Biz imzaları yox, əsərləri dərc edirik...

Öncəgörən şairlər
2947
29 Avqust 2019, 10:12
 
  Artkaspi.az Yevgeni Stepanovun "Poeziyada öncəgörmə və ya bəsirətli şairlər" kitabından "Öncəgörən şairlər” məqaləsini təqdim edir:
 
 
  Poeziyanın öncəgörmə xüsusiyyətləri haqqında hələ Qədim Yunanıstanda məlum idi.  Hətta Aristotel bu haqda xüsusi olaraq qeyd edirdi:
  "...şairin vəzifəsi baş verənlər haqqında yox, baş verə biləcəklər haqqında danışmaqdır".
  Şairlərin gələcəyi görməyə necə müvəffəq olduqlarını demək çətindir. Bunu ancaq neyrofizioloqlar, tekstoloqlar, futuroloqlar kimi müxtəlif istiqamətlərin mütəxəssisləri araşdıra bilər. 
  Aydın olmayan çox şeylər var. Həqiqətənmi şairlər falçılıq qabiliyyətinə malikdir? Yoxsa yazılan və deyilən söz özü gələcəyə təsir edir? İnsan beyninin xüsusiyyətləri elmin qarşısına hələ bir çox suallar qoyur və qoyacaqdır. 
  Homo Sapiensin beyninin tezliyi prosessordan aşağıdır-o kiloherslərlə, kompüterlərdə isə geqaherslərlə,  teraherslərlə ölçülür. Bununla belə beyin hər hansı pentiumdan effektiv işləyir. Niyə? Beyin xaricdən hansı siqnallar alır?
  Araşdırmalar Mişel Nostradamusun şübhəli, öncəgörən nöqteyi-nəzərdən yazılan  poeziyasına nəzərən bir çox mübahisəsiz faktları sübuta yetirir. 
  1. Şairlər ictimai-siyasi hadisələri (iqtisadi dəyişiklikləri, müharibələri, təbii kataklizmləri) əvvəlcədən görür .
  2. Şairlər başqalarının və özlərinin şəxsi talelərini görür. Əsasən də özlərinin həyatdan köçəcəkləri zamanı. 
  Şairin təkcə şeir yazan yox, həm də "fellərlə insanların qəlbini odlayan" öncəgörən olması fikri hələ XIX əsrdə məlum idi.   Rusiyada bu nəzəriyyənin tərəfdarı kimi K.İ.Rıleyevanın, F.İ.Qlinkanın, M.Y.Lermontovun şeirlərini misal gətirmək olar. Sözsüz ki, Rusiyada şairin öncəgörən olması düşüncəsini həqiqətə çevirən Aleksandr Sergeyeviç Puşkin olmuşdur. Puşkinlə razılaşsaq şair-öncəgörən "beyinlər üzərində qüdrətli hakimiyyət"ə malik şəxsdir. L.İ.Sobalyova yazır: "Şair-öncəgörənə hər şey açıqdır – "titrəyən səma", "səmada şimşəklər"  və "al qızılgül üzərində arıların vızıltısı"... Öncəgörən – şair təkcə mənəvi hakimiyyəti təcəssüm etməklə qalmır, təkcə şəxsi və ictimai həyatda konkret olaraq kahinlik etməyə qadir deyil, o, həm də xalqın mənəvi arzularını ifadə etmək üçün təyin olunub".
  XX əsrdə cəmiyyətdə şairin  öncəgörənliyi haqqında təsəvvür qorunub saxlanıb. Üstəlik ötən yüzillik dünyaya qeyri-adi şair-öncəgörən bəxş edib – V.V.Xlebnikov, M.A.Voloşin, M.İ.Svetayeva, Z.N.Gipppius, K.D.Balmont,  A.E.Kryuçonıx, S.A.Yesenin və başqalarını. 
  Bu və ya digər dərəcədə hər hansı həqiqi şair öncəgörən istedadına, bacarığına malikdir. Şübhəsiz ki, XXI əsrdə də bunun hələ çox şahidi olacağıq. Şairlərin öncəgörənlik bacarığına mistik don geyindirməyə isə dəyməz, sadəcə olaraq onu öyrənmək lazımdır.
  ...Poeziyanın əsas funksiyalarından biri (bütövlükdə ədəbiyyatın) kommunikativdir, yəni şair müasirlərinə, öz çevrəsinə, öz cərəyanına verbal mesaj göndərir. Bu haqda ilk dəfə hələ L.N.Tolstoy "İncəsənət nədir?" adlı traktatında qeyd etmişdi. Y.N.Tınyanov, M.M.Baxtin və digər alimlər poeziyanın kommunikativ funksiyasını vacib hesab edənlərdən olmuşdur. M.M.Baxtin qeyd edirdi: "Yüksək bədii mədəniyyət zamanı cəmiyyət özü oxucu kütləsi  və sosial tələblərin tərcüməsini asanlıqla sona çatdırır və poetik ustalığın xüsusi dilinə ehtiyac yaranır. Müxtəlif versifikasiyalı (şeir sənəti) metodların ötürülməsi informasiyaları (qlobal və ya lokal) poeziyanın magistral məqsədidir. 
  Bu mənada şair-öncəgörələrdə vəziyyət xüsusidir. Onlar təkcə müasirlərinə mesaj ötürməklə qalmır, həm də nəhəng nəsillərə, ola bilər ki, yüksək quruluşun digər substansiyalarına müraciət edir. Sanki kosmosu öz bilgiləri ilə məlumatlandırırlar. Ya da əksinə, kosmosdan  əldə etdikləri informasiyanı kütləvi dilə ötürür. 
  Bu mənada, məsələn, V.V.Mayakovskinin sözləri təsadüfi deyil – "Kommunizmdən uzaqlarda gələrəm sizə". K.D.Balmontun II Nikolayın taleyi haqqındakı irəlicədən dedikləri daha qeyri-adi görünə bilər: "Kim çarlığa piyada başlasa, eşafotla bitirər". Bununla belə bu cür kahinlik, sözsüz ki, rus klassik poeziyası ənənələrində öz yerini tapır. M.Y.Lermontovun 1830-cu ildə qələmə aldığı məşhur sətirlərini yada salmaq kifayət edir: 
 
