Biz imzaları yox, əsərləri dərc edirik...

Məcnunun gücü ruhunda idi – Gülşən Əliyeva-Kəngərlinin müsahibəsi
3973
27 Noyabr 2018, 10:51
  Gülşən Əliyeva-Kəngərli: Vəhy peyğəmbərlərə, fəhm dahilərə xas ən ali məziyyətdir”
 
 
  Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor, tanınmış füzulişünas Gülşən Əliyeva-Kəngərlidir. Onun sevdiyi əsər Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasıdır.
 
 

 
 
  – Füzuli "Leyli və Məcnun” əsərini yazdı, amma "Xəmsə” qələmə almadı. Mənə elə gəlir ki, Nizami Gəncəvinin əsərlərinin fəlsəfi alqoritmini – sosial varlıqdan kamil insana – Füzuli bir əsərində – "Leyli və Məcnun”da yazdı deyə "Xəmsə”yə ehtiyac qalmadı. Siz necə düşünürsünüz?
  – Nizami intibah dövrünün dahisi idi. Şərq intibah zirvəsi onunla tamamlanır. İntibah idarkı əsas tutur. İnsan və humanizm onun əsas qayəsi idi. Bu adi insan deyil, kamil insan idi. Ona görə də  Nizami  hətta Şərqi fəth etmiş İsgəndəri ən böyük əsərinin qəhrəmanı seçmişdi. "Xəmsə” intibah epoxasının möhtəşəm ədəbi forması idi. Ana dilində "Xəmsə”  yoxdur. Ana dilinə keçid baş verməklə (XIII əsr) "Xəmsə” dövrü başa çatdı. Lakin bu o demək deyil ki, Nizami idrakı əsas hesab edib, eşqi unudur. Yox, bu misralara nəzər salaq: 
 
  Dinləsək söyləyər o idrakı
  Hər şey eşq üstündə durur dünyada
  Eşqdir mehrabı uca göylərin
  Eşqsiz ey dünya, nədir dəyərin. 
 
  İdrak və eşq Nizaminin intibah qəhrəmanı Fərhad həm zahiri gözəl, həm fiziki cəhətdən qüdrətli, həm kamil sənətkar, həm də sevən aşiq idi. O, Xosrova öz eşqinin və ağlının gücü ilə qalib gəlir. Nizaminin ən güclü intibah qəhrəmanı Fərhaddır. 
  "Xosrov və Şirin” əsərindəki Şirin gözəllik, ağıl və eşq mücəssəməsidir. Nizamidə həqiqi məhəbbətlə sevə bilmək kamillik əlaməti idi. Rəssam Şapurun təsvirində Xosrov Şirinə vurulur. Ərköyün şah Xosrov Şirinin  qəsrinə gələndə Şirin ona ağıllı cavab verir: "Qızaram əynində polad əriyər”. Nizami Şirinin məhəbbəti ilə Xosrovu kamil insana, həqiqi sevən aşiqə çevirir.
  – Məcnun bu dünyada Allaha qovuşur, o biri dünyada Leyliyə, bəs görəsən bu qədər vüsaldan sonra onu niyə görə həsrət ünvanı – kamına çatmayan aşiq kimi qavrayırlar?
 
 
 

  – Burada real həqiqətlə bədii həqiqət eyniləşdirilib. Allahın kimliyini heç kəs – bəni-adam bilmir. "Kitabi-Dədə Qorqud» eposunda onun haqqında belə deyilir: "Ucalardan ucasan, kimsə bilməz necəsən”. Beləliklə, Füzulinin əsərində Allah da, Leyli də eyni bədii məfhumlardır. Leyli məşuqədir, klassik bədii fəlsəfəyə görə Allahın timsalıdır. Məcnun bu dünyada Allahın o dünyada Leylinin ruhuna qovuşur. Buna vüsal demək olmaz. Poemanın poetik-psixoloji cəhətdən ən gərgin məqamı Leylinin İbn Səlamdan qurtulub Məcnun sorağı ilə fəryad etdiyi yerdən başlayır. Poemanın "Bu, Leylinin naqəyə ərzi-razıdır və zəbani-hal ilə izhari-niyazıdır” bölümündə 
  Leyli dedi: – "Çün sənə şəkkim var,
  Məcnun isən eylə halın izhar,
  Leyliyi sevərsən eylə bünyad
  Bir şeir, keçən zamanını et yad”! – deyir.
 
