Biz imzaları yox, əsərləri dərc edirik...

Laləli yuxular – Sona Vəliyevanın şeirləri
276
29 May 2020, 10:58
  Bu gün filologiya elmləri doktoru Sona Vəliyevanın doğum günüdür. Artkaspi.az saytı onu təbrik edir, can sağlığı, uzun ömür diləyir, yeni şeirlərini təqdim edir: 
 
  I günün yuxusu

  Yuxularımda qız görkəmli, qırmızı libaslı lalələr məni çağırırdılar. Lalələrin çağırışı, onlarla söhbətim yaddaşımın dərinliklərindən çox xatirələri üzə çıxarırdı. Nədir, "kimdir" bu lalələr? Hər birimiz Allahın izni ilə var oluruq, zaman-zaman missiyamızı yerinə yetirib, gəldiyimiz yerə qayıdırıq. Allaha dönüşümüz müxtəlif qiyafələrdə olsa da, bu, ruhi baxımdan ona məxsusluğumuzun nəticəsidir.
  Bəs altıləçəkli, qıpqırmızı, bağrıqan lalələr dillərə dastan gözəlliyi və taleyi ilə hansı missiyanın daşıyıcısıdırlar? Bir dərvişdirmi bu lalələr? Yer üzünə göndərilən, sonra qeyb olan, təzədən torpaqdan lalə qiyafəsində zühur edən mələkdirlər, bəlkə... Deyilənə görə, lalənin altı ləçəyi, dərvişlərin iman nurunun altı qatına bənzədilir ki, bu da İlahi nura qovuşmağın bir göstəricisidir. Anladım ki, lalə eşqin özüdür,  sevgidə əriməyi, yanmağı tale seçən, onu yer üzündəkilərə öyrədən aşiqin gül halıdır. "Lalə", "Allah", "Hilal" kəlmələrində hərflərin cəmi, məna qohumluğu və sözlər arasında əlaqələrin sirri nələr söyləmir bizə... Hər şey, əslində, Tanrının eşqini ifadə etmirmi?
  Lalə hər halda Tanrının gözəl əsəri kimi çoxsaylı yozumlara yol açır. Külli-kainat, eləcə də, insan Tanrının əsəridir. Hər şeydə Allah mövcuddur. Bəs biz hər yerdə onu görə bilirikmi? Bütün külli-kainat "Allah-Allah" - deyir, eşidən varmı? Allaha aşiq olanların isə yerlə heç bir işləri olmaz, onlar ərşdən sallanan bir nur kəndirindən yapışaraq İlahi cəzbə təslim olub daima göylərə can atarlar. Dünyəvilikdən uzaq, həmişə yüksəliş üçün dua və eşq nəğmələri oxuyarlar.
  Lalənin hərfi mənasında "hilal" ilə yaxın məna daşıması da, görünür, aşiqin səmadakı hilalın parıltısına can atması ilə bağlıdır. Yer göyün, göy yerin əksidir, bəlkə də, güzgüsüdür... Bir-birimizə bu yerlərdə nə vaxt rast gəlmişik, bu gün nədən bir-birimiz üçün darıxmışıq, doğmalığımızın tarixi haçandan başlayır? Əks halda, bu lalələr niyə məni özlərinə həmdəm seçsinlər?

Min il əvvəl öz evimmiş, bəlkə də,
Bu lalənin boylandığı talalar.
Məni sevən mərd igidmiş, bəlkə də
Tala üstə heykəlləşən qayalar.
 
Nə qədər lalələr bitirib torpaq,
Nə qədər sonalar udub bu torpaq,
Biz kimi çağırıb cavabın soraq,
Yuxumda çağıran lalə sirrini...
 
Xatirələr düymələnsin, bəzənsin,
Yurd həsrətin ümidə bük, göyərsin.
Qəlbimdəki əks-sədammı bu səsin? -
Gec yetişsəm, de, lalələr küsməsin.

Nakam şəhidlərin köz-köz dərdidi,
Dərən gül adına əl, qol, göz dərdi
Səbrimə üsyandı, Allah, "döz" dərdi
Haraya çağırır lalələr məni?
 