Rusiya üçün qara il başlayacaq,
çarların tacı düşəndə. 
 
  Bu yazıda XX əsrdə yazıb yaradan üç şair-öncəgörənlərdən danışacağıq – Velimir Xlebnikov, Marina Svetayeva və Viktor Tsoy.
 
 
Velimir Xlebnikov
 
 

  Şair-öncəgörənlər sırasında ən yüksək məqamlardan birində Velimir Xlebnikovun adı yer alır.  Onun həm şeirləri, həm məqalələri, həm də dramaturgiyası gələcəyə istiqamətlənib. Şairin futuristlər ədəbi cərəyanına aid olması təsadüfi deyil. 1921-ci il tarixli şeirdə müəllifin mövqeyi aydın görünür. 
 
İnsanlar! Pəncərəmizin altında,
Sabah
Puqaçyovun və Platonun adı yazılan 
Qumaş xalça asarıq, 
Peyğəmbərlər, müğənnilər, öncəgörənlər!
Böyük göllərin gözləri ilə
Xalçaya baxarıq
Çoxluq yanılmasın deyə! 
 
  Xlebnikov inqilabın tarixini dəqiq xəbər vermiş (Mayakovski isə bir il yanılmışdı), gələcək şəhərin memarlığını təsvir etmişdir – "saray-kitablar, üz qabığı örtülü şüşə kitablar".
  Müasirləri Xlebnikovu birmənalı qəbul etmirdilər. Onun poeziyasını nə qədər gözlənilməz olsa belə həm futurizm, həm də akmeizm kimi  müxtəlif cərəyanların aparıcı şairləri anlayır  və qəbul edirdi. D.D.Burlyuk, V.V.Mayakovski, A.E.Kryuçonıx, V.V.Kamenski, M.A.Kuzmin, N.S.Qumilyov, O.E.Mandelştam şair haqqında müsbət fikirlər söyləmişlər. Onun haqqında ən yaxşı ədəbiyyatçılar və XX əsr tənqidçiləri məqalələr yazmışlar – R.O.Yakobson, Y.N.Tınyanov və başqaları...
  Lakin, Xlebnikovun fəlsəfi traktatları bir qayda olaraq təəccüb doğurmuşdu. Professor M.B.Krepsin yazdığı kimi "onun bütün nəzəriyyələri demək olar ki, mütəxəssislər tərəfindən heç də həmişə elmi-nəzəri fakt olaraq qəbul edilməmişdir, lakin Xlebnikovu bunda razı salmaq mümkün deyildi. O, qeyri-adi möhkəmliklə öz utopik baxışlarını qoruyub saxlayırdı". Zaman göstərdi ki, o, bir çox məsələlərdə gələcəyi görmüşdür. Xlebnikovun "Gələcəyin radiosu" əsəri xüsusilə diqqətə layiqdir. Burada şair detallarla – ötən əsrin iyirminci illəri üçün ağlagəlməz fikirlər söyləmiş,  qiymətləndirilməsinin asan olmadığı inqilabi texnoloji hadisənin  – internetin yaranmasını öncədən görmüşdür. Şair yazırdı: "Gələcəyin radiosu – şüurun əsas dirəyidir – sonsuz hadisələrin gedişatını açır və insanlığı birləşdirir...  