Biz imzaları yox, əsərləri dərc edirik...

Lənkəran səhnəsinin Qızılgülü
923
04 Yanvar 2019, 09:58
 Lənkəran Dövlət Dram Teatrının aktrisası Qızılgül Quliyeva 37 ildir ki, bu kollektivdə çalışır. İstedadlı aktrisa müxtəlif səpkili obrazların müəllifidir. Deyir ki, Lənkəran Teatrı onun ikinci ailəsidir.  Qızılgül xanım bir çox film və seriallarda da rol alıb. "My name is İntiqam”da İntiqamın anası, "Çay dəstgahı”nda qadın, "Həyat varsan”da həkim, "Günəşim ol”da Gülzar obrazlarını canlandırıb. Hazırda "Xəzər” telekanalında  yayımlanan "Xalxın evi” serialında qaynana obrazını canlandırır.  
 
 
 
 
 
 

 – Gözəl adınız var. Cənub bölgəsində güllə bağlı adlar sanki üstünlük təşkil edir.
 – Təşəkkür edirəm, adımı rəhmətlik böyük bacım qoyub. Lənkəranda nadir adlardandır.
 
 – Sizi gülə bənzədənlər olubmu?
 – Uşaqlıqdan yanaqlarım qırmızı olub. Danışan kimi yanaqlarım qızarardı. Deyirdilər ki, adı üstündədir gül kimi qızarır (gülürük).

 – Sizi Lənkəran Teatrının qızılgülü hesab etmək olarmı?
 – Olar (gülürük).  Filologiya elmlər namizədi Mirhaşım Talışlı bir dəfə mənə şeir yazmışdı, orada məni Lənkəran səhnəsinin Qızılgülü adlandırmışdı. 

 – Teatrla yolunuz necə kəsişdi? 
 – Teatrda çalışmaq, aktrisa olmaq uşaqlıq arzum idi. Mən kənddə böyümüşəm. O vaxt Lənkəranda yerli aktrisalarımız az idi. Demək olar ki, qadın aktrisa qıtlığı var idi. Səhnəyə çıxacaq xanım kadrlarımız yox idi. Uşaq yaşlarımdan teatrı çox sevirdim. Hətta orta məktəb tədbirlərində aparıcılıq edir, şeirlər söyləyirdim. Hər kəs mənə "sənin yerin səhnədir” deyirdi. Qismət elə gətirdi ki, elə yerimə də düşdüm və səhnəyə çıxdım. Niyyətim hara idisə, mənzilim də ora oldu.
 
 – Qeyd etdiniz ki, teatra gələndə yerli kadr qıtlığı var idi. Lənkəranın mühafizəkar bir bölgə olduğunu nəzərə alsaq, bir xanım aktrisa olaraq hansı çətinliklərlə üzləşdiniz? Ailə və cəmiyyət tərəfindən qınaqlara tuş gəldinizmi?  
 – Çox şükür ki, özəl həyatımda bu çətinliklərlə üzləşməmişəm. Ailəmdən heç bir qınaq görmədim. Ancaq çevrəmdəki insanlar bir az yaxşı qarşılamadılar. Lənkəran Teatrında məndən əvvəl yeganə aktrisa Şahnaz xanım idi. O  da teatrımıza şəhərdən  gəlmişdi. Mən isə teatra elə kənddən gəlmişdim. Çətin olsa da, arxamda valideynlərim dayanmışdı. Bu, mənə kömək olurdu. Onlar mənə mane olmayıblar.
 
 – 37 ildir ki, Lənkəran Teatrında çalışırsınız.  Başqa teatrı getməyi düşünübsünüz?
 – Mən Lənkəranda böyümüşəm, burda yaşamışam, həyatımın ən gözəl illəri, çağları məhz burada keçib. Vətənimə, torpağıma bağlı insanam. Bəlkə başqa bir yerdə böyüsəydim oranın mühitini götürərdim. Bu barədə düşünməmişəm belə. 
 
 
 
 
 
 

 
 – Lənkəran Teatrının yeri, həyatınızdakı rolu nədən ibarətdir? 
 – Bu teatr həyatımın mənasıdır. Mən teatrla nəfəs alıram. Kollektivimiz mənim ailəmin bir parçasıdır. Günümün çoxu teatrda keçir. Gəncliyim, yeniyetməliyim burada keçib, indi də burdayam. Teatrımızda səmimiyyət, mehribanlıq var. O köhnə qayda-qanun indiyə qədər qorunub saxlanılır. Belə ki, teatrımızda böyüyə hörmət, diqqət, qayğı var. Bizim teatr mühitimiz fərqlidir,  digər teatrlar kimi deyil. Ona görə, hesab edirəm ki, Lənkəran Teatrında işləməyə dəyər.
 
 – 37 il heç də az rəqəm deyil. O ildən bu ilə teatrda nələr dəyişib? 
 – Əslində, o ildən bu ilə elə də çox fərq yoxdur. Sadəcə, nəsil dəyişib. Yeni simalar görünür. Müxtəlif rejissorlar gəlir, müxtəlif səpkili tamaşalar hazırlanıb və sair. Əvvəlki sistem, ədəb-ərkan qaydaları hələ də teatrımız tərəfindən qorunub saxlanılır. 
 
 
 – Sizi "My name is İntiqam” filmində gördük, "Günəşim ol” serialında sevdik. İndi də "Xalxın evi” serialında qəddar qaynana obrazını canlandırırsınız.  
 – Serialın bizim tanınmağımızda rolu böyükdür. Ancaq teatrın yeri başqadır. Çıxıram küçəyə, məni rolumun adı ilə çağırırlar. Teatr canlı sənətdir. 
 
 –  Filmlərdə və seriallarda sizə ancaq qəddar qaynana obrazı həvalə edirlər. Sizcə, bunun səbəbi nədir? 
 – Bəli, filmlərdə mənə xarakterimə uyğun olmayan obrazlar həvalə ediblər. Məhz bu səbəbdən də, mənə nifrət edirlər. Elə hesab edirlər ki, əgər filmdə qəddar bir ananı oynayıramsa, yəqin həyatda da eləyəm. Çox istərdim ki, kino sahəsində fərqli obrazlar oynayım. Hətta elə olur ki, yolda məni görəndə deyirlər ki, niyə belə obrazlar canlandırırsınız? Onlara deyirəm ki, rejissorlar məni belə görür. İstəyirəm ki, məni başqa cür tanısınlar.
Filmdən fərqli olaraq, teatrda hər cür rol oynamışam. Kinoda sənə nə verirlərsə, onu da oyanmalısan. Ona görə, teatrı daha çox sevirəm. Teatr başqa dünyadır. Teatrda xarakterli rollar oynayıram. Tamaşalarıma baxmayanlar elə bilir ki, ancaq qəddar rollar oynaya bilərəm. 

 – Ancaq qəddar qaynana rolunu o qədər məharətlə  canlandırırsınız ki, tamaşası elə hesab edir ki, bu obraz məhz sizin əyninizə biçilib. 
 – Bəlkə də elədir. Tamaşaçılar mənə nifrət edir.  Yəqin yaxşı oynamışam ki, haqqımda belə düşünürlər. Hərçənd ki, mənə xas olan bir rol deyil.
 
 – Teatrda müxtəlif obrazlar canlandırıbsınız. Lənkəranda teatrında formalaşmış, peşəkar  aktrisasınız. Epizodik rol oynayarsınız? 
 – Mənim üçün rolun fərqi yoxdur. Bizim teatrda lazım olsa,  epizodik rol da oynayaram və oynamışam da. Əgər teatrda ona ehtiyac varsa, niyə də oynamayım?  Mən də epizodik rollar ifa etmişəm, onları da elə oynamışam ki, əsas qəhrəmandan daha çox alqış almışam. Mənim üçün fərqi yoxdur, əsas səhnədir.
 
 –  Rejissorlarla rol bölgüsü edibsiniz?
 – Heç vaxt. Rolun böyüyü-kiçiyi yoxdur. Aktrisa elə oynamalıdır ki, kiçik bir rol ilə də  yaddaşlarda qalmağın mümkün olduğunu sübut etsin. 

