artkaspi.az gənc rejissor Anar Məmmədovun müsahibəsini təqdim edir:
Teatr sehrli bir dünyadır. Eyni
zamanda, insanlara zövq bəxş edən, yeri gələndə ibrətamiz hekayələri ilə dərs
verən, əyrini, düzü canlı şəkildə onlara göstərən sənət ocağıdır. Hələ bu ocaq
uşaqların könlünü oxşayan, onları nağıl qəhrəmanları ilə tanış edən, həmin
qəhrəmanları sevdirən bir məkan olanda, dəyəri daha da artır. Bu günkü müsahibimiz
də kuklaları uşaqlara sevdirən və bu yolda əlindən gələni əsirgəməyən bir
sənətkardır.
Qonağım Abdulla Şaiq adına Dövlət
Kukla Teatrının istedadlı gənc rejissoru Anar Məmmədovdur. Anar 6 ildən çoxdur
ki, Kukla Teatrında çalışır. Biri-birindən maraqlı tamaşalarla uşaqların
könülün oxşamağa çalışır. Onunla ilk görüşüm 5 il bundan qabaq olmuşdu. Bu 5
ildə çox şey dəyişib. Bir zamanlar teatrda ilk addımlarını atan və yeni-yeni
tamaşalar hazırlamağa çalışan A.Məmmədov bu gün Kukla Teatrının aparıcı rejissorlarından
biri, uşaq tamaşalarının mahir bilicilərindəndir. Yaradıcılığında hər zaman
yeniliklər etməyin tərəfdarıdır. Belə ki, uşaqların diqqətini çəkmək və onların
asudə zamanlarını faydalı keçirmələri üçün teatrın səhnəsində tətbiq edilməsi mümkün
olan bütün üsullardan istifadə edir. Bu illər ərzində onun yaradıcılığına nəzər
salsaq, orada xalq nağıllarımız, xarici nağıllar, yeni yazarların nağılları,
böyüklər üçün hazırlanmış tamaşalar, hətta 3D formatında tamaşalara da rast
gəlmək olar. Bu dəfə isə rejissor mono tamaşaya quruluş verəcək. Onunla
görüşümüz elə Kukla Teatrında baş tutdu.

–
Anar bəy, 6 ildir ki, Kukla Teatrında çalışırsınız. Bu illər ərzində teatrda nə
qədər tamaşa hazırlamısınız?
– Bu teatr mənim üçün doğma
bir məkandır. Mən bütün uğurlarımı burada qazanmışam. Teatr mənə ikinci ailəm
kimidir. Bu illər ərzində müxtəlif janrlı tamaşalar hazırlamışam. Ümumi
hesablasam, bəlkə də 10-dan çox tamaşaya quruluş vermişəm. Nəinki Kukla
Teatrında, bir rejissor kimi özümü digər teatrlarda da sınamışam. Buna İrəvan Dövlət
Dram Teatrını, Musiqili Komediya Teatrını, Gəncə Dövlət Dram Teatrını misal
olaraq göstərə bilərəm. Ancaq mənim üçün ən doğma məkan Kukla Teatrıdır.
– Gəncə Dövlət Dram Teatrında hansı tamaşanı hazırlamısınız?
– Orada Jül Rumenin "Knok
və ya tibbin təntənəsi” tamaşasını hazırlamışdım. Məni Gəncə Teatrına
müəllimim, tanınmış rejissor Bəhram Osmanov göndərmişdi. Təyinatla həmin
teatrın səhnəsində tamaşa hazırlamışdım. Ancaq təəssüflər olsun ki, həmin
tamaşanın premyerasına qala bilmədim, çünki əsgərliyə getdim. Əsgərlikdə bizə
asudə zaman ayırırdılar və həmin zaman çərçivəsində biz televizora baxırdıq.
Televiziyaya baxanda gördüm ki, teatrda mənim quruluş verdiyim tamaşanın
premyerası haqqında danışırlar. Tamaşadan fraqmentlər göstərirdilər. 2011-ci
ildə əsgərlikdən döndükdən sonra Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məni
teatra dəvət etdi. Əslində, o bu qərarı ilə çox böyük riskə getdi. Çünki
əsgərlikdən gələn bir gəncə birdən-birə böyük tamaşaları etibar edirdi.
–
Hesab edirik ki, Kukla Teatrında rejissor olmaq daha çətindir.
– Kukla Teatrında çalışmağın
öz çətinlikləri var. Asan olsaydı, uşaqlar Kukla Teatrını bu qədər sevməzdi (gülürük).