Radionun başlıca  xüsusiyyətini təsvir edək: havada yollar şəbəkəsi, binanın bu başından digər başına keçirilən, gah sönən gah yanan şimşək buludlar... Yer kürəsinin bu nöqtəsindən gündəlik olaraq quşların baharda uçuşuna bənzər mənəvi həyatdan xəbərlər dəstəsi yayılır. Məqsəd insanlığın birləşmiş ruhuna, ölkə üzərində hər gün yayılan, ölkəni elmi və bədii xəbərlərlə təmin edən birləşmiş gündəlik mənəvi dalğaya qoşulmaqdır – bu tapşırıq şimşəklə işləyən Radio vasitəsilə həyata keçir. Bu Radio qədim nəhəng kitablardakı sevimli yazıçının povestidir, kainatın pillələri haqqında məqalə, uçuş cədvəlləri və qonşu ölkələrin xəbərləri. Hər kəs öz istədiyini oxuyur. 
  Yer kürəsinin əks qütblərində yaşayan insanların şahmat oynaması, Amerikalının Avropalı ilə canlı söhbəti..."
 Xlebnikov açıq-aydın İnterneti təsvir edir, sadəcə onu başqa cür adlandırır, amma şəbəkənin ikinci adı – dünya toru – şair tərəfindən dəqiq söylənir. 
  O, özü də özünü kahin adlandırırdı. ("Ok! Ok! Mən öncəgörənəm"), onu hələ sağlığında ikən İranda "Urus-dərviş" adı ilə məşhurlaşdırmışdılar. Ən qəribəsi isə şair palindromik (sözlərin hər iki tərəfdən eyni cür oxunması) poema olan "Razin" əsərində ölümünün sözlə rəsmini çəkmişdi
 
Vüqarla nəfəs aldım, üşüyərək gedirəm
Və uzanmışam. Bu doğrudurmu? 
 

 
  Marina Svetayeva
 
 

 
  Marina İvanovna Svetayeva sözün əsl mənasında şair-öncəgörən idi. O, həm insanları, həm də hadisələri bəsirət gözü ilə görürdü. Hər zaman "kənar qüvvələrlə", mistik hallarla maraqlanırdı. Svetayeva irsinin tədqiqatçısı Anna Saakyans "Şair və dünya" məqaləsində yazırdı: "O, (M.Svetayeva) falçıları sevir, onlara inanırdı. Bu mövhumat deyildi, bu sözün ən düzgün və müasir mənasında, bəsirət gözünün açıqlığı idi. Bu gün hər iki cinsdən olan "cadugərləri" (falçıları, ekstrasensləri) təqib etmirlər, onlara mərhəmət edirlər. Elm onların vergisini dərk etməyə çalışır. Svetayeva bilirdi ki, özü də özündə bu medium qabiliyyətini daşıyır, özünün dünyanın dərk olunmayan "Xüsusiyyət"inə aidiyyatı haqqında məlumatlıydi və bunun zirvəsinə çatmağa çalışırdı”.
  Belə qənaətə gəlmək olar ki, Svetayeva öz taleyi haqqında əvvəlcədən çox şey bilirdi. 
  O, hələ gənc yaşlarından əmin idi ki, ana olacaq, oğul (da) dünyaya gətirəcək. 1920-ci ildə Georgi Efronun doğulmasından beş il əvvəl öncəgörmə ilə yazılan şeir, yaradıcılığının şedevri olan "Oğul"u yaratmışdı. 
  1916-cı ildə Marina İvanovna şair Osip Mandelştamın faciəli aqibətini də öncədən görmüşdü.
 
