Biz imzaları yox, əsərləri dərc edirik...

Mayakovski... davam edir, yoxsa hələ yeni başlayır?
747
14 İyul 2017, 13:11

  artkaspi.az filologiya elmləri doktoru Yuri Orlitskinin "Mayakovski... davam edir, yoxsa hələ yeni başlayır?" adlı məqaləsini təqdim edir:

 

 



  Yazıçı-klassiklərin əsərlərinin külliyatının akademik nəşrləri filologiya elmimizin layiqli iftixar predmetidir. Onlardan birincisi (ilk toplu) – Qavriil Romanoviç Derjavinin "Əsərlər"i akademik Y.Qrotun rəhbərlik etdiyi redaksiya heyəti tərəfindən1864-cü ildə nəşr edilməyə başlamış, 1883-cü ildə yekunlaşmışdır. Sovet dövründə üzərində iki akademik institutun – Piterdə (Sank-Peterburq) Puşkin evinin (Rus dili institutu) və Moskvadakı A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun xüsusi qrupları tərəfindən hazırlanıb buraxılan akademik nəşrlərə böyük tələbat var: bunlar Puşkin, Qoqol, Turgenev, Tolstoy, Dostoyevski, Çernışevski, Uspenski, Qorkinin külliyatları idi, az sonra Nekrasov, Yedenin və Pisarevin külliyyatları nəşr edilmişdir. Hazırda istehsal prosesində olan yeni nəşrlər Puşkinin, Qoqolun, Dostoyevskinin, Turgenevin və Lermontovun, bu formatda ilk dəfə nəşr olunan Qonçarov, Fet, Blok, Leonid Andreyev, Platonovun toplularıdır.

  Doğrudur, mütəxəssislər hər bir yeni cildin çap olunmasını illərlə gözləyir: onların hazırlanmasına və xüsusilə də nəşrinə xərcləmək üçün akademiyaların vəsaitləri yoxdur: əsərlər "qrantdan qranta" yaşayır. İnstitutlar tərəfindən planlaşdırılan olduqca vacib akademik toplular "layihə" olaraq da qalmışdır: Mandelştam, Pasternak, A.N.Tolstoy... bu, hər şeydən əvvəl yazıçının statusunu müəyyən edir – Akademik nəşri olmayan klassik sanki əsl klassik deyil.

  Bu səbəbdən də "V.V.Mayakovskinin əsərlərinin iyirmi cilddə tam külliyyatı”nın ilk cildlərinin işıq üzü görməsi bir çoxları üçün gözlənilməz oldu; üstəlik də, üç cild iki il ərzində ardıcıl olaraq nəşr olundu.

  Cildlərin Qoqol, Blok, Andreyevin topluları kimi hazırlıq prosesləri davam etdikcə deyil, ardıcıl çap edilməsi də olduqca vacibdir – oxucular (mən mütəxəssisləri deyil, məhz bizim cəmiyyətdə hələ ki, mövcud olan adi oxucunu nəzərdə tuturam) əsaslı şübhə ilə, çap olunan cildləri uzun zaman gözləyəcəklərini düşünərək bu cür sıçrayışlara ehtiyatla yanaşırlar.

  Dünya Ədəbiyyatı İnstitutu Mayakovskinin əsərlərini gələcəkdə də "öz qaydasında” nəşr edəcəyini nəzərdə tutur: əvvəlcə şeirlərdən ibarət dörd cild, sonra poemaların toplandığı iki cild, hərəsi bir cild olan pyeslər, kinossenarilər və nəsr əsərləri, məqalələr və çıxışların toplandığı iki cild. Ardınca isə ən maraqlısı – Mayakovskinin əvvəllər buraxılan kifayət qədər çoxsaylı nəşrlərində olmayan: altı cild plakatlar, şüarlar, agitlubkalar (Lubka – xalq yaradıcılığına daxil olan qrafik yazı növü. Burada texnikanın sadəliyi, lakonizm xarakterikdir – X.N.), rəssamlıq və qrafik əsərləri gəlir. Məhz elə buna görə də nəşr qeyri-adi tərzdə – digər klassiklərimizdə olduğu kimi "əsərlər toplusu” yox, "yaradıcılıq toplusu” adlandırıldı. Növbəti iki cildi Mayakovskinin məktub və teleqramları, onun gündəlikləri və digər bioqrafik materialları, nəhayət siyahıları əhatə edir. Gördüyümüz kimi, nəşrin əsasını ənənəvi qaydada xronoloji olması deyil, naşirlərin hesab etdikləri kimi, oxucu və araşdırmaçıların diqqətini şairin yaradıcı şəxsiyyətinin çoxşaxəli təzahürlərinin müxtəlifliyi üzərində köklənməsinə şərait yaradan, toplunun qaydalarına daha müvafiq hesab edilən janrlı-xronoloji prinsipə uyğunlaşdırılması təşkil edir.