  Beləliklə də, Leyli onun dərdi ilə vəhşi heyvanlar arasında üzülüb əldən düşmüş Məcnunu tanımır. Ümumiyyətlə, aşiqlə məşuq arasında tanıma səhnəsi bizim həm klassik ədəbiyyatımızda, həm də nağıl və dastanlarımızda məşhurdur. Cavabında Məcnun Leyli səsindən sehrlənərək ona "Key səbzeyi-dərdimə verən ab! (Ey dərd çəmənimi sulayan!) deyə müraciət edir: "Faş oldu çün aləmə fəsanəm // Tədbirimə düşdü, atəm, anəm // Gəh dəğdəğeyi təbib gördüm // Gəh səy ilə Kəbəyə yügürdüm” sözləri ilə başına gələnləri Leyliyə nəql edir.
  – Bilirik ki, merac heç kəsin çatmadığı ucalıqda iki müqəddəsin Allahla Tanrının görüşüdür. Füzuli Leyli ilə Məcnunun görüşlərini "Kəmali-merac” adlandırır? Sizcə, niyə görə qəlbin yox, məhz idrakın meracı adlandırır həmin görüşləri?
  – Bu eşqin mərtəbəsini göstərmək üçün sufi bir üsuldur. Bu mərtəbədə artıq əql və kamalla qəlb birləşir. Bu vəhy və fəhm mərhələsidir. Vəhy peyğəmbərlərə, fəhm dahilərə xas ən ali məziyyətdir.
  Ümumən bu məsələdə dahi Füzulidə müəyyən ziddiyyət var. Müxtəlif qəzəllərdən iki beytə nəzər salaq:
 
  Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim?
  İxtiyar olsaydı, rahət ixtiyar etməmidim?
  ----
  Əql  tədbiridir ol, sanma ki, bir bünyarı var
  Ey Füzuli, eşq mənim qılma nasehdən qəbul.
 
  Göründüyü kimi birinci beytdə əql pislənilir, zəif hesab olunur. Ümumən "Leyli və Məcnun” dastanında əql məşuqəni yarıyolda qoyub qaçan qorxaq aşiqə bənzədilir. Misal verdiyimiz ikinci  beytdə isə Eşq "Əql tədbiri” adlandırılır.
 
  – Əsərdə hissələrin tamamında "Təmamiyi-suxən"lər – fikrin sonu, sözün axırı, yekun fikir – yazıb Füzuli. Bu "Təmamiyi-suxən"lər sizcə, əsərə nə qazandırır və onları həm də Füzulinin şərhləri hesab edə bilərikmi?
  – Füzuli "Tamameyi-suxən” ifadəsini müəyyən bir əhvalın, fikrin tamamlanması mənasında qeyd edir. Bunun hərfi mənada "sözün bitməsi” kimi başa düşmək lazım deyil.
  – Leyli başqalarının iradəsi ilə, zamanın diktəsi ilə başqasını "seçir” – İbn Səlamı. Məcnun isə öz iradəsi ilə sonda başqasını seçir Allahı. Sanki əsərdə ayrılıq, rəmzi mənada deyirəm, "vəfasızlığın” nəticəsi kimi çox məntiqi görünür. Bu haqda siz nə düşünürsünüz?
  – Bu belə deyil, burada "seçim”dən söhbət getmir. Bunu aydın görmək üçün Leylinin İbn Salamın çadırından çıxıb səhraya gələrkən Məcnunla görüşəndə Məcnunun dediyi sözləri diqqətlə oxuyaq: 
 