 
Yalın əllərlə götürəcəklər 
Hünərli. İnadkar.
Bağırtınla bütün gecə zəng çalacaq ölkə
Qanadlarını dörd tərəfdən güllələyəcəklər
Serafim! Qartal balası! 
 
 
  Əri S.Efronun həlak olmasına həsr olunmuş şeir:
 
 
Bu cür məşum zamanlarda
Şeir qoşaraq getdi ölüm cəzasına tərəf.
 
 
  Mandelştamı, həqiqətən də "yalın əllərlə tutdular" və düşərgədə məhv etdilər. 
  S.Y.Efron isə "ölüm cəzasına tərəf getdi" – onu 1941-ci ildə xarici casus kimi güllələdilər. 
  O, A.Axmatova və N.Qumilyovun oğlu Levin taleyini də öncədən görmüşdü.  Svetayeva 1916-cı ildə "Axmatova" silsiləsində yazırdı: 
 
 
Yaşıl gözlü
Kürən şir balası 
Vahiməli tale gözləyir səni.
 
  Məşhur alim Lev Nikolayeviç Qumilyovun taleyinin necə olması yaxşı məlumdur. Onun ömür yolu cəbhədən, həbsxanadan, düşərgədən keçmiş, bütün həyatı boyu özü ilə "vahiməli tale" daşımışdır.
 Qəribəsi budur ki, Svetayeva öz yaradıcılığına adekvat qiymət verməyi bacarmışdı (adətən, ədəbiyyatçılarda bu hala   olduqca az rast gəlinir).
  Svetayeva yaradıcılığının miqyası haqqında özünə hesabat verərək, öz ölümqabağı şöhrətini də dəqiq xəbər vermişdi. 1913-cü ildə Koktebeldə yazılan şeir:
 
 
Mənim şeirlərimin qiymətli şərab kimi
Öz vaxtı  gələcək.
 

  Svetayeva öz faciəli taleyini xəbər vermişdi:
 
 
 "İkilikdə qarışarıq gecəyə
Eyni zümzümələrlə"
 
  Bu şeir  onun əri S.Y.Efronla özünə həsr olunub. Onlar hər ikisi 1941-ci ildə həlak olub...
  Marina Svetayevanın faciəli fiquru, onun kəskin şeirləri bizə növbəti dəfə şairin öncəgörənliyi haqqında xatırladır. Onlar müqəddəs bilikləri hansı üsulla əldə edir? Hələ ki, elm bu suallara cavab verə bilmir. Lakin şairlərə bu biliklərin əlçatan olması dəqiq faktdır. 
 

 
Viktor Tsoy
 

 
 

  XX əsrin sonunda rus poeziyasında qeyri-adi şair Viktor Tsoy peyda oldu. O, XX əsrin sonu şairləri arasında ölümün yaxınlaşdığını hiss edən az şairlərdəndir. Bu haqda çox yazılmışdır. Hisslərin dərinliyini nəzərə alaraq onun şeirlərini ancaq Sergey Yeseninin şeirləri ilə müqayisə etmək olar. 
 
Sonra o gələcək
yığış gedək deyəcək
Torpağa ver cismini
 
  Bu sətirlərdən də aydın görünür ki, onun öncəgörmələri öz real təsdiqini tapmışdır. Şairin obrazı onun həm ədəbi, həm də real həyatda taleyinin bir hissəsidir. Bu, bütün dövrlər üçün qeyri-adi hadisə hesab olunur.
 

  Rus dilindən tərcümə etdi: Xatirə Nurgül