  Bununla belə, tərtibatçıların iddia etdiklərinə görə topluya daxil olacaq materialların çoxu artıq hazırdır və Akademiyanın pulu olarsa nəşr rekord sayılacaq qədər qısa müddətə buraxıla bilər (bir daha yada salırıq ki, bu qəbildən olan əvvəlki nəşrlərin əksəriyyətinin hazırlanmasına uzun illər sərf olunurdu).

Yəqin ki, uzun illər arxivlərdən, kitabxanalardan, muzeylərdən çıxmadan toplunu tərtib edənlərin – qəhrəmanların adlarını qeyd etmək lazımdır: bunlar qrupun rəhbəri A.Uşakov, XX əsr rus ədəbiyyatı üzrə məşhur mütəxəssislər V.Terexina, V.Dyadiçev, A.Zimenkov, N.Koroleva, E.Arenzon və hələ çox gənc olan – T.Kupçenko, E.Tyurina və N.Mixalenkodur.

  Toplunun birinci cildi 1912-ci ildə rus futuristlərinin qalmaqallı kitabı olan "Cəmiyyətin zövqünə vurulan şillə” kitabındakı "Gecə” adlı məşhur şeirlə başlayır: "Tünd qırmızı və bəyaz atılmış və əzilmiş...”; kitabda "Şərhlər” adlanan ikinci hissəsinin açılışı qısaca xülasə olaraq "Redkollegiyanın” qeydi və "Nəşrin strukturu və əsas tekstoloji prinsipləri haqqında” adlı geniş məqalə ilə başlayır. Onun həcmi cildin şərti olaraq Mayakovskinin 1912-1923-cü illəri əhatələyən "ilk” və "orta dövr” şeirlərinin əlavə edildiyi əsas hissəsi ilə bütünlükdə uyğunlaşmışdır.

  Bu, olduqca mühüm məsələdir, çünki Mayakovskini variantlar və şərhlərlə uzun müddət çap etməmişdilər: onun sonuncu "ciddi” nəşri 1955-ci ildə nəşr edilən külliyyatıdır! Təsəvvür edin, altmış il ötüb! Şeirlərin yazılmasından az qala bir əsr keçib və müasir oxucu artıq həmin dövrün bir çox reallıqlarını sadəcə olaraq bilmir və anlamır. Elə bu səbəbdən də Mayakovskinin akademik toplusunun çapı lazımdır.

  Bundan başqa, Mayakovskinin əsərlərinin əvvəlki nəşrləri istisnasız bu və ya digər dərəcədə siyasiləşmişdir, hazırkı nəşr – faktiki olaraq obyektiv və elmidir. Bu, şeirlərin bütöv halda dərc olunmasında da – xüsusən də şərhlərdə, onların tonunda, tarixi hadisə və reallıqların təsvirində özünü göstərdi.

  Məsələn, həmin şərhlərdə Mayakovskinin şeirlərinə çoxsaylı müraciətlər nəzərə alınıb. Amma əgər əvvəllər bu ancaq rəsmi sovet nəşrlərinin və müvafiq yazıçıların rəyləri idisə, indi şərhlərdə (əlbəttə ki, əsərin anlaşıqlı olması üçün lazımdırsa) mühacirət nəşrlərinin müəlliflərinin əsasən də skeptikcəsinə (şübhəli) olan rəyləri də nəzərə alınır. Məsələn, 1925-ci il məşhur Paris mərhələsinin şərhlərində təkcə Y.Annenkovun və E.Triolenin memuarları deyil, həm də Georgi Adamoviçin "Zveno” qəzetində çap olunan "Jores” şeirinə yazdığı rəyi nəzərə alınıb. "o qədər yaxşı şeir deyil, ruhsuz və demək olar ki, səthidir... Mayakovski illər ötdükcə qəhrəmanlıq şeirlərində zəifləyir” – bununla belə xaricdə məşhur olan adıçəkilən tənqidçi şairin satirasını yüksək qiymətləndirir.

