Biz imzaları yox, əsərləri dərc edirik...

Deyirlər ki, filmin istehsal ilini dəyişdirərək festivallara aparırlar – Şamil Əliyevin müsahibəsi
3089
14 İyun 2019, 14:17
 Artkaspi.az saytı Şamil Əliyevin müsahibəsini təqdim edir:

 5 qitə, 48 beynəlxalq film festivalı. Onlardan 2-si "A” kateqoriyalı festival. 14 beynəlxalq festivalda baş mükafat. Dəfələrlə "ən yaxşı rejissor”, "ən yaxşı aktrisa”, "ən yaxşı aktyor” və digər nominasiyalar üzrə birincilik. Bu uğurlarla kifayətlənməyən "Çölçü” filmi, üstəlik, Amerika, Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunaraq 100 GB formatında, müəyyən serverlərdə qorunub saxlanılır. 7 il bundan qabaq çəkilməsinə baxmayaraq, "Çölçü” bu gün də aktualdır, sevilir və bu gün də festivallarda müstəsna hal kimi, xüsusi film qismində nümayiş olunur. Bir neçə il bundan qabaq "Oskar” film müsabiqəsinin siyahısına daxil olan filmimizi Cult Critic Fim Magazine-in vizual rəssamı və baş redaktoru, Metamodern Magazine jurnalının təsisçisi və naşiri E.J.Wickes təhlil edərkən "möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır” – deyə xarakterizə etmişdi. Hazırda isə "Çölçü” üç beynəlxalq film mükafatının – "Accolade global film competition”, "Oniros film awards”, "Depth of field international film festivalı”nın müsabiqə proqramına daxil olub. Biz də "Çölçü”nün uğurlarına biganə qalmadıq. Filmin rejissoru Şamil Əliyevlə görüşüb filmin  uğurlarından danışdıq.
 
 – "Çölçü” filminin ideyası necə yarandı?
 – 2011-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Vidadi Həsənovun yazdığı ssenari mənə təqdim olundu. Filmin ssenari müəllifi Hollivudda yetərincə uğur qazanmış Kler Daunsun rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində çalışıb. Hollivudun aparıcı mütəxəssislərindən olan Kler Dauns "Bir vaxtlar Amerikada” filminin ssenari qrupunun rəhbəridir. Bunu deməkdə məqsədim odur ki, Azərbaycanda bir neçə ssenaristi çıxmaq şərti ilə, bu günə qədər ssenari yazmağın formatını çox adam bilmir. Yazıçı ssenarist demək deyil. Çünki ssenari ədəbiyyat deyil. Ssenari film üçün yazılan bir məhsuldur. Onu da yazmağı bacarmaq lazımdır. Müəyyən standartlar var ki, o standartlar çərçivəsində sən ssenarini yazmağı bacarmalısan. Ssenari ən azı 3 variantda yazılmalıdır. "Çölçü”nün də ssenarisi Mədəniyyət Nazirliyinə təqdim olunmuşdu. Açıq deyim ki, bu ssenari bir neçə rejissora təklif edilmişdi.
 
 – Bəs necə oldu ki, bu filmi çəkmək sizə qismət oldu? Ya da sualı belə verək: nəyə görə rejissorlar bu filmi çəkməkdən imtina etmişdilər?
 – Mən də bu sualla nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova müraciət etmişdim. O isə bildirmişdi ki, rejissorlar bu ssenariyə film çəkməyə cürət etməyiblər. Çünki proses çöldə baş verir və orada dəvələrlə işləmək çox çətin bir prosesdir. Biz də çöldə 55 dəvə ilə işlədik.

 – Çöldə, əhliləşdirilməmiş 55 dəvə ilə çalışmaq çətin olmadımı? 
 – 3 ay qabaqdan baş rol ifaçıları Bəhruz Vaqifoğlu və Vidadi Həsənovu çəkiliş meydançasına göndərdik. Onlar çobanlarla birgə dəvələri otardılar, onlarla işləməyi öyrəndilər və dəvələr onlara alışdılar. Orda hətta başlarına müəyyən hadisələr gəlmişdi. 
 
 

 – Rejissorların risk etmədiyi filmdə sizi çəkən nə oldu?
 – "Çölçü” Vidadi Həsənovun ilk ssenarisi idi. Burada o, bir neçə mövzunu əhatə etməyə çalışmışdı. Ayrı ayrılıqda o mövzuların xırdalığına varsaydım, ssenarinin əsas qayəsi, fikirlər dağılıb haçalanacaqdı. Ssenarini təhvil alanda Vidadi Həsənova zəng edib layihəni mənə verdiklərini və ssenaridə bəzi dəyişikliklər edəcəyimi bildirdim. 
 
 – Vidadi Həsənov bunu necə qarşıladı? 
 – Çətinliklə də olsa razılığa gəldik. Çəkilişdən sonra Vidadi Həsənov mənə ustadı Vaqif İbrahimoğludan sitat gətirdi. Dedi ki, ustadı ona bildirib ki, əgər bir ssenari rejissora verilirsə, o artıq rejissorun məhsuludur. Film də rejissorundur. Ssenaristin yazdığı yarımfabrikatdır. Ssenaridə arxaik dünya ilə qloballaşan dünyanın konfliktini ana xətt olaraq götürdüm. Antropoloji toqquşma mövzusunda olan arxaik dünya ilə qloballaşan dünya, hətta qloballaşmanın gətirdiyi ifrat mədəniyyət arasındakı mübarizə məni cəlb etdi və filmi onun üzərində qurdum. Köməkçi mövzular təmizləndi və ssenari belə bütöv şəkildə ortaya çıxdı. 
 
 – Filmin keyfiyyətli alınmasında yardımçı vasitələr onun musiqisi, rəssamı, dizayneri və texniki işləridir. Bəs bu komanda necə müəyyən olundu? 
 – Filmin müəllifi rejissordur. Uğursuz bir film ərsəyə gələndə, rejissoru ortaya qoyub onun ünvanına yalan-doğru tənqidi fikirlər səsləndirirlər. Əgər rejissor filmi yarada, müəllifi ola bilməyəcəksə, bu məsuliyyəti boynuna götürməməlidir. Ancaq film uğurlu alınanda, orda cüzi də olsa əməyi keçən hər kəs ortaya atılır. Sanki bu işin ərsəyə gəlməsində onların da rolu böyük olub. Rejissor komandanı yığmağı bacarmalıdır. İlk şərtim o oldu ki, mən filmi 35 mm-lik kinolent ilə çəkəcəm. Təbii ki, bunun öz çətinlikləri var. Hər rejissor, operator risk edib kinolentlə film çəkmir. Burada sənə yalnız 5 dubla icazə verilir və 6-cı dublu çəkə bilməzsən. Əks halda, rejissorun qonorarından tutulur. Bütün bu proses də rejissordan peşəkarlıq tələb edir. Rejissor bütün filmi ən xırda detalına qədər hesablamalıdır. Bunu da rəssam və quruluşçu operatorla birlikdə müzakirə edir.

 – Filmdə baş rolu canlandıran gürcü aktrisası Salome Demuria böyük marağa səbəb olmuşdu. Nə üçün yerli aktrisalarımıza müraciət etmədiniz?
 – Ssenaridə açıq məhəbbət səhnələri var idi. 50-yə qədər aktrisanı fotosınaqda, onlardan 6-sını kinosınaqda təcrübədən keçirdik və müəyyən səhnələr çəkdik. Sonra onu bədii şuraya təqdim etdik. Ancaq nəticədə gürcü aktrisalarına müraciət etməli olduq. Fikir versəniz görərsiniz ki, gürcü qızı bu filmə başqa bir mentallıq gətirib.
 
 
 
 – "Çölçü” filminin ilk təqdimatı nə zaman oldu?
 – Film çəkiləndən sonra onu festivallara yolladım, bir neçə festivalda iştirak edib, böyük nüfuz qazandı. Yalnız yeddinci festivaldan sonra Azərbaycanda həmin filmə təqdimat keçirildi.
 
 – Siz buna etirazınızı bildirdinizmi?
 – Etiraz etməyi xoşlamıram, işimi görürəm. 
 
 – Beş qitədə, 48 beynəlxalq festivalda iştirak edən "Çölçü” bu uğurlara necə nail oldu?
 – Filmi çəkdikdən sonra 5-6 festivala göndərdim. Qalan festivallar filmimizi iştirak etdiyi həmin festivallardan seçib özləri mənə dəvət göndərməyə başladılar. Heç bir tanışsız, göstərişsiz, tapşırıqsız nüfuzlu festivallardan dəvətlər almağa başladım. "Çölçü”nün iştirak etdiyi festivalların xərcini festivalların təşkilatçıları, bir də özüm çəkmişəm. 121 yaşlı Azərbaycan kinosunda 5 qitədə, 2-si "A” kateqoriyalı olmaqla 48 festivalda edən və 12-dən çox baş mükafata layiq görülən film olmayıb. 
 
 – Film artıq 7 ildir çəkilib və hələ də festivallarda iştirak edir. Ancaq dünya kino festivalları təcrübəsində bu mümkünsüz haldır.  
 – Bu günə qədər e-mail poçtuma festivallardan istək məktubları gəlir. Mən onlara filmi 7 il bundan qabaq çəkdiyimizi yazdıqda isə, bildirirlər ki, biz "Çölçü”yə istisna hal edirik. Hər zaman fikirləşmişəm ki, Azərbaycandan bu qədər filmlər həmin festivala göndərildiyi halda, nə üçün mənim 7 il qabaq çəkdiyim filmi istisna kimi dəvət edirlər? Çünki "Çölçü”nün antropoloji toqquşması arxaik dünyaya açılır. 20 ildən sonra siz bu filmə baxsanız, eyni cür baxacaqsınız və "Çölçü” heç zaman köhnəlməyəcək. Bu filmin qayəsi ümumbəşəri və əbədi mövzu xarakterini saxlaya bilib.  
 
 – "Çölçü” filmi "Oskar”ın "uzun siyahı”sına da gedib çıxa bildi. O zamanlar bununla bağlı söz-söhbətlər bitib tükənmirdi. Əslində nə baş verirdi? 
 – 5 il bundan öncə filmi "Oskar”a göndərmək istəyirdim. O zaman Azərbaycan üzrə "Oskar” komissiyasının sədri Rüstəm İbrahimbəyov, katibi isə Əli İsa Cabbarov idi. Davamlı olaraq onlarla əlaqə saxlayıb belə bir istəyimin olduğunu deyirdim. Sonra Rüstəm İbrahimbəyov siyasətə qarışdı. Ancaq qaydalara görə, komissiyanın başında siyasətçi dayana bilməz. Mən Amerikaya məktub yazdım. Nəticədə Azərbaycan üzrə komissiya ləğv olundu. Biz yeni komissiya yaratdıq və "Çölçü”nü "Oskar”a göndərdik. Film "Oskar”ın siyahısına düşdü. Bəzi qüvvələrin işə qarışmasından sonra film sona qədər gedib çıxa bilmədi. 
 
 

 – Filmi çəkəndə gözləyirdinizmi ki, bu, böyük auditoriyaya açılacaq?
 – Açığını deyim ki, gözləmirdim. Hər bir rejissorun arzusu odur ki, yaxşı film çəksin, Azərbaycanı dünyada təmsil etsin. Ancaq film üzərində işləyəndə onun taleyi haqqında düşünmürsən. Bunlar haqqında düşünsən, filmin evi yıxılacaq.
 
 – İstərdik, "Çölçü”nün son uğurlarından danışaq. 3 beynəlxalq film festivalının proqramına daxil edilib. 
 – Qarşıda hələ bizi 10 festival gözləyir. Filmin titrlərində adı yazılanlardan biri Mədəniyyət Nazirliyinə şikayət edib ki, Şamil Əliyev filmin istehsal ilini dəyişdirərək festivallara aparır. Film mükafata layiq görüləndə, altında hansı ildə çəkildiyi qeyd edilir. Bizim mükafatlarımızın altında "Çölçü” - 2012-ci il yazılır. Film haqqında internetdə araşdırma vermək olar, bütün sosial şəbəkələrdə onun neçənci ildə çəkildiyi qeyd olunub. Bu həqiqətən gülünc bir fikirdir.  
 
 – Haqqınızda deyirlər ki, Şamil Əliyevin beynəlxalq arenada yaxşı dostları var və onların sayəsində "Çölçü” beynəlxalq festivallara qatılır.
 – Bəli, mənim beynəlxalq kino arenasında çalışan dostlarım var. Amma həmişə çalışmışam ki, bu faktordan Azərbaycan mədəniyyətinin təbliği üçün istifadə edim. Əgər bunu bacara bilmişəmsə, bu, ölkəmizin uğurudur. Ümumiyyətlə, haqqımda çox uydurmalar var. Hətta bir ara deyirdilər ki, Şamilin kökündə yəhudilik var, yəhudi lobbisinin üzvüdür. Elə bir şey yoxdur, mən azərbaycanlıyam, oğuz türklərindənəm. Elə olsaydı da, bununla fəxr edərdim. Mənim üçün Azərbaycanda yaşayan hər bir insan, Azərbaycanı sevən, düşünən, etnik tərkibindən asılı olmayaraq bütün insanlar əzizdir. Filmlərimə baxsanız, müxtəlif etnik qrupların nümayəndələrini görəcəksiniz. 

 – "Çölçü”nün uğurları kimləri qıcıqlandırır?
 – Vətənini sevməyənləri. Öz maddi, mədəni irsinə yiyə durmaq istəməyənləri, vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyənləri, mədəni səviyyəsi aşağı olan insanları. 

 Söhbətləşdi: Xəyalə Rəis