  Canım gedəli bəsi zamandır,
  Cismimdəki indi özgə candır,
  Sənsən hala tənimdə canım,
  Gözdə nurum, cigərdə qanım,
  Məndə olan aşikar sənsən,
  Mən xud yoxam, ol ki var – sənsən!
  Gər mən mən isəm, nəsən sən, ey yar?
  Vər sən sən isən, nəyəm məni-zar?
  Leyli ilə Məcnunun bu dialoqu aşiqin (Məcnunun!), Məşuqun (Leylinin!) Allahda əriyib itməsidir. 
  – Füzulinin Məcnunu eşq peyğəmbərini xatırladır: Məcnundan sonra Məcnunluq bir missiya, dəyər kimi təqdim edilir. Necə ki islamı hər qəbul edən Məhəmməd hümməti sayılır, eləcə də hər sevən Məcnun hümməti sayılır. Necə ki peyğəmbərliyə ucalan yol daş-qalaqdan keçir, eləcə də Məcnunluğa gedən yol. Necə ki peyğəmbər ömrünün sonu cənnətlə mükafatlanır, eləcə də Məcnun o biri dünyada sevdiyinə qovuşur. Misalları artırmaq da olar. Sizcə, bu müqayisədə çox ifrata varmıram ki?
 
 
 
 


  –Burada ehtiras və məhəbbət qarışdırılır. Məcnun təkcə sevmir, həm də fəda olmağı bacarır. Fəda olmaq sevməkdən daha dərindir, onda  irfanilik əlaməti var və bu əsasdır. Ümmət peyğəmbər ola bilməz. "Məcnunun ümməti” demək olmaz, bu absurddur. Məcnunluq idrakilik, saflıq hətta qəhrəmanlıqdır. Axı "Eşqdir mehrabı uca göylərin” (Nizami). Məcnunluq eşq yolu ilə haqqa qovuşmaq  yoludur.
  – "Bu qəzəl Leylinin dilindəndir”, "Bu qəzəl Məcnunun dilindəndir” – əsərdə çoxlu belə cavablaşmalar var. Ancaq qəzəlin sonunda Füzuli məqtə beytini onların deyil öz adından verir. Niyə?
  –  Bu orta əsrlər, xüsusən qəzəl poetikasında bir üsuldur. Leyli də, Məcnun da məhz Füzuli özüdür. Bu rəmzə diqqət vermək lazımdır. 
  "Məndə Məcnundan Füzuli aşiqinin istedadı var
  Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var”, deyir Füzuli.
 
  – Leyli o qədər üstün qəhrəmandır ki, onu heç kəsə bənzətmir Füzuli. Ancaq bir yerdə Şirinlə müqayisə edir:
 
  Şahbaz baxışlı, ahu gözlü,
  Şirin hərəkətli, şəhdi sözlü.
 
  – Niyə məhz Şirinlə müqayisə edilir Leyli?
  –Mənim fikrimcə, Füzuli Leylini reallığa yaxınlaşdırmaq üçün onu orta əsrlər intibah qəhrəmanı, dərin zəka və ülvi gözəllik mücəssiməsi Şirinlə müqayisə edir. Burada həm də varislik məsələsi var.
  – Qeyslə Məcnunun başlıca fərqlərini nədə görürsünüz?
  – Qeys hələ məcnunlaşmamış məcnundur. O orta əsrlərin pak və zərif ziyalısı olaraq real Leylini dərin məhəbbət, insani ehtirasla sevir. Əslində, Məcnunun prototipi var, o qədim dövrün məhəbbət şairi, tarixi şəxsiyyətdir. Füzulinin  Qeysi məhəbbətdən yoğurulub. O dünyaya gələrkən ağlayır, yalnız gözəlliklə təmasda gözəl qadının qucağında kiriyir. Füzuli bunu təbii biopsixoloji xüsusiyyət kimi mənalandırır... Qeysin varlı qəbilə başçısı olan atası Leyli üçün elçiliyə gəlir. Qız atasının cavabı çox sərt olub.
 
