Biz imzaları yox, əsərləri dərc edirik...

Ölüb ölümdən qurtarmaq – Niyə belə deyirik?
1140
11 Oktyabr 2018, 08:47
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 İfadə məcazi mənada çox ağır xəstəlik, ağrı keçirmək, iztirab çəkmək, bərk həyəcanlanmaq mənasında və bəzən də "ölüb ölümdən qorxmaq” şəklində işlədilir.
 

 
 Qədim hind abidəsi məşhur "Kəlilə və Dimnə”də təsvir edilən belə bir əfsanə ilə bağlıdır: səfərə çıxan bir tacirdən ailə üzvlərinin hərəsi bir şey alıb gətirməsini xahiş edir. Qəfəsdə saxlanılan tutuquşu heç nə istəmir, yalnız öz tutu yoldaşlarına salam göndərir. Tacir meşədə tutulara rast gəlib evdəki quşdan onlara salam yetirir. Bu zaman quşlardan biri nakəhan yerə yıxılıb çırpınmağa başlayır və nəhayət ölür. Bunları görən tacir evə qayıtdıqdan sonra əhvalatı evdəki tutuya nəql edir. Əhvalatı eşidən kimi evdəki quş da bir az çırpınıb, qəflətən gözlərini yumur və hərəkətsiz qalır. Tacir onu ölmüş bilib, qəfəsdən çölə atdıqda quş havaya qalxıb yoldaşlarının yanına uçmağa başlayır. Tacir başa düşür ki, meşədəki tutu özünü ölülüyə vurmaqla xilas olmaq yolunu göstərirmiş.
 Bu misaldan Nizami, Xəqani, Rumi, Sədi, Cami və s. kimi böyük sənətkarlar istifadə etmişlər. 
Ə.Xaqaninin "Öz vəziyyətimdən şikayət” şeirində həmin hadisəyə işarə ilə deyilir:
 
 Mən ölüb qurtaran tuta kimi, ah,
 Nəhayət, ölümə gətirdim pənah.
 
 N.Gəncəvi yazmışdır:
 
 İbrətdə göz yuman o tutiyə bax,
 Ki, "öldü”, qəfəsdən qurtardı ancaq.
 
 Bu əhvalat Mollayi Ruminin "Məsnəvi”sində xüsusilə təsirli təsvir olunmuşdur.
 N.B.Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz” komediyasında Fatma xanım deyir: "Bu gecə sabaha kimi mən titrəmişəm, ölüb-ölüb ölümlərdən qayıtmışam və indi başımı tərpədə bilmirəm”.
 Mehdi Hüseynin "Qara daşlar” romanında deyilir ki, Bakıda yaşayan oğlu Tahirin xəstələnməsi xəbərini kənddə nisbətən gec eşidən "Gülsənəm iki əlini zərblə başına çırpdı. – Vay, kül mənim başıma, uşaq ölüb-ölümdən qayıdıb, amma mən başı batmışın heç nədən xəbəri yoxdur”.