Biz imzaları yox, əsərləri dərc edirik...

Lev Tolstoyun keçmişindən Robert Haynlaynın gələcəyinədək – Mətləb Ağa yazır
3023
17 Sentyabr 2019, 13:06
 Artkaspi.az saytı Mətləb Ağanın "Lev Tolstoyun keçmişindən Robert Haynlaynın gələcəyinədək" adlı yazısını təqdim edir:
 
 Biz, bizə verilmiş, öyrədilmiş və ya bilavasitə özü­müzün mənimsədiyimiz bilikdən asılıyıqmı və o bilik hər nə qədər yal­nış olsa belə, hazırki "tarazlığımızı” saxlamağa vəsilə olurmu?
Düşünürəm ki, bir qayda olaraq, bəli!
 Belə ki, insanın "yükləndiyi” informasiyanın (özü və ya digər mənbələr vasitəsiylə) həcmi çoxaldığca, o da bu infor­ma­siyanın "çəkisinə” mütanasib olaraq, həyatı və dün­yanı (ətraf aləmi) dərk etdiyinə inanır.
İnsan ona təqdim edilən və ya öyrəndiyi infor­ma­siya­ya uyğun­laşaraq ətrafı, dünyanı və kainatı başa düş­düyü­nü fikir­ləşir, cari dərk prosesinin özü və nəticələri hər nə qədər səhv olur-olsun belə, sahibləndiyi informasiya resursu insana məhz doğrunu bildiyini təlqin edir.
 Məsələn, dünyanın və kainatın yaranması prosesi haq­qın­dakı çoxsaylı kosmoqonik miflər (lap ilk dövrlərdə) və ya nəzəriyyələr (elmi düşüncənin yarandığı vaxtdan hazıradək) özündəki informasiyayla bizi "sehrləyir” ("sehrləyib”), müəy­yən dövr həmin məlumatların "əsarətində” oluruq (olmuşuq)... 
Tutaq ki, bizim eradan əvvəl təqribən 610-546-cı illər­də yaşamış Yunan filosofu Miletli Anaksimandrın nəzə­riy­yəsində and-aman edilir ki, kainat apeyrondan (son­suz, əbədi hə­rəkət edən) yaranmışdır.Və yaxud, təqribən eramızdan əv­vəl 500-428-ci illərdə yaşamış Afinalı filosof Anaksaqorun fikrincə, saf və bütöv ilahi zəka, nə zamansa hərəkətsiz və qa­r­maqarışıq olmuş cisimləri nizama salıb kainatı əmələ gətirmişdir.
Hazırdasa kainatın başlanğıc düsturu kimi əsasən, "Böyük partlayış”a ("Big bang”) istinadı daha uğurlu variant sayı­rıq, bu nəzəriyyəyə görəsə, kainat bir nöqtədən başlayıb mil­yard illər boyu genişlənərək indiki ölçüsünə (?) çatmışdır...
 Bu qeydlər isə, Bertold Brextin "Həqiqəti yazmağın beş çətinliyi” adlı yazısındandır: 
"Yaxın keçmişəcən insanlar elə bilirdi ki, Yer dünya­nın mərkəzidir, müstəvidir, günəş və ulduzlarsa onun ətra­fında dövrə vurur. Amma bu gün Yerin kürə olmadı­ğını deməklə yalnız gülüş hədəfinə çevrilmək olar”. 
Mövzuya bir elə dəxli olmasa da, belə bir şey də yazım. Eramızdan əvvəl, 1776-cı ilə aid olduğu deyilən, insanları üç silkə-aristokratlar, adi in­san­lar və kölələrə bölən "Ham­mu­rapi qanunları”nda hökm verilir ki, ali təbəqədən olan insan digər ali təbə­qə­dən olan insanın qızını öldürübsə, əvəzində qızı öldü­rü­lən insan qatilin qızını öldürməlidir. İndi, müasir zamanə­dəsə, "Hammurapi qanunları”nın bu mövqeyi ən azın­dan başdan­xa­rab­lıq kimi görünür...
 
 

 Və sair və ilaxır...
 Mif və ya nəzəriyyə qılafındakı informasiyaları qəbul etməmək, şübhəylə yanaşmaq, anlamağa çalışdığımız şeylər barədə öz düşüncəmizi ortaya qoymaq da müm­kün­dür, ancaq bu, necə deyərlər, "seçilmiş”lərə aiddir...
 ...Uzun illər, Ayzek Azimov və Artur Klarkla birlikdə Amerika elmi fantastikasının "böyük üçlüy”ü sayılmış Robert Haynlaynın "Kainatın ögeyləri” (”Orphans of the Sky”) romanı gələcəkdə-2119-cu ildə "Cordan Fondu” tərə­findən Qalak­tikamızdakı Proksima Sentavra (Günəşə ən yaxın ulduz sistemi Alfa Sentavra aid ulduz) təşkil olunmuş "Avanqard” kosmik gəmi ekspedisiyasının tale­yin­­dən danışır. 
 (İki hissədən ibarət roman ilk dəfə vahid kitab halında 1963-cü ildə nəşr edilib).
 Artıq neçə nəsil dəyişib, Yerlə əlaqələr tamam kəsilib, planetimizdə doğulmuş son insan Teodor Mauson da çoxdan ölüb və Konverterdə yandırılıb. (Gəmi sakinlərinin təbirincə, "Konverterə yollanıb”).
 Mühəndislər "Avanqard”ın əsrlər uzunu korlanıb dağıl­ma­dan uçmaq qabiliyyətini yüksək Yer texnologiyaları sayə­sin­də təmin etməyi bacarsalar da, kimsə insanların bir-neçə nəsildən sonra öz əcdadlarının biliklərini unut­ma­sını, bəşəriy­yətin ibtidai düşüncələrinin Gəmidə təzədən bərqərar olmasını əngəlləyə bilməyib.
Mauson kiçik mexanik Hafın rəhbərliyiylə törədilmiş qiyamın axırıncı şahidiydi, qiyam zamanı heyətin doxsan faizi həlak olmuş, faciədən sağ çıxan Mauson Gəmi kapita­nı seçilmişdi. O, gəmi jurnalındakı vida qeydlərində yazırdı:
 ”Mənim adamlarımın psixologiyasında maraqlı dəyişik­lik baş verir. Onlar heç vaxt planetdə yaşamayıblar, ona görə də zaman keçdikcə Gəmi ilə bilavasitə bağlı olmayan istənilən konsepsiyaları və ya Gəmidəki həyatla heç bir əla­qəsi olmayan təbii hadisələri get-gedə daha da çətin başa düşürlər. Mən onlarda təxəyyül və düşünmə qabiliyyə­tini oyatmaq cəhdlə­rin­dən əl çəkmişəm. Nəyə görə yaxşı vaxtlar haqqında danışmaqla onların qəlbini qaraldım ki?”
 Kitabın qəhrəmanı-Hyu Hoylanddır, Leytenant Nelson­la uzun illərin tanışlığı gəncin xüsusi təbəqəyə-Alimlər silkinə qoşulmasına gətirib çıxarır ki, bu həm də onun Gəminin dər­kin­də növbəti addımı olur, orada yer tutana­dək də Hyu, cavablarını tapmasa belə, həyata dair saysız sual­larla özünü yorur, onu digər həmyaşıdlarından fərq­lən­dirən düşüncəliliyi sayəsində Gəminin dərkinə çalışırdı:
 "Şübhəsiz ki, Müqəddəs Sətirlərdə onun bütün sualla­rına cavab vardı, yoxsa ki, onlar müqəddəs olmazdı, yox­sa ki, onları tapmağa onun şüuru çatmır. Axı niyə? Ümumiyyətlə, həyatın mənası nədədir? Yəni, doğrudanmı yaşamaq, sadəcə, yemək, yatmaq və sonda uzaq Uçuşa yol­lanmaq deməkdir? Məgər Cordan istəmirdi ki, onu anla­sınlar?” (Daha mə­lu­matsız sakin­lər, guya onları yara­dıb idarə edən ilahi qüvvəni Cordan adlandırır, bunun kökündəsə Gəminin "Cordan Fon­du”nun səfərə göndərməsi dururdu).
 Hyu leytenant Nelsonla görüşəndə sual verir ki, "qədim yazıların çoxunda Uçuşa həqiqi hərəkət proses kimi baxılır. Sanki Gəmi bir kənddən digər kəndə hərəkət edən edən arabaya oxşar bir şeydir. Bəs bunu necə başa düşmək olar?”
 Qoca öz tabulaşmış biliyini Hyuya da aşılamağa çalışır: "...içindəkilər hərəkətdə olan bir şey necə hərəkət edə  bilər?.. Gəmi sözsüz ki, hərəkətsizdir. Gəmi kainatdır. Amma o, əlbəttə ki, mənəvi mənada hərəkətdədir”.
Leytenat Hyunu öyrədir ki, "bəşəriyyətin yeni yaranış dövründə...mümkün ola bilən başqa dünyalar haq­qın­da fərziy­yələr irəli sürürdülər. Hətta sonsuz sayda boşluq­lardan ibarət olan... dünya haqqında mifologiya hazırlayan məktəb də möv­cud idi... Lakin onların yaşadıqları bu maariflənmiş dövrdə, sələfləri ilə müqayisədə onlara daha ciddi bir məsələ həvalə edilib”.
Hyu "Avanqard”dakı insanlar arasında ehkamlaşmış fikrə əsaslanıb, soruşur ki, "əgər Gəmidəki mutlar günah nəti­cə­sində yaranıblarsa, nə üçün Planın həyata keçirilməsinin sürətlən­diril­məsindən ötrü onları məhv etməyə cəhd etmir­lər?” 
 (Hyu, çox keçmir, başa düşür ki, mutlar günah-filan sə­bə­bindən yaranmayıb, bu qəbildən olan nağıllar onların mən­şəyini qətiyyən izah etmir, mutlar faciənin-kosmik radiasiyanın qur­ban­larıdır). 
Nelson Hoylanda izah verir ki, Gəmidə məhdud yer, cüzi yemək var, əgər insanlar çoxalıb artsalar, onda yer və yemək problemi yaranacaq, odur ki, Cordanın Planına uyğun olaraq bəzi yoldaşlarının mutlarla döyüşdə öldürülmə­si lazımdır.
 Baş mühəndisin müavini Bill Ertçlə söhbətindəsə, gənc müavin Hyuya Cordanın heç bir planı-filan olma­dı­ğını açıq­la­yır, Gəmiyə istilik, enerji, işıq vacibdir, Cor­da­nın planı barədə nağıllarsa kəndliləri (gəminin sıravi sərnişinlərini) itaətdə saxlamaqdan ötrü vacibdir. 
 Hoyland hələlik öyrəndiklərindən bu qərara gəlir: 
 "Gəmi elə Gəmidir...Cordana gəldikdə isə, kim onu görüb ki?... Həyatın mənası yaşamaqdan ibarətdir. İnsan doğulur, yaşayır və Konverterə yollanır. Hər şey çox asandır, heç bir sirr, möhtəşəm Uçuşlar və Sentavr yoxdur. Bütün bu miflər, nağıllar bəşəriyyətin ilk çağlarının qalıqlarıdır”.
 Hyu Bill Ertçin və digər gənc alimlərin gizli planına əsa­sən kəşfiyyat apaparkən mutlara əsir düşür, Hyunu başqa­la­rından fərqləndirən düşünmə qabiliyyətini görən mut rəhbəri Co-Cim Qreqori onu labüd ölümdən qurtarıb özüy­lə-ikibaşlı intellektualla həmsöhbət olmasına izn verir. 
 Tezliklə etibar qazanan gənc Alimi, Co-Cim Gəmi­nin baş idarə­etmə otağına aparıb ona Gəmi və ətraf aləmə dair həqi­qətləri öz anladığı həddədək başa salır. 
 Burada Hyu ilk dəfə möhtəşəm kainatla qarşılaşır...
 
 

 Romanın digər surətlərindən biri-mütləq hakimiyyət həri­si olan Gəminin kapitan müavini Fineas Narbi guya Uçuşu uğur­la başa çatdırmaqda Hoylanda kömək etmək istə­yir, bu məqsədlə "dostlar” həm də mutlarla ittifaqa girib onlara mane­çilik törədəcək şəxsləri aradan götürməlidirlər.