 

  II günün yuxusu

  Aşiqlər məkanında lalənin ləçəklərinin üzü göyə dayanması, bir dərvişin, eşq yolçusunun dua etməsinə bənzəyir. Sanki eşq yolçusu dua edir. Aşiq əllərini göyə açıb dua edərkən, içində şam kimi yanıb əriyə bilirsə, yox olub ruhən var olmağı bacarırsa, əsl məqsədə çatmış sayılır, eynən lalə kimi. Köksündə isə son yanğının qapqara köz yeri qalır, - laləsayaq... Haqq aşiqi yanmayınca həsrətində olduğuna qovuşa bilməz, - lalətəki...
  İndi lalənin bağrı bildinizmi niyə qaradır? Həsrətinin qığılcımı düşdüyü yeri köz-köz yandırıb. Kənardan baxanda gözəlliyi ilə göz qamaşdıran lalənin qara bağrı görünmür. Əsl aşiq də belədir: Çəkdiklərini kimsəyə bildirməz, içi çölünə uyğun gəlməz. Eşq yolunda yanar, yanar ruhu qovrula-qovrula yandıqdan sonra arzusuna çatar - Tanrısına qovuşar...

Torpağın yara yaddaşı,
Kimdi itib yar-yoldaşı,
Bağrı yanıq, gözü yaşlı
Lalələr çağırır məni...
 
İçim, çölüm, qapım, bacam,
Görrəm lalə ləçəyidi.
Pəri laləm, bu nə sirdir?
Adım kimin gərəyidi?
 
Kimdi məni nişan verən?
Səs içimdən, səs qeybdən,
Sübhə qədər yetişməsən,
Gözü yolda qalanım kim?
 
Hanı dəli-dolu könlüm?
Hanı gülə gərək könlüm?
İçim, çölüm lalə yükü,
Köz-köz alışdırar məni...
 
Bu səs yuxu, bu səs gerçək,
Qəm Şuşadan Göyçəyədək.
Torpaq kimi içim göynək,
Lalə dağı var könlümün...

  III günün yuxusu

  3-cü günkü yuxumdan anladım ki, lalələr Tanrının "Ol" kəlməsindən yaranan gözəlliklərin ilklərindəndir. Lalə aşiqin özüdür. Həzrəti Mövlanə bir vaxtlar "ey könül, canına üflənən nəfəslə yan, qovrul! Amma lalə kimi ol ki, halından sadəcə "yar" xəbərdar olsun" - deyə könlünü eşq atəşində odlanmağa hazırlayırdı. Köksünə ayrılıqlardan qara xal düşən lalələr mənimlə dost kimi danışırdılar... Səsləri su səsinə bənzəyirdi. Fürsət var ikən bəzi suallarıma cavab axtardım...

Yarı lalə, yarı adam,
məni doğmatək çağıran,
sizdən sorum, ya Tanrıdan,
Eşqin sirri nə rəngdədir?
 
Torpağın köksündən doğan,
Eşqdir ulduztək parlayan,
bağrı qaralar bağlayan,
qəmin sirri nə rəngdədir?
 
Bəlkə, min ildi tanışıq,
bir az sevinc, qəm qarışıq
tanış səsdən doğmalaşdıq,
mehr, ülfət nə rəngdədir?
 
Sətir-sətir yazım lalə,
qışım lalə, yazım lalə,
anam, bacım, qızım lalə,
ömür, tale nə rəngdədir?
 
  Ay bu gözlüyün yiyəsi

Yiyəsiz əşyalar
kədərli xatirələr yaradır...
 
