Biz imzaları yox, əsərləri dərc edirik...

Lənətə gələsən, Karona-virus - Asif Rüstəmlinin şeiri
1319
22 Mart 2020, 21:30
Artkaspi.az saytı Asif Rüstəmlinin "Lənətə gələsən, Karona-virus" adlı şeirini təqdim edir: 
 
Niyə dünyamıza lərzə salırsan,
Keçib Çin səddini canlar alırsan,
Qadını, qocanı elə çalırsan,
Dönmüsən bir əfi ilana virus,
Lənətə gələsən Korona-virus.

Xunandan, Tibetdən çıxmısan yola,
Dünya "səyyahətin” uğursuz ola,
İxtiyar qənimi - döndün simvola,
Düşəsən çovğuna, borana virus,
Lənətə gələsən Korona-virus.

Talemi küsübdür, bəxtmi yatıbdır?!
İnsanlar sarsılıb... qəmə batıbdır,
Zülmün, qəddarlığın ərşə çatıbdır,
Rəhmət oxudursan Firona virus,
Lənətə gələsən Korona-virus.

Nəfəslər kəsirsən, soyumayırsan,
İnsan ölümündən heç doymayırsan,
Varlıya, yoxsula fərq qoymayırsan,
Baxmırsan fağıra, barona virus,
Lənətə gələsən Korona-virus.

Ölkədən-ölkəyə gizli gedərsən,
Böyük arzuları alt-üst edərsən,
Atomdan, nüvədən daha betərsən,
Tabutlar düzülüb kalona, virus,
Lənətə gələsən Korona-virus.

Sanma ki, ümiddən əllər üzürsən,
Səliqə-sahmana dodaq büzürsən,
Yerlə sürünürsən, göylə süzürsən,
Girirsən gəmiyə, parona virus,
Lənətə gələsən Korona-virus.

Kəsmək ünsiyyəti?! Böyük qələtdir!
Mənfur xasiyyətin xalqa bələddir.
Səni dəf etməyə dərman qəhətdir?!
Keçmisən hücuma, tarana virus,
Lənətə gələsən Korona-virus.
 


Xəbər lenti