artkaspi.az A.Ali Uralın Frans Kafka haqqında "Lövbər atacağım yer bura deyil" adlı essesini təqdim edir:

Parkda gəzişərkən quş
civiltilərinə ağlayan uşağın səsi qarışmasaydı, dayanmayacaqdı. Bu səsi eşidib
ayaq saxlayır və balaca qızın yaşlı gözlərinə baxır, uşaq danışdıqca o da yeni
bir hekayə fikirləşir. Gerçəyin yarasını xəyallarla sarıyıb sağaltmağa çalışır.
"Ağlama, gəlinciyin itməyib!” İlk cümlə, ilk kömək.
Qızcığaz ağlamağını kəsir. Elə
o anda həmin adam üzünə etiraz dalğaları çırpılmadan hekayəsinə davam edir.
"Sadəcə gəzməyə çıxıb, bayaq onu gördüm, söhbətləşdik. Sənə məktub yazacağına
söz verdi”. Sabah eyni saatda burada ol, o məktubu gətirəcəyəm. Elə cümlə
ağzından çıxan kimi uşağın gözlərində göy qurşağı rəngləri yaranır. Adam
məktubu gətirmək üçün parkdan çıxır. Eskalator yolu qısaltsa da, vaxt keçmək
bilmir. Ertəsi gün uşaq gəlinciyin başına gələnlərdən bəhs edən məktubunu açır.
Gördüyü yerləri, qarşılaşdıqları insanları... Bu "yazışma” poçtalyon xəstələnib
kəndə gedənəcən davam edir. Ayrılmadan öncə balacaya bir gəlincik hədiyyə edir.
"Artıq sənə məktub yazmayacaq, çünki özü gəldi. Düzdür, uzaq-uzaq ölkələrdə
başına gələnlər onu bir az dəyişdirsə də, bu, sənin gəlinciyindir”.
Ah, sərgərdanlıq! Kafka yenə
də sakit bir limana lövbər ata bilmir. Vaqonlar Berlindən Praqaya doğru yol
alsa da, hər stansiyada parkdakı qucağında oyuncaq olan uşaq qarşısına çıxırdı.
Kimsə onu "özü” olduğuna inandırmalıdır. Özü, yəni Frans Kafka "bir səhər
insanı təngə gətirən yuxudan oyanıb, özünü elə yatağındaca nəhəng bir böcəyə
çevrilmiş gördü”. Qriqor Zamza "Çevrilmə”dəki qəhrəmanın adı olsa da, bütün
qəhrəmanlarını pozulmaz bir hərflə dağladı o: "K”. Qəfəslərin quş axtarmağa
getdiyi zamanda böcək kimi oyanmaq nə üçün qəribə olsun ki?! Zamza bu halı
qəbullanmasa da, ailəsi, dostları böcək kimi onunla davranır. Yalnızlıq, qorxu
və başqalaşmanın birgə doğum günü hədiyyəsi: Bir qələm. Və Kafkanın ilk
cümləsi: Yazmaq ölümdən daha dərin yuxudur! Ümidsizliyin içində dirilən ilahi başlanğıc. Hamı gerçəyi görə bilməz, fəqət hər kəs Gerçək ola bilər. Bu halda
yazmağa yeni bir ad tapmalıyıq K. "Yazmaq = sitayiş”.

Bank işçisi Yozef K. 30-cu
doğum gününün səhərində naməlum bir təqsirə görə həbs olunur. Hafizəsini
ələk-vələk edib, günahını tapmasa da, ədalətin çarxları ona məsləhət vermək
üçün gurultuyla fırlanırdı. Müdafiə pıçıltıya çevrilir, məhkəmə isə vəkillərlə
üz-üzə gəlmədən davam edirdi. Ta ki 31 yaşına qədəm qoymadan bir gün əvvəl
təkrar evindən çıxarılıb öldürülənə qədər. "Məhkəmə”dəki K–nın hekayəsi
belədir. "Qəsr” dəki K–ya gəlsək, onun dərdi qəsrə çatmaqdır. K yeddi gün qəsrə
çatmaq üçün mübarizə aparır. Fəqət namümkündür! Hər cəhdində daha çox ondan
uzaqlaşır.
Kafka göylə çarpışmadı, xeyrin
yanında yer tapmaq üçün sanki onunla yarışdı. Əgər bircə dəfə yaxşının yanında
ola bilsəydi, insanlıq xoşbəxtliyə qovuşacaqdı. Bütün bunlar mütləq varlığa
işarə idi. İnsan üçün sadəcə bir hədəf var idi. O halda, bu axmaqlıqlar nə üçün
idi? Kafka məktublarından birində belə yazırdı: "İnsanda taqət qalmayana qədər
sol əllə edilən axmaqlıqların cəzası sağ ələ kəsilir. Belə axmaqlıqları hər
insan edir, Minze, özü də çox, daha çox”. Kafka vərəmin caynağına keçmiş
ömründə həqiqəti yalandan ayırmağa çalışdı. "İçimdə yüz minlərlə qorxunc və
saxta duyğular var. Həqiqi hisslər isə nədənsə ya özünü bəlli etmir, ya da çox
zəif işartıları duyulur”. İnsan hələ də kəşf olunmamış ada kimi dalğalara göz
qırpırdı. Fəqət ətrafda nəinki gəmi, qayıq belə yox idi. "Müəllim sənsən, amma
təəssüf ki, ətrafda şagird görünmür” deyə ciyərləri sıradan çıxana qədər
deyindi. Qırx bir yaşında sanatoriyada olarkən həyat hekayəsi bitdi, ya da
başladı. Kim bilir... Geriyə isə yandırılmasını vəsiyyət etdiyi kitablar və
içində atasına yazdığı 61 səhifəlik məktubun da olduğu yazılar qaldı. Bir də bu
cümlə: "Dünya uğrunda mübarizə aparmaq necə də gülüncdür”.
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva