Artkaspi.az saytı Ziyadxan Əliyevin rəssam Əli Səfərlinin bədii irsi
haqqında yazısını təqdim edir:

Yazının başlığına çıxardığımız "kosmik” sözünü rənglərlə
əlaqələndirməyimizin səbəbkarı göydə Yaradandırsa, yerdə öncə Səttar
Bəhlulzadə, sonra sovet kosmonavtı Aleksey Leonov, axırıncısı isə rəssam Əli
Səfərlidir. Hər üçünün də vurğunluqlarını sözlə-rənglə ifadə etdikləri məkan
qədim Naxçıvan torpağıdır.
İlk
dəfə Səttar Bəhlulzadənin tablolarında Naxçıvan dağlarının bələndiyi əlvan
rəngləri görəndə çox təəccüblənmişdim. Ustadın gördüklərinə təxəyyülündən
süzülüb gələn rəngləri qatmağa meylli olduğuna bələd olduğumdan, Naxçıvan
təbiətinə yönəli baxışlarındakı "rəng bolluğu”nu da "şişirtmə” hesab etmişdim.
Amma təyyarə ilə Naxçıvana uçanda dağların səmadan müşahidə etdiyim rəngləri
mənim üçün şaşırdıcı oldu. Təzadlı rənglərə bələnmiş dağların yan-yana
sıralanmış mənzərəsi, doğrudan da, reallıq idi. Amma zamanında hər rəssam bu
"gerçəkliyi” olduğu kimi əyaniləşdirməyə cəsarət etməzdi, amma Səttar eləmişdi
və bəyənilmişdi də... Buna baxmayaraq, Naxçıvan rəssamları yerli təbiətin –
möhtəşəm dağların onlara təlqin etdiyi bu dekorativliyi və rəng təzadını bir
tabloda, bir kompozisiyada ifadə etməyə "tələsməmişdilər”. Təzadlı rənglərin
harmoikliyinin estetikasını müstəqillik illərində davamlı və müasir,
daha qabarıq və yüksək səviyyədə həyata keçirən Naxçıvan MR-nın Əməkdar
rəssamı” Əli Səfərli oldu.

Dediklərimizə
dünya kosmonavtikası tarixində ilk dəfə açıq kosmosa çıxan, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Aleksey Leonovun fikirlərini də əlavə etsək, Yaradanın əli
ilə süslənmiş Naxçıvan torpağının
"rəng palitrası”nın bolluğu məsələsinə cavab tap bilərik. O, deyirdi k, "Mən
1965-ci ildə kosmosdan yeri çox qəribə - çəhrayı rəngdə gördüm. Yerə
qayıtdıqdan sonra bu ümumilikdə konkret yeri
aradım və onu Naxçıvan torpağında tapdım. Kosmosdan baxanda Yer, məhz Naxçıvan
dağlarının, Naxçıvan səmasının rəngində görünür – çəhrayı rəngdə!
Əli Səfərlinin palitrasındakı miniatürsayağı
harmoniyaya gəldikdə isə, qənaətimizcə, bunun kökündə onun məşhur "Əzimzadə
məktəbi”ni bitirəndən sonra teatrda fəaliyyət göstərməsinin təsiri az
olmamışdır. Belə ki, rəssamın müstəqillik dövrü yaradıcılığını əhatə edən əksər
tablolarının estetikasında bədii ümumiləşdirmə və dekorativlik duyulduğundan,
onlarda hifz olunan bu universal funksionallığı teatr-dekorasiya sahəsində də
istifadəyə də yönəltmək olar. Onun bu il anadan olmasının 65 illiyinə həsr
olunmuş yubiley sərgisində belə əsərlər kifayət qədər idi...
Ən maraqlısı Əli Səfərlinin bədii irsində
gördüyümüz çoxsaylı əsərlərin süjetlərini digər Naxçıvan rəssamlarının də
müraciət etdikləri motivlərin təşkil etməsidir.
Aralarındakı fərq görünənlərə müəlliflərin bir-birindən fərqli
münasibəti, müşahidə olunanlarda ilk baxışda görünməyən gözəllik qaynaqlarını
aşkarlaya bilmələridir. Heç şübhəsiz,
bunun da kökündə rəssamın ruhunda gəzdirdiyi yaratmaq gücü ilə yanaşı,
onun gördüklərini obrazlı görkəmə bələmək istedadı durur. Onun "Kələki kəndi”,
"İlandağ”, "Şahbuz yolu”, "Culfa dağları”, "Əlincə çayı”, "Qızıl payız” və s.
tablolarında vurğuladığımız məziyyətləri müşahidə etmək mümkündür. Bu əsərlərin hər birinin bədii-estetik
tutumunda fırça ustasının reallığa yaradıcı münasibətinin işartıları görünməkdədir.
"Kələki
kəndi” (2018) əsərində buludlu səma altında gözəlliyini sərgiləyən yaşayış
məntəqəsinə "dayaq” kimi qəbul olunan dağ zirvələrinin dalğavarı ritmində
məkana dərinlik verməyə nail olan müəllif, kəndi iki yerə bölən çayı azman
ağaclarla – "qürurlu” çinarlarla əhatələndirməklə, düzbucaqlı kompozisiyanın
cəlbediciliyini əldə etmişdir. Cəmisi bir-neçə rəngin çalarlarından ibarət olan
ümumi koloritdə qabarıq görünən harmoniya
ovqatyaradıcı olmaqla yanaşı, özündə Şərq və Qərb rəngkarlıq
estetikasının qovşağını yaşatdığından duyğulandırıcıdır...
"İlandağ” (2018) lövhəsində də müəllif miniatür estetikasının gözünə nisbi real
cizgilər qatmaqla, üstünlük verdiyi şərtiliyə məkanın gözəlliyini qabardan
ayrıntılar əlavə etməklə, məkanın cəlbediliyini vurğulamağa çalışmışdır.
Bununla belə, o, İlandağı məşhur kosmonavtı da ovsunlayan çəhrayı rəngə bələməklə, dağın kompozisiyanın
dominantlığına nail olmuşdur...

Rəssamın bir il sonra işlədiyi "Culfa
dağları” (2019) əsərində isə mənzərənin dominantı olan dağların bədii görkəmi rənglərin
nisbətən soyuq çalarlarından "hörülmüşdür”. Dağətəyi məkanı səciyyələndirən ayrıntıların isti rənglərə köklənməsi tabloya
nikbinlik bəxş etməklə, onun bədii bütövlüyünü şərtləndirmişdir...
"Əlincə” (2019) tablosundakı bədii
ümumiləşdirmədə nəyisə "itirmək-unutmaq” niyyətindən uzaq olan rəssam, bir çox
mühüm hadisələrə şahidlik etmiş tarixi məkanı onu əhatələyən uzaq-yaxın
dağ-kəndlə qovuşaqda təqdim etməklə, onun əhəmiyyətini bədii tutumda vurğulamaq
istəmişdir...
"Əlincə çayı” (2018) tablosunda dağətrafı
məkana payız fəslində göz qoyan müəllif, kompozisiyanı dioqonal boyu yarı bölən
su axarını "nur çeşməsi” kimi bədiiləşdirməklə, mənzərənin arzulanan
ovqatyaradıcılığına nail olmuşdur...
Əli Səfərlinin yaradıcılığında gördüklərini
mənalandırmaq istəyinə rast gəlinməsi də təsadüfi olmayıb, onun təbiətin
hamının incəliklə duya bilmədiyi "rəssam”lığını üzə çıxarmaq məqsədi daşıyır.
Onun "Su gözəlləri”, "Nağıllı dünyam”, "Təbiət gözəlləri” və s. tabloları bu
qəbildəndir. Onların hər birini incələsək, onda rəssamın dərin müşahidə
qabiliyyətinin estetik dəyərə çevrilmiş nümunələri ilə tanış ola bilərik.

"Təbiət gözəlləri” (2018) lövhəsində tutuquşular
toplusunu payız mənzərəsi ilə əlaqəli təqdim edən müəllif, quşların müxtəlif
hərəkətini və ümumi kompozisiyanın ritmini rəng zənginliyinə bələməklə, qızılı
rəng almış ağac yarpaqlarını gözəllik qaynağına çevirməyə nail olmuşdur. Bu tabloda da ümumi koloritin
miniatür üslubu estetikasına tapınması əsərə nikbinlik bəxş etmişdir, desək,
yanılmarıq...
"Su gözəlləri” (2018) tablosu isə adından da
göründüyü kimi balıqlara həsr olunub. Müxtəlif rəngli balıqların akvariumda bir
araya gətirilməsində estetik dəyərlərin bolluğunu görən rəssamın onların
bədiiləşdirilməsinə qərar verməklə, həm də yaradıcılığında yeni səhifənin
açılmasını şərtləndirmişdir. Bu cəlbediciliyin əldə olunasında rənglərin
dekorativ-şərti estetikasının mühüm rolunun olması danılmazdır...
Əli Səfərlinin müxtəlif janrda yaradılmış
digər əsərləri barəsində də xoş sözlər söyləmək mümkündür. Belə ki, özündə
ənənə ilə müasirliyi birləşdirən bu tablolar Naxçıvan həqiqətlərini yaşadan
mənəvi qaynaqlar kimi zamansızlığa qovuşmuş tutumdadırlar.

Onun bioqrafiyası zəngin hadisələrlə zəngin
olduğunu nəzərə alıb demək istəyirik ki, təhsilsonrası Naxçıvana qayıdan rəssam
1983-cü ildən yerli teatrlarla əməkdaşlıq etmiş, iki teatrda hazırlanan 50-dən
çox tamaşaya bədii tərtibat vermişdir. Bu tamaşaların və rəngkarlıq əsərlərinin
qonşu Türkiyə və İranda nümayiş etdirildiyini nəzərə alsaq, onda onun sənətinin
sorağının çoxdan beynəlxalq məkanda yayıldığını söyləyə bilərik. Naxçıvan MR-da
fəaliyyət göstərən əksər muzeylərdə onun yaradıcılığının təmsil olunması da,
Əli Səfərlinin sənətinin gücünə inamın ifadəsidir. Sənət uğurlarına görə
"Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq
görülmüşdür. Rəssamın anadan olmasının 65 illiyi münasibətilə onun həyat və
yaradıcılığından bəhs edən "İşıqlı sənətkar ömrü” (müəllifi Aybəniz Ağaqızı)
kitabı çap olunmuşdur...