi gördüyümüz bu çiçəklənən Azərbaycanın eskizini hazırlayıb. Düşünüb ki, müstəqil Azərbaycan gələcəkdə necə yaşamalıdır, bugünkü Azərbaycanın mövqeyi necə olmalıdır? Heydər Əliyevi incəsənəti, mədəniyyəti sevən insan kimi xatırlayıram.  Çox şükür ki, onunla görüşmək, söhbət etmək mənə qismət olub.  Ulu öndərimizlə hazırladığımız tamaşalarımı izləmişik. O, izlədiyi tamaşanın müəllifini araşdırır, əsəri analiz edir, daha sonra tamaşadakı aktyor oyunlarını təhlil edirdi. Teatr sənətini dərindən bilməsən, sevməsən bu təhlilləri aparmaq mümkünsüzdür. Aktyorlarla görüşəndə onlara olan münasibətini seyr edirdim. Çalışırdı ki, sənət adamları ondan narazı qalmasın. Onları diqqətdən, qayğıdan kənarda qoymurdu. Heydər Əliyevlə  bağlı gözəl xatirələrim var. Şadam ki, zamanında onunla tanış olmuşam. Nə yaxşı ki, Allah mənə o günü qismət edib”.
 A.Nemətov vurğuladı ki,  Heydər Əliyevin bizə qoyduğu miras 50-100 il keçsə belə, yenə də davam edəcək: "Bu gün cənab prezident İlham Əliyev onun yolunun davamçısıdır. Düşünürəm ki, bu, bizim vətənimiz üçün çox lazımlıdır. Heydər Əliyev təkcə rəhbər, böyük siyasətçi  kimi yox, insan kimi də maraqlı idi və yüksək insani keyfiyyətlərə malik idi. Yeri gələndə şeir deyir, zümzümə edir, şairlərlə təmasda olurdu. Bu gün onun anım günüdür, ulu öndəri yad edirik. Ancaq həm də bu gün qürur günüdür. Qürurluyam ki, belə bir şəxsiyyətlə təmas qurmaq, onun fəaliyyətini izləmək şansım olub”. 
 
 
 

 "Onun ölməz ideyaları bu gün də yaşayır”
 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə ümummilli liderin mədəniyyət və incəsənətimizin böyük hamisi olduğunu bildirdi: "Heydər Əliyevin teatr sənətinə verdiyi yüksək qiymət bütün parlaqlığı ilə özünü göstərir. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi. Heydər Əliyevin teatra gəlişi, səhnə arxasında yaradıcı heyətlə görüşləri, söhbətləri, bir qayda olaraq, televiziya vasitəsi ilə xalqa çatdırılırdı.  Böyük həvəs, maraq və heyrətlə bu görüşlərə baxırdım, Heydər Əliyevin sənət haqqındakı fikirləri, yeri gələndə dramaturqa, rejissora və aktyorlara xoş sözlərlə bərabər, haqlı irad tutması o qədər obyektiv, professional səviyyədə tutarlı olurdu ki, mən bir teatrşünas kimi heyranlığımı gizlədə bilmirdim.  Bəli, Heydər Əliyev doğrudan da fenomen bir şəxsiyyət idi. O, teatr sənətinin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. H.Əliyevin sənət adamlarına hörməti hər zaman hədsiz olub. Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılıq axtarışlarına səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin yozumuna müasir baxış qüvvətləndi. H.Əliyev incəsənət xadimlərinə böyük ehtiramla yanaşırdı. Deyirdi ki, mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. Siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bir an yadından çıxarmamalıdır. Ümummilli liderimiz Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi.   Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir”.
 
 
 

 "Fikirləşirdik ki, siyasətçi teatrşünas kimi necə danışa bilir?”
 
 Xalq artisti Nurəddin Mehdixanlı "Kaspi”yə açıqlamasında bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyətdir: "Hər millət öz tarixində dahi şəxsiyyətlər yetişdirir. O şəxsiyyətlər də lazımi anlarda millətinin yardımçısı olmaqla bərabər, onların dərdinin, problemlərinin keşikçisi olur. Və o, öz dövlətini dünyaya tanıdır. Bir azərbaycanlı, milli təəssübkeş, dövlət başçısı olaraq, Heydər Əliyev bütün sahələrdə fenomenal qabiliyyətə və istedada malik idi. Rus dilində təhsil almasına baxmayaraq, Azərbaycan dilində hətta dilçilərin həsəd aparacağı qədər təmiz danışırdı. Gözəl nitq qabiliyyəti var idi. Azərbaycan mədəniyyətinə bütün incəliklərinə qədər bələd idi. Musiqisini, ədəbiyyatını, təsviri sənətini, teatrını, kinosunu çox gözəl bilirdi. Məhz bu səbəbdən mədəniyyət sahəsinə xüsusi diqqət yetirirdi. Dahi insan olaraq bilirdi ki, bir milləti yaşadan onu tanıdan məhz mədəniyyətidir. Mədəniyyət varsa xalq, millət var. Əgər mədəniyyət varsa, xalq dövlətini quracaq və millət olaraq bayrağını qaldıracaq və "mən varam” deyə bilmək haqqı olacaq”.
 N.Mehdixanlı o illəri gözəl xatırladığını və ulu öndərimizin  millətinə, dilinə xüsusi önəm verdiyinin şahidinə çevrildiyini bildirir: "Heydər Əliyev  bilirdi ki, milləti yaşadan, var edən, millət edən onun yaddaşını diri saxlayan millətin dilidir. Təsadüfi deyil ki, Heydər Əliyevin vaxtında Azərbaycan dili haqqında xüsusi qanun qəbul edilmişdi. 
 Azərbaycanı sevdiyi qədər sənət adamlarını, mədəniyyət adamlarını da sevirdi. Daima xalqın içərisində idi. Sənət adamlarına xüsusi qayğısı var idi. O, tamaşaya gəlir və hər kəsi öz adı ilə çağırır və aktyorların ondan əvvəl oynadığı rolları bir-bir sayırdı, oynadıqları rolları analiz edirdi. Tamaşa haqqında danışanda ona heyrətlə baxırdıq. Fikirləşirdik ki, siyasətçi teatrşünas kimi necə danışa bilir? Tamaşanı, pyesi, aktyor oyununu necə böyük ustalıqla izah edir?” 
 Xalq artisti qeyd etdi ki, Heydər Əliyev həm də Azərbaycan dövlətçiliyini fəlakətdən qurtaran, onu xilas edən fenomenal bir şəxsiyyətdir: "O, Azərbaycan dövlətinin dağılmasının qarşısını alan böyük tarixi şəxsiyyətdir. Bu xidmət heç bir zaman unudulmayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, o, yaşayacaq, nə qədər ki, bayrağımız dalğalanır, bizim qəlbimizdə yaşayacaq. Çünki Heydər Əliyev əbədiyyətə qədər yaşamaq haqqını millətinə, xalqına, dövlətinə xidmətlə qazanıb. Allah ona rəhmət eləsin! Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”. 
 