Biz universitetdə Konstantin Stanislavski sistemini oxumuşuq. Oradakı bacarıqları
mənimsəmişik. Ancaq Kukla Teatrına gəldikdə, gördüm ki, burada o sistem yoxdur.
Mən 4 il oxuduğumun əsas hissəsini unutmalı və hər şeyə sıfırdan başlamalı
idim. Kukla Teatrının üslubu tamam başqadır. Bunun üçün ilk növbədə təcrübə yığmaq
və hər şeyi yenidən öyrənməli idim. Digər teatrlarda elədir ki, aktyor səhnəyə
çıxır və hiss-həyəcanını büruzə verir. Ancaq Kukla Teatrında belə deyil. Kuklalar
cansızdır, onları idarə edən aktyorlardan isə çox şey asılıdır. Kuklanı aktyor
canlandırır və aktyor kuklanın arxasında nə hislər keçirirsə, o, artıq zala çatmır.
Ancaq sizə onu da deyim ki, Kukla Teatrında çox yeniliklər etmək olar, nəinki digər
teatrlarda.

–
Kukla Teatrında rejissor olmaq üçün həm də kuklalara yaxşı bələd olmaq
lazımdır.
– Kukla ilə işləmək üçün ilk
növbədə onun dilini bilmək lazımdır. Rejissor kuklaya bələd olmasa, onunla
işləyə bilməz. Hər kuklanın özünün xarakteristikası və xüsusiyyəti var. Bir
kuklanı ərsəyə gətirmək üçün ilk olaraq rəssamla danışırıq və bizim müştərək görüşlərimiz
olur. Kuklanın çətinliklərindən biri odur ki, hər hansı bir personajın yalnız xarakteri
olur. Ancaq canlı aktyorda elə deyil. İnsan gülə, ağlaya, mimikalarını dəyişə bilər.
Kuklanın isə bu funksiyaları yoxdur. Əgər hazırlanan kukla gülümsəyən personajdırsa,
onun üzərində yalnız təbəssüm olmalıdır. Başqa heç bir şey. Kuklanın
mexanikasından çox şey asılıdır. Tutalım ki, kuklanın gözü, üzü, ağzı nəyisə
ifadə etsin. Bunların hamısı şərtlərdir. Bunun üçün də ilk olaraq rəssamla danışırıq
və rəssam eskizləri çəkir. Mübahisələr və fikir ayrılıqları da burdan başlayır.
–
İndiyə qədər rəssamla ən böyük mübahisələriniz nə üstündə olub?
– Mübahisələrimiz əsasən eskizlərin
üzərində düşür. Çünki rəssamın da kuklalara öz yanaşması var. Əslində, bu, təbii
prosesdir, olmalıdır. Əgər mübahisə zəmini yaranmırsa, rəssam rejissorun dediyi
ilə razılaşırsa, özünün bir ideyası, təxəyyülü yoxdursa, o zaman ortalığa normal
bir iş çıxa bilməz. Bilirsiniz ki, teatr kollektiv sənətdir. Mübahisəsiz mümkün
deyil.
–
İndi texnologiya o qədər inkişaf edib ki, uşaqlar kompyuter, planşet vasitəsi ilə
dünyaya açılırlar. O uşaqları canlı sənət, teatr nə dərəcədə maraqlandırır? Sizcə,
müasir dövrün uşaqlarını nə ilə təəccübləndirmək olar?
– Kukla Teatrının hər zaman
tamaşaçısı olub. Texnologiya nə qədər inkişaf etsə belə, teatra hər zaman ehtiyac
var. Mənim quruluş verdiyim "Durna balığı” tamaşasında 3D formatından istifadə etdik.
Bu çox gözəl və maraqlı idi. Uşaqlar da böyük həvəslə qarşıladı. Bəşəriyyət 3D formatından
o tərəfə çıxa bilmir. Çünki bundan o tərəfi yoxdur. Bir 4D var, o da teatrın
özüdür. Sizin az əvvəl sadaladığınız o
müasir texnologiyaların heç birində canlı ünsiyyət yoxdur. Teatr isə məhz canlı
ünsiyyət üzərində qurulduğu üçün düşünürəm ki, sizin o dediyiniz bizdən də çox bilən
uşaqlar gəlib tamaşaya baxanda, o sehrli dünyaya bir az da yaxınlaşırlar. Nəinki
buna televizordan, planşetdən, kompyuterdən baxanda. Uşaqların tərbiyəsində teatr
böyük rol oynayır. Bu baxımdan Kukla Teatrının müstəsna rolu var. Çünki uşağı
tərbiyələndirməyə uşaqlıqdan başlayırlar və bu baxımdan uşaqların teatrlara
aparılması ən ideal vasitədir. Çünki uşaq hər şeyi buradan canlı şəkildə görür
və pisi yaxşıdan ayırır.
