Biz imzaları yox, əsərləri dərc edirik...

“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq
541
03 İyun 2020, 13:38
  Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü və Bakı Kitab Mərkəzinin (Baku Book Center) təşkilatçılığı ilə keçirilən "Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
 
 

  Trend-in məlumatına görə, hazırda Münsiflər Heyəti tərəfindən müsabiqənin nəticələri təhlil edilir. Aprel ayında elan edilmiş müsabiqəyə esselərin təqdim edilməsi üçün son tarix 10 may olub. Müsabiqədə yaşı 18 və 18-dən yuxarı olan şəxslər iştirak edə biliblər. Müsabiqəyə rus və Azərbaycan dillərində 82 nəfər esse təqdim edib. Müsabiqənin 6 yer üzrə müəyyən olunan qalibləri müxtəlif məbləğdə pul vəsaitləri ilə mükafatlandırılacaqlar.
  Müsabiqənin təşəbbüskarı olan E.Süleymanova bildirib ki, "Evdə qal” çağırışına əməl edən insanların bəziləri üçün evdə qaldıqları müddət darıxdırıcı olub, bəziləri isə bu müddətdə istirahət etmək imkanı əldə ediblər: "Karantinlə əlaqədar insanların kütləvi iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib. Bunu nəzərə alaraq, belə fikirləşdim ki, "Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsi keçirmək olar. Hər kəs evdə qalmaqla özünün yaradıcılıq potensialından istifadə edə və maraqlı yazı yaza bilər. Bu təklifimi Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızına bildirdim. Çox təşəkkür edirəm ki, təklifim belə yüksək səviyyədə gerçəkləşdirdi”.
  E.Süleymanova əlavə edib ki, essedə müəllifə koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirlərini, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələrini bölüşmək təklif edilib:
  "Yaradıcı insanların öz fikirlərini bölüşməyə ehtiyacları olur. Çox gözəl hal oldu ki, insanlar evdə qaldıqları vaxtdan səmərəli istifadə etdilər. Müsabiqəyə kifayət qədər çox esse təqdim edilib. Müsabiqənin mövzusu bir olsa da, yanaşmalar tamam fərqlidir. Hər müəllifin bu məsələyə öz yanaşması oldu. Kişilərin yazılarını ayrı, qadınların yazılarını ayrı təhlil etdim. Mənə belə gəlir ki, psixoloji cəhətdən qadınların düşüncəsi fərqli olur. Fikirləşirəm ki, bu müsabiqənin keçirilməsi iştirakçılar üçün çox faydalı təcrübə oldu”.
  Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı E.Süleymanovanın təklifini çox böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.
  "Dünyanı lərzəyə gətirən koronavirus pandemiyası ilə əlaqədar hamımız sosial təcrid şəraitində yaşayırdıq. Həmin zaman vaxtımızın səmərəli keçirilməsi ilə bağlı ideyalar düşünürdük. Nəticə olaraq, uşaq və yeniyetmələr arasında rəsm və nağıl müsabiqəsi elan etdik. Daha sonra isə E.Süleymanovanın təklifini yeni müsabiqənin keçirilməsi ilə bağlı təklifini çox böyük məmnuniyyətlə qəbul edərək "Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsini elan etdik”.
  Müsabiqəyə təqdim edilən bütün esselərin çox maraqlı olduğunu vurğulayan G.Anarqızı onların arasında esse formatına uyğun olmayanların, mövzudan bir qədər kənara çıxanların da olduğunu nəzərə çatdırıb.
  O qeyd edib ki, Münsiflər Heyəti bütün əsərlərlə çox diqqətlə tanış olaraq yazıları bir neçə kateqoriya - bədillik, mövzuya uyğunluq, üslub üzrə qiymətləndiriblər:
  "Mənim də daxil olduğum Münsiflət Heyətinin üzvləri tanınmış ədəbiyyatçılardır. Onların arasında "525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-dramaturq İlqar Fəhmi, yazıçı-tənqidçi Tofiq Məlikli var”.
  G.Anarqızı deyib ki, müsabiqədə 18 yaşı olanların iştirakı tələbi qoyulsa da, 16 yaşı olanlar da iştirak üçün müraciət ediblər. Müsabiqəyə yaşı 57-dək olan müxtəılif yaş kateqoriyalı insanlar qatılıb. Müsabiqəyə təqdim edilən esselərin 47-si Azərbaycan, qalanları rus dilində olub.
  Başqa müsabiqələrdə də Münsiflər Heyətində təmsil olunduğunu xatırladan "525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Polis Akademiyasının tələbələrinin bu müsabiqədə çox fəal iştirak etməsini bu müsabiqənin fərqləndirici xüsusiyyəti hesab edib.
  Onun sözlərinə görə, Polis Akademiyasının 50-yə yaxın tələbəsi müsabiqəyə esse təqdim edib: "Maraqlı yazılar vardı. Bu, mənim üçün bir sürpriz oldu. Adətən, eyni mövzu olanda yazılar bir-birinə oxşar olur. Bu yazıların arasından məhz tələblərə uyğun olanı seçmək Münsifət Heyətinin üzərinə düşür. Koronavirusdan sonrakı həyatla bağlı bir neçə yazıda verilən proqnozlar mənə maraqlı gəldi. Bu baxımdan o tipli yazıları yüksək qiymətləndirdim. Hesab edirəm ki, nəticələr obyektiv olacaq”.
  R.Məcid qeyd edib ki, pandemiyadan sonrakı gələcək həyatla bağlı proqnozlar təqdim edilən yazıların təqribən 20 faizində var. Yazıların əksəriyyətində isə statistika və cəmiyyətdə yaranan müxtəlif şayiələrə yer verilib:
  "Pandemiyanın iqtisadiyyata təsiri ilə bağlı da fikirlər var. Amma bəzi yazılarda pandemiyanın gələcək həyatımıza təsirindən danışdıqda birinci növbədə ekologiyanın təmizliyi, insanlar arasında mal-dövlətə olan hərisliyin azalması kimi maraqlı proqnozlar yer alıb”.
  Münsiflər Heyətinin digər üzvü S.Babullaoğlu hazırda dünyanı narahat edən pandemiyaya həsr edilən mövzu üzrə müsabiqənin keçirilməsini çox təqdirəlayiq hal sayıb:
  "Gənc nəslin bu ağrılı problemə nə qədər həssas yanaşması, problemin kökünün dərk etməsi, gələcəyə baxışı oluqca maraqlı idi. Çox sevindirici haldır ki, Polis Akademiyasının tələbələri müsabiqəyə olduqca savadlı yazılmış esselər təqdim ediblər. Bu, bizi sevindirir. Gələcəkdə savadlı polislərlə ünsiyyətdə olmaq hər birimiz üçün çox xoş olar. Mən buna görə onlara təşəkkür etmək istəyirəm. Azərbaycan dilində təqdim edilən esselərin arasında 15-ə yaxını olduqca maraqlı və savadlı, əhatəli idi”.