  Bilirəm qürübün mənə şərəfdir
  Ancaq ki, xələfin əcəb xələfdir
  Məcnun deyə tən edir xəlayiq
  Məcnuna mənim qızım nə layiq?
 
  Həmin rədd cavabından sonra Qeys məcnunlaşmağa başlayır. Leylini ondan ayırırlar. Bu halda Məcnun onu zəmanəsinə bağlayan zəncirləri qırıb azadlığa çıxır, zəmanəyə onun adət ənənələrinə üsyan edir.
Qeysi "məcnun” tənəsinə, Leyli əzabına dözmək Eşq yolunun irfanı mərhələlərini – şəriət,  təriqət, mərifət və həqiqət sınaqlarını keçərək həqiqətə – haqqa qovuşmaq əzabı gözləyir.
 
 
 
 
 

  – Füzuli əsərin dibaçəsində Allaha dua edir ki, əsəri düzgün anlaşılsın. Füzulidən əvvəl onlarla "Leyli və Məcnun” yazılmışdı, sizcə, müəllif nə səbəbdən əsərin düzgün anlaşılmayacağından ehtiyatlanırdı?
  – Füzuli əsərin anlaşılmayacağından ehtiyat etmir. Füzuli Nizaminin dühasını dərk edir, onun əsərindən zəif əsər yazacağından ehtiyat edir. Həm də öz əsərini ucaldırdı:
 
  Türkü ərəbu əcəmdə əyan
  Türkü ərəbü əcəmdə əyyam,
  Hər şairə vermiş idi bir kam.
  Şad etmiş idi Əbunəvası,
  Harun xəlifənin ətası
  Bulmuşdu səfayi-dil Nizami
  Şirvan şahına düşüb girami. 
  Olmuşdu Nəvayi-süxəndan.
  Mənzuri-şahənşahi Xorasan
  Söz gövhərinə nəzər salanlar
  Gəncinə gühər olanla
  Hər söz ki, gəlir vücudə məndən
  Min mənə bulur hər ərcümandan
  Söz dərkinə sərf edib fərasət
  Əmlakıma bulmuşam rəyasət
  Dükanı ola rəvacı-bazar
  Hər istədigin bula xiridar. 
 
  –  "Girdabi-bəlayə oldular ğərq, Qalmadı aralarında bir fərq” – bu misralar, ümumən qəhrəmanların bir-birinə çevrilməsi (aynaya baxanda Leylinin Məcnuna, Məcnunun Leyliyə oxşaması), eyniləşmənin səbəbi barədə nə deyərdiniz?
  – Bu çevrilmə deyil, əriyib itmədir. Leylinin ağıllı sədaqətini qoruyur. Zəmanəsinin hökmü ilə İbn Salama ərə verilən Leyli fənd işlədir. Zifaf məqamında ona yanaşan İbn Səlama deyir: məktəbdə oxuyarkən bir falçı mənim falıma baxıb demişdi – Sən cinnisən, sənə kim toxunsa o öləcək. İbn Səlam – Salamatın oğlu, öz sağlamlığını qoruyan –  qorxudan Leyliyə əl vurmur. Bununla da Leyli eşqinə sadiq qalır. Əslində, Leyli ona deyir ki, mən məcnunluyam, bütün varlığım məcnundan ibarətdir, sən kimi almısan?!
 
