Biz imzaları yox, əsərləri dərc edirik...

Ölərkən bütün düşmənlərini əfv etdi...Puşkinin qızının həyatı və ölümü
375
04 İyul 2017, 09:12

artkaspi.az Aleksandr Sergeyeviç Puşkinin qızı Mariya Qartunqun həyatı və ölümü haqqındakı yazını təqdim edir:

"Anasının nadir gözəlliyi ilə atasının ekzotizmi onda birləşmişdi, amma bu cür üz cizgiləri bəlkə də bir qadın üçün kobud hesab oluna bilərdi” – qızlıq soyadı Puşkina olan Mariya Aleksandrovna Qartunqun müasiri yazırdı.

Lev Tolstoy "Anna Karenina” romanının qəhrəmanı olan Annanın xarici görünüşünü yaradarkən məhz Mariya Qartunqun qeyri-düzgün üz cizgilərindən yararlanmışdır. Mariya Aleksandrovna yazıçı ilə Tulada, bir qonaqlıqda tanış olmuşdu. Deyilənə görə Puşkinin qızı qrafın diqqətini ilk baxışdan cəlb etmişdi. Onun "bu qadının kim olduğu” sualına cavab verildikdə isə Lev Nikolayeviç ucadan demişdir: "Hə. Onun saçlarının qıvrım olmasının əsas səbəbi məlum oldu".

 

 "O, Anna Karenina obrazında xarakteri, həyatı ilə deyil, xarici görünüşü ilə əks olunub. Yazıçı özü bunu etiraf etmişdir". – Tolstoyun baldızı Tatyana Kuzminskaya (Rus yazıçısı 1846-1925 – X.N.) yazırdı.


 

 


Annanın romandakı təsvirini yada salaq: "Onun qara saçlarında alabəzək bənövşələrdən hörülən kiçik çələng var idi... Saç düzümü diqqəti cəlb etmirdi. Təkcə boynunda və alnındakı özünəməxsus qısa buruq saçları nəzərə çarpırdı. Möhkəm boynunda mirvari boyunbağı asılmışdı” .

Mariya Aleksandrovna Aleksandr Sergeyeviçin böyük qızı idi – o, 19 may 1832-ci ildə Peterburqda anadan olmuşdur. Qızının xaç suyuna salınmasından bir neçə gün öncə Puşkin fəxarət qarışıq yüngül şıltaqlıqla öz rəfiqəsi Vera Vyazemskayaya yazırdı: "Özüməəminliyimə baxmayaraq çıxılmaz vəziyyətdəyəm...”

 

O, şairin "atası haqqında dumanlı da olsa xatirələri olan” yeganə övladı idi – Puşkin həlak olanda Mariya 5 yaşındaydı, qardaşları və bacısı Nataşa isə lap kiçik idilər. Mariya evdə təhsil almışdı. 9 yaşında artıq almanca və fransızca sərbəst danışır və oxuyurdu. Sonralar yüksək imtiyazlara malik olan Yekaterinski institutunda təhsil aldı, onunla və bacı-qardaşları ilə atasının pedaqoq dostları ciddi şəkildə məşğul olurdu. Anası Maşanın uşaqlıqda eybəcər olduğuna görə nə qədər narahat olsa da, bu "çirkin ördək balası” böyüdüyü zaman gözəl qu quşuna çevrildi.

 

 

1852-ci ilin dekabrında, institutu bitirdikdən sonra Puşkina artıq yüksək səviyyəli, qürurlu xanım idi. Ona qarşı kavalerlərin yüksək diqqətinə baxmayaraq, Mariya Aleksandrovna olduqca gec – iyirmi səkkiz yaşında ailə qurmuşdur. Onun əri general-mayor Leonid Qartunq – Tulavə Moskvada İmperatorun at zavodlarını idarə edirdi.

Onların nigahı 17 il sonra faciəli şəkildə sonlandı. 1877-ci ildə generalı müamiləçi, Qartunqun vəzifələrini öz üzərinə götürən qəyyum Zanftlebeyə məxsus veksel və qiymətli kağızların oğurluğunda günahlandırdılar. Leonid Nikolayeviç alçaq intriqaların qurbanına çevrildi.

Hakimlər öz hökmünü verənə qədər rüsvayçılıqdan qaçmaq üçün general özünü məhkəmə binasında güllələdi. Qartunqun üzərində: "Yaradana and içirəm ki, heç nə oğurlamamışam və öz düşmənlərimi bağışlayıram.” sözləri yazılan qeyd tapılmışdı.  Hakimlər tərəfindən Qartunqun günahkar olduğu qəbul olundu, lakin bu nəticə artıq onun üçün mənasız idi.