 
 
 

 "Hər dəfə konsert verəndə gözlərimiz onu axtarırdı”
 
 Xalq artisti Murad Dadaşov ümummilli lider Heydər Əliyevin dəstəyini, diqqətini öz üzərimdə hiss etdiyini deyir: "Ulu öndərimizlə bağlı şəxsən özümə məxsus olan xüsusi hisslərim var. O, sağlığında mənə böyük etimad göstərib. Bir dəfə özünün də iştirak etdiyi bir konsertimizdə obrazını yaratmışdım. Düzdür, xarici görünüş baxımından Heydər Əliyevə heç də bənzəmirəm. Ancaq canlandırdığım həmin obraz sevildi. Heydər Əliyev konsertdən sonra mənə yaxınlaşdı təəssüratlarını bildirdi. Onun mənə qarşı xüsusi münasibəti var idi. "Parni iz Baku” ilə Heydər Əliyevin dostluğu çoxdan başlamışdı. Azərbaycanın ən çətin anında Heydər Əliyev hakimiyyətə gəlmişdi  və ölkənin daxili problemləri ilə məşğul idi. O, Azərbaycan cəmiyyətini vətəndaş müharibəsindən xilas edirdi. Eyni zamanda Azərbaycanın təbliğatı ilə məşğul olan "Parni iz Baku” Rusiyada fəaliyyət göstərirdi. Bizim qələbələrimiz həmişə onu sevindirirdi. Heydər Əliyev bizim əziz tamaşaçımız idi. Hər dəfə konsert verəndə salonunda gözlərimiz onu axtarırdı. Sanki hər dəfə onun qarşısında hesabat verirdik. Hər konsertimizdə qaldırdığımız məsələləri izləyirdi, onları dəyərləndirirdi. İnsanlara sözü elə deyirdi ki, heç kimin xətrinə dəymirdi. "Bakılı oğlanlar”ın konsertdə qaldırdığı problemlər cəmiyyətin problemləri idi. Onu elə düzgün formada göstərirdik ki, Heydər Əliyev bizi hər zaman dəstəkləyirdi və tamaşaları izləyəndən sonra müəyyən tapşırıqlar verirdi. Biz bu tamaşalarla adi insanın yaşadıqlarını göstərə bilirdik. Bütün bunların nəticəsində Heydər Əliyev bizə xüsusi hörmətlə yanaşırdı. Onun konsertlərimizə gəlməsi komandamıza böyük etimad idi. Ona görə də, Heydər Əliyevin dünyasını dəyişməsi komandamız üçün dərin bir yara oldu. Hər dəfə Heydər Əliyev xatırlayanda, daxilən kövrəlirəm. Mənim üçün böyük itkidir. Hesab edirəm ki, xalqımız üçün də əvəzolunmaz itkidir. Bəzən deyirlər ki, həyatda əvəzolunmaz insan olmur. Ancaq Heydər Əliyev əvəzolunmazlığı hər an sübut olunur. O, təkrarolunmaz lider kimi hər zaman xatirələrimizdə qalacaq”.
 
 
 
 
 

 "O illər ömrümüzün ən gözəl çağları idi”
 
 Xalq artisti Niyaməddin Musayev deyir ki, onların nəsli xoşbəxtdir ki, Heydər Əliyevlə bir dövrdə yaşamaq nəsibləri olub: "Ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olmuşuq. O illər ömrümüzün ən gözəl çağları idi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafa çatmaq üçün ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
 Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
 Açığını deyim ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər, heç zaman tanınmayıblar. Elə içi biz qarışıq. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. Onun idarəçi olduğu dövrdə SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı simalarıdırlar. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, onlar gələcək Azərbaycanımız üçün gərəkli olsunlar. Necə ki, oldular da. Allah ona rəhmət etsin”. 
 
 Xəyalə Rəis