  Şərhlərin vacibliyinə ən yaxşı sübut ilk dəfə 1927-ci ildə "Na literaturnom postu” jurnalında çap olunan "İvan İvanoviç Qonorarçikov” şeirinin tarixçəsidir. Burada söhbətin məhz nədən getdiyini Mayakovskinin müasirləri (ən azı onların bəziləri) yəqin ki, başa düşürdülər. Amma sonrakı nəşrlərdə, şeirlərin yazılması səbəbinin qeyd edilməsi unudulduqda, izah kimi epiqraf yerinə çətin başadüşülən mətn əlavə edilirdi: "Xarici ölkə qəzetləri rus yazıçılarının imzasız etirazını dərc edir”. Buradan aydın deyil ki, əvvəla məhz hansı yazıçılar nəzərdə tutulur – SSRİ-də yaşayan yoxsa mühacirətdəkilər və "dərc edirlər” feili nə ifadə edir? (həmişə dərc edirlər, yenidən dərc edirlər, nömrədən nömrəyə, ardıcıl dərc edirlər) – qeyri-müəyyən "xarici qəzetlər”dən danışmağa isə dəyməz. Yəni, qısaca deyilsə, qarışmayın!

  Yeni nəşrlər qısa, amma dəqiq izah verir: şeir Sovet Rusiyasında yaşayan "rus yazıçıları qrupu"nun imzaladığı, Parisin "Son xəbərlər" və "Vozrojdenie" nəşrlərində çap olunmuş və Berlinin "Rule" dərgisində onları hakimiyyətin təzyiqindən və kommunist senzurasından müdafiə etmələrini xahiş edən müəlliflərin yenidən yayımlanmış "Dünya yazıçılarına” açıq məktubu münasibətilə yazılmışdı. Təbii ki, "Pravda” qəzeti proletarların və hakimiyyətə sadiq olan digər yazıçıların dilindən bu ittihamı rədd etdi (Mayakovskidən bir ay sonra!), yarım il sonra isə Bunin və Balmont Romen Rollana müraciət edərək məktubun müəlliflərinə dəstək olması üçün xahiş etdilər. Son nöqtəni, solçu fransız yazıçısına (Kapri adasından) "məndə yazıçıların bunu yazmasına dair şübhələr yarandı” cavabını yazan Qorki qoydu – çünki Sovetlər Ölkəsində onlar olduqca yaxşı yaşayırdılar!

  Növbəti link Berberovanın memuarlarına aparır və təsdiq edilir ki, zərurət səbəbindən anonim olan (elə bu cəhət sovet ideoloqlarına onu "saxta” adlandırmağa əsas vermişdi!) məktubun müəllifinin kimliyi hələ də müəyyən edilməyib. Mənim fikrimcə isə, T.Marçenkonun "Rus yazıçıları və Nobel mükafatı. 1901-1955” (Köln, 2007) tədqiqatlarına, Qorki və Rollanın sözügedən yazışmalarına və bu məktubun tarixi əsasında materialların dərc olunduğu və tərtib olunmasında təşəbbüskarlıq göstərənlərdən biri kimi adı çəkilən Leninqradın "Vremya” nəşriyyatının rəhbəri 1930-cu ilin aprelində həbs edilmiş və "Akademik iş”ə cəlb olunmuş (akademik S.F.Platonovun işinə) İ.V.Volfson olan "Sovet İttifaqında senzura. 1917-1991. Sənədlər” (Tərtibatçı: A.V.Blyum. M., 2004) kitabına da link qoymaq olardı.

  Yeni nəşrin ilk cildlərində Mayakovskinin tamamilə yeni materialları var. Beləliklə, birinci cildin "Dubia” bölməsində şairin 1907-ci ildə "Porıv” tədris jurnalında dərc olunmuş bizə məlum olan çox əvvəl yazılmış iki şeiri yerləşdirilib; Mayakovski özü sonralar onları "yarımçıq şeirlər” adlandırırdı, bu şeirləri oxuyarkən – birinci cildin açılışındakı 1912-ci il şeirlərindən fərqli olaraq – hələ ki, gələcək dahini görmək namümkündü ("Bütün qəlbim ilə inanmaq istəyirəm...", "Səadət və həqiqət fikirləri yaşayır ...", "Parlaq uzaqlar görünürdü..."), lakin bunları da bilmək və nəzərə almaq lazımdır.