 

Ərinin ölümü Mariya Aleksandrovna üçün böyük zərbə oldu. Qohumlara məktublarından birində yazırdı: "Mən prosesin ilk başlanğıcından ərimin günahlandırıldığı dəhşətli hadisədə günahsız olduğuna əmin idim. Biz 17 il birgə yaşamışdıq və mən onun bütün çatışmazlıqlarını bilirdim; o həmişə mükəmməl əxlaqa və xeyirxah ürəyə malik olmuşdur. Ölərkən bütün düşmənlərini əfv etdi, amma mən onları bağışlamıram”.

 

 

O, ömrünün sonuna kimi ərinə sadiq qaldı. Ailənin övladı yox idi. Mariya doğmaları ilə yaşamalı oldu. O, uşaqların tərbiyəsinə kömək edir və atasının xatirəsi ilə bağlı olan hər bir tədbirdə fəal iştirak edirdi. 1880-ci ildə Moskvada Puşkinin abidəsinin açılışında da qardaşları və bacısı ilə iştirak etmişdi.

Aclıq dolu inqilab illərində Mariya Moskvaya köçür. O, burada mebellə təchiz olunmuş kiçik mənzil kirayələyir. Sonra Novıy Arbatın tikintisi zamanı xəritədən silinən Sobaçye küçəsindəki başqa mənzilə köçməli olur...

Əfsanəvi "qara baron” Pyotr Vrangelin və sənətşünas Nikolay Vrangelin anası Baronessa Mariya Dmitriyevna Vrangel olduqca çıxılmaz vəziyyətdə olmasına baxmayaraq, yeni hakimiyyətin rəhbərliyi altında olan dövlətdə yaşayanların arasında dəhşətli vəziyyətdə olanlara yardım etməyə çalışırdı. Elə məhz buna görə də Natalya Nikolayevnanın ikinci nigahdan olan qızı Aleksandra Petrovna Arapova (qızlıq soyadı Lanskaya) Mariya Aleksandrovna Puşkinaya kömək etmək və yaşayış yeri təşkil etmək üçün yardım diləmək məqsədiylə yazdığı məktubu məhz Mariya Dmitriyevnaya ünvanlamışdır. Qəribə də olsa, Mariya Dmitriyevna yardım etməyə müvəffəq oldu. 1918-ci ilin sonunda Xalq Maarif Komissarlığının sədri Anatoli Lunaçarski "şair Puşkinin Rusiya bədii ədəbiyyatı önündəki xidmətləri nəzərə alınaraq” Mariya Aleksandrovna üçün xüsusi təqaüd təyin olunması barədə vəsatət qaldırdı. Gələcək təqaüdçü qadının məişət şəraitini araşdırmaq üçün təyin olunan komissiya şahidlik edirdi ki, "o 86 yaşında hər şeyi tamamilə dərk etməyə qadirdir, onun nitqində isə az-maz fransız ləhcəsi sezilirdi”.

 

 


Xalq Maarif Komissarlığında "A.S.Puşkinin qızı Mariya Aleksandrovna Qartunqun maddi təminatı haqqında” məsələsi iclasa qoyuldu. Kollegiya qərara aldı: a) M.A.Qartunqa 2400 rubl dəyərində birdəfəlik maddi yardım üçün pul ayrılsın; b) ona sığınacaq verilməsi üçün Sosial təminata nəzarət edən Xalq Komissarlığına xahişlə müraciət edilsin.

29 yanvar 1919-cu ildə keçirilən Xalq Maarif Komissarlığının kollegiya iclasında M.A.Qartunqa "ədəbi-nəşr şöbəsinin hesabına aylıq 1000 rubl dəyərində subsidiya təyin olunması” qərar alındı.

 

Bəzi mənbələrə görə Mariya Aleksandrovna bu müavinatı bircə dəfə ala bilmişdir, digərləri isə onun bu pulu ümumiyyətlə almadığını bildirir – 7 mart 1919-cu ildə o, dünyasını dəyişmişdir.

 

 

 

Tənha qalan Mariya Aleksandrovna ömrünün sonuna qədər heç bir əngəl tanımadan demək olar ki, xatırlamadığı, amma onun üçün əfsanəyə çevrilən Puşkinin Tverskoy Bulvarındakı abidəsini ziyarət etməyə gəlmişdir .  

 

 

 

Rus dilindən tərcümə edən: Xatirə Nurgül