Biz imzaları yox, əsərləri dərc edirik...

Ölüm köksümü döyür – Vaqif Səmədoğlunun şeirləri
1144
29 Yanvar 2018, 09:36
 Yanvarın 28-də Xalq şairi Vaqif Səmədoğlunun vəfatının üçüncü ildönümü tamam oldu. Artkaspi.az şairin sevilən şeirlərindən bir neçəsini oxuculara təqdim edir:   

 
 

 
Gözəgörünməz bir səadət gəzər,
gəzər bu otaqlarda, mətbəxdə,
nə pəncərəyə əksi düşər,
nə görünər güzgüdə,
şəhərə çıxar, çıxar səninlə,
taksiyə minib səninlə
sən arxada əyləşəndə
şoferin yanında oturar səadət.
hər an səninlə, hər an yanında,
di gəl ki, bir an görünməz,
görünməz gözlərinə səadət,
göstərməz özünü, səsini çıxarmaz,
min yol çağırsan da onu,
ağlasan da, gülsən də,
elə hey gəzər ha gəzər buralarda,
gözəgörünməz səadət
sənə baxa-baxa,
görünməyə-görünməyə gözlərinə...
 
*** 
 
 
Şair kimi yox, 
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram 
əvvəldən axıra
kimi oxunmaq... 
Əzbər qalmaq istəyirəm 
kiminsə yadında!
  
 ***
 
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
 
 
 
 

 
 ***
 
Batan
gəminin suya atılan
yükü kimi
kənara atıram ümidlərimi.
Ömrümün divarında
bir gün yenə
kəndir dayanıb
qapı yerinə...
 
***
 
Qağayı, axtar məni,
Bu yerdən apar məni,
Ölüm köksümü döyür,
Qorxuram açar məni...
 
İçim qara gecədir.
Səkisiz dar küçədir.
Qağayı, dəniz üstdə
Söylə, saat neçədir?
 
***
 
Bu payız da başlandı,
Bu yağış da...
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm...
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək
 
 
***
 
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...
 
 
 
 

 
***
 
Əyrin-üyrün,
dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
küçələrini
dolanan addımların
həmişə tənha səsi.
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər...
 
 
***
 
Uşaqkən ölənlərin
fotosuna yapışan
qara retuşlu təbəssüm tək
gördüklərim solur,
yox olur.
Gözlərim sanki
bütün köçəri ocaqlarının
tüstüsüylə dolur...
Büdrədir məni
insan yolunun səkisizliyi,
insan ömrünün bəlkəsizliyi.
Titrədir məni
gündüzlərin seyrək yuxusu,
gecələrin aptek qoxusu...
 
 
***
 
Mən ölən gün
bir külək əsəcək küçələrdə.
Və yellədəcək
ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı
mən ölən gün...
 
***
 
 
İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz...
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi...
 
 
***
 
Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
trolleybus gözləyirəm.
Trolleybusa minib,
sənin yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam trolleybus,
əlvida ata...
 
***
 
 
Yuxuda kimi görmüsən
bu gecə?
Gözlərində bir yalqız məzarın
kimsəsizliyi var.
Yum gözlərini,
gözlərinə baş çəkim,
bir dəstə gül qoyum gözlərinə.
 
 
 
 
 

 
*** 
 
Yollar uzun, yollar gödək
Nə fərqi var hansı eldə azasan.
Ellər min-min, dillər min-min 
Nə fərqi var, hansı dildə susasan.
 
***
 
 
Allaha inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
 
***
 
 
Yaman həzin, yanıqlı bir nəğmə kimi
düşürsən yadıma
bu musiqisiz günlərin səssizliyində.
Şən mahnı,
şux hava eşitmək arzusuyla
tutulub qulaqlarım,
eşitmirəm heç nə!
Bir kəs görünmür gözümə,
bəlkə də özüm dəymirəm
kimsənin gözünə
Yeganə ümidim sən idin,
sən də belə, belə düşürsən yadıma,
həzin, yanıqlı bir nəğmə kimi...
O da sözsüz.
 
***
 
 
Gecə yarı, ay sapsarı,
Nə yapışmışam səndən?
Yəhərlənməmiş dünyanın
Yıxılıram belindən... 
 
 ***
 
Göz yaşı dənizdən tutulan balıq
tarix dadı verir,
biz unutmuşuq hər şeyi,
Ancaq heç nə çıxmayıb Allahın yadından.
Otur, bircə addım kənara atıb,
bir daş üstündə otur.
Bir gəldiyin yola,
bir də göy üzünə bax.
Dünyada ən qədim şey göy üzüdür,
ən köhnəlmiş, gərəksiz şey yollar...
 
 
***
 
 
Ömrümün
çarpaz düyünlənən bağlamasında
beş-on yaxşı günümün
ucu çıxacaq bəlkə.
Ümidlərimi buza qoyun,
Fəqir-füqəraya paylayın
Arzularımı...
 
 
***
 
Mənə tütək səsi dəydi uzaqdan,
Mənimlə həyatın işi yox imiş,
Ölümdən savayı arxam yox imiş...
 
 ***
 
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...
 
 ***
 
 
Sənə, təkcə sənə,
Allah qədər tənha günlərin
İnsan həsrəti...
Gecə sənə,
Gündüz sənə,
Günəşinə də yağış yağan
Bu aləmin nəmişliyi
Sənə, təkcə sənə....
Həyat ayrılıq imiş
İnsanla ölüm arasında
Sənə, ancaq sənə verilibmiş
Ömür başdan-başa...
 
 
 ***
 
 
Bir gün şirin,
bir gün acıyam,
Bir gün kiminsə ayaqaltı,
bir gün kiminsə tacıyam.
Bir gün çağa,
bir gün ixtiyar qocayam.
Bir gün zirzəmi,
Bir gün damda bacayam.
Amma hər gün hamıya,
salam-duaçıyam.
 
***
 
Qış gələndə 
qapımı ölüb gedənlərim döyür...
Baharda süstlüyə qarışır başım...
Yayla birgə
pulsuzluq alır
başımın üstünü,
bir də Günəş...
Payızda
bilmək istəyirəm
kim nə deyəcək
mən öləndə...
 

 
***


Sabah kiminsə gözündə nifrət, 
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət...
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palaz üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.
 
***
 
 
Yenə də uğuldadı beynim,
Yenə də...
Kimə, nəyə gərəyəm, Allah?
Çoxmu qapı qalıb 
bu ömrün koridorlarında?
Kor əlində
fotoşəkil kimiyəm... 
 
 
 
***
 
Nifrətin yatan yerini, 
Qəzəbin batan yerini,
Duaların göy üzündə
Allaha çatan yerini,
Gözlə, bilib gələcəyəm...

Çiynindən atma daşımı, 
Dizinə qoyum başımı,
Bilsəm ki, gözləyənim var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm.
 
 
***
 
 
 


 
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...