Biz imzaları yox, əsərləri dərc edirik...

Məcnun sevgisi də bəşəriyyəti günahlardan təmizləyir – "Sevdiyim əsər” layihəsi – Firudin Qurbansoy
1908
12 Fevral 2019, 09:05
 Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz filologiya üzrə fəlsəfə doktoru, dosent Hacı Firudin Qurbansoydur. Onun sevdiyi əsər Məhəmməd Füzulinin "Leyli və Məcnun” poemasıdır.
 
 
 
 
 
 
 
 
 

 – Füzuli "Leyli və Məcnun” əsərini yazdı, amma "Xəmsə” qələmə almadı. Mənə elə gəlir ki, Nizami Gəncəvinin əsərlərinin fəlsəfi alqoritmini – sosial varlıqdan kamil insana – Füzuli bir əsərində – "Leyli və Məcnun”da yazdı deyə "Xəmsə”yə ehtiyac qalmadı. Siz necə düşünürsünüz?
 – Mövlanə Məhəmməd Füzuli "Xəmsə” yazmağı qarşısına məqsəd qoymamışdı. Bu işə onun sənət qüdrəti və öyrəndiyi elmlər sistemi artıqlaması ilə kifayət edərdi. Ona görə, Mövlanə Füzuli "beşlik” yazmağı qarşısına məqsəd qoymadı ki, keçilmiş yolla gedəndə öz cığırın olmur. Bir də, Şeyx Nizaminin "Xəmsə”sindən başqa, bütün "Xəmsə”lər formal səciyyə daşıyır. Yunanca "kvinkeyner”, sanskritcə "pançatantra” olan "beşlik” nədir, nəyi bildirir? – sualları nə filologiyada, nə də fəlsəfədə araşdırılmamış mövzudur. Ona qədər saya bilənlər görür ki, "Məxzən əl-əsrar”, "Xosrov və Şirin”, "Leyli və Məcnun”, "Həft peykər” (yaxud "Bəhramnamə”), "Şərəfnamə” və "İqbalnamə”ni bir-bir sadalayanda beşdən bir az çox çıxır. Son iki əsərin "İskəndərnamə” ümumi adının altında toplanmasına bizcə, lüzum yoxdur. Onlar səciyyəsinə və qarşıya qoyduqları məqsədlərinə, əruzuna, hətta təriflədikləri hakimlərə görə ayrı-ayrı əsərlərdir. Lap tutalım ki, bu iki müxtəlif əsər bir əsərdir, onda "əgər Şeyx Nizami 3-4 il çox yaşasaydı, daha dastan yazmayacaqdı? Niyə məhz beşlik?” sualına hələ ki, nizamişünaslıq elmində cavab yoxdur. Bu, ayrı bir mövzudur, inşallah, ayrıca məqaləmiz olacaq.
Orta yüzilliklərdə məqbul münasibət idi ki, əlinə qələm alıb bir-iki beyt yaza bilən hər kəs, skleroz tarixin yaddaşında öz adını qoymaq üçün dəridən-qabıqdan çıxaraq şöhrətli bir müəllim – müəlliflə cəngü-cidala çıxmaqdan belə çəkilməyiblər. Baxmayaraq ki, xəmsəçilərin içində, siqlətinə görə aşağı əyarlı şairlərlə yanaşı, poetik sözünün keyfiyyəti indiyədək qorunanlar da var. Mövlanə Füzuli öz poetik cazibəsini yaratmağa müvəffəq olmuş şairdir, hələ sağlığında bir planet kimi ətrafına çoxsaylı peyklər toplamağı bacarmışdı. Bu günəcən də bu cazibə qüvvəsi azalmayıb.

