Biz imzaları yox, əsərləri dərc edirik...

Kütlənin sifəti olmur – Adonislə söhbət
350
22 Avqust 2019, 12:39

 Artkaspi.az görkəmli ərəb şairi Adonisin "Əs-Suri” qəzetinə verdiyi müsahibəni təqdim edir:

 

  

  – Sürrealizm istiqamətində dil və forma sahəsindəki eksperimentlər yenə də şeirlərinizdə və tənqidi yazılarınızda üstünlük təşkil edir. Bu eksperimentlər ərəb gerçəkliyinin inkişafı ilə bağlıdırmı, onlar bu günün ruhunu necə ifadə edirlər?

  – Fikrimcə, eksperimentlər arasında ən yaxşısı odur ki, o, sənə adət edilmiş şeylərdən yaxa qurtarmağa yardımçı olsun. Başqa sözlə desək, standart təfəkkürün bu şəkildə dəf edilməsi, yeni orijinal formaların yaradılması naminə ənənəvi bədii strukturların sındırılması, müasir həyatın dinamikasına uyğun gəlməsi. Yalnız bu tipli eksperiment gerçəkliyə onun bütün çoxcəhətliliyi ilə yanaşmağa imkan verir.

 

 


  – Lütfən, izah edin, bu kontekstdə şairlə kütlə arasında mürəkkəblik nədən ibarət olur?

 – "Kütlə” deməzdim, oxucu deyərdim. Bunun prinsipial əhəmiyyəti var. Çünki bəzən sirli poetik sənətlə zövqləri üst-üstə düşməyən oxucular müraciət edir – bax bu, əsas məsələdir, yəni oxucu məsələsi, kütləninsə sifəti olmur. Poeziya ilə oxucu arasındakı münasibət isə hər bir oxucunun mədəni səviyyəsindən birbaşa asılıdır.

  – "Yaradıcılıq mahiyyətdən kənar məqsəd güdməməlidir, başqa sözlə, yaradıcılığın məqsədi elə onun özüdür”. Bu sözlərdə poeziyanın siyasi, sosial və ideoloji funksiyaları inkar edilir. Sizcə, poeziya ilə gerçəklik arasında hansı əlaqə mövcuddur və ədəbiyyatçının mövqeyi necə olmalıdır?

  – Poeziya birbaşa sosial və siyasi funksiya daşımalıdır. Ola bilər ki, bunu o, bilavasitə icra etsin, yəni oxucunun baxışlarına, hislərinə təsir etməklə, onun düşüncəsində gözəllik anlayışını formalaşdırmaqla. Poeziyanın bu şəkildə oxucuya təsirini əyaniləşdirmək üçün qeyd etmək mühümdür ki, poetik deyimdə əsas olan nəsnə məzmun deyil, ifadə üsuludur. Hansı gerçəkliyi nəzərdə tutuğumuzu müəyyənləşdirmək vacibdir: əşyaların, fikirlərin, yaxud əməllərin gerçəkliyi. Yaxud hamısı bir yerdə. Real olanla mümkün olanın əlaqəsi nədədir, – bunu müəyyənləşdirmək lazımdır və ya biz "mümkün olan şey” dedikdə nəyi nəzərdə tuturuq...

 


 

  – Şeirlərinizi necə yazırsınız?

  – Şeiri yazmaq mənasında məndə əvvəlcədən düşünülmüş plan olmur. Bəzən məni yaradıcılıq prosesinə yönləndirən ideyalar doğulur, ancaq şeiri tamamladıqda görürəm ki, nəzərdə tutulan niyyətdən çox uzağa getmişəm, bəzən onun əksini yazmışam. Mənim üçün qəsidə yazmaq xüsusi bir vəziyyətdir, – məhz bu məqamda anlayıram ki, həyatı yaşayıram və onu dərindən başa düşürəm.

 


 İngilis dilindən tərcümə edən: Cavanşir Yusifli