Biz imzaları yox, əsərləri dərc edirik...

Öldü - pyeslərinə yol açıldı
640
21 Dekabr 2016, 14:20
 

    XIX əsrdə digər ölkələrdə olduğu kimi, İngiltərədə də romantizm əsasən 2 istiqamətdən ibarət idi: inqilabi romantizm və mühafizəkar romantizm. İnqilabi romantizmin nümayəndələri Bayron və Şelli, mühafizəkar romantizmin nümayəndələri isə "Göl məktəbi”nin (Lake poets – göl məktəbi XVIII əsrin sonları – XIX əsrin əvvəllərində ingilis romantik şairlərinin birləşdiyi qrupun şərti adıdır. Adı İngiltərənin şimali-qərbində, Kambriya qraflığında, dağlıq ərazidə yerləşən Göl vilayətindən götürülüb. Qrupun əsas üzvləri Vordsvort, Kolridc, Sauti bu vilayətdə yaşadığı üçün qrupa belə bir ad verilib. Bəzən də leykistlər (lake – göl) adlandırılan bu üçlüyə yaşlı nəsil romantiklər deyirdilər. Gənc nəsil romantiklər isə Lord Bayron, P.B.Şelli və Con Kits hesab olunur) şairləri idi. Tənəzzül dövrünü yaşayan İngiltərə teatrına Bayronun və Şellinin romantik dramları yeni formalar gətirdi. İngilis romantizminin əsas nailiyyəti onun humanist təbiəti, ədəbiyyata və teatra insan amilinin qaytarılması ilə bağlı idi. Bu dövrdə teatrda Şekspirin əsərlərinə sıx-sıx müraciət olunurdu, aktyor sənətində isə romantizm meylləri daha çox Edmund Kinin yaradıcılığında öz əksini tapırdı. 
 
     CORC QORDON BAYRON – (1788-1824) 
 
     Bayronun yaradıcılığında humanist ideyalar özünü daha çox büruzə verir. O, insanın hüquqlarını müdafiə edir və hər cür zorakılığa qarşı çıxır. XVIII əsr maarifçiliyinə ideya bağlılığı olan Bayronun idealı ilə müasir ingilis reallığının üst-üstə düşməməsi onun yaradıcılığının faciəvi xarakterini təyin edir. O, öz əzablarına görə cəmiyyətdən intiqam alan kədərli, məyus qəhrəman kultunu yaradır. Çernişevski Bayron haqqında yazırdı: "O, insanlara qarşı sevgidən əzab çəkən mizantropdur”.
   Bayron hakim dini, əxlaqi-etik normalara, ikiüzlülüyə, riyakarlığa qarşı çıxırdı. "Manfred” (1817), "Marino Falero, Venesiya hakimi”, (1820), "Kain”(1821), "İki foskari” (1821), "İngilis bardları və Şotland icmalçıları (tənqidçiləri)”, "Verner, yaxud Miras”, "Sardanapal”  əsərlərini yazan Bayronun pyeslərindən yalnız biri  – "Marino Falero” (1821-ci ildə) müəllifin sağlığında tamaşaya qoyulub. Ölümündən sonra, demək olar ki, bütün pyesləri səhnəyə qoyulsa da, onların çox az qismi uğur qazana bilib. 
   "İki Foskari” pyesi ilk dəfə 1834-cü ildə Kovent Qarden teatrında, "Sardanapal” faciəsi 1834-cü ildə "Drüri Leyn” teatrında (rej – Çarlz Makredi), 1853-cü ildə "Şahzadə” teatrında (rej. – Çarlz Kin), "Verner, yaxud Miras” 1830-cu ildə Druri-leyn (rej – Makredi), 1844-cü ildə "Sedler Uells” (rej – Felps), 1887-ci ildə Liseum (rej  – İrvinq), 1836-cı ildə Nyu Yorkun Park teatrında tamaşaya qoyulub. Buna baxamayaraq, Bayronun yaradıcılığı poetik dram tarixinin mühüm mərhələlərindən birini təşkil edir. 
 
   
 

    "Manfred” – fəlsəfi xarakterli lirik dramdır. Əsərdə hadisələr Alp dağlarında cərəyan edir. Manfred tənha, qürurlu və məyus olmuş bir qəhrəmandır. Əvvəllər o, insanları, bəşəriyyəti sevib, indi isə nə insanlara, nə xeyrə, nə birliyə inanmır və bu inamsızlıq qəhrəmanın özünü məhv edir. Dramda fikir hərəkətlərdə yox, Manfredin böyük monoloqlarında açılır. Bu monoloqlar fəlsəfi-simvolik xarakter daşıyır. "Manfred” əvvəlcə səhnə üçün nəzərdə tutulmasa da çox böyük poetik gücə malik olduğundan 1834-cü ildə Kovent-Qarden teatrı bu əsəri tamaşaya qoyur. Robert Şuman 1850-ci ildə "Manfred”ə musiqi bəstələyib. Çaykovski 1885-ci ildə "Manfred” simfoniyasını yazıb. Bayron 1817-ci ildə İtaliyaya gedərək bu ölkənin Avstriyaya qarşı müharibəsində iştirak edib. Bu hadisələr onun yaradıcılığına da öz təsirini göstərib. Ədib "İki Foskari” əsərini İtaliya tarixinə dair materiallar əsasında yazıb. Həmçinin, "Marino Falero” əsərində də tarixi materiallardan istifadə olunub.

 
 
    "Kain” - Bayronun 1821-ci ildə yazdığı bu fəlsəfi dramın qəhrəmanı xaraktercə Manfredə yaxındır. Bu dramda Bayron əfsanəvi Bibliya personajını əsərə gətirir. Dini nöqteyi-nəzərə görə Kain (Qabil) ilk cinayətkardır, ilk şərin daşıyıcısıdır. Bayronun Kaini isə ilk qiyamçıdır. Köləlikdən imtina edən və dünyaya qarşı çıxan ilk insandır. Allahın avtoritetini inkar edən Kain hər şeyi şübhə altına qoyur, azadlıq arzusu ilə yaşayır. Bu dram Esxilin "Promotey” əsərinə məzmunca yaxındır.
    Bayronun yaratdığı fəlsəfi romantik dramlar XIX əsr Avropa romantik dramaturgiyasının əsas xüsusiyyətlərini və inkişaf istiqamətlərini təyin edir. 
 
Elçin CƏFƏROV
 
Xəbər lenti