Gözlüyüm gözümün baş tacı
ömrüm gözlüyün möhtacı...
Bir gün mən olmayanda
oğlum, qızım kimi
gözlüyüm də çaşıb qalacaq,
mənsizlik gözlüyümün
gözlərindəki bir cüt boşluğu
xatırladacaq.
Yoxluğuma inanmayacaq:
"Ehh, o qədər evdə unudub məni,
görərsiz  qayıdacaq
bir də mənsiz ötüşməz ki", -
deyəcək...
həsrətlə qapıya boylanacaq,
gedişimə inanmayacaq.
üzümü görməyəndə,
səsimi eşitməyəndə.
Evin sükutundan xəbər alacaq:
"mənim gözlərimi görməmisiz?",
cavab almayanda,
şüşə dilində,
şüşə səsiylə
hönkürüb ağlayacaq.
Bir vaxt göz üstə qoyulan,
indi gözdən düşəcək.
Evdə yeri olmayacaq,
gərəksiz görünəcək,
hər an məni xatırlatdığından
doğmalar ondan uzaqlaşmaq istəyəcək.
Sonra,
sonra kiməsə bağışlanacaq.
Yoxluğuma inanınca
gözlüyümün
şüşə üzünü bumbuz tər basacaq.
Yeni sahibinə yovuşmayacaq,
alışmayacaq.
Bir vaxt işıq saçan qəlbi,
gözü
yeri,
göyü görməyəcək:
"adam-adama bənzər,
gözlər-gözlərə bənzəməz"
deyəcək, dözməyəcək.
Mənə doğmalaşdığı kimi
başqasına yad olacaq.
Ümidlə, həsrətlə yollara baxacaq.
Min-min göz içindən
gözlərimi axtaracaq.
tapmayanda şüşə bağrı çatlayacaq.
Beləcə hamıdan çox
xiffətimi çəkəcək.
Ömür sirdaşım,
gözlərimin əkizi,
işıq üzüm, vəfalı gözlüyüm.
 
  Cazibə qanunu

Əsrlərdi elm,
Yerin cazibə qanunu
öyrədir bizə...
Sən demə,              
ürəyin,
qəlbin cazibə qanunu,
Sevgi qisməti,
tale payıymış.
Tanrıdan gələn ərməğanmış.
Gözün həsrət cazibəsi
eşq dastanı yaratmış...
Anaların məhəbbəti
Tanrı haqqı,
cazibə möcüzəsiymiş,
Sirri çözülməzmiş...
Tərk etdiyimiz ata evimiz
pir, ocaq,
uzaqlaşdıqca içimizdə yurd salacaq.
Ruhumuz yuxularımıza qoşulacaq,
cazibə qanunuyla bizi-bizdən alacaq,
doğulduğumuz evə qaytaracaq,
yadlaşmağa qoymayacaq.
Ölüm ömrün cazibə qanunu...
dəlicəsinə sevəcək bizi.
Hay-harayla uzaqlara aparacaq...
Yorğun cismimizi ana torpaq
köksünə çəkəcək,
oxşayacaq.
Ruhumuz öz Vətəninə,
Tanrıya dönəcək,  - özünə qayıdacaq,
haqq nuruyla,
ən güclü cazibə qanunuyla...
 
  Dəli külək

Dayan, dayan dəli külək,
ağacdan ayrılan kövrək,
ürkək yarpaqları hər tərəfə
qovma belə!
Dayan, dayan,
dəli külək...
Anasından, vətənindən,
elindən, obasından
ayırma,
körpə, tifil
yarpaqları...
"Tale yazısıdır" - deyib,
payız ayrılığına
yarpaq "qırğınına",
qürbətdə
ölümünə qıyma
bu yarpaqların.
Arxasınca
qopardığın şüvənini, harayını
eşitdinmi ağac ananın.
Qaçqın, köçkün taleyini,
yad ağac qapısında
urvatsız ölməyi,
doğmalarsız,
elsiz,
günsüz
dəfn olmağı qıyma bu yarpaqlara,
Dəli külək.
Onsuz da, dərdimiz çoxdur,
dayan bir az,
toxta görək!
 
  Kölgəm

Günəş,
İşıq
Tanrının Yer üzünə düşən
əksi, yaraşığı.
Kölgəm işığın əksi,
işığın təzadı,
və ya Tanrının görünməyən tərəfi,
yozulmayan adı...
Kölgəm özümdə xof yaradır.
Kölgəm işığın,
ağ fərəhin
uda-uda böyüyər.
Mən kiməm,
və ya kimdi kölgəm?
Yaxud da içimdəki lal "mən"in
mənimlə yaşayan,
böyüyən,
hər şeyi bölüşən
hərəkət əkizi...
Bəzən  kölgəmin də görünən kölgəsi -
heyrətin özü...
Mən işığa qovuşan gün kölgəm
Yer üzündən çəkiləcək.
Bütün xatirələri
işıq bağlamasına yığıb
yola çıxacaq.
Heç kimə görünmədən
sehrini, sirrini qoruyacaq,
və qəfil qeyb olacaq.