 – Məcnun bu dünyada Allaha qovuşur, o biri dünyada Leyliyə, bəs görəsən, bu qədər vüsaldan sonra onu nəyə görə  həsrət ünvanı – kamına çatmayan aşiq kimi qavrayırlar?
 – Mövlanə Füzuli "Leyli və Məcnun” dastanını  irfanyönlü adam - rəmz kimi düşünüb və icra edib. Bilirsiniz ki, uğursuz məhəbbət rəmzlərindən Gül-Bülbül, Şəm-Pərvanə kimi aşiq rəmzi obrazları vardı, ancaq adamları rəmz şəklində vermək Füzuliyə qədər heç bir sənətkara müyəssər olmayıb. Gül nəbatata aiddir, yəni bitkidir, bülbül isə quşdur. Nəbatatla heyvanatın izdivacı mümkün deyil. Hətta bülbül də, gül də nə qədər çox bir-birinə meylli olsalar da, onların ailə qurması, cütləşməsi, nəsil törətməsi absurddur! Bəs bunu şairlər niyə belə yazıb? Olmazdı ki, qızılgül və başqa bir gül, bülbül, başqa bir quş paraleli yaradaydılar? – Yox, olmazdı. İlk gəncliyində idrakla deyil, hisslə dəli kimi sevən cavanlar üçün bu rəmzlər tərbiyə qaynağı idi. Müxtəlif zümrədən, sosial təbəqədən çıxanların cavanların sevgi duyğuları ilə harmonik uyğunlaşması, bir tama çevrilməsi demək olar ki, mümkün olmur. Gül-Bülbül təqdimatında hələ faciə olmaya da bilər. Özündənrazı gülün tikanı var, bülbül ona yaxın gedə bilmir, sonra da gül solur, heç kəsə lazım olmur, hətta Bülbülə də!...
 Şəm-Pərvanə də faciə özüllü rəmzlərdir. Pərvanə həşərat, şəm isə içinə fitil-sap keçirilmiş arı mumudur. Onların da izdivacı absurddur. Təhlükə işıq verən alovdadır, bu od  hər ikisinin axırına çıxır. Şəm əriyib yox olur, pərvanə özünü alova çırpıb yandırır. Yenə də müxtəlif zümrələrin faciəvi uyğunsuzluğu məsələsi gündəmə gəlir.
 Mövlanə Məhəmməd Füzulinin "Leyli və Məcnun” dastanında Məcnun, Leyli, İbn Səlam adam-rəmzlərdir. "Qeys” – köhnə ərəbcə "yağış”, "Məcnun” sözü isə "Qurani-Kərim”də keçir, mənası "cin tutmuş adam” deməkdir. Kafirlər Peyğəmbərimizə "şair”, "sahir”, "kahin” kimi ayamalarla yanaşı "məcnun” da deyirdi. Mövlanə Füzuli Qeysə Peyğəmbər səviyyəsi vermir, sadəcə olaraq, onun cəmiyyətdən yüksək məqamda durduğunu göstərir. Maddi imkanlarına görə heç də Leylinin ailəsindən  aşağı olmayan Məcnuna niyə qız vermirlər? – Ona görə ki, Qeysin eşqi cəmiyyətin qəbul etdiyi məhəbbət normativləri və parametrindən daha yüksəkdir. Bir qıza yönəli məhəbbət ilahi miqyasda ola bilməz, bu, Allahın insanlar üçün qoyduğu nizamdan, qayda-qanundan kənara çıxır. 
 "Leyli” ərəbcə "gecəyə məxsus” anlamına gəlir. Şair heç də ərəb qızlarının qaramtıl dərisinə işarə etməyib, onun zülmət içində boğulduğunu, nicat yolu tapa bilmədiyini bu adla göstərib.
 
Leyli demə, cənnət içrə bir hur,
Məcnun demə, zülmət içrə bir nur.
 
 "Nur” ərəbcə işıq mənbəyinə yox, əks olunan işığa deyilir. Gecəyə məxsus olduğu üçün Leylinin əli nura çatmır.
"İbn Səlam” Salamın oğlu deməkdir, Səlam adlı kişinin oğlu! Səlam Əsmayi-Hüsna elmində Allahın gözəl adlarından biridir. Qoyduğu mirasdan da görünür ki, ərəb əşirətində adlı-sanlı fərdlərdən biri, bəlkə. birincisi olub. Bəs onun oğlunun öz adı nədir? – Atasının adının kölgəsində gizlənən bu oğulun öz adı yoxdur! O, ad qazanmayıb. Özgəsinin sevgilisini almaq pis ad gətirir. Məsələ ondadır ki, İbn Səlam kəbin kəsdirib toy eləsə də, Leylini ala bilmir.
 Qəribə deyilmi? Məcnun Leylini ruhu ilə, İbn Səlam isə maddiyyatı ilə sevir, ancaq heç biri sevgisinə qovuşa bilmir. Leyli obrazı bu dünyanı rəmzləşdirir: bu dünyaya kimsə nə ruhu, nə də maddiyyatı ilə sahiblənə bilər, necə ki, dünya haqqında bir misra deyilib: "Ey bin kişidən arta qalan diveyi-bakir”,  yəni ey min kişi görmüş pak qız...  "Dünya” ərəbcə aşağı deməkdir.
 
