Biz imzaları yox, əsərləri dərc edirik...

Ölüm anlayışının uşaqlara çatdırılması
635
12 Avqust 2020, 12:04
 Aylinin 4 yaşı var. Çox sevdiyi iti xəstələndiyi üçün ölüb. Gecələr yuxuda görür, ağlayır, itini istəyir... Yaxud başqa bir uşaq, nənəsi qocaldığı üçün ağlayır ki, öləcək. Atasının başında ağ tük görəndə, artıq onu itirəcəyi qorxusuna bürünür... Bu qorxular dünyanı al-əlvan görən körpələri kədərləndirir, qorxularını inkişaf etdirir.
 Ölüm, hətta səsləndirməkdən belə çəkindiyimiz kəlimədir. Hər yaşda fərqli dəyərləndirilir. Bu sözün qavrayışı insanlara görə dəyişir. Lakin azyaşlı uşaqlar ölümü tam olaraq qəbul edə bilmir. Bəzi insanlar bunu uşaqlarına çəkinmədən danışarlar, bəziləri aldadarlar. Mütəxəssislər deyir ki, hər yaşın qavramaq qabiliyyəti fərqli olduğundan, valideynlər ehtiyatlı davranmalıdırlar. Burası bir həqiqətdir ki, çox zaman uşaqların sualları qarşısında aciz qalır və nə cavab verəcəyimizi bilmirik. Böyüklərin özlərinin belə, ölüm anlayışını düzgün şəkildə qavraya bilmədiyini düşünsək, uşaqlara izah etmək heç də asan sayılmaz. Bəs bu vəziyyəti uşaqlara necə izah etməliyik? Sevdiyi hər hansı bir canlını və ya yaxınlarından birini itirən uşağa, ölüm necə izah edilməlidir?
"İnsan qocalanda ölür” sözünü deyil... 
 
 