  1913-cü ildə yazılan "Balalayka" şeiri isə ilk dəfədir ki, tərtibatçılar tərəfindən (onu sonuncu cildə salan sələflərinin etdikləri kimi) yarımçıq şeir kimi deyil, tam olaraq arxasında aşağıdakı şeirin qaralaması yazılan məşhur   "Baharın mükəmməl rəsmi” ilə müqayisə olunan müstəqil bədii əsər kimi təfsir olunur:

Balalayka

Skripkalar balı

Yarıda saxladı

Balı

Layka

  Üçüncü cilddə ilk dəfə olaraq 1928-ci ildə yazılmış buna qədər yalnız bir dəfə "Pionerskaya pravda" da imzasız çap olunan, "təşviqata cəlb edən" "Sərhədçi zabitlər haqda qəmli səhifə" şeiri dərc olunub. Keçmiş mütəxəssislər onun Mayakovskinin digər şeiri üçün hazır material olduğunu iddia edirdilər, amma "Qəmli səhifə..."nin qaralaması (doğrudur, başqa imza ilə) şairin qeyd dəftərçəsində bu yaxınlarda aşkar edilib. Nəticədə Mayakovskinin şeirləri sırasına daha bir əsər daxil edilmiş oldu.

  Gündəliyinin öyrənilməsi sayəsində həmin ildə qələmə alınan "Elektrik – enerji növüdür" silsiləsində müəllifə aid fikirlər bərpa edildi: "Oktyabr" jurnalında ilk dəfə dərc edildikdə hamısı birlikdə çap olunmasına baxmayaraq, əvvəllər silsiləni təşkil edən beş şeir ayrı-ayrılıqda dərc edilirdi.

  Nəhayət, hazırlanan cildlərdə aqitlubkalarla və "Oknami Rosta" (Okno Rosta – qrafik satira növü – X.N.) ilə rəssam Mayakovskinin əvvəllər ancaq yapışqanlı vərəqlər və əlavələrdə çap edilən bir çox əsərləri ilk dəfə nəşr ediləcək: bu kitabların ancaq birincisində 22 afişa, 32 açıqca (3 lubok Mayakovski tərəfindən imzalanıb!) işıq üzü görəcək. Axı bu, müəllifin irsinin, təkcə inqilab illərinə deyil, həm də o, imzalar seriyası və rəsmlərin bir hissəsini tam patriotik lubok qismində yaratdığı Birinci Dünya Müharibəsi dövrünə aid olan ayrılmaz hissəsidir.

  Ümumiyyətlə, yeni toplu təkcə bizim, böyük şairin yaradıcılığı haqqındakı bilgimizi əsaslı şəkildə tamamlamaqla qalmayacaq, həm də bu söz rəssamı haqqındakı ümumi fikri dəyişəcək, onun sovet dövründə məcburi ortaq dəyərə çevrilən, təkrar nəşr edilmiş və nəhayətdə bu şəxsin bizim Gümüş dövr ədəbiyyatı haqqındakı qənaətimizin dəfələrlə zənginləşdiyi illərdə bəsitləşdirilmiş Stalin xarakteristikasından uzaqlaşmasına izn verəcək – məgər həmin zamanlar "aqiqator və qorlan” (Aqitator – cəmiyyət üzvlərini bu və ya başqa əməli törətməyə təhrik edən, Qorlan – yüksək səs sahibi – X.N.) kiminsə marağında idimi?!

  Şair haqqındakı təsəvvürlərin dəqiqləşməsi və dolğunlaşmasına həm də külliyyatın "yardımçıları” olan – İMLİ-nin (İnstitut Mirovoy Literaturı – Dünya ədəbiyyatı institutu – X.N.) elmi kollektivi tərəfindən hazırlanmış "V.V.Mayakovskinin yaradıcılığı” adlı iki toplu kömək edir. Bu cür əlavə cildlərin nəşri akademik toplu tərtibatçılarının köhnə təcrübələrindəndir: ənənəvi olaraq burada nəşr üzərində çalışarkən əldə olunan material və nəşrlər, həmçinin şairin tərcümeyi-halı və yaradıcılığını tədqiq edənlərin məqalə və məruzələri toplanır.