 
 
 
 
 
 

 – Bilirik ki, merac heç kəsin çatmadığı ucalıqda iki müqəddəsin – Allahla Peyğəmbərlərin görüşüdür. Füzuli Leyli ilə Məcnunun görüşlərini "Kəmali-merac” adlandırır? Sizcə, niyə görə qəlbin yox, məhz idrakın meracı adlandırır həmin görüşləri?
 – "Qəlb” sözü, əslində bizim qəbul etdiyimiz müsbət mənadakı ürək anlamını vermir, ərəbcədə indi işlətdiyimiz "qəlp”, yəni saxta məfhumunu bildirir. Ərəb dilində "p” səsi yoxdur. ("Peyğəmbər” sözü ərəbcə deyil, iki fars sözündən yaranıb, "peyğam” – xəbər, "avər” – gətirən.) "Namaz möminin meracıdır” – hədisi şərifi ruhun namaz vaxtı bədəndən çıxıb Allah hüzuruna yüksələ biləcəyini bəyan edir. Məcnunun səhrada bir dəstə qızın içində Leylini görməsi absurd teatrındakı mizana oxşayır. Mövlana Füzuli bu görüşü Məcnunun dili ilə belə deyir:
 
Bu vüsalə yuxu əyyamı demək mümkün idi,
Yuxu olsaydı əgər dideyi-giryanimizə.
 
 
 Ağlar gözə yuxu gəlmədiyi kimi, əslində, bu görüş də olmamalı idi...

 – Əsərdə hissələrin tamamında "Təmamiyi-suxən"lər – fikrin sonu, sözün axırı, yekun fikir – yazıb Füzuli.  Bu "təmamiyi-suxən"lər, sizcə, əsərə nə qazandırır və onları həm də Füzulinin şərhləri hesab edə bilərikmi?
 – Mövlanə Məhəmməd Füzuli müstəsna səviyyəli dahi şair olmaqdan əlavə, həm də zəmanəsinin əlyetməz ucalığında olan alimi idi. Təkcə "Mətlə əl-etiqad” adlı əsəri fəlsəfə ensiklopediyasıdır. Hər bir mətləbi izah etmək üçün sözün başlanğıcı və sonu olur. Şair bir alim kimi, elmi əsərlərə məxsus strukturu bədii əsərə gətirib hər bir bəhsdən çıxan nəticəni yığcam şəkildə oxucusuna təqdim edir.

 – Leyli başqalarının iradəsi, zamanın diktəsi ilə başqasını "seçir” – İbni Səlamı. Məcnun isə öz iradəsi ilə sonda başqasını seçir – Allahı. Sanki əsərdə ayrılıq, rəmzi mənada deyirəm, "vəfasızlığın” nəticəsi kimi çox məntiqli görünür. Bu haqda siz nə düşünürsünüz?
 – Təbii ki, Leyli nəinki vəfasız deyil, hətta xanım vəfanın rəmzidir.
 
Olsaydı mənim bir ixtiyarim,
Olmaz idi səndən özgə yarim.
 
Leyli deyir bu sözləri...
Məcnunun Allaha olan məhəbbəti qətiyyən azalmayıb, heç vaxt da o, Allahsız olmayıb. Məcnunun faciəsinin səbəbi, Leyliyə olan səmimiyyətinin Allaha məhəbbətinin ekvivalenti qədər olmasıdır. Bu əsərdə  "vəfasız” deyə biləcəyimiz heç bir obraz yoxdur.