Narbi, müvafiq plandan öz mənafeləri üçün faydalanıb, yeyib yatmaqdan piylənmiş Kapitanı öldürdüb dərhal da Hoy­lan­da və dəstəsinə arxa çevirir, köhnə fikirlərindən qəti əl çək­mə­yib Gəminin mövcud qayda və şərtlərlə ida­rəçiliyində israr edir.
 Bu andan etibarən keçmiş müttəfiqlər biryolluq ayrılır: Hyu çox çətinliklərin ardından yoldaşlarıyla öz niy­yət­lə­rinə qovuşur, Uçuşu "Cordan Fondu”nun Planında nəzər­də tutul­du­ğu kimi olmasa da, hər halda, tamamlayıb, yaşayışa yararlı planetlərin birində (peykdə) məskunlaşır, Nar­bisə, qapalı, sonunun necə olacağı bilinməyən Gəmidə qalıb, yenidən öz hakimiyyət intriqaları və oyunlarını sürdürür...
Amma ötənlərdə həyatın mə­na­sını anlamağa cəhd edən Hyu, mən deməzdim ki, arzusuna qovuşur, sadəcə, bu əhva­lat­la­rın gedişində, yalnız Gəminin nə oldu­ğunu, ət­raf­dakı prosesləri başa düşüb Uçuşun hər necə də olsa, başa çatdırılmasına nail olur.
 Haynlayndan geriyə, Lev Tolstoya qayıdaq. 
 Tolstoyun, özünün ayrı-ayrı yaş dövrlərində həya­tın(ın) məna­sını dərk etmək cəhdlərini birləşdirən "Etiraf­lar” (1884), rus yazıçısının Hoylandın başına gələn əhvalatlara oxşamayan (həm də bənzər), uzun sürən ziddiyyətli ömür və düşüncələrinin daha mürəkkəb nəqlidir.
 Tolstoy öz etiraflarını dindən necə uzaqlaşmasını danış­maq­la başlayır, insanın əməlləriylə möminliyi arasında həmişə bərabərlik işarəsi qoymağın mümkünsüzlüyünü xa­tır­ladan ya­zıçı çox zaman ağıl, düzgünlük, səmimilik, saflıq və əxlaqla, din­siz insanlar arasında rast­laş­dığını, uşaqlıqdan hədsiz müta­liəliliyi və düşün­cə­li­liyi səbəbindən dindən üz dön­dərməsinin ondan ötrü rasional şəkildə baş verməsini yazır... 
Dinlə münasibətlərini aydınlaşdırıb onunla məsafə müəy­­­yən­ləşdirməsinin ardından Tolstoy bizi növbəti mərhə­ləyə aparır: 
 "Mən müharibədə insanları öldürürdüm, öldürmək üçün duelə çağırırdım, qumarda uduzurdum, kənd­lilərin əməyini yeyib-içib havaya sovururdum, onları cəzalandırırdım, əxlaq­sızlıq, dələduzluq edirdim.Yalan, oğurluq, hər cür zinakarlıq, əyyaşlıq, zorakılıq, qətl... Elə bir cinayət yox idi ki, mən onu etməyim və bunların hamısına görə məni tərifləyirdilər...”
 Bu həmin zamanlardır ki, artıq Tolstoy yazıçılıq həvə­sin­dədir. Onu yaradıcılığa şöhrətpərəstlik, hərislik və təkəb­bürün çəkdiyini boynuna alıb, yazıçıları əxlaqsız və çoxu­nu yaramaz sayır, onların, öz əvvəlki hərbi həyatında rast gəldiklərindən qat-qat alçaq və lovğa olduğunu deyir:
 "O zaman biz hamımız əmin idik ki, mümkün qədər tez və çox danışmalı, yazmalı, dərc etməliyik, özü də bunlar hamısı insanların rifahı üçün lazımdır...Lakin anlamırdıq ki, əslində biz heç nə bilmirik, həyatın ən sadə-nə yaxşıdır və nə pisdir- sualına nə cavab verəcəyimizi bilmirik... indi mən anlayıram ki, o vaxtlar bizim həqiqi səmimi niyyətimiz mümkün qədər çoxlu pul və tərif əldə etməkdi... Bizə pul verirdilər və bizi... tərifləyirdilər-ona görə də, biz...özümüzü haqlı hesab edirdik”.