 Psixoloq Gülnar Orucova deyir ki, uşaqlar 7 yaşına qədər ölümü dərk etmirlər: "Ölüm anlayışını uşağa 7 yaşından sonra izah etməliyik. İstər insanların, istər heyvanların ölümünü ancaq o yaşdan sonra dərk edirlər. Psixologiya elmi də sübut edir ki, uşaq 7 yaşa qədər ölümü dərk edə bilmir. Bəzən uşaqların heyvanları ölür, o heyvanlara o qədər bağlı olurlar ki, depressiya yaşayırlar. Depressiyanın yaşı əvvəlki illərə nisbətən çox cavanlaşıb və bu mərhələ uşaqda ciddi travma yaradır”.
 Psixoloqun sözlərinə görə, uşaqlara izah etmək lazımdır ki, hər bir canlı müəyyən müddət sonra öləcək: ""Müəyyən müddət” ona görə deyirik ki, uşağın özündə də ölüm qorxusu yaranmasın. İzah edərkən "insan qocalanda ölür” sözünü deyil, "müəyyən müddət sonra” sözünü mütləq işlətməliyik. Uşağa "xəstələnib öldü" də deyə bilmərik. Uşaq xəstələnməkdən qorxa bilər. Ətrafında hər xəstələnən insanı görəndə həyəcan, onu itirmək qorxusu yaşaya bilər". Öz təcrübəmdə bununla rastlaşmışam. Bir uşaq var idi, ona deyilmişdi ki, insan qocalır və ölür. O düşünürdü ki, nənəsi, babası qocadırlarsa, öləcəklər. Uşaq hər dəfə onları görəndə pis olurdu. Biz ona başa salırıq ki, insan sağlamdırsa, qocalan kimi ölmür. Uşaq bunu dərk etməlidir. Bəzən görürük ki, nənə, babanın ölümündən sonra uşaq depressiyaya düşür. Çünki indiki valideynlər öz uşaqlarını nənəyə, babaya etibar edir. Nənənin ölümü uşaqlara, xüsusilə pis təsir edir. Depressiya keçirən uşaqlar cəmiyyətə yenidən adaptasiya olmaqda çətinlik çəkirlər. Ona görə, çalışmaq lazımdır ki, uşağa ölümü, 7 yaşın üzərində, yalnız insan yox, bitki, heyvanları misal gətirərək izah edək. Uşağa  bu dünyadan savayı bir dünyanın da olduğunu mütləq izah etməliyik. Heç vaxt "öldü, torpağa basdırdıq, bitdi” demək olmaz. Mənim bir pasiyentimin quşu öldükdən sonra bütün qorxuları formalaşmışdı. Bunun qarşısını almaq üçün biz uşaqlara deməliyik ki, bu dünya və bizim görmədiyimiz dünya var və ölən insanlar orada yaşayırlar. Uşağın beynində başqa dünya təxəyyülünü canlandırsaq, bu hadisənin ağrı-acısını nisbətən azaltmış olarıq. Yəni biz bu gün övladlarımıza ölümü elə izah etməliyik ki, onlarda ölüm xofu yaranmasın. Çünki bu xof olanda insanın həyat tərzi çətin olur və addım belə atmağa qorxur ki, ölərəm və başıma iş gələr. Çalışmaq lazımdır ki, uşaqlara cəsarətli olmağı, həyat uğrunda mübarizə aparmağı öyrədək”.
 Uşaqlar ölümü yaş və inkişaf səviyyələrinə görə necə başa düşürlər?
 Memorial Xəstəxanası Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin pedaqoqu  Melda Alantar valideynlərə, ən çətin məsələlərdən biri olan "uşaqlara ölüm haqqında danışmaq” barədə məlumat verib.
0-2 yaş: İki yaşına çatmamış körpələr ölüm anlayışını dərk etmirlər. Onu qəbul etmək üçün çox kiçikdirlər. Ölüm haqqında yeganə məlumat, ətraflarında davamlı olan qohumlarının, artıq orada olmadığını görməkləridir. Bu vəziyyətdə, məsələn, yatağa gedərkən gördükləri şəkili göstərir və "Ana?" deyə soruşa bilərlər. Ölən insanın qoxu və səs kimi xüsusiyyətlərini xatırlaya, darıxa bilərlər.
2-6 yaş: Ümumiyyətlə, 4 yaşınadək uşaqlar ölüm haqqında məhdud və qeyri-müəyyən anlayışa sahibdirlər. Ölümün qalıcı olduğunu, gedənin geri qayıtmadığını düşünə bilmirlər. Ölən insanla gələcəkdə görəcəkləri işlər barədə plan qura bilərlər. Məktəbəqədər uşaqlar tez-tez sehrli düşüncələrə və oyunlara maraq göstərirlər. Kifayət qədər dua edərək və ya güclü istəklər edərək , ölən insanın, yaxud digər sevdiyi canlının diriləcəyini düşünürlər.
6-9 yaş: Bu dövrdə uşaqlar ölümün son olduğunu qəbul etməyə başlayırlar. Digər tərəfdən, sehr, düşüncə və istəklərlə ölümü dəf edə biləcək gücə sahib olduqlarını düşünürlər. Güclərinə olan bu inam, ölümün qarşısını ala və ölən insanı qoruya biləcəyini düşünməyə vadar edir. Məhz bu səbəbdən insanın ölümündə günahkar və məsuliyyət hiss edə bilərlər.
 9-12 yaş: Bu yaşda olan uşaqlar macəra kitabları oxuyur, ruhlar haqqında hekayələrlə rastlaşır və macəra qəhrəmanları ilə maraqlanırlar. Yaşlıların öldüyünü görüb, valideynlərini və qohumlarını itirəcəklərini anlamağa başlayırlar. Onların yaxınlarının ölümü ilə bağlı qorxuları inkişaf edir.
 13-18 yaş: Bu dövrdə uşaqlar böyüklər kimi ölüm həqiqətini qəbul edirlər. Bunu hər kəsin başına gələ biləcək qaçılmaz bir vəziyyət hesab edirlər. Yeniyetmələr vaxtlarının əhəmiyyətli bir hissəsində ölüm haqqında düşünə, təsəvvür edə bilərlər. "Həyat nədir", "Ölüm nədir", "Mən kiməm" kimi suallara cavab axtarırlar. Ölümü maraqlı bir vəziyyət hesab edirlər. Öz cənazələrini xəyal edərək, mərasimə kimlərin  gələcəyini, onların özlərini nə qədər pis hiss edəcəklərini düşünürlər. Ölümlə bağlı bu cür fikirlər onlarda sərxoşluq, narkotikdən istifadə etmək kimi davranışlara yol aça bilər.
 Bəs ölüm xəbəri necə verilməlidir?
 Hər bir ailənin, itirilmiş insanın yaxınlığına, qəbul edilmiş mədəni dəyərlərə və inanclara, uşağın yaşı və inkişaf səviyyəsinə uyğun olaraq pis xəbərləri çatdırma üsulları var. Aşağıdakılar bu çətin tapşırığın yerinə yetirilməsində valideynlər üçün bələdçi ola bilər:
 Xəbər vermək üçün sakit bir yer tapın. Sakit və şəfqətli olun.Pis xəbərə alışdırmaq üçün "Çox kədərli hadisə oldu” kimi deyib,  şəfqətlə məsələni izah etməlisiniz. Məktəbəqədər uşağınız üçün "Öldü" sözünün mənasını izah etməlisiniz. "Ölü", "artıq diri deyil" kimi təyin edilə bilər. Övladınıza, yaşamağın nə demək olduğunu danışın. Məsələn, "Yaşadığın zaman nəfəs alırsan, gəzirsən, danışırsan, görürsən, eşidirsən. Artıq babanız bunu edə bilməyəcək. "
 Aydın və başa düşülən terminlərdən istifadə edin. "Artıq bizimlə deyil", "getdi", "yuxuya getdi" kimi mürəkkəb ifadələrdən istifadə etməyin. Xüsusilə, yuxu ilə bağlı açıqlamalar verməyin. Bu vəziyyətdə uşaqlar sevdiklərinin bir gün oyanacağını düşünürlər. "Uzun yuxuya getdi və bir daha oyanmaz" kimi yanaşmalar uşaqları yuxu ilə bağlı qorxuya salır. Valideynləri yatanda narahat olacaqlar.
 Övladınızı, həyatın yenidən qurulacağına inandırın. Bir neçə gündən sonra məktəbə qayıdıb, dostlarını görəcəyini xatırladın. Ağrılı dövrlərdə göstərilən müsbət münasibət, uşağın kədərlənmə prosesindən sağalaraq çıxmasına imkan verir.
 
 Aygün Əziz