 – Füzulinin Məcnunu eşq peyğəmbərini xatırladır: Məcnundan sonra məcnunluq bir missiya, dəyər kimi təqdim edilir. Necə ki, islamı hər qəbul edən Məhəmməd hümməti sayılır, eləcə də hər sevən Məcnun hümməti sayılır. Necə ki, peyğəmbərliyə ucalan yol daş-qalaqdan keçir, eləcə də, Məcnunluğa gedən yol. Necə ki, peyğəmbər ömrünün sonu cənnətlə mükafatlanır, eləcə də, Məcnun o biri dünyada sevdiyinə qovuşur. Misalları artırmaq da olar. Sizcə, bu müqayisədə çox ifrata varmıram ki?
 – Mövlanə Füzuli böyük islam alimi olduğu üçün Məcnuna eşq peyğəmbəri deyə bilməzdi, bir də, hər hissin (eşqin, nifrətin, qorxunun, məmnunluğun) ayrıca Peyğəmbəri olduğunu qəbul etmək düz olmazdı. Peyğəmbərimizin gətirdiyi, Allahın insanlara son xitabı olan İslam dinində hər şey ölçülü şəkildə var. 
Mövlanə Füzulinin öz qəhrəmanına elə də böyük rəğbəti olmayıb, heç yerdə deməyib ki, mən Məcnundan aşağı aşiqəm, amma yeri düşdükcə deyib:
 
 
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
 
 
 – "Bu qəzəl Leylinin dilindəndir”, "Bu qəzəl Məcnunun dilindəndir” – əsərdə çoxlu belə cavablaşmalar var. Ancaq qəzəlin sonunda Füzuli məqtə beytini onların deyil, öz adından verir. Niyə?
 – Mövlanə Füzuli demir ki, bu qəzəli Leyli və ya Məcnun yazıb, "onların dilindən mən yazmışam” deyib. Hər qəzəlin məqtə beytində öz təxəllüsünü də verib. Bilirsiniz ki, klassik ərəb şairi İmrulqeys Məcnunun prototipi sayılır. Ərəb dilindən onun hər hansı bir şeirini götürüb tərcümə etmək Mövlanə Füzuli üçün problem deyildi, ancaq şair bütün ovqatları özü öz yaşantıları ilə təqdim etdiyi üçün əsər böyük məhəbbət enerjisi ilə doludur, yüzilliklər keçsə də, yenə hamının üz tutduğu idrak və hiss xəzinəsidir. 

 – Qeyslə Məcnunun başlıca fərqlərini nədə görürsünüz?
 – Hər birimiz uğursuz sevgi həyatını yaşamışıq, hətta evlənənlər də... Platona bir cavan "sevdiyim qızla evlənim, yoxsa yox?” – sualını verir. Filosof cavab verir ki, hər iki halda peşman olacaqsan. – Bir halda peşmanlıq olur axı... etirazın qarşısında Platon cavab verir ki, evlənsən, məişət həyatı ülvi ruhi hisslərini söndürəcək, sevgi adiləşəcək sənin üçün. Buna görə peşman olacaqsan. Evlənməsən, məhəbbət çıxarılmamış tikan kimi həmişə göynəyəcək. Qeys sualı verən oğlan, Məcnun isə Platondur. 

 – Füzuli əsərin dibaçəsində Allaha dua edir ki, əsəri düzgün anlaşılsın. Füzulidən əvvəl onlarla "Leyli və Məcnun” yazılmışdı, sizcə, müəllif nə səbəbdən əsərin düzgün anlaşılmayacağından ehtiyatlanırdı?
 – Burada məsələyə zaman prizmasından baxılmalıdır. XVI yüz il kosmik harmoniya ilə dünyanın müxtəlif, bir-birindən din və sivilizasiyaca fərqli olan, oxucu təfəkkürünü qlobal rəmzlərlə çalışdırmağa yönəltməyi bacaran dahilər yetirib: İslamda Mövlanə Füzuli, xaçpərəstlikdə Uilyam Şekspir, buddizmdə Çen Çexol. Rəmzlər isə adi dildən fərqli, xüsusi dildir, onu anlamaq üçün xüsusi mühitin, savad və vərdişlərin olmalıdır.