 Tolstoy xatırlayır ki, həyat barədə sualları növbəti illərdə daha da artmışdı, lakin, nə olur-olsun, başa düş­dü­yü ancaq bu idi ki, yalnız bircə həqiqət var,- həyat boş və mənasız şeydir..., çünki, bu gün, ya da sabah, sevdik­lə­ri­mi­zi və özümüzü ölüm aparır, bizdən ancaq üfunət və qurd­lar qalır. İnsanın əməlləri yaxşı və ya pisliyindən asılı olmayaraq gec-tez unudulursa, onda çalışıb-vuruşmağımızın faydası varmı? 
 Yazıçı təəccüblənirdi ki, necə olur, insan bütün bunları görmədən yaşayır? 
 Həmişə qadınlara kəskin ehtiras duymasına baxma­ya­raq, arvadı Sofiya Andreyevnayla nigahını (evləndiklərində Sofi­ya­nın on iki yaşı vardı) ölümünədək qorumuş, bu evli­liyindən on üç uşaq atası olmuş (valideynləri on üç öv­ladlarından beşinin ölümünə onlar hələ balacaykən şahid­lik etmiş, uşaqlardan ən uzunömürlüsü 1941-ci ildə ABŞ və­təndaşlığı alan Aleksandra olmuş və o, doxsan beş ya­şın­da, 1979-cu ildə Nyu Yorkda ölmüş­dü) Tolstoyun "Etiraf­la­r”ın­dakı aşağıdakı fikirləri zid­diyyətli ruhi labi­rint­lərdə çabalayan keçmiş arvadbazın hətta ailə institunu da inka­rı­nın sübutudur: 
 "Ailə...-arvad və uşaqlardır, yəni, onlar da insandır... onlar da ya yalanla yaşamalı, ya da ama­nsız həqiqəti gör­mə­lidir... Nə üçün mən onları sev­məli, qorumalı, böyütməli və nəzarət etməliyəm?...Onları sevdiyim üçün, həqiqəti onlardan gizlədə bilmərəm-biliyə doğru atdıqları hər bir addım onları bir həqiqətə aparır. Bu həqiqətsə - ölümdür”.
 Həyatın anlamını bilik və elmdə axtarıb əvəzində heç nə qazanmadığını vurğulayan Tolstoy, öyrənə biləcəyimiz ye­ganə biliyin-həyatın mənasız və faniliyi barədə bilik olduğu qənaə­tinə gəlir.
"Həyatın elə bir mənası yoxdur ki, ölüm ona son qoymasın”, növbəti etirafını belə yekunlaşdıran Tolstoy, bu­rada deyəsən ümidsizliyinin də kulminasiya nöqtəsinə çatır. 
 Tolstoy haqlı olaraq hesab edir ki, elmin həyata aid suallara cavabı yoxdur və ola da bilməz, elmlə ancaq işıq, kimyəvi birləşmə qanunları, orqanizmlərin inkişafını və s. öyrənmək olar, insanın kimliyi və niyə yaşadığına dair fikir və yekun nəticəylə orada rastlaşmaqsa qeyri-mümkün­dür.
 "Özünün nə olduğunu başa düşmək üçün, insan əvvəl­cə onun kimi insanlardan ibarət bəşəriyyətin nə olduğunu anlamalıdır” yazan Tolstoy düşünür ki, fəlsəfə belə, həyatın mə­na­­sını açmaq, "insan niyə yaranıb və onun varlığının nəti­cəsi nədir?” sualını cavablandırmaq iqtida­rın­da deyil. "İnsan nə üçün mövcuddur?” sualına fəlsəfənin heç bir konkret ca­va­bı yoxdur, əksinə, fəlsəfənin mahiyyəti elə bu sualı verməkdən iba­rətdir və əgər bu sual kifayət qədər aydın ifadə olunubsa, deməli, o həqiqi fəlsəfədir. 
 "İnsan və dünya nədir?” çağırışına fəlsəfənin sözü: "hər şey və heç nə"dir, "insan və ətraf aləm nə üçün mövcud­dur” sua­lınasa filosofun cavabı: "bilmirəm" olmalıdır.
