Artkaspi.az
saytı Paolo Sorrentinonun hekayəsini təqdim edir:
Paolo
Sorrentino dünya şöhrətli italyan kinorejissoru və ssenaristidir.
O,
1970-ci ildə Neapol şəhərində doğulub. 17 yaşında ikən valideynləri avtomobil
qəzasında dünyalarını dəyişiblər. Həmin vaxt iqtisadçı ixtisası üzrə ali təhsil
alan Paolo ssenarist və rejissor köməkçisi kimi də özünə çörəkpulu qazanırmış.
Onun
2001-ci ildə quruluş verdiyi "Artıq adam” bədii filmi Venetsiya
kinofestivalında mükafat alıb. "Heyrətamiz” filmi 2008-ci ildə P.Sorrentinoya
həmin festivalda Jüri ödülünü qazandırıb. "Misilsiz gözəllik” bədii filminə
görə isə o, 2014-cü ildə nüfuzlu "Oskar” mükafatına layiq görülüb.

Livio Kaza
Dairəvi
yolda maşın sürərkən Livio Kaza bütün gövdəsini necə önə əyirdisə, bəzən alnı
ön şüşəyə də toxunurdu. Sükandan var gücüylə yapışdığından az vaxtda ovucları
tərləyir, əlləri keyləşirdi.
Sürücülük
vəsiqəsi almağı o, heç vədə arzulamamışdı.
Ucqar
bir şəhərcikdə yaşamaq, piyada gəzib-dolaşmaq, mağaza sahibləriylə
zarafatlaşıb, hal-əhval tutmaq onun daha çox könlünə yatardı bəlkə. O, barın
uzaq küncündə oturub, qəzet oxuyan və bugünkü həyatın dəli-dolu tempinə ayaq
uydura bilməməsindən şikayətlənən bir adam olmaq arzusundaydı.
Günorta
yeməyindən sonrakı o yuxu gətirən saatlarda barın sahibəsiylə buranın anbar
otağında xəlvətə çəkilmək arzusuna düşərdi.
Hətta
o, adicə sahə həkimi olmağa da (Niyə olmasın ki?! Bunda nə var bəyəm?!)
razıydı, bu sayədə öz babasının davada göstərdiyi şücaətlər barədə yazacağı
tərif dolu romanı heç kəsin çap etməyəcəyi də zərrəcə eyninə gəlmirdi.
Başqa
birisi olmaq keçirdi onun könlündən. Ucqar bir bölgənin səssiz sakini olmaq.
Hər
şeydən uzaq bir ömür sürən insan olmağı diləyirdi o.
Yerlilərinin
(təkcə yerlilərinin yox!) gülüb, lağa qoyacağı qəribə bir insan olmağa da əsla
etiraz eləməzdi. Bütün gününü barda keçirənlər onsuz da elə bu işlə məşğuldur
da.
Ancaq
bütün bunların əvəzinə, o, dairəvi yolun bitəcəyində yerləşən, arvadı Cenninin
fəxarət duyduğu və gül-çiçəklə əhatələnmiş gözəl bir kottecdə yaşamaqdaydı.
Hə,
bir növ qoruqda yaşayırdı o. Bura elə gizlin, sirli bir yer idi ki, hətta
zamanın axarı da dayanıb-durmuşdu və ətrafdakı hər şey tilsimli bir yuxuya
dalmışa bənzəyirdi. Ciddilik nişanəsi sayılan toxtaqlıq və ədəb-ərkan havası tamamən hakim kəsildiyindən insan buralarda
istər-istəməz metafizik düşüncələrə qapılmalı olurdu.
Livio
ilə Cenninin övladları olmadığından onlar öz ev-eşiklərinə bir valideyn
mehriylə yanaşırdılar.
"Rits”
ləqəbli alman ov iti onlardan ötrü bir oğul əvəziydi. Livio Kaza tez-tez
təkrarlayırdı ki: "Övladsızlıq bir dərd sayılmaz”.
Əslində
isə... dərd idi. Sadəcə məsələ onun miqyasındaydı.
Qaçış
trenajoruna dəlilər qədər düşkün olan Cenni bütün ömrü boyu Livionu yeyin
yerişlə məşğul olmağa həvəsləndirmişdi.
Ancaq
ərinin ötkəm şəkildə dediyi: "Qaçışdakı bütün nöqsanlar elə bu yeyin yerişə də
xasdır, onun qaçışdan hər hansı üstün cəhəti yoxdur” sözlərindən sonra qadın
bunda da israr eləməmişdi daha.
Romanın
mərkəzində, Koronari küçəsindəki əntiq əşyalar dükanı Livio Kazaya atasından
miras qalmışdı. Dükana getməkdən ötrü o, hər gün özü üçün qaçılmaz bir bəla
saydığı bu dairəvi yolla getməyə məcbur idi.