 "Girdabi-bəlayə oldular ğərq, 
 Qalmadı aralarında bir fərq” – bu misralar, ümumən qəhrəmanların bir-birinə çevrilməsi (aynaya baxanda Leylinin Məcnuna, Məcnunun Leyliyə oxşaması), eyniləşmənin səbəbi barədə nə deyərdiniz?
 – Ziyalı təbəqənin savadsız kütlə ilə fərqi qədər irfan əhlinin sıravi oxumuşlarla müqayisə nisbəti vardı. Elm ül-həvas və elm ül-qəribiyyə adlı elmlər sferiyasına daxil olan nihani-ruhani bilik sahələrindən elm ül-cifr, elm ül-ləduni, elm üs-simiya, elm ür-rimiya, elm ül-kimiya, ül-limiya, elm ül-himiya, elm ən-nöqtə, elm ül-hüruf, elm ər-rəqəm, elm ül-vəqf  kimi bir sıra başqa elmlərə yiyələnməklə yanaşı, özünün və ətrafdakı insanların ruhu ilə işləmək bacarıq və vərdişlərinə malik olan irfan əhlinin də müxtəlif silkləri və ruhi səviyyəsi mövcuddur. Qəribə deyil ki, bu elm və vərdişlərdən xəbəri olmayan fəqihlər irfan əhli üçün məhkəmələr qurur, onları ən dəhşətli üsullarla dindən çıxmışlar kimi edam etməyə fətva verirdilər. Halbuki, irfan əhli Allaha ən yaxın zümrədəndi, onların irfan rəmzlərilə dedikləri ilk baxışdan şəthiyyə  – Allahı adiləşdirmə – kimi sezilirsə də, dərindən diqqət yetirilirsə, "Qurani-Kərim” ayələrinə və hədislərə dayanaqlı sözlər olduğu aydın görünür.     
 İrfanyönlü şeirlərdə "Qurani kərimdən gələn أ"ələstü birəbbikum?” – Mən sizin Rəbbiniz deyiləmmi? – sualı daha çox keçir. Vəfasız bəşəriyyətə  Allahın xitabı Əraf surəsinin, 172-ci ayəsindədir: Tərcüməsi belədir:  Ey Peyğəmbərim! Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik". Qeyd edim ki, tərcümə  akademik Vasim Məmmədəliyevindir. Ərəb dilində razılıq bildirən "nəəm” sözü daha çox istifadə olunur "bəla” sözünü "bəli” mənasında qəbul etməklə, Adəm övladları öz taleyini təyin etmiş oldu. "Girdabi-bəla” insanı Allaha ən yaxın edən vasitədir, burada cismin surəti deyil, ruhun qüvvəti əsasdır.
 
 
 
 
 
 
 

 – Qəhrəmanların cənnətdə qovuşması, sırf İslam ənənələrinə görədir, yəni başqa dünyaya inam aşılamaqdan ötrüdür, yoxsa özgə səbəbi var bunun? 
 – İslamda məada inam, yəni öləndən sonra insanların dirilməsinə inam vacib şərtlərdəndir. Bu dünyanın, əbədi həyatı qazanmaq üçün imtahan meydanı olduğu bütün müsəlmanlara bəllidir. Qiyamət günündən sonra, cənnət əhli əməllərinə görə müxtəlif dərəcəli 8 qapıdan keçib öz sferasındakı fərdlərlə bir olacaq. Şair öz qəhrəmanlarını cənnətə layiq eyni sferanın fərdləri kimi görür.

 – Möhkəm küləkdən yıxılan Məcnun dünyanı eşqin qəmindən azad etmək istəyir. Bu ziddiyyətli güc nədən doğurdu?
 – Qurani-Kərimin 7 ƏRAF surəsinin 57-ci, 25 FÜRQAN surəsinin 48-ci, 30 RUM surəsinin 46 və 48-ci ayələrində küləklərin yağışın yağacağından xoş xəbər gətirməsi, başqa sözlə, muştuluqçu olması göstərilir. Qeys "yağış” deməkdir. Yağış həyat, təmizlik gətirdiyi kimi, Məcnun sevgisi də bəşəriyyəti günahlardan təmizləyir.

 – Əsərdə İlahi eşqlə insani eşqin nisbəti, sizcə, hansı dərəcədə gözlənilib?
 – Bəzən ilahi eşqə məcazi eşq, hətta platonik sevgi də deyirlər. Bu sevgidə bədən iştirak etmir. Ərəb dilində "eşq” sözü sarmaşıq bitkisinə də deyilir. Qəribə olsa da, İlahi eşqi anlamaq üçün insan zəmini sevgini yaşamalıdır. Budur həyatın ikitirəliyi, dualizmi.
 
 Söhbətləşdi: Fərid Hüseyn