Tolstoy insanın çıxış (xilas) yolunu bildiyini yazır-o, inan­malıdır, çünki, yalnız inam, insanın qısa həyatına iztirab­larla, itkilərlə və ölümlə məhv olmayan əbədi məna verir: 
 "İnam-həyatın mənası barədə bilikdir, elə bir bilikdir ki, insana yaşamaq imkanı verir... Əgər insan yaşayırsa, deməli, o, nəyəsə inanır...Əgər o, faninin qeyri-reallığını başa düşürsə, onda sonsuza inanmalıdır. İnamsız yaşamaq mümkün deyil”.
 İnsanın ziddiyyətli xarakterini anlamağa can atan Tols­toy: "Mən sonralar İncildə rast gəldiyim həqiqəti anladım: insanlar zülməti işıqdan artıq sevdilər, ona görə ki, onların əməlləri yaman idi. Çünki yaman əməllər törədən hər bir kəs işığa nifrət edir və ona doğru getmir ki, əməl­ləri aşkara çıxmasın. Mən bildim ki, həyatın mənasını anla­maq üçün hər şeydən əvvəl həyatın mənasız və pis olma­mağı vacibdir, məhz bundan sonra onu anlamaq üçün şüur lazımdır” nəticəsinə gəlir...
 "Qəfildən məndə bir səs ucaldı: Bəs mən daha nəyi axta­rı­ram? Budur O...Allahı düşünmək və yaşamaq-eyni şey­dir... Allahı axtararaq yaşa, onda həyatın Allahsız olmayacaq”.
 Sıradakı "Bəs insan nə etməlidir?” sualına da yazıçının cavabı özünü gözlətmir: "hər bir insan bu dünyaya Allahın iradə­si ilə gəldiyindən...hər kəs öz ruhunu məhv də, onu xilas da edə bilər, bu baxımdan, insanın həyatdaki vəzifəsi-öz ruhunu xilas etməkdir; bunun üçün Allahla yaşa­maq lazımdır, Allahla yaşamaqsa o deməkdir ki, hə­yatın bütün ləzzətlərindən imtina edəsən, işləyəsən, müti olasan, səbr edəsən və mərhəmətli olasan”.
 (Yazının bu hissəsində sitat gətirdiyim bu fikirlərinsə, məşhur bolqar qadın Vanqanın olduğu deyilir: 
 "Hər şey göylərdə artıq müəyyənləşib. İnanan və çalışan insan gec-tez düzgün cavab tapır. İstənilən suala cavab var, ancaq sualı necə verməyi və sənə hansı cavab lazım olduğunu bilmək lazımdır. Əgər sən öz həyatına qərar verməsən, onda ömür boyu eyni sualı verəcək və ona cavab tapmayacaqsan”).
 
 

 "Etiraflar”ın yekununda mənim üçün o gözlənilməzdi ki, Tolstoy yola çıxdığı nöqtəyə dönür, yəni, bu dəfə, dini qəti inkar etmək tövrünü bir kənara qoyub konsensusa çalış­dı­ğı (lakin Tolstoyun barışıq təşəbbüsü, xristian kilsəsinin onu kafir elan etməsinə mane olmamışdı) açıqdan-açığa diqqət çəkir: 
 "Dində həqiqətin mövcudluğu məndə heç bir şübhə do­ğurmur; lakin orada yalanın olması da şübhəsizdir, odur ki, mən həqiqəti və yalanı araşdırıb tapmalı və bir-birindən ayırmalıyam”.
 ...Bir də İvan Qonçarovun "Adi əhvalat” (1847) romanı var...
Hardan hara gəlib çıxdıq...
 Əslində, Aleksandr Aduyevin başına gələnlər, on il ər­zin­də yerdən-göyə dəyişməsi sıradan bir əhvalat deyil. Həm də, digər tərəfdən, elə adi əhvalatdır ki, var, Aleksand­rın axır ki, əmisi Pyotr İvanıçın görmək istədiyi birinə dönüb nəhayət ki, "adiləşməsi”ndə qeyri-adi heç nə yoxdur; Alek­sandr, öz yüksək idealları, arzu və istəkləriylə biryolluq vidalaşıb (Adu­yevin hal-vəziyyətindən belə görünür ki, bu, ömür­lük­dür) əmisinin xəyal­la­rın­dakı "şahzadəyə”, adi bir meş­şa­na və yaramaza çevrilir.
