Biz imzaları yox, əsərləri dərc edirik...

Koronavirusdan sonra – Rəvan Cavid
2411
08 Aprel 2020, 10:15
 Artkaspi.az saytı Rəvan Cavidin "Koronavirusdan sonra" adlı yazısını təqdim edir:
 
 Tarixdə baş verən bütün böyük rezonanslı hadisələr yaradıcı adamları həyatın sosial gerçəklikləri ilə məşğul edir. Öz təxəyyülündə "gizlənən” yaradıcılar real proseslərin "qurbanı olur”. Tarixi deformasiya dövrlərində nə qədər ciddi sənət cərəyanları yaransa da, eyni zamanda bəs qədər bayağı, bəsit və universal, sənət yükü daşımayan nümunələr də meydana çıxır. Bu isə özündən sonra yüngül estetik dəyərləri "miras saxlayır”. İnkişafda olan cəmiyyətlər üçün mədəni proseslərin bu cür təsirlənməsi daha təhlükəli olur. Zövq formalaşdıran instansiyaların birdən-birə ictimai-sosial məzmunlu mövzulara "yoluxması” sənətin metafizik ağırlığını azaldır və onu sıradan, əlçatan etməyə başlayır. Sənət isə müəyyən mənada ruhi, irfani proseslərin periodudur. İnsanın öz ruhi kimliyini maddi şəxsiyyətindən ayıran sənət həyatın mənəvi tərəfləri ilə yox, maddi tərəfləri ilə məşğul olanda cəmiyyət üzərindəki vəzifəsini yerinə yetirə bilmir. Beləcə, özündən əvvəlkinə alternativ düşünülmüş nümunələr populist və standart meyarlarla kifayətlənir.
 
 

 Koronavirus pandemiyası da artıq sənətə camiəsinə müəyyən mənada təsir etməkdədir. Yeni hekayələr, köşə yazıları, tarixi ekskursiya xarakterli esselər yazılmaqdadır. Ancaq bu pandemiyanın böyük həcmli bədii nümunələrə çevrilməsi müəyyən zaman və müşahidə tələb edir ki, bu da sonrakı dövrlərdə özünü göstərəcək. Mövzudan yararlanan yaradıcı şəxslər iki yerə bölünəcək. Birincilər, hadisələrin eskizini, oxşar modellərini yaratmaqla kifyətlənəcək. Eyni misalları biz ötən əsrdə İkinci Dünya müharibəsindən sonra gördük. Bu günə qədər ömrünü yaşamaqda olan ədəbi cərəyanlarla bərabər müharibənin xronologiyasını və zahiri tərəflərini, ictimai əsaslarını təsvir edən yüzlərlə roman və ssenarilər yazıldı. Bunların sırasında xüsusən qeyd edəcəyimiz distopik nümunələr var ki, onlar hələ də aktualdır və hər dəfə bəşər sistemi "update” olunanda o əsərləri yadımıza salacağıq. Bu tipdə mətnlərin nə qədər ciddi nümunə olub-olmaması hələ də müzakirə mövzudur. "Hansılar həqiqi sənətdir?” sualı isə başqa bir təhlil və mübahisə müstəvisidir. İkincilər, sənət anlayışının günümüzdəki tərifini doğrultmağa xidmət edəcəklər. İnsan psixologiyasının dəyişikliyini simvollarla yeni dövrlərə ötürmək missiyasını üstlənəcəklər. Onlar üçün vacib olan mətnlərin simvolistikası, psixoloji bucaqları və metafizik sferasıdır. Ədəbiyyat tarixinə və ədəbiyyatşünaslığa nəzər yetirəndə ikincilərin daha effektiv nəticə verdiyini görmüş oluruq. Yəni, yeni zövq və mahiyyət yaradan əsərlərin ömrü digərlərinə nisbətən daha uzun olur. Modern çağın tələbləri arasında kütləvilik və kommersiyanın olması danılmazdır. Ona görədir ki, bu gün də distopik romanların oxucu miqyası böyükdür. 
 
 

 Koronavirus pandemiyası da poeziyaya, roman sənətinə, kino sənətinə və digər alternativ sənət janrlarına təsir edir və bu təsir getdikcə daha aydın hiss olunacaq. Necə ifadə etmək və hansı hadisələri yazmaq işin peşəkarlıq tərəfini göstərəcək. Hadisə seçimi müəllifin üslubu qədər vacib nüansdır. Baxış bucağı hansı yöndədir, hansı mətnlərlə səsləşir və bu kimi mühüm detalları nəzərə almaqla yaranan mətnlərin həqiqi sənət yükü ağır olur. 
Fərdlərin sosial təcridi onların belə bir dövrdə psixologiyaya təsirsiz qalmayacaq, əlbəttə. Ədəbiyyatda, eləcə də kinoda yeni obrazlar yaranacaq. İzoliyasiya olunmuş şəhərlər, tək qalmış fərdlərin mübarizəsi haqqında çox sayda roman və film var, ancaq bu günün dünyası bir qədər fərqli aspektlərə işıq tutur. Sosial şəbəkələr dövrü, reklam və əyləncənin dominant olduğu minillik və küçəyə çıxa bilməyən, internet torunda çabalayan milçəyi xatırladan robot-insan obrazı. Bu cür obrazlarla necə davranmalı olduğunu bilən yazıçı soyuqqanlılığını qoruyan olacaq. Nəinki belə proseslər də, ümumiyyətlə, hadisə və obrazın əlaqəsində müəllifin tanrı olmaq haqqı var, müəllifin ölümü bu cür əsərlərin strukturunda daha vacibdir. Janrlar arasında bütün divarların əridiyi vaxtda heç şübhəsiz publisist və ədəbi nümunələr iç-içə keçəcək. Yaxın keçmişdə belə nümunələrin önəmli mükafatlar aldığını, səs-küy yaratdığını da gördük. 
 Pandemiya dövrü və sonrası yazılacaq əsərlərin əsas mahiyyətinin və məğzinin insan psixologiyası olaraq qalması həm dövrün daha dərindən təsviri üçün, həm də sağlam nümunələrin yaranması üçün önəmlidir. Təbii ki, məhz bu mövzuda nəsə yazmaq xatirinə qələmi və ya klaviaturanı məşğul etmək də xeyrimizə olmaz.