 – Teatra gələn gənc aktyorlara nə məsləhət  görürsünüz? Onlarla təcrübələrinizi bölüşürsünüzmü? 
 – Gənclərə məsləhət görürəm ki, teatrı, səhnəni sevsinlər. Teatra nəyinsə xətrinə gəlməsinlər. Hər şey pulun başında deyil. Teatr elə bir yerdir ki, onu sevməsən, çalışmaq mümkün deyil. Hər çətinliyinə dözə bilmək üçün sevgi, arzu mütləqdir. Belə olanda hər bir çətinliyə sinə gəlmək mümkün olur. Gərək bu sevgi insanın içində olsun. 
 
 – Bu illər ərzində teatrda qalıbsınızsa, demək ki, teatrı sevibsiniz.
 – Hər çətinliyə dözüb qalmışıq. Ömrünü teatra həsr etmək, orada çalışmaq hər aktyorun işi deyil. Biz barmaqla sayılası adamlarıq. Teatrı sevən adam orda axıra qədər qalır. 
 
 – Lənkəran Teatrının özəlliyi nədir?
 – Kollektivin mehriban mühiti,  isti münasibət, qayğı, sevgi, hörmət... Biz  gecə-gündüz işləyirik. Passiv oturmuruq. Bir də, ən çox qastrola gedən teatrlardanıq. Bizim teatrın saytına baxsanız görərsiniz ki, il ərzində ən çox qastrol səfərlərinə gedən teatrıq. Qastrollara, festivallara hələ də dəvətlər alırıq. Dünyanın bir çox ölkələrini gəzmişik. Bunun özü belə, bizi fərqli edir. Hələ də dəvətlər alırıq. 
 
 – Bu günü tamaşaçıları səhnədə daha çox nəyə baxmaq istəyir?
 – Hərdən deyirlər tamaşaçı bezib, ancaq komediyaya baxmaq istəyir. Əslində belə deyil. Tamaşaçı yaxşı tamaşaya acdır. Teatra gəlirsə, nəyəsə baxıb, düşünmək istəyir.  Ötən il "Korlar” tamaşası ilə isbat etdik ki, yaxşı tamaşaya baxılır və sevilir. Tamaşanı hazırlayarkən  düşünürdük  ki, tamaşaçı bunu bəyənməyəcək. Ancaq düşündüyümüz kimi olmadı. İndi bu tamaşa teatrımızın repertuarında ən çox baxılan və izlənilən tamaşalardandır.  Bizim tamaşaçı düşündürən, insana zövq verən yaxşı tamaşalara baxır. İstər komediya olsun, istər dram. Lənkəran  tamaşaçıları teatrı sevirlər. Uşaqlıqdan teatra gəlirlər, onları aldatmaq olmur. 
 
 
 
 

 – Uzun müddətdir teatrdasınız. Bundan sonra hansı obrazları  oynamaq istəyərsiniz? 
 – Teatr səhnəsində hər cür obraz oyanışam. Bütün rejissorlarla işləmişəm – xarici, yerli öz teatrlarımızın rejissorları ilə də.  O tamaşaların hər birində müxtəlif səpkili obrazlar canlandırmışam. Onun üçün içimdə nisgili olan obraz yoxdur. İstəyərdim ki, müharibə mövzusunda daxili  hisslərimi üzə çıxaran obraz oynayım. Düzdür, bu mövzuda obraz canlandırmışam,  amma yenə də oynamaq istəyərdim. O vaxt  belə bir obraz canlandıranda cavan idim, ana obrazı oynayırdım.  İndi bir az yaşlanmışam, yenidən ana rolunu oynamaq istəyərdim. Bəlkə də, zamanında aktrisalarımız az olub deyə, cavan vaxtı ana rolunu oynamışam. 

 – Teatra hansı hisslərlə gəlmişdiniz?
 – Teatra gələndə səhnəyə çıxıb, tamaşaçı qarşısına keçməyin həyəcanını yaşayırdım. O hisslərlə indiki hisslər də bir deyil. Yaşlandıqca, daha dərin düşünməyə başlayırsan. Səhnəyə çıxmağın özü böyük bir şeydir.... Qoy o hisslər məndə qalsın. 
 
 – Geriyə baxanda peşmançılıq hissi keçirirsinizmi?
 – Keçirmirəm. Bəlkə də burda olmalı imişəm. Uşaqlıdan nə istəmişəmsə, o da olub. Heç nə itirməmişəm. Geriyə baxanda utanmalı və peşman olası heç nə etmədiyimi görürəm. Yerimdəyəm.    
 
 Xəyalə Rəis