 Pyotr İvanıçın təbirincə, "Aleksandr otuz yaşlarında kol­lec müşaviridir, gözəl dövlət maaşı var, kənar işlərlə çoxlu pul qazanır, hələ üstəlik, vaxtkən varlı bir arvad da alır. Bəli, Aduyevlər öz işindədir”.
Sözsüz, insanın cəmiyyətdə qabiliyyət və bacarığına görə yer tutmasında iradlıq heç nə yoxdur, burada məsələ ta­mam başqa şeydə, Aleksandrın bütün qazandıqlarının qar­­şı­lığında öz insanlığını itirib rəzil bir məxluq olmasındadır.
 Evlənərkən də Aleksandrı maraqlandıran arvadının şəx­­siyyəti yox, yalnız rəiyyəti və puludur; ("Beş yüz rəiyyət və üç yüz min pul... - Aleksandr təkrar etdi”). Söhbətlərində nə əmi­si Aleksandrın aldığı qadının necəliyi haqqında söz so­ru­şur, nə də kiçik Aduyev əmisinə bu barədə nəsə deyir.Yəni, qoy lap fahişə olsun, "bəsdir” deyincə pulu ki, var, üstəlik, kar­yera da gəl­gagəldədir. Yox, əmisi, əlbəttə ki, "kimi alır­san?” deyə mı­zıl­danır, qardaşoğlu da bu suala "Aleksandr Ste­panı­çı alıram” kimi də anlaya biləcəyimiz "Aleksandr Ste­panıçın qızını” cavabını verir... 
 O "insanlıq” məhfumu kiçik Aduyevin nəyinəsə lazım­­dırmı? Yox! 
 Onda, qoy hər şey Aleksandrın könlüncə olsun... 
 Final səhnələrində, Aleksandr əmisi arvadı Lizaveta Aleksandrovnaya etiraf edir:
 "Nə etməli...əsrimiz belədir. Mən əsrlə ayaqlaşıram: geri qalmaq olmaz ”.
 Üçlükdəki danışıqlarında, Liza təəssüflənir ki, "belə dü­şün­mək və etməyi ərinə bağışlamaq olar, çünki, o, çoxdan be­lə­dir və zənnincə, kimsə onu ayrı cür tanımır, Alek­sand­rınsa dəyişəcəyini o, heç gözləməzdi”.
Deməli belə...zaman və məkan istəsək-istəməsək belə bi­zi yedəyinə alır, dirənə bilmək nədən və ya nələrdən asılıdır, bax bu məchula, Tolstoyun "Etiraflar”ındakı sualla­ra böyük yazı­çı­nın dəqiq cavabı olmadığı kimi (Qon­ça­rovun kiçik Aduyeviylə olanlarsa, cavab-filan yox, "adi əhvalat”dır), şəxsən mənim də bir deyəcəyim yoxdur... 
Hər halda, indilik... 
 Amma bu yazını nöqtələyərkən, mövzuya birbaşa dəxli olmasa da, nədənsə, Peru yazıçısı M.V.Lyosanın "Kü­çük­lər” romanının vida cümlələrini xatırlamaya bilmirəm: 
 "Biz artıq yaşlaşmışdıq: hamımızın arvadı, maşını, Şam­panya, ya da ”Müqəddəs Mariya” məktəbində oxuyan uşaqları vardı; hərəmiz bir yerdə-Ankonada, Santa Rosa­da, yaxud cənub çimərliyində bağ evləri tikdir­miş­dik. Yavaş-yavaş kökəlir, göbə­yimizi gizlətməyə çalışırdıq, bədənimiz lırtlaşır, yemək və ya çaxırdan sonra sancılanıb üz-gözümüzü büzüşdürür, oxumaq üçün eynək taxırdıq, ilk ağ tüklərimizə, dərimizdəki ləkələrə və sifətimizdəki ilk qırışlara baxırdıq, baxırdıq...”