  Mən məktəbə getdigim zamanlar,   
  Hifzi-səbəq etdigim zamanlar;   
  Bir şəxs mənə göründü nagah,   
  Oldum pəri olduğundan agah.   
  Cinnilər içində ol pərizad  
  Ülfət mənim ilə qıldı bünyad.   
  Hər ləhzə durar mənə bərabər,   
  Der kim: "Bəni adəm etmə həmsər!   

  yaxud:
 

  Şeydalığım oldu aləmə faş,   
  Nifrət qılır oldu yarü yoldaş.   
  Sən həm ki, bizim diyara yetdin,   
  Əlbəttə, bu qissəni eşitdin.   
  Hala ki, səninlə düşdü bazar,   
  Oldun düri-əqdimə xiridar.   
  Qarşımda həm ol pəri durubdur,   
  Qeyrət qılıcına əl urubdur.   
  Tərk et ki, bu vəsl bimi-candır,   
  Həm özünə, həm mənə ziyandır!   
  Bir neçə zaman təhəmmül eylə,   
  Dərmanın elə, təvəkkül eylə!   
  Ola ki, müyəssər ola məqsud,   
  Səndən açıla bu babi-məsdud.   
  Qət' ola zəbani-tə'ni-düşmən,   
  Həm sən yetəsən murada, həm mən.'' 
  Ol sadəzəmir ona inandı,   
  Cinni xəbərin səhih sandı.   
  Vəhm etdi ki, olsa yara vasil,   
  Nöqsan ola canü caha hasil.  
 
 

 
  – Nizami İbn Səlamın ölümünü onun aqibəti, Füzuli isə iki sevəni ayırdığına görə cəza kimi qələmə verir. İstərdim bu barədə danışaq...
  – İbn Səlam Leylinin niyyətini – onun məcnunluğunu başa düşmür. Lakin İbn Səlam mərifət sahibidir. Leyli onu yüksək qiymətləndirir:
 
  Övsafın eşitmişəm ziyadə,
  Kamilsən ədəbdəvü həyadə.
 
  Dövrünün ədəbli, mərifətli adamı olsa da İbn Səlam Leylinin sevgilisinə  – ilahi sevgiyə –  layiq adam deyil.
 
  – Qəhrəmanların cənnətdə qovuşması, sırf İslam ənənələrinə görədir, yəni başqa dünyaya inam aşılamaqdan ötrüdür, yoxsa özgə səbəbi var bunun?
  – Doğrudur, Füzuli dini idarədə işləyib, "ruzi yeyənin ali-məqamın qapısından” deyir. Güman etmirəm ki, o cənnəti təbliğ edir, ora ümid bağlayırdı. Füzuli üçün eşq ən böyük, ən müqəddəs din idi. Çünki Füzulidə eşq Allaha qovuşmağın vasitəsi idi. Bu müddəa sufizm təlimində başlıca yer tuturdu.
  – Möhkəm küləkdən yıxılan Məcnun dünyanı eşqin qəmindən azad etmək istəyir. Bu ziddiyyətli güc nədən doğurdu?
  – Məcnunun fiziki zəifliyi onun gücsüzlüyü deyildi. Məcnun artıq Leyli, Leyli də Məcnun olmuşdu. Məcnunun gücü ruhunda idi, o da sevgidə təzahür edir. 500 ildən artıqdır ki, dünya Məcnunla vuruşur, ona qalib gələ bilmir. Əksinə tarix Məcnunun qüdrətini, sevgisini, gücünü – Məcnunluğunu təsdiq edir. Məcnunluq dünyanı paklaşdıran iksirdir.
  – Əsərdə İlahi eşqlə insani eşqin nisbəti hansı dərəcədə gözlənilib?
  – İlahi eşq insani eşqdən başlanır, onları bir-birinə qarşı qoymaq olmaz. Məhz insan eşq ilə yüksəlir ki, o insanı allahlaşdırır. Nəsimi bu eşqin qüdrəti ilə Allahı insana endirir: "Qorxdular həq deməyə, döndülər insan dedilər”.
 
 
  Söhbətləşdi: Fərid Hüseyn