  2014-cü ildə İMLİ tərəfindən buraxılan ikinci yardımçı-toplu əsasən Mayakovskinin dili və ayrı-ayrı əsərlərinin alman ekspressionistlərinin, Yeseninin, Kruçonıy, Platonov, Çukotskinin yaradıcılığı ilə müqayisə edilən tədqiqatlardan ibarətdir. Məqalələrin bir hissəsi Mayakovskinin müasirləri və silahdaşlarına həsr olunub: rəssamlar El-Lisitski və Maleviçə, futurizm tənqidçiləri Qorki və Polonskiyə. Məqalələr bölməsində rəssam A.Lavinskinin şair haqqında naməlum xatirələri, M.Osorginin italyan futurizmi barədə oçerkləri, şair haqqında naməlum arxiv materialları dərc olunub. "Yardımçılar” sırasına daxil olanların çoxu bu və ya digər formada toplunun cildlərinə də əlavə ediləcək – bu topluların əsas məqsədi də elə bundadır.

  Deməliyik ki, son illər özünəməxsus Mayakovski dəbi yaranıb: layiq olmadan unudulduğu onilliklərdən sonra şairə həsr edilmiş yeni-yeni kitablar çap edilir. Beləliklə, bir neçə il əvvəl Rusiya milli kitabxanası tərəfindən hazırlanmış, "Rus Sovet şairləri” çoxcildli seriyanın tərkibində çıxan şairin biblioqrafiyasının ümumi dördcildliyinin buraxılışı yekunlaşıb. Qaydaya əsasən, Moskvadakı Mayakovski muzeyi illüstrasiyalı nəşrləri buraxmaqda davam edir: bu, hər şeydən əvvəl burada keçirilən sərgilərin albom və kataloqlarıdır: "Mayakovski. Fotoşəkillərdən ibarət kolleksiya (1896-1930)” (2011), "KinoFotoLyudoqus. Mayakovski və dünya bədii avanqardı sənədlərdə və kinomateriallarda” (2013), "Mayakovski – rəssam. İzofond: sərgi kataloqu” (2013).

  Ənənəyə görə muzey öz markası altında digər rus futuristləri – Mayakovskinin silahdaşları Kamenski, Burlyuk, Terentyev, rus futurist kitabına həsr olunmuş kitablar nəşr edir və bu nəşrlərin hər birində əlbəttə ki, muzeyin "sahibi”nə az yer ayrılmır.

  Nəhayət ki, Sankt-Peterburqdakı Avropa universitetində buraxılan daha bir maraqlı seriya haqqında danışmaq lazımdı; o, "Avant-Garde” adlanır. Bu günə qədər orada yeddi kitab çıxıb. Bunlar, qeyri-adi nəşrlərdi: onların əksəriyyətini futurist raritetlərin (Raritet – nadir şəxsiyyət – X.N.) reprint (əsərin yenidən nəşr edilməsi – X.N.) əsərləri təşkil edir: Xlebnikovun, Kamenskinin, Terentyevin, Filonovun vərəqələri və kitabları. Əlbəttə ki, bu əzmli yığıncaqda hörmətli yeri Mayakovski tutur – seriyanın üç kitabı ona həsr edilib.

  Birincisi – A.Rodçenkonun əfsanəvi tərtibatında "Bu haqda” (1923) poemasının faksimil (faksimil – hər hansı qrafik orijinalı (əlyazma, qravür, monoqram) olduğu kimi yenidən çap etmək – X.N.), rəylər əlavə edilmiş nəşridir. Qəribədir, amma heç kim bir dəfə də olsa kitab incəsənətinin bu həqiqi şedevrini bütövlükdə çap etməyə qərar verə bilməmişdir. Qovluqda iki cild var – T.Malyayevin və A.Rossomaxinin poemaya geniş şərhi, A.Lavrentyevin, E.Lobkovun (dəqiq adı "Nəzərdə tutulmayan baş kitab”) məqalələri, E.Semyonovun izahı ilə rəsm, Rodçenkonun poemaya 13 rəngli fotomontajı daxil olan reprintin özü və materialların kiçik toplusu – ümumiyyətlə, özlüyündə nəşri bu unikal sintetik əsərin kiçik ensiklopediyası adlandırmaq olar.