–
Bu günün uşaqlarını köhnə nağıllarla aldatmaq olmur. Teatrlarımızda hər zaman bizim
qədim xalq nağıllarımız nümayiş olunur. Çox zaman valideynlər şikayət edir ki, uşaq
nə qədər "Cırtdan”a baxacaq. Tamaşa hazırlayarkən ssenari baxımından qıtlıq çəkirsinizmi?
– Kukla Teatrının zəngin repertuarı
var. Biz nəinki yerli nağıllarımıza, xarici nağıllara, gənc yazarların
nağıllarına da müraciət edirik, daima axtarışdayıq. Repertuarımıza nəzər
salsanız, görərsiniz ki, orada müxtəlif formatda hazırlanmış tamaşalar var. Mən
bu fikirlə razılaşmıram. Kukla Teatrı hər
zaman yeniliklərə açıqdır.

–
Bir tamaşanın ərsəyə gəlməsi üçün nə qədər vəsait lazımdır?
– Maddiyyat məsələlərini rəhbərlik
həll edir. Hələ indiyə kimi bizə tamaşa hazırlanan prosesdə nəsə lazım olanda, "yoxdur”,
"imkan edə bilmirik” kimi ifadələr səsləndirilməyib. Əksinə, rəhbərlik bizim üçün
hər şeyin ən yaxşısını edib. Biz maliyyə məsələlərində heç bir korluq çəkmirik.
–
Kukla Teatrında artıq böyüklər üçün də tamaşalar hazırlanır.
– Əslində Kukla Teatrında böyüklər
üçün tamaşalar əvvəllər də var idi. Bu yenilik deyil. Kamran Şahmərdanın"Ağ və
qara”, mənim Stefan Cveykin "Yad qadının məktubları” novellası əsasında
hazırladığım "Unudulmush kukla”, bu yaxınlarda hazırlanan Qurban Məsimovun
"Zəng” tamaşalarını buna misal göstərə bilərəm. Tamaşaçılar öyrəşib ki, Kukla
Teatrında uşaq tamaşaları hazırlansın. Onların fikirlərini dəyişmək bir az
çətindir, ancaq mümkünsüz deyil.
–
Bir də var festival üçün hazırlanan tamaşalar. Ancaq festival üçün hazırlanan
tamaşalar repertuara çox az salınır.
– Kukla Teatrı mütəmadi
olaraq beynəlxalq festivallarda iştirak edir və qatıldığı hər bir festivaldan
qalibiyyətlə geri dönür. Əlbəttə ki, bu bizim teatrın uğurudur. Və yaradıcı
prosesin keyfiyyətinin xəbərçisidir. O ki qaldı sualınıza, festival üçün hazırlanan
tamaşalar bizim repertuarda var. Repertuarı isə biz müəyyənləşdirmirik.
–
Eşitdik ki, Kukla Teatrının səhnəsində Musiqili Teatrın aktrisası Ülviyyə
Əliyeva ilə birlikdə mono tamaşa hazırlayırsınız.
– Bəli, tamaşa "Şəngülüm,
Məngülüm” adlanır. Tamaşaya nağılçı obrazı daxil etdik. Nağılçı bütün tamaşanı
idarə edəndir.
–
Musiqili Teatrın aktrisası gəlib kuklalarla necə işləyəcək?
– Öyrədəcəyik, işləyəcək. Bizdə
belə eksperiment çox olub. Kuklanın idarə edilməsi ilə bağlı bəzi texniki
bicliklər var ki, biz onu Ülviyyə xanıma öyrədəcəyik. Əsas odur ki, özü
həvəslidir, öyrənmək istəyir. Ümid edərəm ki, yaxşı bir tamaşa alınacaq. Burada
6 kukla oynadacaq. Konsepsiyanı elə qurmuşam ki, o, bir kuklanı qoyub, digər
kuklanı götürəcək.
–
Mono tamaşa digər tamaşalardan nə ilə fərqlənir?
– Mono tamaşa oynamaq
aktyor üçün çox çətindir. Bütün tamaşanın yükü bir aktyorun üzərində olur. Bir
neçə səs, oyun tərzi dəyişir, aktyorun bütün potensialını göz qabağına qoyur.
Mono tamaşada heç nə tamaşaçının gözündən yayınmır. Çünki o, səhnədə təkdir.
Söhbətləşdi: Xəyalə Rəis