Uşaq
ikən o, yağışı, hətta dolunu da sevərdi. İndi isə yağış onu cırnadırdı, dolu
isə ona elə bir cəhənnəmi xatırladırdı ki, orada sadəcə maşınlar və əlini artıq
öz maşınlarından üzən sürücülər cəmləşmişdilər.
Arzuladığı,
ancaq nail olmadığı o ucqar yer sakinliyindən ona naxoş bir vərdiş miras
qalmışdı: maşının açarlarını şalvarının kəmər üçün nəzərdə tutulan
qulaqlarından asırdı. Hər səhər iki qutu "Camel lights” siqareti almaq üçün
gedəndə tütün dükanının sahibi də məhz bu açarların qopardığı cingilti
sayəsində onun gəlişindən xəbər tuturdu.
Livionun
çevrilməyi arzuladığı, ancaq çevrilə bilmədiyi insan tiplərinin sayı-hesabı yox
idi. Son nəticədə onlardan geriyə qaşqabaqlı, dinməz-danışmaz bir tip qalmışdı.
Gözəgörünməz və hansısa bakteriya qədər amansız sayılan stresin səbəb olduğu
seboreyalı dermatit xəstəliyinə yoluxmuşdu o: vaxtaşırı şiddətlənən bu mərəz
Livionun bədəninin həm tük örtüyündə, həm də döş qəfəsinin dərisində özünü
büruzə verirdi.
Çöhrəsində
peyda olan alalarla bağlı qara-qura fikirlərdən qurtulmaqdan ötrü Livio rahat
oxunan kitabların qiraətinə girişmişdi.
Darıxmağın
özü qədər, nəticələrinin də fərqli olduğu qənaətinə o, çoxdan gəlmişdi. Əntiq
dükanında ikən bekarçılıqdan və ünsiyyət əskikliyindən bilmirdi ki, neyləsin.
Vaxtilə atasının oturduğu taburetdə, həm də alaqaranlıqda oturan Livio Kaza
saatlar uzunu ampir üslubundakı bir mebelin dəstəyindən gözlərini ayırmaz,
ard-arda siqaret tüstülədərək düşünərdi ki, indi ucqar bir yerdəki adi barda
əyləşib, bu cür darıxsaydı əgər, bundan necə də görünməmiş bir həzz alardı.
Bax,
orada bu darıxma sevinclə əvəzlənərdi. Ya da daxili hüzurla.
Hətta
məsələnin məğzi onun darıxmasında da deyildi, ondaydı ki, bu dükanda, bu
səssizlikdə oturarkən o, özünü naqolay hiss eləyirdi. Həm də sırf həyatda öz
yerini tapmadığı üçün bu naqolaylığa düçar idi.
Axı,
onun xəyalını qanadlandıran şey bu ampir üslubundakı mebelin dəstəyi deyildi, bar
piştaxtası arxasında dayanan, bəlkə, heç özü də fərqində olmadan son dərəcə
şux, hədsiz ehtiraslı görünən bar sahibəsi idi.
Dey
Koronari küçəsindəki digər əntiq əşya satıcıları da Livioya bezdirici və
təhlükəli görünürdülər. Özündən hədsiz razı olan bu adam hər hansı şübhəyə əsas
vermədən qət eləmişdi ki, həmkarları ucdantutma boşboğaz və qəribə insanlardır.
Hərdənbir Livio Kaza öz-özündən soruşurdu: "Kimdir axı ey bu əntiq əşya
satıcısı?” Bu işlə məşğul olan kəs, əslində, əntiq əşya satıcılarının, adətən,
özlərini təqdim etdiyi kimi, nə əsl tacir idi, nə əsl sənətkar idi, nə də ki
sənət bilicisi.

Bu
suala onun öz cavabı isə belə idi: Əntiq əşya satıcısı – bir hobbisi olan
kəsdir. Bütün qalan cəhətləri baxımından isə o, eynilə Livioya və onun arvadına
bənzəyir, yəni sahibsiz torpaq kimidir, çünki bu ər-arvadın da həyatdakı tək
istəyi – rahat bir həyat idi.
Ancaq
üç gün əvvəl, axşam saat onda baş verən və ilk baxışda əhəmiyyətsiz görünən bir
hadisə onların həyatındakı bu yeknəsəqliyə qəfil son qoydu və bu cütlüyə böyük
dəyişikliklər vəd elədi.
Adətən
öz güzəranından hədsiz razı bir məxluq təəssüratı yaradan Rits üzünə heç bir
vəhşət görkəmi vermədən yanaşıb, Livionu möhkəmcə dişlədi. Livio evdə tək idi.
Cenni kino festivalına getmişdi.