  "Mayakovski” seriyasının növbəti cildində ilk dəfə olaraq Yuri Rojkovun Vladimir Mayakovskinin "Kurskun ilk mədən fəhlələrinə” poemasına həsr etdiyi fotomontaj silsilə təsvir edilib. 1924-cü ildə işıq üzü görməmiş, ilk sovet kitablarından daha bir həqiqi şedevr: xeyirxah tərəf olan "bolşevik, rəssam və mühəndis-geoloq” Yuri Nikolayeviç Rojkova həsr olunan topluda sözügedən nəşr məşhur filoloqların və sənətşünasların məqalələri də əlavə olunmaqla yenidən bərpa edilmişdir.

  Nəhayət ki, sıra gəldi "Onurğa-fleyta” poemasına həsr edilən 2015-ci il tarixli kitaba. Poemanın yazılmasının 100 illiyi münasibəti ilə buraxılan konvolyutu (konvolyut – müxtəlif əsər və əlyazmalarn bir cilddə toplanması – X.N.) Mayakovskinin bu nəhəng əsərinin açıqlanması istiqamətində ilk təcrübə adlandırmaq olar. Nəşrə olduqca qiymətli hesab edilən, V.V.Mayakovskinin Dövlət muzeyində saxlanan kolleksiyasından 1916-cı ildəki ilk nəşrinin və 1919-cu il əlyazma kitabının faksimili daxildir. Şərhçi-müəlliflər qismində burada seriyanın kuratoru, peterburqlu futurist-araşdırmaçı Andrey Rossomaxin və moskvalı filoloq Anna Sergeyeva-Klyatis çıxış edirlər.

  Seriyaya daxil olan nəşrlərin həm estetik, həm elmi səviyyəsini xüsusi olaraq qeyd etmək istərdim: onları ələ götürmək və onlarla işləmək zövqlüdür, unikal illüstrativ və faktoqrafik materialların bolluğundan isə danışmıram; təsadüfi deyil ki, məhz bu seriyadan olan kitablar Rusiya kitab yarmarkalarında dəfələrlə seçkin yer tutmuşdur.

  Qayıdaq, əsərlərin toplusuna, daha dəqiqi – onun akademik nəşrlərə məxsus tamamilə adi görünüşünə. Yox, o əlbəttə ki, klassiklərin əvvəlki topluları kimi ciddi görünür, amma... Əvvəla qeyri-standart, böyük formatda olması nəşrin standart səhifələrə yöndəmsizcə yerləşən (məsələn, Kiev kolleqaları Şevçenkonun yeni akademik nəşrində digər mövqe seçdilər: şəkilli cildləri böyük formatda buraxdılar) təsviri incəsənət əsərləri sırasına daxil edilməsinin mühümlüyü ilə izah olunur. İkincisi, üz qabığının rəngi: tünd-göy (səma) rəngli, üzərində gümüşü rənglə şairin inisialları və familiyasının və nəşriyyatın – "Nauka” – adının yer alması; üz qabığındakı üçüncü rəng – şairin adının aydın şəkildə altından xətt cızılaraq yazıldığı yerin rəngi – qırmızıdır. Bu rənglər nəyə işarədir? Tərtibatçıların fikrincə hər şeydən əvvəl, ulduzlu səmaya ("Əgər ulduzlar yandırılırsa...”) və şairin ömrünün əsas hissəsində başı üzərində dalğalanan qırmızı bayrağa.

  Kitabların kötüyündə isə müəllifin adından və cildin nömrəsindən başqa Mayakovskinin bu gün bioqrafik mənadan başqa şairin bütün dünya solçu yazarlarına – Araqondan və Nerudadan Hikmətə və Çaka kimi – nə qədər böyük təsir göstərdiyini xatırladan məşhur monoqramması – "WM” yerləşir.

  ..."V.V.Mayakovskinin yaradıcılığı” ikinci toplusunda yazıçı İvan Yevdokimovun gündəliyindən bu sözlər yazılıb: "O öləcək – və heç kim heç zaman onun vulqar və saxta kitablarını açmayacaq”. Görünür, şairin çoxdan və layiq olduğu üçün unudulan müasiri heç nəyə baxmayaraq yanılmışdır.


 

Rus dilindən tərcümə edən: Xatirə Nurgül


 


Xəbər lenti