Ayağını
diqqətlə süzən Livio heyrətləndi, ayağı ağrısa da, baldırında itin dişlərindən hər
hansı bir iz qalmamışdı. Bu, sanki Livionu daldığı dərin yuxudan oyatdı. Öz
halına yerli-yersiz acımaq xasiyyətini o, elə həmin andan tərgitdi və adi
şərtlərdə özünün heç vaxt cürət etməyəcəyi bir addım atdı.
Maşına
minib, sükanın üstünə çökən Livio öz-özünə dedi: "İndi mən ucqar bir şəhərciyə
yollanıb, suyuşirin sahibəsi olan bir bar tapacağam”. Hətta eşidiləcək bir
səslə: "Canlara dəyən bir xanım” dedi. Haradansa ağlına gələn bu "canlara
dəyən” ifadəsi onu nə cür çılğına döndərmişdisə, başqa heç nə barədə düşünmürdü
artıq. Niyyətini məntiqi sonluğa çatdırmaqdan ötrü o, mobil telefonunu da evdə
qoydu.
Az
sonra kimsənin gözə dəymədiyi dairəvi yola çıxdı. Maşınların qaynaşmadığı yol
indi ona gözəl və təmiz görünürdü. Sanki yol örtüyü əsl plastikdən
hazırlanmışdı.
Onu
cırnadan dünya haradasa uzaqlarda qalmış, səs-küy kəsilmişdi. Özünü on səkkiz
yaşlı bir oğlan yerində hiss edən Livio xəfifcə qaz pedalına basdı, ancaq o,
həmişə getdiyi bu yolla maşın axınları olmadan irəliləməyə də adət eləməmişdi.
Buna görə də həyatının çox tezliklə və kökündən dəyişəcəyini düşünən Livionun
qəlbi fərəh hissiylə doldu: qurduğu yeni planları gerçəkləşdirməkdən ötrü bir
daha evə dönməyəcəyinə qərar verdiyi an o, maşını yoldakı hasara çırpdı və elə
oradaca... keçindi.
Bundan
altı gün sonra Livio öz əntiq əşyalar dükanına baş çəkdi. Artıq o, bir ruh idi.
Keçib bir küncdə oturdu, dirsəklərini trümonun üzərinə söykəyib, canlı
insanlara hələlik yad görünən sonsuzluq hissinə kökləndi və onu iş başında əvəz
edən Cenniyə kənardan göz qoymağa başladı. Cenninin sərbəst bir qadın kimi (bu
ifadəni adətən televizordakı ekspertlər işlədirdilər və Livio bundan hədsiz
cırnayırdı) davranması Livionun heç könlünə yatmadı. Sanki dərdi-yası yox idi
bu qadının. Tamamilə sakit idi Cenni. Həyat eşqi də kəllə-çarxa vururdu. Bir
əntiq əşya satıcısı kimi onun hədsiz işgüzarlığı Livionu heyrətləndirirdi də.
Özünün işlətdiyi vaxtlarla müqayisədə alıcıların sayca artdığını sezincə,
Livionun ruhu bundan qapıldığı narazılığı da artıq gizlədə bilmədi.
Nahar
fasiləsində qapıları bağlamazdan öncə Cenni bir kişini içəri saldı:
aralarındakı səmimiyyətə baxılarsa, onların lap çoxdan tanış olduqlarını
düşünmək olardı. Livio qət elədi: "Yəqin kino festivalında tanışlıq qurublar”.
Ruh
özünü bir az gərməli oldu. Materiyalara xas bəzi canlılıq nişanələri axı o biri
dünyanın sakinlərini də təbdən çıxarmağa qadirdir. Baxımlı saqqalı olan kişini
Cenni çəkib, anbara apardı və burada onlar ilk dəfə öpüşdülər. Öpüş nə cür şux
və təbii alındısa, hər ikisi bundan cuşa gəldi. Azadlığı gen-bol dadan bu
cütlüyün hətta gözləri də yaşardı. Saqqallı kişi əlini Cenninin çılpaq ayağının
üstünə qoydu. Bahar möcüzələriydi bu. Həyatın gözqamaşdırıcı anlarıydı. Sonrakı
öpüşü ədəbsiz sayan Livio buna mane olmaqdan ötrü qədim bir saatı rəfdən yerə
saldı. Buna zərrəcə məhəl qoymayan sevgililər isə öpüşmələrinə davam edirdilər.
Başqa
bir ruh barmağıyla Livionun çiyninə toxundu ehmalca. O, geri qanrıldı.
Arxasında heç kimsə yox idi. Bayaq kökləndiyi o sonsuzluq hissi artıq onu tərk
elədiyindən Livio qeyb aləminə qarışdı. Hər şeyin bir sonu var axı... Hətta
ölümün də.
Dilimizə çevirdi: Azad Yaşar